İqtisadiyyat

Fermerlərin su dərdi - problem necə həll olunacaq?

Roza Məmmədova
6 Aprel, 2021
199

Açıq mənbələrdən götürülüb

“Hər növbəti il susuzluq, quraqlıq problemi daha da kəskinləşəcək. Kürün normalda daşan vaxtlarıdır, amma camaat susuzluqdan şikayət edir. Görün, yayda vəziyyət necə olacaq”.

Ekoaktivist Cavid Qara özünün “Feysbuk” hesabında Azərbaycandakı su qıtlığıyla bağlı narahatlığını belə ifadə edib.

Aktivist hesab edir ki, kənd təsərrüfatının “ekstensiv, aqressiv inkişafı” siyasəti ölkəni uçuruma aparır və torpaqların istismarı artdıqca, su sərfiyyatı da artacaq.
Aprelin 5-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin etdiyi Zaur Mikayılovu qəbul edən Prezident İlham Əliyev də su qıtlığı problemindən danışıb, bunun pis idarəçilikdən qaynaqlandığına işarə edib:

“Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət alıb. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar, elə bil ki, sövdələşərək sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılıb. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır”.

Cavid Qara - Sosial Media

Cavid Qara təklif edir ki, suvarılan birillik əkinlərin böyük hissəsində bu il işlər dayandırılsın: “Suvarılan 100 min hektarlarla torpaq dincə qoyulmalıdır. Bunu qəbul etmək lazımdır. Ölkəni şoranlaşmaya, səhralaşmaya aparırlar”. 

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov “Toplum TV”-yə açıqlamasında problemin hakimiyyətdən qaynaqlandığını bildirib. O hesab edir ki, problem suyun azlığında deyil, onun idarə olunmasındadır. 

Ekspertin fikrincə, yaxın prespektivdə torpağın dincə qoyulması səmərəli həll yolu deyil. V.Məhərrəmov əvvəllər icra edilmiş aqrotexniki tədbirlərin indi aktual olmadığını, əvəzində növbəli əkin sisteminə keçməyin daha səmərəli üsul hesab edildiyini vurğulayır. 

“Köhnə nəzəriyyədə göstərilirdi ki, torpaq hər 4-5 ildən bir dincə qoyulsun. Ancaq indi buna ehtiyac yoxdur. Torpaqda lazımı elementlər, gübrələr olarsa, ondan hər il istifadə etmək olar. Eyni zamanda, aqrotexniki qaydalara vaxltı-vaxtında riayət olunsa, torpağın münbitliyini artırmaq da mümkündür. Torpaq boş qoyulmamalı, ondan istifadə edilməlidir. Çünki yağıntılar boş torpağın üst hissəsinndəki minerallları yuyub altına çökdürür”.

Caption

Mütəxəssis səmərəli istifadə məqsədilə suyun sahələrə açıq kanallar və arxlarla yox, borularla gətirilməli olduğunu söyləyir: 

“Türkiyədə bir neçə bölgədə bu variant tətbiq olunub. Azərbaycan kimi kiçik ərazisi olan ölkə də bu təcrübədən yararlanmalıdır. İndiki halda su boş-boşuna buxarlanır, yerin altına gedir. Kanallar var ki, onların başa gəlməsinə külli miqdarda vəsait xərclənir və bu da su itkisinə səbəb olur. Su sahəyə borular vasitəsilə çatdırılmalı; müasir metodlarla - çiləmə, yağış yağdırma, damcı üsullarıyla paylanmalıdır. İstifadəyə nəzarət üçün sayğaclar qoyulmalıdır; fermer, kəndli su axtarışında olmamalıdır. Beləliklə, həm suya qənaət ediləcək, həm də hamı ondan bərabər şəkildə istifadə edəcək”. 

“Azərbaycanda bu sahənin problemləri menecmentlikdən qaynaqlanır. Mənbələrdən götürülən içməli və suvarma suyunun 40%-i sadəcə itkiyə gedir” - Xəzər Universitetinin  Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov belə deyir.

