İqtisadiyyat

İqtisadçı: "Dövlət, eləcə də nazirlik məşğulluqla bağlı ciddi senzura tətbiq edir"

Aytac Məmmədli
17 Fevral, 2021
467

Meydan TV

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi rəqəmlər göz oxşasa da, vəziyyət acınacaqlıdır”. 

İqtisadçı Nazim Bəydəmirli “Toplum TV”-yə belə deyib. 

Fevralın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilk dəfə olaraq median əməkhaqqının məbləğini açıqlayıb. Belə ki, median əməkhaqqı 66% (dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.


Median əməkhaqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğə bərabərdir. Başqa sözlə, təxminən 800 min nəfərin median əmək haqqı 343 manat və ondan aşağı səviyyədədir. 

Hazırda orta maaşın 700 manatdan bir qədər yüksək olduğunu nəzərə alsaq, median maaş orta əməkhaqqının 48%-nə bərabərdir: “Azərbaycanda median əməkhaqqının 343 manat olması o deməkdir ki, 1.8 mln. nəfərə yaxın muzdlu işçinin az qala 900 min nəfərinin məvacibi 343 manat və ondan aşağı səviyyədədir”. 

Rövşən Ağayev-Sosial Media

Bunu isə iqtisadçı-ekspert Rövşən Ağayev “Feysbuk” səhifəsində yazıb. 

O, ölkədəki statistikanı Rusiya və Şərqi Avropa ölkələri ilə müqayisə edib: “OECD-nin statistikasına görə, median və orta məvacib arasında fərq inkişaf etmiş və bir sıra Şərqi Avropa ölkələrində 10-25% arasında dəyişir. Azərbaycanda bu göstəricinin 2 dəfədən çox olması diqqəti çəkir. Rusiyada isə hazırda median maaş orta əməkhaqqının 71%-nə bərabərdir”. 

İqtisadçının sözlərinə görə, yüksək maaşla minimum əməkhaqqı arasında fərqin böyük olduğu, eləcə də daha çox insanın aşağı maaşla çalışdığı ölkələrdə bu mənzərə alınır: median maaş orta əməkhaqqından əhəmiyyətli dərəcədə aşağı, minimum maaşa isə daha yaxın olur.

“Çox heyif ki, açıqlanan statistikada özəl və dövlət sektorunun hər biri üzrə median maaşın məbləği ayrıca göstərilməyib”, - deyə o qeyd edib. 

Əhliman Abbasov-Sosial Media

İqtisadçı Əhliman Abbasov isə “Toplum TV”-yə deyib ki, rəsmi işləyənlərin yarısının minimum əmək haqqı məbləğinə bu qədər yaxın səviyyədə maaş almasının bir sıra səbəbləri var: “Burada ən önəmli məqamlardan biri ölkədə işçilərin "sövdələşmə gücünün" zəif olması ilə bağlıdır. Sövdələşmə gücü zəif olan işçinin əmək haqqısının müəyyənləşməsində işəgötürənin mütləq üstünlüyü olur. İşçilərin sövdələşmə gücünün zəif olmasında ən başlıca səbəb isə həmkarlar ittifaqı təsisatlarının formalaşa bilməməsidir. Bir sıra özəl sektorlarda həmkarlar ittifaqlarının ümumiyyətlə mövcud olmaması, digərlərində isə sadəcə rəsmi xarakter daşıması işəgötürənləri işçilərə qarşı daha güclü hala gətirib. Nəticə etibarilə işçinin işdən azad edilməsi və ona aşağı əməkhaqqının verilməsi imkanı yaranıb”. 

Onun dediyinə görə, iş elanları verən veb-saytları izlədikdə təklif olunan vakansiyalar üzrə əməkhaqqıların heç də gözlənilən iş yükünə uyğun olmadığı görünür. Bu isə bilavasitə əmək bazarında işəgötürənlərin mövqeyinin daha güclü olması səbəbindən baş verir.

Azərbaycanda orta aylıq əməkhaqqının 700, minimum əməkhaqqının isə 250 manat olduğunu vurğulayan iqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, bu rəqəmlər ölkədə vətəndaşların yaşayışı üçün təminatın çox aşağı səviyyədə olduğunu göstərir: “Muzdlu işçilər 1 milyon 700 mindir, demək olar ki, orta hesabla bir ailədə 1 nəfər işləyir. Həmişə İqtisadiyyat Nazirliyi də kölgə iqtisadiyyatından şikayətlənir. Pandemiya dövründə 2 milyon adamın işsizliklə bağlı müraciətlərini də nəzərə alsaq, deyə bilərik ki, ölkədə normal əməkhaqqı alan heç 2 milyon adam var, ya yox. İş qabiliyyəti olan əhali də 5 milyondur. Beləliklə, yerdə qalan insanların hansı işlə məşğul olması, maaş alıb-almaması sual altındadır”. 

O hesab edir ki, dövlət, eləcə də ƏƏSMN məşğulluqla bağlı ciddi senzura tətbiq edir, yəni məşğul olmayan əhalinin işsiz kimi qeydə alınmasına müxtəlif məhdudiyyətlər yaradır.   


İqtisadçı həmçinin xatırladıb ki, keçən il fevral ayına olan statistikada işsiz sayı 87 min nəfər göstərilirdi: “Elə rayon var idi ki, orda bir-iki nəfər işsiz kimi qeydə alınmışdı. Dövlət işsizləri yaşayış minimumu ilə təmin etməlidir, amma etmir. Ona görə də mən əmək nazirliyinin açıqladığı rəqəmlərə həmişə şübhə ilə yanaşıram”. 
 

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

3 Mart 2021

The New York Times

Dünya bazarında satılan "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,41 ABŞ dolları, 2,15 % azalıb. Bu barədə martın 3-də "Oilprice.com" məlumat verib. Məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,25 ABŞ dolları təşkil edib.
İqtisadiyyat

Qadir İbrahimli: ""Füzuli Airport" MMC uğursuz layihədir"

Aytac Məmmədli
2 Mart 2021

Sputnik

""Füzuli Airport" MMC uğursuz layihədir. Belə layihələr dövlət investisiyaları və büdcə vəsaitlərinin mənimsənilməsinə xidmət edir".  Bunu “Toplum TV”-yə açıqlamasında iqtisadçı Qadir İbrahimli deyib.  İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, martın 2-də Dövlət Vergi Xidməti "Fuzuli Airport" MMC-ni dövlət qeydiyyatına alıb və Füzuli rayonunda yeni aeroportun inşası həmin şirkətə verilib.  Qadir İbrahimli Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21-dir.  Adıçəkilən ünvanda həm də aviasiya sektorunda fəaliyyət göstərən "Silk Way Holdinq" MMC-yə məxsus bir sıra şirkətlər fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin açıqlamasını şərh edən iqtisadçı vurğulayır ki, işğaldan azad olunmuş ərazilərdə əhali yaşamır, insanların ora köçməsinə isə...
Seçilmiş Videolar