İqtisadiyyat
Mərkəzi Bankın müştərilərlə bağlı yeni qərarı: "...ziyanlıdır"
24 İyun, 2020
Baxış: 262
Artıq bir müddətdir ki, banklarda valyuta almaq üçün manatın mənbəyini, eləcə də alınan dolların (və ya başqa xarici valyutanın) necə sərf ediləcəyini göstərmək tələb olunur.

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına ünvanladığı təlimata görə, müştərilər valyuta alışı zamanı baza məlumatlarını - ad-soyadla yanaşı, vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da (yəni hansı məqsədlə alındığı və necə sərf ediləcəyi) göstərməlidirlər. 

Bu qaydalar alınan valyutanın həcmi 500 dolları keçdikdə tətbiq olunacaq və müştərilər xüsusi blankı doldurmalı olacaqlar.

Alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə prosesə Maliyyyə Monitorinq Xidməti (MMX) nəzarət edəcək.
 
Bəs ekspertlər qərarın nəticələri ilə bağlı nə deyir?
 
İqtisadçı ekspert Toğrul Maşallı Toplum tv-yə açıqlamasında bunun artıq mart ayından tətbiq edildiyini bildirib: "Mart ayından verilmiş qərarın məqsədi əhalinin dollara olan tələbatını azaltmaqdır. Mənfi tərəfləri, əlbəttə ki, var. Əhalinin dollara tələbatı ticarət və pərakəndə satış bazarından asılıdır. Əhalinin idxal olunmuş məmulatlara tələbatı artdıqca, müvafiq olaraq valyutaya da tələbatı artır”.   
 

 
Ekspert qərarın özü ilə bərabər gətirəcəyi problemləri belə şərh edir: "Karantin rejimindən sonra insanlara daha çox valyuta lazım olacaq və heç kim bununla bağlı məqsədini göstərmək istəməyəcək. Ona görə də insanlar qara bazara müraciət edəcəklər və nəticədə qiymətlər qalxmağa başlayacaq. Qara bazarda təklif edilən valyutanın daha baha olması və sahibkarın aldığı həmin valyuta ilə xaricdən məhsul idxal etməsi nəticəsində isə müvafiq olaraq daxili bazarda qiymətlər qalxmağa başlayacaq. Qiymətlərin artması inflyasiya artımına gətirib çıxaracaq ki, bu da Mərkəzi Bankın bazarı sabitləşdirmək üçün başqa addımlar atmasına səbəb olacaq”.
 
Qərarın digər bəndlərinə görə, əgər müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanıb tutulur. Mənbəyi göstərilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir.
 
Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli isə Toplum Tv-yə açıqlamasında belə qərarların gələcəkdə investorların ölkəyə inamını azaldacağını deyir. Buna baxmayaraq, o, bu tip addımları müsbət qiymətləndirdiyini bildirir: "Çünki valyutanı, əsasən, məmur sahibkarlar toplayır. Hazırki iqtisadi böhranlar və məmurların üzərinə gedərkən ölkədən kapital axını da sürətlənir. Son günlərdə icra hakimlərinin və yüksək çinli məmurların həbs olunmasından sonra digər məmurlar bazardan daha çox valyuta çəkərək tələbi artırırlar. Bu da əslində gəlirləri milli valyuta ilə olan vətəndaşlara ziyandır”.
 

 
Qərarın mart ayında verilməsinə baxmayaraq, son günlərdə gündəm olmasına iqtisadçı belə münasibət bildirir: "Hesab edirəm ki, bu ajiotajı yaradan sadə vətandaşlar deyil, məmur sahibkarlar və vəzifədə olan oliqarxlara xidmət edən qurumlardır. Bu mənada bu qərarın tərəfdarı olsam da, məsələyə kompleks yanaşılmasının da vacib olduğunu hesab edirəm. Əgər həqiqətən də şəffaflıq olacaqsa, bütün sahələrdə olmalıdır. Aydındır ki, məlumatların toplanması sonradan onların monitorinqinin aparılmasını tələb edəcək. Əgər belədirsə, o zaman 2012-ci ildən kommersiya obyektlərinin sahibləri haqqında məlumatların gizlədilməsi qərarı da aradan qaldırılmalıdır. Yəni şəffaflıq adına atılan addımlar fraqmental olmamalıdır”.
 