O, son 10 ildə Azərbaycanda əkin sahələrinin təxminən 2 dəfə artaraq 1milyon hektardan 1 milyon 700 min hektara çatdığını söyləyir. Mütəxəssis hesab edir ki, bu, kifayət qədər yüksək göstəricidir və torpaqdan istifadə qaydalarına ziddir, ona görə də istismar həcmi azaldılmalıdır. 

“Çıxış yolu torpağın dincə qoyulması ola bilər, ya da növbəli əkin qaydasına keçmək olar. Torpağın həddindən artıq istismarı həm su çatışmazlığına səbəb olur, həm də gələcəkdə onun məhsuldarlığını azaldır”.

Ekspertin fikrincə, torpaqlardan plansız istifadə canlıların yaşayış arealını sıradan çıxardır.

“Bəzən elə yerlər əkilir ki... Məsələn, Acınohur-Ceyrançöl düzənliyi əvvəllər təbii növlərin yaşayış arealı idi. İndi bu ərazilər sıradan çıxıb”.

Rövşən Abbasov - Sosial Media

Rövşən Abbasov torpağın dincə qoyulmasını daha məqsədəuyğun sayır. 
“Yağış suyu torpağın məhsuldarlığına pis təsir edirsə, milyon illərdir niyə torpaq hələ də məhsul verir? Yağış suyu torpağı hara yuyub apara bilər ki? Adətən, xam torpaq daha qüvvətli hesab olunur, çünki yabanı bitkilər torpağın qida təminatına çevrilir”.

Vahid Məhərrəmovun fikrincə, torpaq dincə qoyulduğu müddətdə paxlalı bitkilərin əkinin həyata keçirilməsi daha məqsədəuyğun varinatıdır.
"Bu bitkilər havadan aldığı azotla həm öz tələbatını, həm də torpağın azota olan tələbatını ödəyir.  Azərbaycan kimi bir ölkədə  torpağı ona görə boş saxlamaq olmaz ki, bir il ərzində alaq otları yayıla , zərərvericilər çoxala bilər. Ona görə də bu müddət ərzində torpağa  qulluq etmək mütləqdir. Bitki qalıqları torpaqda olduğu müddətdə humus qatını zənginləşdirir.
 Digər bir variantsa növbəli əkin sistemində kökü dərinə gedən bitkilərdən istifadə olunmasıdır. Torpağın daha dərin qatına getmiş mineral maddələr həmin bitkilər vasitəsilə torpağın üst hissəsinə çıxarılır".

Su anbarları - problemin həlli, yoxsa əlavə xərc?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə toplam 21.9 milyard kubmetrlik 140-dan çox su anbarı olduğunu bildirir. Nazirliyin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov fevral ayında mətbuata verdiyi açıqlamada deyib ki, yağıntılar azaldığı üçün yeni su anbarlarının tikilməsi, bəzilərininsə yenidən qurulması planlaşdırılır:

“Misal olaraq Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yeyikçay, Kiçik Qafqazda isə Viləşçay, Zəyəmçay su anbarlarının tikilməsi nəzərdə tutulur”.

Rövşən Abbasovsa dağ çaylarında su anbarlarının inşasını düzgün hesab etmir:

“Bunlar Böyük Qafqaz çaylarıdır, itisürətli, selli-palçıqlıdır. Belə çaylar üzərində su anbarı tikilməsi doğru deyil. Çünki selin 80%-i daş-palçıq, cəmi 20%-i sudur. Anbar sel sularıyla dolsa, fəaliyyətini itirəcək”. 

Ekspert başqa bir problemə diqqət çəkir: “İkinci bir tərəfdən sürətli çaylarda su anbarından sonra dərinlik erroziyası başlayır. Məsələn, 2002-2004-cü illərdə orda Göyçay çayının üzərində də anbar tikmişdilər. İndi o anbar dolub, demək olar ki, artıq yoxdur. Orada dərinlik eroziyası başladığı üçün evlərə ziyan dəydi, körpü uçdu. İndi o ərazidə çox bahalı beton divar hörülüb, çayın yatağın dəyişiblər. Qəbələ rayonunda olan Nohurqışlaq anbarında da eyni vəziyyətir, o da dolub. Ona görə də anbarlar su qıtlığı problemini həll etməyəcək”.

