İqtisadiyyat

Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi

21 İyun, 2022
2468

Açıq mənbələrdən götürülüb

İqtisadçı Fərid Mehralızadə Bakı Araşdırmalar İnstitutunda Qarabağ müharibəsi iştirakçılarının narazılıqlarını və bunun səbəblərini tədqiq edən məqaləsi çıxıb. Toplum Tv məqalənin aktuallığını nəzərə alıb oxucularına təqdim edir: 

Son dövrlər İkinci Qarabağ Müharibəsində xəsarət almış müharibə iştirakçıları müraciətlərinə baxılmaması, əlilliklərinin qeydə alınmaması və yaşadıqları sosial-iqtisadi problemlər ilə bağlı tez-tez Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiyalar keçirir. Həmçinin, sosial şəbəkələrdə qazilərin müalicəsi və digər ehtiyacları üçün xeyriyə kampaniyaları təşkil edilir. Bu kimi məqamlar cəmiyyətdə müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial siyasətin effektivliyi ilə bağlı müzakirələrə səbəb olub. Bəs hökumətin müharibədə həlak olan və yaralanan şəxslərlə bağlı atdığı addımlar nədən ibarətdir və hökumətin müharibə iştirakçıları ilə bağlı sosial siyasətindəki hansı boşluqlar şəhid ailələrinin və sağlamlığını itirmiş müharibə iştirakçılarının çətinlik yaşamasına və etirazlara səbəb olur?

İkinci Qarabağ müharibəsindən sonra müharibə iştirakçıları hökumətin sosial siyasətinin yeni bir istiqamətini əmələ gətirdi. Bu sosial qrupa daxil olan şəxslərin sayı kifayət qədər böyükdür. Müharibə bitəndən 2021-ci ilin 31 dekabrınadək 3 min 21 şəhidin (o cümlədən 86 mülki şəhid) ailə üzvlərinə sosial ödənişlər həyata keçirilib. Müharibədə yaralanmış hərbi qulluqçuların sayı isə 11 110 nəfərə bərabər olub.

Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən aydın olur ki, əgər 2022-ci ilin əvvəlində ölkədə müharibə veteranlarının sayı 90 897 nəfərə bərabər idisə, 2022-ci ilin 1 aprelində bu göstərici 170 776 nəfərə bərabər olub. Xatırladaq ki, müharibə iştirakçılarına veteran adının verilməsi ilə bağlı sərəncam 29 dekabr 2021-ci ildə imzalanmışdı. Bu baxımdan, aydın olur ki, müharibə veteranlarının sayının 3 ay ərzində 80 min nəfər artması İkinci Qarabağ müharibəsinin iştirakçılarına bu adın verilməsi ilə bağlıdır. Qeyd edək ki, bu adın verildiyi 80 min şəxsdən əlavə, Müdafiə Nazirliyinin mətbuata açıqlamasında qeyd edilib ki, veteran adının verilməsi ilə bağlı daha 10 mindən çox şəxsin müharibədə iştirakı ilə bağlı məsələlər araşdırılır. Bütün bu rəqəmlərdən aydın olur ki, “44 günlük müharibə”dən sonra 100 minə yaxın şəxs hökumətin sosial müdafiə siyasətinin çərçivəsinə daxil olub. Bu isə ölkə əhalisinin 1 faizə yaxınınıəşkil edir.

Qeyd etdiyimiz kimi, son dövrlər müharibə iştirakçılarının qarşılaşdığı problemlər tez-tez gündəmə gəlir. Bu baxımdan hesab edirik ki, müharibədə həlak olan və ya sağlamlığını itirən şəxslərin sosial ehtiyaclarının yaranması digər amillərlə yanaşı, həm də hərbi qulluqçularla bağlı sığorta sistemində mövcud olan problemlərlə və ədalətsizliklə bağlıdır. Qeyd etdiyimiz problem və ədalətsizliyi ölkədə həyatları qanunla icbari sığorta edilən iki peşə sahibləri – hərbçilərin və deputatların sığorta sistemi arasındakı fərqlərlə izah edə bilərik. Azərbaycanda hərbi qulluqçuların həlak olduğu və ya yaralandığı hallarda ödəniləcək kompensasiya məbləği Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortaları haqqında qanunla tənzimlənir. Həmin qanunda hərbi qulluqçular həlak olduqda ödəniləcək sığorta ödənişinin məbləği konkret rəqəmlə ifadə edilir – 11 min manat. Sağlamlığın itirilməsi ilə nəticələnən digər hallar üçün nəzərdə tutulan sığorta məbləği bu rəqəmdən də aşağıdır. Deputatların icbari sığortası ilə bağlı qanunda isə deputatların vəfat etdiyi (eləcə də sağlamlığını itirdiyi) təqdirdə ödənilməli olan sığorta məbləği konkret rəqəmlə deyil, deputatların 5 illik vəzifə maaşı əsasında müəyyən edilir.

