İqtisadiyyat

“Hökumət pandemiya dövründə biznes sektoruna dəstək vermədi”

23 Fevral, 2021
221

Business Post

“Pandemiya dövründə hökumət, xüsusilə də Mərkəzi Bank biznes sektoruna ciddi dəstək vermədi”. 

Bunu “Toplum TV”-yə iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Bu il yanvarın 31-nə kimi Azərbaycandakı bankların kredit portfelinin həcmi illik 6% azalaraq 14 213,8 mln. manata enib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, portfelin 59,5%-ni təşkil edən biznes kreditlərin həcmi illik 8,1% azalaraq 8 456,7 manat təşkil edib. 

Ümumi portfelin 26,1%-ni təşkil edən istehlak kreditləri isə illik 10,1% azalaraq 3 702,6 mln. manata enib. 

İpoteka kreditləri isə illik 14,5% artaraq 2 054,5 mln. manata çatıb.

Rəşad Həsənov - "Sputnik"

Rəşad Həsənov bu nəticələrin gözlənilən olduğunu deyir: “Biznes sektoru pandemiya səbəbilə mənfəətliliyini əhəmiyyətli dərəcədə itirdi və iqtisadiyyat resessiyaya daxil oldu. Nəticə etibarilə banklar müvafiq riskləri nəzərə almaqla kreditləşməyə o qədər də meyilli deyildi. Eyni zamanda bazardan tələbin əhəmiyyətli hissəsi yeni investisiya qoyuluşlarına deyil, daha çox dövriyyə vəsaitlərinin artırılmasına istiqamətlənmişdi ki, bu da kreditlərin əldə edilməsi imkanlarını məhdudlaşdırdı. İstehlak təyinatlı kreditlərdə də azalma başadüşüləndir, çünki iqtisadiyyat resessiyaya gedirsə, bu o deməkdir ki, vətəndaş alıcılıq gücünü itirir və vətəndaşın özü istehlakda maraqlı olmur. İkincisi isə istehlak zərurəti yarandıqda belə, onların kredit qaytarma qabiliyyəti aşağı qiymətləndirildiyi üçün vətəndaşa müvafiq kreditlər verilmir”. 

Ekspert ipoteka kreditlərinin həcminin artmasını isə hökumətin atdığı addımlarla əlaqələndirib: “2020-ci il aprelin 4-də Nazirlər Kabineti pandemiya ilə mübarizə tədbirlərini açıqladı. Bu tədbirlərdən biri də məhz daşınmaz əmlak bazarında və tikinti sektorunda aktivliyin müəyyən qədər dəstəklənməsi məqsədilə bazara əlavə 80 milyon manat həcmində ipoteka kreditinin buraxılması məsələsi idi. Adətən, hökumət bunun üçün illik 40-50 milyon manat vəsait ayırır, ötən il isə sadəcə, pandemiya dövrü üçün 80 milyon manat nəzərdə tutuldu ki, bu da kifayət qədər böyük vəsait idi. Nəticədə ipoteka kreditlərinin həcmi artmış oldu”. 

Nazim Bəydəmirli - Sosial Media

İqtisadçı Nazim Bəydəmirli də deyir ki, biznes kreditlərinin həcminin aşağı düşməsi iqtisadi fəaliyyətin zəifləməsindən xəbər verir: “Biznes kreditlərinin azalmasının əsas səbəblərindən biri bank faizlərinin biznes üçün əlçatan olmamasındandır. Çünki digər ölkələrlə müqayisədə Azərbaycanda ümumdaxili məhsulun kredit şərtlərində bankların iştirakı daha aşağıdır. Bəzi hallarda bank vəsaitləri ümumdaxili məhsulun təxminən 80-90 faizini əhatə etsə də,  Azərbaycanda bu rəqəm 25-30 faizi keçmir, hətta daha azdır. Bunun da səbəbi bizdə pulun baha, kredit faizlərinin yüksək olması və buna görə də bankların ehtiyatlı davranmasıdır. Faizlər yüksək olduqda, təbii ki, onların qaytarılmasında da problemlər yaşanır, qaytarılmayan kreditlərin faizi də getdikcə yüksəlir. Pandemiya olsun və ya olmasın - Azərbaycanda biznes kreditləri əlçatan deyil. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə pandemiya dövründə bəzi addımlar atıldı. Belə ki, girovların 60 faizi və faizlərin yarısı həmin fond tərəfindən qarşılandı. Mənim araşdırmama əsasən, çox az sayda sahibkara bundan yararlanmaq nəsib oldu. Prosedur çox çətin olduğuna və girovla bağlı problemlər yaşandığına görə, sahibkarlar ondan yararlana bilmədi”. 

