İqtisadiyyat

"Əsrin Müqaviləsi"nin qazancları və itkiləri - Azərbaycan neftdən yenə böyük pullar qazana bilərmi?

Vüsalə Mikayıl
20 Sentyabr, 2021
486

Açıq mənbələrdən götürülüb

“Neft pulları daha çox hakimiyyətin avtoritar dayaqlarının möhkəmlənməsinə yönəldi. Beləliklə, Azərbaycanda artan neft gəlirləri fonunda kriminal kapitalın “demokratik” diktaturası hökm sürməkdə, korrupsiya çiçəklənməkdə, insan haqları pozulmaqda, azadlıqlar isə məhdudlaşdırılmaqdadır. Hesab edirəm ki, bu da "Əsrin Müqaviləsi"nin avtoritar rejimdə idarə olunmasının məntiqi nəticəsi kimi qəbul edilə bilər”.

Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Qubad İbadoğlu “Əsrin müqaviləsi”nin bərabərində gətirdiyi məsələləri şərh edərkən deyib.

1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalanıb. Müqavilə 7 ölkə - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı tərəfindən imzalanıb. Ümumilikdə, 11 beynəlxalq neft şirkət - “Amoco”, BP, “McDermott”, UNOCAL, ARDNŞ, “Lukoil”, “Statoil”, “Türkiyə Petrolları”, “Pennzoil”, “Ramco” və “Delta”nın iştirak etdiyi kontraktın ilkin dəyəri 7,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilib. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.

Qubad İbadoğlu - Sosial Media

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, təbii ki, müqavilə Azərbaycana müsbət dividentlər verib. O, öncəliklə ölkə iqtisadiyyatına yönələn investisiyaların artımından danışır: “1995-ci ildən 2019-cu ilin əvvəlinədək Azərbaycan neft-qaz sektoruna ümumilikdə 80 milyard dollar məbləğində sərmayə qoyulub. Hətta bunu 1995-2018-ci illərdə ölkə iqtisadiyyatına yönəldilən ümumi sərmayələrlə müqayisə etsək, bu göstəricinin həmin sərmayələri 60%-ni təşkil etdiyini görürük. 2000-2018-ci ilərdə Azərbaycan iqtisadiyyatına yönələn 81,9 milyard ABŞ dolları məbləğində birbaşa xarici sərmayələrin 70 milyard dolları və ya 85,5%-i məhz neft-qaz sektorunun payına düşür və bunun "Əsrin Müqaviləsi" ilə birbaşa əhəmiyyətli rolu var”. 

Natiq Cəfərli isə hesab edir ki, bu müqavilə Azərbaycanın müstəqiliyinin ilk illərində imzalandığı üçün iqtisadi və geosiyasi əhəmiyyəti çoxdur. O deyir ki, müqavilə sayəsində 2003-cü ilə qədər ölkəyə təxminən 30 milyarda yaxın yatırım vəsaiti daxil oldu. “Ölkəyə valyuta daxilolmaları artdı. Geosiyasi olaraq Qərblə münasibətlər dinamik inkişafa başladı. Bundan daha yaxşı şərtlərlə müqavilə bağlamaq bəlkə də mümkün idi. Amma zaman məhdudiyyəti vardı. Qısa zaman ərzində müqavilə bağlanmasaydı, Azərbaycana həm Rusiya, həm də digər ölkələrin müdaxiləsi artmış ola bilərdi. Çünki Rusiya müəyyən maneələr yaratmağa da çalışırdı. Hər halda bu müqaviləni Azərbaycan üçün dönüş nöqtəsi hesab etmək olar”, - o bildirir. 

Energetika məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, “Əsrin müqaviləsi”nin şərtlərinə daha sonra bir də baxılıb: ”Müqavilə 1994-cü ildə imzalanada Dövlət Neft Şirkətinin payı 10% həcmində razılaşdırılmışdı. Azərbaycan 300 milyon dollar həcmində bonus almışdı. Amma daha sonra, 2017-ci ildə isə bu pay 25% oldu və 6 ilə verilmək şərtilə 3 milyard dollar həcmində bonus razılaşdırıldı. 2017-ci ildə bu şərtlərə bir də baxıldı. Çünki 2017-ci ildəki Azərbaycan 1994-cü ildəki Azərbaycan deyildi. İstər siyasi, istərsə də iqtisadi baxımdan o, oturuşmuş dövlətə çevrilmişdi”.  