Nəzərə almaq lazımdır ki, sığortanın mahiyyəti məhz itirilmiş maddi ziyanın kompensasiya edilməsindən ibarətdir. Bu baxımdan icbari sığorta ilə bağlı hazırkı qanunvericilik hərbi qulluqçuların həyatını və ya sağlamlığını itirdiyi hallarda onların itirdiyi gəliri kompensasiya edilməsinə şərait yaratmır. Bu hal isə öz növbəsində hərbi qulluqçuların özlərinin və ya ailəsinin maddi ehtiyaclarının qarşılana bilməməsinə gətirib çıxarır. Çünki onların özləri və ailələri dəymiş maddi ziyan müqabilində kompensasiya əldə etmirlər. Hazırda müharibə iştirakçılarının qarşılaşdığı sosial problemlərin ortaya çıxmasına ən çox səbəb olan amillərdən biri də məhz budur. Sığorta sistemindəki bu ayrı-seçkilik nəticəsində vəfat etdiyi təqdirdə maddi rifahları hərbi qulluqçulara nəzərən dəfələrlə yüksək olan deputatlara ödənilən vəsait hərbi qulluqçulara ödənilən vəsaitdən 9 dəfə çoxdur. Beləliklə, müharibədə həlak olan və ya sağlamlığını itirən şəxslərin sosial ehtiyaclarının yaranması, digər amillərlə yanaşı, həm də hərbi qulluqçularla bağlı sığorta sistemində mövcud olan sığorta məbləğinin hesablanmasındakı ayrı-seçkilik ilə bağlıdır.

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortaları haqqında qanunda qeyd edilir ki, hərbi qulluqçular həlak olduqda ödəniləcək sığorta ödənişinin məbləği 11 000 manata bərabərdir. Qanuna görə, hərbi qulluqçu hərbi xidmətdə olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində birinci dərəcə əlil olduğu halda sığorta ödənişinin 80 faizi (8 800 AZN), ikinci qrup əlil olduğu halda 60 faizi (6 600 AZN), üçüncü qrup əlil olduğu halda isə 40 faizi (4 400 AZN) ödənilir. Hərbi qulluqçular hərbi xidmətdə ağır yaralandıqları hallarda 2 750 AZN, yüngül xəsarət aldıqlarında isə 550 AZN sığorta məbləği əldə edirlər.

Qeyd etdiyimiz kimi, Azərbaycan qanunvericiliyinə görə, hərbi qulluqçularla yanaşı, deputatların da həyatı sığortalanır. Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanuna görə,  deputatlar üçün nəzərdə tutulan sığorta ödənişi konkret məbləğlə müəyyən edilməyib. Deputatlar 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. Qanuna görə, deputat öldükdə sığorta ödənişinin 100 faizini, birinci dərəcəli əlil olduqda 80 faizini, ikinci dərəcəli əlil olduqda 60 faizini, üçüncü dərəcəli əlil olduqda isə 40 faizini əldə edir. Əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət alan deputatlar üçün sığorta ödənişinin məbləği 20 faiz, yüngül xəsarət aldıqda isə 5 faizdir.

Bu məbləğləri konkret rəqəmlərlə ifadə etmək üçün deputatların vəzifə maaşları əsasında hesablama apara bilərik. Deputatların statusu haqqında qanuna görə, deputatların maaşları parlamentin sədrinin maaşına əsasən müəyyən edilir. Həmin qanunda göstərilir ki, Milli Məclisin sədri 2 475 AZN miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında – 1 733 AZN aylıq vəzifə maaşı alır. Milli Məclisin sədrinin müavinləri, parlamentin komitə və komissiya sədrlərinin maaşları parlamentdə heç bir əlavə inzibati vəzifə tutmayan deputatlara nəzərən daha yüksəkdir. Deputatların 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edildiyini nəzərə alsaq, bu rəqəmlərdən aydın olur ki, deputatlar parlamentdə heç bir digər inzibati vəzifə (vitse-spiker, komitə sədri və s.) tutmadıqları təqdirdə belə vəfat etdikləri halda ən azı 103 980 manat məbləğində (5 illik vəzifə maaşları) sığorta ödənişi həyata keçirilir. 

