Hökumətin nikbin proqnozu: ümumi daxili məhsulun 4 ilə 100 milyard manata çatması mümkündürmü?
Açıq mənbələrdən götürülüb
“Proqnozlar neft qiymətlərinin yüksək olması ehtimalı nəzərə alınaraq hesablanıb. Proqnozların düzgün çıxması üçün neft qiymətləri 60 dollardan yuxarı olmalıdır”
Bunu iqtisadçı Natiq Cəfərli “Toplum TV”-yə hökumətin Azərbaycanda 2025-ci ildə ümumi daxili məhsulun (ÜDM) 100 milyard manata çatması proqnozunu şərh edərkən deyib.
Azərbaycanda neft qiymətləri 50 dollardan aşağı düşmədiyi halda, 2025-ci ildə həm nominal, həm də real ümumi daxili məhsulun həcminin 100 milyard manatı aşması gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2021-ci ildə Azərbaycanda real ÜDM-in 5,1%, növbəti ildə isə 3,9% olacağı proqnozlaşdırılır.
Ötən bir ildə isə ölkənin nominal ÜDM-nin həcmi 72 432 mlrd. manat təşkil etmişdi, həmçinin real ÜDM-nin 4,3 % azalması müşahidə olunmuşdu.
Nəzərə alanda ki, Azərbaycanda büdcə siyasəti ilə bağlı əsas təhlükəli məqamlardan biri neft gəlirlərinin azalması ehtimalıdır, onda bu nə qədər real praqnozdur? Ölkənin hazırki iqtisadi siyasəti 4 illik prespektivdə real ÜDM-nin artması üçün şərait yaradırmı?
Noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bu suallara müsbət cavab vermiş və bildirmişdi ki, ilin sonuna kimi postpandemiyadan əvvəlki ÜDM-ə qayıtmaq nəzərdə tutulur.
İqtisadçı Elmir Səfərli isə “Toplum TV”-yə açıqlamasında deyir ki, bu hədəflərin reallaşması üçün bəzi iqtisadi şərtlər mövcud olmalıdır: iqtisadiyyatın və dövlət büdcəsinin neftdən asılılığı ortadan qaldırılmalıdır.
“Danılmaz faktdır ki, bugün Azərbaycanın dövlət büdcəsinin böyük hissəsi hələ də neft sektorundan daxil olmalar hesabına formalaşır. Bu istiqamətdə ən önəmli strateji məsələ olaraq iqtisadiyyatın şaxələnməsi həyata keçirilməlidir”.
İqtisadçı ötən bir ildə ölkədə ÜDM-nin kiçilməsini pandemiyanın iqtisadiyyata vurduğu zərərlə əlaqələndirir: “Təbii ki, pandemiya dövründə bir çox iş yerləri məcburi olaraq bağlanıldı, bu isə öz növbəsində real ÜDM-nin əvvəlki illərə nisbətdə (xüsusən də proqnozlaşdırılan həcmdən) aşağı düşməsinə səbəb oldu”.
İqtisadçı Natiq Cəfərli də eyni fikirdədir, o deyir ki, Azərbaycanda bütün makroiqtisadi göstəricilər, o cümlədən, ÜDM-nin artıb azalması neft faktoru ilə bağlıdır. Onun sözlərinə görə, keçən il neft qiymətləri çox aşağı düşdüyündən ÜDM-in azalması təbiidir, digər ölkələrdə də eyni tendensiya yaşanıb.
N.Cəfərlinin fikrincə, proqnozlar neft qiymətlərinin yüksək olması ehtimalı nəzərə alınaraq hesablanıb; proqnozların düzgün çıxması üçün neft qiymətləri 60 dollardan yuxarı olmalıdır.
İqtisadçının qənaətincə, işağaldan azad edilən torpaqlarda təmir-tikinti işlərinin aparılması da ÜDM-də artım yarada bilər:
“Artım büdcə xərcləri hesabına olduğundan bu, tam olaraq dayanıqlı inkişaf sayıla bilməz. Amma hər halda təmir-tikinti işləri də bunu artıran səbəblərdən biridir. Yəni neftdən qazanılan pul hesabına işğaldan azad edilən bölgərə invenstisiya qoymaq dolayı yolla ÜDM artmasına şərait yaradır”.
N.Cəfərli hesab edir ki, neft qiymətləri 50 dollardan aşağı olduğu təqdirdə, bu hədəflərə çatmaq olmayacaq.
İqtisadçı Elmir Səfərli isə deyir ki, növbəti illərdə proqnozlaşdırılan ÜDM nəticələrini əldə etmək üçün əvvəlcə bütün risklər nəzərə alınaraq, yerli istehsalın təşviqi həyata keçirilməlidir.
“Ölkədə yerli istehsal üçün müəyyən güzəştlər tətbiq olunmalı, dövlət səviyyəsində istehsalın artırılması üçün strateji addımlar atılmalıdır. Eləcə də, qeyri-neft sektorunun inkişafı istiqamətində ayrılan subsidiyaların həcmi artırılmalı, investisiya və biznes mühiti yaxşılaşdırılmalı, rəqabət qabiliyyətli sahələrin inkişafının stimullaşdırılması həyata keçirilməli və iqtisadiyyatda şəffaflıq daha çox təmin olunmalıdır”.
Qeyd edək ki, Maliyyə Nazirliyinin proqnozlarına görə, qeyri-neft sektorlarında da ÜDM istehsalı arta bilər.
Bu il ən böyük artımısa turizm və ictimai iaşə sahəsində olacaq. Belə ki, 2020-ci ildə 58,9% real azalmaya məruz qalan sözügedən sahənin, bu il 23,1% artacağı gözlənilir. Ən zəif artımım isə tikiti sahəsində olacağı güman edilir (0,4%).
açıq mənbədən götürülüb
azal.az
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?