Hansı addımlar atıla bilər?

Rəşad Həsənov istehlak kreditlərinin həcminin azalmasını ciddi problem saymır: “İstehlak kreditlərinin azalması bir tərəfdən vətəndaşın borc yükünün də azalmasına gətirib çıxarır. Vətəndaş pandemiya səbəbilə işləyə bilmir, əvvəlki gəlirləri yoxdur. Bu cür şərtlər altında vətəndaşın əlavə istehlaka təşviq edilməsini də doğru saymıram. Bu, gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara və vətəndaşın qazanclarının bank faizlləri ilə itirilməsinə səbəb ola bilər. Bu baxımdan indiki şərtlər daxilində istehlak kreditlərinin artırılmasının təşviq edilməsi ilə razı deyiləm”.

Ekspert hesab edir ki, biznes kreditləri ilə bağlı dövlət sistemli addımlar atmalı idi: “Bu sektorda dövlət müəyyən addımlar atmalı idi. Buray
a ucuz vəsaitin təmin edilməsi, dövriyyə vəsaitlərinin artırılması istiqamətində yeni kredit məhsullarının bazara buraxılması addir. Çünki müəssisələr pandemiyanın daha uzun müddəti əhatə etməsi səbəbilə fəaliyyətlərini dayandırıb. Daha yaxşı olardı ki, Mərkəzi Bank kommersiya banklarına mərkəzləşdirilmiş iri həcmli kreditlər təklif edərdi və bu kreditlər 1 faizlə verilərdi. Nisbətən daha aşağı - 8-10 və ya 6-7 faizlə də bu vəsaitlər bazara çıxarılardı. Bu şəkildə sahibkarlıq fəaliyyəti müəyyən qədər dəstəklənə bilərdi. Amma görünən odur ki, pandemiya dövründə hökumət, xüsusilə də Mərkəzi Bank biznes sektoruna ciddi dəstək vermədi”. 

 

İqtisadiyyat

Bitkoinin qiyməti 50 min dolları keçdi

8 Mart 2021

CNBC

Dünyanın əsas kriptovalyutası, bitkoinin dəyəridaha 5,1 % artaraq 51,3 min ABŞ dollarına çatıb. Bu barədə martın 8-də CNN məlumat verib.  Bitkoin ötən ilin dekabr ayının 2-ci yarısından sonra sürətlə bahalaşmağa başlayıb. Dekabrın 16-da kriptovalyutanın qiyməti 20 min dolları keçib və 2017-ci ildə dəyər rekordı qırıb.
İqtisadiyyat

Neftin qiyməti 70 dolları keçdi

8 Mart 2021

BBC

Dünya bazarında "Brent" markalı neftin satış qiyməti 70 dolları keçib. "Oilprice.com"-un verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti 1,78% artaraq, bir barel üçün 70,78 dollara çatıb. "Brent"in bir barelinin qiyməti ötən il yanvarın 8-dən bəri ilk dəfə olaraq 70 dolları keçir.  "WTI" markalı neftin bir barrelinin qiymətinin isə 1,72% artaraq, 67,41 dollara yüksəldiyi bildirilir.
Seçilmiş Videolar