Onu da əlavə edək ki, deputatlar üçün nəzərdə tutulan sığorta ödənişinin həcmi deputatların vəzifə maaşına əsasən hesablansa da, deputatların əldə etdiyi dəcə vəzifə maaşı ilə məhdudlaşmır. Deputatların statusu haqqında qanuna görə, parlamentin üzvləri hər ay vəzifə maaşının bir misli məbləğində vəzifə maaşına əlavə də alırlar. Aylıq maaş və əlavələrdən savayı, deputatlara nüməyəndəlik səlahiyyətlərinin yerinə yetirilməsinə görə ildə bir dəfə özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət və özlərinin iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət müavinəti də ödənilir. Məsələn, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan Milli Məclisin deputatı Erkin Qədirli AŞPA-ya təqdim etdiyi gəlir bəyannaməsində göstərib ki, onun orta aylıq gəliri 4700 manata bərabərdir.

Vəzifə maaşı və pul təminatlarından əlavə deputatlar Bakıdan kənara səfər etdikdə nəqliyyatla təmin edilir. Eləcə də Bakı və Sumqayıt, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputatlar səlahiyyətləri müddətində xidməti mənzillə təmin edilir, bu mümkün olmadıqda isə onlara Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Deputatların fəaliyyətinin təmin edilməsi üçün onların köməkçilərinin də olması nəzərdə tutulur. Deputat köməkçiləri də dövlət büdcəsi hesabına saxlanılır. Deputatların səlahiyyət müddəti başa çatdıqdan sonra da onlar bir müddət təminatlardan yararlana bilirlər. Belə ki, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində, yəni  ən azı 1 385 manat müavinət alır.

Bu baxımdan, nəzərə almaq lazımdır ki, hərbi qulluqçulardan fərqli olaraq deputatlar onsuz da kifayət qədər yüksək gəlirə malikdir. Baş vermiş sığorta hadisələri gənc yaşda olan hərbi qulluqçuların özlərinə və ailələrinə daha ağır təsir edir. Buna baxmayaraq, mövcud qanunvericilik kifayət qədər yüksək sosial təminata malik olan və əksəriyyətinin yaşlı olduğu deputatların vəfat etdiyi təqdirdə onların ailələrinin 100 min manatdan çox sığorta ödənişi əldə etməsinə şərait yaradırsa, gənc yaşda həyatını və ya sağlamlığını itirən və sosial təminatları deputatlarla müqayisə edilə bilməyəcək qədər az olan hərbi qulluqçular üçün bu ödənişin məbləği maksimum 11 min manat müəyyən edilib.

Hərbi qulluqçulara və deputatlara ödənilən sığorta məbləğlərinin arasındakı fərqləri 2020-ci ildə vəfat edən iki şəxsin nümunəsində daha aydın müqayisə edə bilərik. 2020-ci ilin 9 fevral parlament seçkilərində 82 yaşında yenidən deputat seçilən Fəttah Heydərov deputat seçildikdən cəmi 6 ay sonra, həmin ilin avqustunda 82 yaşında vəfat etmişdi. Mövcud qanunvericiliyə görə, 82 yaşlı deputatın sığortası onun vəzifə maaşına nəzərən hesablandığı üçün, deputatın ailəsi o vəfat etdikdən sonra ən azı 103 980 manat sığorta məbləği əldə etmək imkanı qazanıb. Heydərovdan cəmi 20 gün öncə isə Tovuz döyüşlərinin simvoluna çevrilən Azərbaycan ordusunun general-mayoru Polad Həşimov həlak olmuşdu.[1] Mövcud qanunvericiliyə görə, hərbi qulluqçular üçün nəzərdə tutulan sığorta ödənişləri deputatlardan fərqli olaraq vəzifə maaşı əsasında deyil, konkret məbləğ əsasında ödənildiyi üçün General Həşimovun həlak olması ilə bağlı ödənilən sığorta ödənişi cəmi 11 000 manata bərabər ola bilər. Yəni Fəttah Heydərov üçün ödənilən sığorta məbləğindən 9 dəfə az.

