İqtisadiyyat

İqtisadçı: "Məmur sahibkarlar azad edilmiş ərazilərdə söz sahibi olmaq istəyirlər"

Aytac Məmmədli
14 İyul, 2021
1455

Sosial Media

"Görünür, yenə məmur sahibkarlar işğaldan azad olunmuş ərazilərdə söz sahibi olacaqlar".
 
İqtisadçı Nazim Bəydəmirli "Toplum TV"-yə açıqlamasında belə deyib.
 
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər İşçi Qrupu iyulun 1-də məlumat yayıb.
 
Məlumatda bildirilir ki, 600-dən artıq şəxs işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edib.

Rəsmi açıqlamaya görə, müraciətlər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən araşdırılır və investisiya layihələrinin prioritetliyi təhlil edilir.
 
“Toplum TV” investisiya tələblərinin detalları və müaciət edənlər arasında yerli əhalinin sayı haqda məlumat almaq üçün KOBİA-ya informasiya sorğusu göndərib.
 
Müraciətlərin açıqlandığı vaxt göndərilən sorğunu nazirlik bu günlərdə cavablayıb.
 
Qurumun məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsi və və xidmətlərin göstərilməsi məqsədilə yerli və xarici sahibkarlıq subyektləri tərəfindən İqtisadiyyat Nazirliyinə müraciətlər daxil olur. Həmçinin məcburi köçkün sahibkarlar da işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maraqlıdırlar.
 
Məlumatda həmçinin qeyd olunur ki, nazirliyə daxil olan 600-dən çox müraciət arasında investisiya layihələrinə aid olanları çoxluq təşkil edir.
 
"İqtisadi fəaliyyət sahəsi, əlavə dəyər yaradan məhsul və xidmətlər olması, investisiya məbləği, maliyyələşmə mənbəyi, iş yerlərinin yaradılması, yeni texnologiyaların tətbiqi, ətraf mühitin qorunması, yerli resurs və xammal bazasından istifadə imkanları, ixrac perspektivi kimi şərtlər əsas götürülməklə, həmin layihələr üzrə təhlillər aparılır", - deyə qurum cavabında qeyd edib.
 
Bəs məcburi köçkün sahibkarların imkanı investisiya layihələrinin şərtlərinə nə qədər uyğundur?
 
KOBİA-nın sorğuya göndərdiyi cavabda isə bu məsələlər detallı izah edilməyib və aydınlıq gətirilməyib.

Nazim Bəydəmirli - Sosial Media

Nazim Bəydəmirli deyir ki, bunlar standart tələblərdir, lakin Azərbaycan reallığı başqa şeyi diqtə edir: "Necə ki, "Ağıllı kənd", "Ağıllı" şəhər layihələri ortaya çıxır, amma Bakının mərkəzində elektik kəsintisi davam edir. Bu bər-bəzəkli sözləri yazmaqdansa, Qarabağda daxili istehsalı artırmaqla bağlı sahibkarları stimullaşdırmaq lazımdır".
 
İqtisadçı hesab edir ki, bu layihələrin əksəriyyəti məmur sahibkarlığına məxsusdur.
 
Onun fikrincə, məcburi köçkünlərin orada bizneslə məşğul olması üçün ilk növbədə onların geri qayıtmasını və təhlükəsizliyini təmin etmək lazımdır.
 
"2012-ci ildən hüquqi şəxslərin kommersiya sirri adı altında təssisçilərin və həmtəsisçilərin adlarının gizlədilməsi şəffaflığa vurulmuş zərərdir. Təbii ki nazirlik gələcək perspektivlərə söykənən müxtəlif layihələr elan edə bilərlər, KOBİA da bu layihələrə dəstək verməlidir. Amma büdcə vəsaitlərinin iştirakı varsa, bunların ictimaiyyət üçün açıqlanması əsas şərtlərdən biridir", - iqtisadçı belə deyib.
 

İqtisadiyyat

Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi

21 İyun 2022

Açıq mənbələrdən götürülüb

İqtisadçı Fərid Mehralızadə Bakı Araşdırmalar İnstitutunda Qarabağ müharibəsi iştirakçılarının narazılıqlarını və bunun səbəblərini tədqiq edən məqaləsi çıxıb. Toplum Tv məqalənin aktuallığını nəzərə alıb oxucularına təqdim edir:  Son dövrlər İkinci Qarabağ Müharibəsində xəsarət almış müharibə iştirakçıları müraciətlərinə baxılmaması, əlilliklərinin qeydə alınmaması və yaşadıqları sosial-iqtisadi problemlər ilə bağlı tez-tez Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiyalar keçirir. Həmçinin, sosial şəbəkələrdə qazilərin müalicəsi və digər ehtiyacları üçün xeyriyə kampaniyaları təşkil edilir. Bu kimi məqamlar cəmiyyətdə müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial siyasətin effektivliyi ilə bağlı müzakirələrə səbəb olub. Bəs hökumətin müharibədə həlak olan və yaralanan şəxslərlə bağlı atdığı addımlar nədən ibarətdir...
İqtisadiyyat

Dollar, rubl və manat – nə gözlənilir? 

Vüsalə Mikayıl
17 İyun 2022

day.az

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini qaldırdıqdan sonra dolların bahalaşması gözlənilir. Dünya iqtisadiyyatına əhəmiyyətli təsiri olan bu qərarın manatın və rublun məzənnəsinə təsiri necə olacaq?  Amerika bank sistemi üçün daxili istiqrazların dəyərini müəyyən edən dərəcənin belə kəskin artımı 1994-cü ildən sonra ilk dəfə həyata keçirilir.  CNN qeyd edir ki, artım analitiklərin gözləntilərinə uyğundur. İyunun 10-a qədər dərəcələrin 0,5% artırılacağı gözlənilirdi, amma 1981-ci ildən bəri ən yüksək inflyasiya barədə məlumatlar dərc olunandan sonra FED-in daha qətiyyətli tədbir görəcəyi məlum olub. Federal Ehtiyat Sisteminin direktorlar şurasının rəhbəri Cerom Pauell bildirib ki, iyulda dərəcələr daha 0,5-0,75% artırıla bilər.  Mərkəzi Bank istəmədikcə... Qərardan...

Seçilmiş Videolar

Toplum TV loqo