N.Bəydəmirli qərarın xarici valyuta kursunun artmasına səbəb olduğu təqdirdə, bunun ən çox vətəndaşın istehlak səbətinə təsir  edəcəyini bildirir.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə Toplum tv-yə açıqlamasında bu qərarın  şəffaflığı təmin etməklə əlaqəsi olmadığını deyir: "Çünki ən azından şəffaflıq belə təmin olunmur. Burda yeganə məqsəd dolların alışına çıxış imkanlarını süni və inzibati problemlər yaradaraq çətinləşdirməkdir. Şəffaflıqla bağlı məsələlərin bu cür həll olunması dünyada görünməyən bir haldır. Şəffaf sistem olanda vəsaitlər hesablarda oturur və bu hesablar vasitəsilə vətəndaşlar və ya sahibkarlar əməliyyatlar həyata keçirirlər. Belə sistemlərin ölkədə tətbiq edilməməsinə görə, şəffaflığın təmin edilməsi məsələsi də inandırıcı səslənmir”.
 

 
N.Cəfərli valyutaya çıxışın məhdudlaşdırılmasının yanlış addım olduğunu qeyd edir. Onun sözlərinə görə, bu yolla məzənnəni nəzarətdə saxlamaq ziyanlıdır: "Bir müddətdən sonra bu qara bazarın yaranmasına səbəb ola bilər ki, bu da iqtisadiyyatda ikili məzənnənin yaranmasına gətirib çıxaracaq. Bu hal isə istənilən ölkə üçün ağrılıdır. Valyuta tələbatının azalmasına xidmət edən addımlar, həm də dolayısı ilə iqtisadiyyatın daralmasına xidmət edir. Çünki Azərbaycan idxaldan asılı ölkədir. Bu isə məhsulların qiymətinin artmasına, çeşidlərinin isə azalmasına səbəb olacaq”.
 
Ekspert bu cür addımlar atılarkən bir çox parametrlərin hesablanması və modelləşdirilməsinin vacibliyini də vurğulayır. Çünki bu halların investorlar üçün mənfi siqnal olduğunu bildirir. 
 
Vüsalə Mikayıl
İqtisadiyyat

Natiq Cəfərli: “SOCAR-da rəhbərlik dəyişikliyi son mərhələyə çatıb”

Aytac Məmmədli
23 Yanvar 2021
“SOCAR İnvestisiya Holdinqinə daxildirsə, idarəetməni də Müşahidə Şurası həyata keçirəcəksə, şirkətin rəhbərliyinə - prezident və vitse-prezidentə nə ehtiyac qalır?”   İqtisadçı Natiq Cəfərli SOCAR-da Müşahidə Şurasının yaradılması ilə bağlı "Toplum TV"-nin sualına cavab verərkən belə deyib.  Prezident İlham Əliyev yanvarın 23-də "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.   Fərmana əsasən,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-da Müşahidə Şurası yaradılıb. Dövlət şirkətlərinin qeyri-rentabelli çalışması, korrupsiya ehtimallarının yüksək olması, xərclərin şişirdilməsi ilə bağlı hökumətin son dövrlərdəki etiraflarını xatırladan N.Cəfərli deyir ki, son aylarda hətta prezident səviyəsində də...
İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda davam edir
 

21 Yanvar 2021
Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb. Belə ki, dünya bazarında "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% bahalaşıb. "OilPrice.com" yanvarın 21-də xəbər verib ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib. Dünya bazarında "Brent" markalı neftin bir bareli isə hazırda 55.98 dollardan satılır.
Seçilmiş Videolar