İqtisadiyyat

Neft bahalaşır - “Bu, manatın uzun müddət sabit qalacağına əminlik yaradır”

Məzahir Abdurahmanov
21 Yanvar, 2022
747

Açıq mənbələrdən götürülüb

"Əgər Ukrayna ətrafındakı gərginlik davam edəcəksə, hansısa kiçik toqquşma baş verəcəksə, neftin qiyməti artacaq. Yox əgər, toqquşmalar çox böyük olarsa, iş Qərb - Rusiya qarşıdurmasına qədər gedib çıxarsa, onda neftin qiyməti də 150 dollara qədər bahalaşa bilər".

Bunu iqtisadçı Natiq Cəfərli neftin qiymətlərinin artması xəbərini "Toplum TV"-yə şərh edərkən deyib.

Azərbaycanın dünya bazarlarına çıxararaq satdığı "Azeri Light" (CIF) markalı neftin qiyməti sürətlə artır.

Yanvarın 21-nə olan məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,4 ABŞ dolları (0,43%) artaraq, 92,89 dollar olub.

Yanvarın 18-də Londonun ICE birjasında "Brent" markalı etalon neftinin fyuçerslərinin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə bir barel üçün 88 dollar həddini keçib.  

“Bu, manatın uzun müddət sabit qalacağına əminlik yaradır”

İqtisadçı ekspert Pərviz Heydərov söyləyir ki, Azərbaycanda dövlət gəlirlərinin 90%-dən çox hissəsini neft gəlirləri təşkil edir: "Dövlət büdcəsində neftin qiyməti hazırkı qiymət səviyyəsindən xeyli aşağı həddə, yəni 50 dollar məbləğində götürülüb. Hazırda qiymətlərin 90 dolları keçməsi, o deməkdir ki, biz nəzərdə tutulandan iki dəfə çox gəlir əldə edəcəyik. Bu, ölkənin valyuta ehtiyatlarının qorunub saxlanacağına və artacağına, valyuta bazarımızda sabitliyin qorunub saxlanacağına, yəni manatın uzun müddət sabit qalacağına əminlik yaradır".

Pərviz Heydərov

Natiq Cəfərli də deyir ki, neftin qiymətinin artması Azərbaycan üçün müsbət haldır: "Neftin qiyməti nə qədər yüksək olarsa, Azərbaycana bir o qədər çox valyutanın daxil olmasına şərait yaranır. Çünki biz neftdən asılı ölkəyik".

"Fitch Ratings": “Neftin qiyməti qlobal  iqtisadi artıma mənfi təsir göstərə bilər”

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin rəsmisi Dmitri Marinçenko bildirir ki, neftin qiymətinin daha da artması qlobal iqtisadi artıma mənfi təsir göstərə bilər: "Hesab edirik ki, hazırda kotirovkaların qiymətinin sabit artımı üçün heç bir fundamental səbəb yoxdur, əksər istehsalçılar 60 dollar və daha yüksək qiymətə müsbət sərbəst pul axını yaradırlar. Qiymətlər artmaqda davam edərsə, bu, tələbata təsir edə və iqtisadi artıma mənfi təsir göstərə bilər"

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

Bildirilir ki, 2022-ci ildə qlobal gündəlik neft tələbatının 100,79 mln. barel səviyyəsində olacağı gözlənilir. Cari ildə neft tələbatının artımı tempi 4,15 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

"OPEK+ üçün neftin ən məqbul qiymət səviyyəsi 60-65 dollar həddidir"

P.Heydərov deyir ki, 60-65 dollar dünyada ən çox neft hasil edən Səudiyyə Ərəbistanı daxil olmaqla Azərbaycan kimi xırda hasilatçı ölkələr üçün ən məqbul qiymət həddidir.

“Hazırda qiymətlərin yüksək olması əlbəttə, bu ölkələrin hamısının gəlirlərini artırır. Amma nəzərə almaq lazımdır ki, dünya bazarında neftin həddindən çox baha olması digər məhsulların bahalaşmasına, nəqliyyat xərclərinin artmasına, yanacaq məhsullarının qiymətlərinin yüksək olmasına gətirib çıxarır", - iqtisadçı ekspert deyir və əlavə edir ki,  bu səbəblərə görə, neft qiymətinin çox yüksək olması çox da arzu olunan hal deyil.