Ekspert qeyd edir ki, bu baxımdan ikinci müqavilə özündə daha çox Azərbaycanın maraqlaını təmsil edən müddəaları ehtiva edirdi. 

İlham Şaban - Sputnik

Neftdən, yoxsa korrupsiyadan “çirklənən” pullar? Xərclərdə şəffalıq nə səviyyədədir?

Q.İbadoğlu sazişin gətirdiyi mənfilər arasında müqavilə sərfi üçün nəzərdə tutulan 14 milyard dollarlıq sərmayənin daha sonra 40 milyard dollara çatmasını və bunun neft gəlirləri hesabına ödənilməsini görür. ""Əsrin Müqaviləsi" müəyyən dövr üçün Azərbaycanda sərmayə ehtiyacını təmin edib, iqtisadiyyatda əsaslı kapital qoyuluşunda rolu olub. İş yerlərinin açılması, xidmət bazarı açıb”, - o əlavə edir..

O gözləntilərin əvvəllər başqa olduğunu, neft gəlirləri hesabına Azərbaycan iqtisadiyyatında tarazlı inkişafa nail olunacağına inam olduğunu deyir. Bunun baş tutmamasını və əvəzində digər sahələrin investisya yatırımı olmadığı üçün inkişaf etmədiyini təəssüflə qeyd edir. 

Ekspert bildirir ki, neft pullarından istifadənin səmərəsi, şəffaflığı çox aşağıdır və Neft Fondunun xərcləməli ilə bağlı məlumatlar gizli saxlanılır: “Mənim informasiya sorğularıma cavab gəlmir, hətta bunun məhkəmə yolu ilə də təmin edə bilməmişəm. Burada ictimai iştirakçılıq yoxdur. Baxmayaraq ki, Neft Fondunun əsasnaməsində göstərilmişdi ki, Müşahidə Şurasında ictimai təşkilatlara da yer veriləcək. Amma indiyə qədər bu normaya əməl edilməyib. 2019-cu ilə qədər Neft Fondundakı vəsaitlərdən hara, nə qədər xərcləndiyi ilə bağlı heç bir fiskal qayda tətbiq olunmayıb. Yeganə olaraq, 2019-cu ildə bu baş verib. Bu da o deməkdir ki, Neft Fondunun xərcləri heç bir qayda ilə tənzimlənməyib. Bu sadəcə olaraq hakimiyyətin istəyinə bağlı olub. Gəlirlərin 70%-dən çoxu xərclənib".

N.Cəfərli hesab edir ki, ilkin addımlar kimi Neft Fondunun yaradılması və bunun gələcək üçün “təhlükəsizlik yastığı” funksiyası daşıması qərar olaraq doğru düşünülmüşdü: “Daxil olan vəsaitlərin, əsasən də büdcə xərclərində qeyri-şəffaflığa yol verilməsi, korrupsiya elementlərinin yüksək səviyyədə müşahidə edilməsi, daxil olan vəsaitlərin insan kapitalına çevrilməsinə mane oldu. Bu isə insanların rifah halının yüksəlməsinə imkan vermədi".

Onun sözlərinə görə, əsas problem ölkəyə daxil olan vəsaitin sonrakı taleyi ilə bağlı oldu. Heç bir iqtisadi əhəmiyyəti olmayan və bu gün də infrastruktur olaraq ancaq büdcəyə yük olan layihələrin tikintisi başlanıldı: “Məsələn, “Cristal Hall” kimi bir tikiliyə 100 milyonlarla pul xərcləndi, indi isə boş qalıb. Hətta indi onun saxlanılması üçün əlavə vəsait də xərclənir”. 

İ.Şaban isə bildirir ki, burada hökumətin günahı böyükdür: “Çünki o, neft pullarından kifayət qədər rasional istifadə edə bilmədi. Bir məsələ də var ki, bu pullar çox da dağıdılmadı. Hazırda Neft Fondu var, gəlirlərimiz var. Amma gəlirlərin rasional şəkildə xərclənməməsi təkcə hökumətin günahına yazılmamalıdır. Dünyada ancaq o ölkələrdə rasional xərclərdən söhbət gedir ki, orada cəmiyyətin hökumət üzərində nəzarəti var. Əgər cəmiyyət buna nail olmayıbsa, demək, elə günah cəmiyyətin özündədir. Hökuməti kim yaradır? Hökuməti başqa bir cəmiyyətdən transfer etmirlər axı. Hökumət cəmiyyətin məhsuludur”.