R.Abbasov problemin daha da ciddiləşəcəyini və buna görə müasir menecment strategiyalarının hazırlanmasına ehtiyac olduğunu bildirir. 

İ.Əliyev aprelin 5-də həm də onu qeyd edib ki, bu sahəyə səramayə qoyuluşu artıralacaq: “Mən göstəriş vermişdim ki, sSu xətləri həm üzrə vizual monitorinq aparılmalıdır. Yəni yerində, eyni zamanda müasir müşahidə sistemləri – kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.

R.Abbasov da böyük investisiyalara ehtiyac olduğunu deyir, amma qeyd edir ki, bunu hesablamaq olduqca çətindir.

V.Məhərrəmovsa problemin həlli üçün nə qədər vəsait lazım olduğunu  bilir: “Bir müddət əvvələ qədər hesablamalarımız göstərirdi ki, bu planın icrasına 2,5 mlrd dollar vəsaitə ehtiyac var. İndi isə düşünürəm ki, qiymətlər bahalaşdığından 4 mlrd dollara suvarılan ərazilərin hamısını su ilə daimi olaraq təmin etmək olar. Yetər ki, ayrılan vəsait məmurlar tərəfindən mənimsənilməsin”.

İqtisadiyyat

Bakının kirayə bazarında nə var, nə yox?

10 Aprel 2021

Açıq mənbələrdən götürülüb

Ötən ilin payızında cəbhə xəttinə yaxın bölgələrdən, eləcə də bir neşə dəfə raket zərbəsinə məruz qalan Gəncədən Bakıya gələnlərin sayı kirayə bazarında bir qədər canlanma yaratsa da, atəşkəsdən sonra onların geri qayıtması, eləcə də koronavirusla bağlı karantin rejiminin bir müddət sərtləşdirilməsi təsirsiz ötüşmədi.  Üstəlik də pandemiya ucbatından ali məktəblərin distant təhsilə, özəl şirkətlərin bəzisinin evdən işləməyə üstünlük verməsi də kirayə evlərə tələbatı azaltdı. Paytaxtın Nərimanov rayonunda yerləşən 3 otaqlı mənzilini kirayə verməklə dolanan 62 yaşlı Əzizə İsmayılova bir il əvvələ qədər evini tələbələrə 450 manata kirayəyə verirmiş. “Dolanışığım bundan çıxırdı. İndi məktəblər bağlanıb, tələbə də yoxdur, pul da”. Pandemiya dövründə...
İqtisadiyyat

IDI: Bakı-Abşeron zonası ilə digər regionalar arasında kəskin fərqlər qalmaqda davam edir

10 Aprel 2021

IDI

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri sosial-iqtisadi inkişafda regional qeyri-bərabərlik probleminə dair araşdırma sənədi hazırlayıb. Bu siyasət sənədində son 2002-ci ildən bəri ölkədə regional sosial-iqtisadi inkişafdakı qeyri-bərabərliyin azaldılması və bölgələrin tarazlı inkişafına nail olmaq sahəsində hökumətin həyata keçirdiyi siyasətlər təhlil olunur və bu siyasətin təkmilləşdirilməsi üzrə tövsiyələr işlənilib. Araşdırmanın birinci hissəsində regional sosial-iqtisadi inkişafda qeyri-bərabərliyin mövcud vəziyyəti rəsmi statistik məlumatlar əsasında təhlil olunur və onun səbəbləri araşdırılır.  Tədqiqatda daha sonra bu problemin aradan qaldırılması istiqamətində hökumətin indiyədək həyata keçirdiyi siyasət addımları araşdırılır.Bu siyasətin nəticələri və əldə olunan nəticələr təqdim olunur.  Eyni zamanda regionların sosial-iqtisadi...
Seçilmiş Videolar