N.Cəfərli isə hesab edir ki, neft ölkələri qiymətin bahalaşmasında maraqlıdırlar: “OPEK+ ölkələri neft qiymətləri düşərsə, hasilatı azaltmaq yolu ilə qiymətləri artırmaq yolunu tutmuşdular. O qaydalara bu gün də əməl edirlər. Əslində OPEK+ ölkələrinə qiymət artımı sərf edir. Neftin qiyməti qalxdıqca onların gəlirləri də artır.  Müdaxilə edib qiyməti sala bilərlər, amma onlara bu sərf etmir".

Natiq Cəfərli - Sosial Media

Neftin qiyməti hansı həddəcən qədər qalxa bilər?

P.Heydərov neftin bahalaşmasının səbəblərindən danışarkən bunları əsas gətirir:

"Pandemiyadan sonra, keçən il dünya ölkələri yüksək iqtisadi artım nümayiş etdirdilər. Məsələn, Çin 2021-ci ildə  8,1%  səviyyəsində Ümumi Daxili Məhsul(ÜDM) göstəricisilə ABŞ-ı geridə qoydu. ABŞ-da bu göstərici 5.5%  oldu. Bu o deməkdir ki, əgər yüksək iqtisadi artım varsa, deməli, bu ölkənin yüksək də təlabatı var. Bu dəqiqə neftə tələb yüksəkdir. Bu tələbi ödəyəcək resurs bazarı yoxdur. Ona görə də neftin qiyməti qalxıb. Ancaq ola bilər ki, ilin ortalarına, təxminən ikinci yarısına qədər qiymətlərin stabilləşməsini müşahidə edək".

N.Cəfərlinin sözlərinə görə isə, neftin qiyməti bir çox məqamlardan asılıdır: "Neft qiymətinin kəskin artımı 2 ay ərzində baş verdi. İqtisadi amillər arxa plandadır, buna daha çox geosiyasi amillər təsir edir. Qiymətlərin hansı səviyyəyə qədər qalxması geosiyasi gərginliyin azalıb, azalmayacağına bağlı olacaq".

"Neft qiymətinin hansı həddə qədər qalxacağını və yaxud da nə qədər ucuzlaşa biləcəyini söyləmək çətindir”, - P. Heydərov deyir və əlavə edir ki, bu elə bir məhsuldur ki, onun qiymətinə təkcə iqtisadi amillər deyil,  siyasi amillər də təsir göstərir.

“Hansısa siyasi problem yaranarsa, neftin qiyməti 100 dolları da keçə bilər. Və yaxud onun birdən-birə indiki qiymətindən 10-15 dollar səviyyəsində kəskin ucuzlaşmasını da görmək mümkündür", - deyə o qeyd edib.

İqtisadiyyat

Azərbaycan İranla Naxçıvana kommunikasiyaların tikintisindən danışıb

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında İqtisadi, Ticari və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb.  “Turan”ın məlumatına görə, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yeni kommunikasiyaların yaradılması haqqında razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda iqtisadi, ticari sahələrdə, nəqliyyat sahəsində, humanitar sahədə və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Hər iki dövlət rəsmisi regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bir müddət əvvəl, martın 11-də Azərbaycan baş nazirinin müavini Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi...
İqtisadiyyat

AZAL-ın zərəri şirkətin aktivlərinin 90%-ni təşkil edir

18 May 2022

azal.az

“Azərbaycan Hava Yolları” dövlət aviaşirkəti maliyyə hesabatı açıqlayıb. "Turan”ın məlumatına görə, indiyədək 2019 və 2020-ci illər üzrə audit edilmiş hesabatlar (Deloitte & Tuoche) əlçatandır və bu hesabatlara əsasən, ötən ilin əvvəlində AZAL-ın zərəri (1 milyard 764 milyon manat) aviaşirkətin aktivlərinin 90%-ni təşkil edib. 2020-ci ildə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar AZAL-ın birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb. Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət il ərzində aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib. Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon...

Seçilmiş Videolar

Toplum TV loqo