İqtisadiyyat

Neft bahalaşıb, bəs niyə gəlirlər və əhalinin rifahı yüksəlmir? - Ekspertlər açıqlayır

Aytac Məmmədli
13 İyul, 2021
121

Açıq mənbələrdən götürülüb

“Azərbaycanda neft erası bitmək üzrədir”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Toplum TV"-yə açıqlamasında belə deyib.

Son aylar dünya bazarında neftin qiyməti bahalaşıb. Məsələn, iyulun 13-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 76,05 ABŞ dolları təşkil edib. Buna baxmayaraq ölkədə neft gəlirləri azalıb.

Dövlət Neft Fondunun məlumatına görə, bu ilin I rübündə fondun mənfəət qazının və neftinin satışından təqribən 1,7 milyard manat əldə olunub, lakin keçən il bu rəqəm 3 milyard idi.

İlham Şaban deyir ki, bunun əsas səbəbi neft hasilatının azalmasıdır.

"2020-ci ildə Azərbaycanda 2019-cu illə müqayisədə 3 milyon ton az maye karbohidrogen hasil edilib. Ümumiyyətlə, 2010-cu ildə maye karbohidrogenlərin zirvə göstəricisinə çatmışıq, ondan bəri neft azala-azala gedir. Əgər 2019-cu ildə neft fonduna hasilatın pay bölgüsü sazişləri çərçivəsində 8 milyard dollar mənfəət gəlmişdisə, ötən il bu rəqəm 3,8 milyard dollar olub. Fikrimcə, bu il neft qiymətlərinin artımı ilə əlaqədar olaraq mənfəət 4 milyard dollar ola bilər, yəni 2019-cu il səviyyəsindən 2 dəfə az", - deyə İ.Şaban qeyd edib.

Azər Mehtiyev - Açıq mənbələrdən götürülüb

İqtisadçı Azər Mehtiyev də o qənaətdədir ki, gəlirlərin azalmasının əsas səbəbi neft hasilatının ildən-ilə aşağı düşməsidir.

“Təsəvvür edin ki, 2010-cu ildə Azərbaycanda 51 milyon ton neft hasil olunurdusa, ötən il 35 milyon ton səviyyəsinə düşüb. Bu azalma növbəti illərdə daha da intensivləşəcək və 24, 25 milyon ton neft səviyyəsində qərarlaşacaq. Azalma davam etdiyi müddətcə qiymətlərin indikindən yüksək olması da bizə yardım etməyəcək. Qiymətlərin aşağı düşəcəyi təqdirdə isə Azərbaycan bunu hər iki istiqamətdə hiss edəcək. Bu da Azərbaycan üçün postneft dövrünün başlaması deməkdir”.

İqtisadçının dediyinə görə, postneft dövrü 2015-ci ildən başlasa da, neft qiymətlərinin və hasilatın yüksək olması bunu hiss etdirməmişdi: “Bundan sonrakı dövr tamamilə fərqli olacaq. Onu da nəzərə almalıyıq ki, Avropaya ixrac edəcəyimiz qaz hasilatının ildən-ilə artması və ordan əldə olunan gəlir neft gəlirlərini əvəz edə bilməyəcək. Deyə bilərik ki, Azərbaycan hökümətinin maliyyə baxımından ağır dövrü başlayır”.

BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmala əsasən, 2020-ci ilin sonunda Azərbaycanda xam neft hasilatı 35,1 milyon ton təşkil edib.

Məlumata görə, 2019-cu ilin sonunda Azərbaycanda xam neft hasilatı 38 milyon ton olub, yəni bu ilin göstəriciləri ötən illə müqayisədə 7,9 % az.

1953-cü ildən bəri hər il hesabat yayan BP Azərbaycan nefti ilə bağlı məlumatları 1991-ci ildən yayımlayır.

Dövlət Statistika Komitəsi isə 2020-ci ildə Azərbaycanda 34,5 milyon ton neft hasil olunduğunu qeyd etmişdi. Nəticədə, hər iki qurumun açıqlamaları arasında 600 min ton fərq var.

İlham Şaban - Sputnik

İlham Şaban deyir ki, rəqəmlər arasındakı fərq həm temperatur fərqliliyinə, həm də standartlara görə yaranıb: “Postsovet məkanında neft hasilatı statistika komitələri tərəfindən QOST standartında davam etdirilir, BP isə öz hesabatını ABŞ neft institutunun standartları ilə göstərir”.

“Hazırda real istismar olunan yeni neft yatağı yoxdur, köhnələrin də verimliliyi azalıb. 30 il əvvəl geoloqlar bu qənaətə gəliblər ki, Azərbaycanda yeni neft yatağının kəşf edilmə ehtimalı 0 və 1 arasındadır. Yəni ki, nə qədər yer vardısa, aşsüzənə döndərilib. Ölkə ancaq o zaman yenidən neftə sahib ola bilər ki, ölkədən kənarda perspektiv, istismar olunan yataqlarda pay alsın”, - İ. Şaban belə deyib.

Onu da qeyd edək ki, neft hasilatını azaltmaq Azərbaycanın 2022-ci ilədək üzərinə götürdüyü öhdəlik idi. 2020-ci ilin aprel ayında OPEC üzvü olan və qeyri-üzv dövlətlər neft hasilatını azaltmaq barədə razılığa gəlmişdilər.

Amma Azər Mehtiyev deyir ki, hasilat kvotaları ilə bağlı məsələ neft hasilatına ciddi təsir göstərmir. Onun sözlərinə görə, hasilatın azalması biləvasitə texnoloji proseslə bağlıdır.

“Azər-Çıraq-Günəşli yatağının texnoloji xüsusiyyətləri, neft hasilatının texnologiyasından asılı olaraq onun qocalması, neft həcminin azalması ilə əlaqədar olaraq hasilatda azalma baş verib. Yəni bu, OPEC və ya OPEC + çərçivəsində baş verən azalma deyil”, - deyə iqtisadçı qeyd edib.

İqtisadiyyat

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

29 İyul 2021

Rəsmi səhifə

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub. Bu barədə iyulun 29-da İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və Ticarət Nümayəndəliyinin lentini kəsiblər.
İqtisadiyyat

Ekspert: “Məmurlar bizneslərini gəlinlərinin və qızlarının adından idarə edirlər”

Nigar Səmədli
27 İyul 2021

Açıq mənbələrdən götürülüb

“Məmurlar dövlət vəzifələrində oturaraq öz bizneslərini gəlinlərinin, qızlarının və ya digər ailə üzvlərinin adından idarə edirlər. Əminliklə deyə bilərəm ki, göstərilən qadın sahibkarların 90 faizi real sahibkar deyil”.   İqtisadçı-ekspert Nazim Bəydəmirli “Toplum TV”-yə belə deyir.   Azərbaycanda fərdi sahibkarların 20-i faizindən çoxu qadındır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşdə bildirib. Vüsal Qasımlı - Açıq mənbələrdən götürülüb V.Qasımlı qeyd edib ki, İlham Əliyevin qəbul etdiyi Strateji Yol Xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq...
Seçilmiş Videolar