Natiq Cəfərli: “SOCAR-da rəhbərlik dəyişikliyi son mərhələyə çatıb”
Sosial media
“SOCAR İnvestisiya Holdinqinə daxildirsə, idarəetməni də Müşahidə Şurası həyata keçirəcəksə, şirkətin rəhbərliyinə - prezident və vitse-prezidentə nə ehtiyac qalır?”
İqtisadçı Natiq Cəfərli SOCAR-da Müşahidə Şurasının yaradılması ilə bağlı "Toplum TV"-nin sualına cavab verərkən belə deyib.
Prezident İlham Əliyev yanvarın 23-də "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-da Müşahidə Şurası yaradılıb.
Dövlət şirkətlərinin qeyri-rentabelli çalışması, korrupsiya ehtimallarının yüksək olması, xərclərin şişirdilməsi ilə bağlı hökumətin son dövrlərdəki etiraflarını xatırladan N.Cəfərli deyir ki, son aylarda hətta prezident səviyəsində də bu məsələyə reaksiya verilib, xərclərin azaldılması və effektivliyin artırılması ilə bağlı müəyyən addımlara ehtiyac olduğu bildirilib: “Halbuki əvvəllər bu inkar edilirdi. Sonra İnvestisiya Holdingi yaradıldı, SOCAR da həmin holdingə daxil edildi”.
Ekspert hesab edir ki, SOCAR-da ayrıca Müşahidə Şurasının yaradılması şirkətdə rəhbərlik dəyişikliyinin son mərhələyə çatdığını göstərir:
“SOCAR çox böyük şirkətdir. Dövriyyəsi və xarici aktivləri də həddindən artıq çoxdur. Ona görə idarəetmənin dəyişdirilməsi prosesinin zamana ehtiyacı var. Müşahidə Şurası bu işlərdə də aktiv rol oynaya bilər”.
Prezidentin sərəncamına əsasən, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin təyin və azad etdiyi sədr də daxil olmaqla, 7 üzvdən ibarətdir.
Natiq Cəfərlinin sözlərinə görə, Şura üzvlərinin necə fəaliyyət göstərəcəyini indidən söyləmək çətindir.
Problemlərlə bağlı etirafların ardınca onların həll yollarının göstərilməli olduğunu vurğulayan ekspert qeyd edir ki, həm İnvestisiya Holdinqi, həm də Müşahidə Şurası ortalığa yol xəritəsi çıxarmalıdırlar: “Nə işlər görüləcək? Problemlər nədən ibarətdir? İdarəetmənin effektivliyini yüksəltmək üçün hansı daxili islahatlara ehtiyac var? SOCAR-ın törəmə şirkətlərini ondan ayıracaqlarmı? SOCAR neft-qaz çıxarır, benzin satır, xəstəxanası, futbol meydançaları, tikinti şirkətləri, istehsal sahələri var. Böyük bir monstra çevrilmiş şirkətin idarə edilməsi, əlbəttə ki, çoxsaylı problemlərlə müşayət olunur”.
İqtisadçı hesab edir ki, Müşahidə Şurası yalnız ciddi islahatlar aparılacağı təqdirdə effektiv ola bilər: “Əgər növbəti addım SOCAR-da islahatlarla bağlı yol xəritəsinin hazırlanması olacaqsa, bunu maraqla izləyəcəyik; yox, əgər sadəcə idarəetmədəki şəxslərin dəyişdirilməsindən söhbət gedirsə, oyun qaydaları əvvəlki kimi qalacaqsa, bunun ciddi fayda verəcəyini gözləmək mümkün deyil”.
Toplum.tv
Açıq mənbələrdən götürülüb
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”