Azərbaycan iqtisadiyyatını neftsiz təsəvvür etmək olarmı?

N.Cəfərli Azərbaycan iqtisadiyyatının onurğa sütununun neft sektoru olduğunu deyir. “Rəsmi rəqəmlərə görə, ölkə büdcəsi son 10 ildə Neft Fondundan gələn birbaşa transferlər hesabına formalaşır. Digər tərəfdən dolayı aslılıq da var, SOCAR-ın, BP-nin və digər neft şirkətlərinin ödədiyi vergilər də büdcənin 10%-ni təşkil edir. İxracatda da 90%-ə yaxın neft sektorundan asılılıq da var. Obrazlı desək, neft gəlirləri Azərbaycan hökumətini tənbəlləşdirdi. Neftdən gələn gəlirlər o qədər yüksək oldu ki, digər sahələrin inkişaf etdirilməsinə maraq yaranmadı. Bu isə ölkə iqtisadiyyatının daha çox qapanmasına səbəb oldu”, - deyə o qənaətlərini bölüşür. 

Natiq Cəfərli - Sosial Media

İlham Şaban isə hazırda müasir Azərbaycanda nə varsa, birbaşa neftlə bağlı olduğunu deyir: “Bədii şəkildə demək mümkünsə, hər şeydən neft qoxusu gəlir. İkinci Qarabağ müharibəsində də neftdən gələn gəlirlər hesabına qələbə çaldıq. İşğaldan azad olunmuş ərazilərin də yenidən qurulması neftin hesabına olacaq. Ötən il pandemiyaya görə neft hasilatı az olsa da, Neft Fondunun gəlirləri 5 milyard dollardan çox oldu. Qeyri-neft sektorundan isə təxminən 200 milyona yaxın gəlir daxil olub. Biz nəyə nail olmuşuqsa, neftə bocluyuq. Neftimiz olmasaydı, arabada gəzəcəkdik”.

Azərbaycana yenə böyük pullar gələ bilərmi?

N.Cəfərli bunun mümkün olmadığı fikrindədir. “2008-ci ildə neftin qiymətinin tarixi rekord kimi 149 dolara çatması ölkəyə böyük pullar gətirdi. Neftdən gələn pik gəlirlər artıq arxada qalıb. Əgər fantastik ssenarilər baş verməsə, bu real görünmür”.

İ.Şaban hökumətin neft pullarına ümidinin çox olduğunu deyir: “10 il bundan qabaq neftin orta qiyməti 111 dollar idi. 2011-ci ildə Azərbaycana 20 milyard dollar neft pulu gəlirdi. İndi isə bu 4 dəfə azalıb. Elə bilirdilər ki, bu həmişə belə olacaq. O zaman deyirdilər ki, qarşıdakı 10 ildə ölkəyə 200 milyard dollar pul daxil olacaq. Amma belə olmadı”. 

İqtisadiyyat

Ölkəyə xarici investisiya qoyuluşu kəskin azalıb – “Qeyri-neft sektoru xarici investorlar üçün cəlbedici deyil”

Məzahir Abdurahmanov
18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

“Bizdə neft sahələrinə edilən investisiyaların həcmi digər sahələrə edilən investisiyalardan qat-qat yüksəkdir. Ölkədə digər sahələr inkişaf etsəydi, onda investisiyalar da bu qədər azalmazdı”. Bunu Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri şərh edərkən iqtisadçı Toğrul Maşallı “Toplum Tv”-yə deyib. Statistika Komitəsinin açıqlamasına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib. Komitənin məlumatında qeyd olunub ki, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar  9,7 %, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 8% azalıb. Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 6 303,6 milyon manatını və yaxud 65,9 %-ini...
İqtisadiyyat

İqtisadçılar prezidentin sərəncamını şərh edir: "Çox ciddi sosial gərginlik yaranacaq"

17 Oktyabr 2021

Sosial Media

Prezident İlham Əliyev əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib. İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda deyilir ki, Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini təqdim etsin. Sərancamda qeyd olunub ki, son illərdə əhalinin rifah halının artırılması istiqamətində ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb: "Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının...
Seçilmiş Videolar