İkinci Qarabağ müharibəsindən sonra 100 mindən çox müharibə iştirakçısının sosial müdafiəsinin təşkili Azərbaycan hökumətinin sosial siyasəti üçün yeni çağırışlar yaradır. Ancaq həlak olan və yaralanan şəxslər üçün ödənilən sığorta məbləğinin hesablanmasında hərbi qulluqçuların ədalətsizliyə məruz qalması, xüsusilə şəhid ailələri və əmək qabiliyyətini itirən müharibə iştirakçıları üçün əlavə çətinliklər yaradır. Sığorta hadisəsi zamanı ödənilən sığorta məbləğinin hesablanmasının məntiqi dəymiş maddi zərərin qarşılanması olmalıdır. Bu baxımdan, hərbi qulluqçular üçün nəzərdə tutulan sığorta məbləği də ən azından deputatlarda olduğu kimi konkret məbləğ əsasında deyil, maaşa əsasən hesablanmalıdır.

Hər kəsə məlumdur ki, həlak olmuş hərbçilərin ailəsinə ödənən 11 min manat və ya 1-ci dərəcəli əlillik qazanmış şəxsə ödənilən 8 800 manat dayanıqlı maliyyə mənbəyi formalaşdırmaq üçün yetərli məbləğ deyil. Bu vəsait ən yaxşı halda həmin şəxslərin borclarının və ya müalicələrinin aparılmasına kifayət edə bilər. Əgər hərbçilər üçün nəzərdə tutulan sığorta məbləği də deputatlarda olduğu kimi 5 illik vəzifə maaşı miqdarında hesablansaydı, aylıq ortalama 1 000 manat məbləğində gəlir əldə edən hərbi qulluqçular üçün 11 min manat yox, 60 min manat, birinci dərəcəli əlillik qazanmış hərbi qulluq üçün isə 8 800  manat yox, 48 min manat  sığorta məbləği hesablanmış olardı ki, bu vəsait həmin şəxslərin və ailələrinin maliyyə vəziyyətinin daha dayanıqlı hala gətirilməsinə kömək edə bilərdi. Çavuş, gizir və zabit heyətindən fərqli olaraq müddətli hərbi qulluqçular (əsgərlər) əmək müqaviləsi ilə fəaliyyət göstərmədiyi üçün onlar  üçün sığorta məbləğinin hesablanmasında ölkə üzrə orta aylıq əmək haqqının 5 illik miqdarı həcmində sığorta ödənişi nəzərdə tutula bilər.

Lakin müharibə iştirakçılarının sosial problemlərlə üzləşməsi sadəcə sığorta məbləğinin hesablanmasındakı ayrı-seçkiliklə bağlı deyil. Bu problemlə yanaşı, xüsusilə əlilliyin qeydə alınması ilə bağlı qaydaların sərtləşdirilməsi, eləcə də veteranlar üçün nəzərdə tutulan prezident təqaüdünün məbləğinin (80 manat) əmək qabiliyyətli əhali üçün hesablanmış yaşayış minimumunun (220 manat) yarısından da az olması və yaşayış minimumunun cəmi 36 faizi miqdarında olması da, xüsusilə işsiz və ya sosial-iqtisadi çətinlikləri olan müharibə veteranları üçün əlavə çətinliklər yaradır. Ancaq hesab edirik ki, həm indiyədək yaranan problemləri həll etmək, həm də gələcəkdə bu tip problemlərin yaşanmasının aradan qaldırılması baxımından hökumət ilk növbədə hərbi qulluqçuların sığorta sistemindəki ədalətsizliyi aradan qaldırmalı və hərbi qulluqçuların da sığorta məbləği konkret rəqəmlə (ən azı 11 min manat kimi aşağı bir rəqəmlə) deyil, əldə etdikləri gəlir nəzərə alınmaqla hesablanmalıdır və icbari həyat sığortası tətbiq edildiyi sahədən asılı olmayaraq bərabər və ədalətli olmalıdır.

 
Qeydlər və istinadlar:

[1] General Həşimovun müharibənin simvoluna çevrilməsiylə bağlı iddiamızı gücləndirmək üçün qeyd edək ki, Ədliyyə Nazirliyinin adlarla bağlı açıqladığı statistik göstəricilərdən məlum olur ki, 2018-2019-cu illərdə Azərbaycanda hər il ortalama 50 yeni doğulan uşağa Polad adı qoyulduğu halda, 2020-ci ildə Polad adı verilən uşaqların sayı 193-ə, 2021-ci ildə isə, 306-a bərabər olub.

Fərid Mehralızadə
Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə İqtisadi Siyasət üzrə magistr təhsili alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo