İqtisadiyyat

Neft Fondu valyuta satışını niyə azaldıb?

4 May, 2021
125

Açıq mənbələrdən götürülüb

Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondu (ARDNF) 1 mlrd 989,8 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Xəbəri “Report” ARDNF-a istinadən yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,8% azdır: "Təkcə aprel ayında isə ARDNF-in valyuta satışının məbləği 509,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin aprel ayına nisbətən 4% azdır".

"Valyuta satışının azalmasıyla bağlı narahatçılıq yaradacaq hər hansı bir amil yoxdur"

İqtisadçı Azər Mehtiyev “Toplum TV”-yə deyib ki, valyuta satışının ötən illə müqayisədə 40%-dək azalması hər hansı iqtisadi problemə səbəb olmayacaq: “Bunun da səbəbi odur ki, ölkəmizdə iqtisadi proseslər manatla gedir, dollarla yalnız xarici iqtisadi fəaliyyətlər həyata keçirilir. Bu fəaliyyətlərə, xüsusən də köçürmələrə iqtisadi fəaliyyətlər zamanı hər hansı bir məhdudiyyət qoyulmur. Bu baxımdan proseslərdə iqtisadi narahatçılıq yaradacaq hər hansı bir amil yoxdur". 

Azər Mehtiyev - Açıq mənbələrdən götürülüb

O, valyuta satışının azalmasını isə ötən il yaşanan iqtisadi proseslərlə əlaqələndirir: “Ümumiyyətlə ötən ilin vəziyyəti bir az fərqli idi. Bilirik ki, ötən ilin fevral ayından başlayaraq dünya neft bazarında müəyən proseslər başladı və bunun nəticəsi olaraq neftin qiymətinin kəskin aşağı düşməsi prosesi müşahidə edildi. Bu da istər-istəməz əhali arasında devalvasiya olacağı narahatlığını yaratdı. Mart ayında dollara ajiotaj yarandı və bu tələbi ödəmək üçün neft fondu çox böyük həcimdə valyutanı satışa çıxarmalı oldu. Eyni zamanda, Mərkəzi Bank insanların narahatlığını qarşılamaq üçün dollar satışı ilə bağlı tədbirlər gördü. Bunun nəticəsində də qarışıqlıq aradan qalxdı və dollara kəskin tələbat yaranmadı”.

Nazim Bəydəmirli: “Yalnız hökumət qərar verəndə kurs dəyişir”

İqtisadçı Nazim Bəydəmirli isə hesab edir ki, valyuta satışının azalmasında iqtisadi kiçilmənin da rolu var: “Mərkəzi Bank bazarda daha çox mövqeyə malikdir. Eyni zamanda, keçən il valyuta ilə bağlı qarışıqlıq oldu. Bəzi məhdudiyyətlər vardı və valyuta tələbi yüksək idi. Hesab edirəm ki, daxili bazarı stabilləştirmək üçün Dövlət Neft Fondunun vəsaitlərinin satılmasına hökumət qərar vermişdi. Həmçinin valyuta satışının azalmasından iqtisadiyyatın kiçilməsi də əsas amillərdən biridir. Pandemiya ilə bağlı bəzi qapanmalar mövcuddur, insanların və şirkətlərin ölkə xaricinə çıxışı məhdudlaşdırılıb, eyni zamanda, iqtisadi artım da azalıb. Bütün bunlar valyutanın az satılmasına səbəb olub. Ancaq Dövlət Neft Fondunun vəsaitlərinin tez bir zamanda satılmasının tərəfdarı da deyiləm, yəni bunu müsbət saymaq olar”.

Nazim Baydəmirli - Sosial Media

“Bazarda Mərkəzi Bankın müəyyən etdiyi kurs, əslində, bazar münasibətləri ilə yox, inzibati qaydalarda müəyyən olunur. Hökumət kursun dəyişdirilməsinə qərar verdiyində kurs dəyişir. Valyuta alış-verişində iştirakçıların sayından asılı olmayaraq, dolların qiyməti 1.7 olaraq qalır. Bu mənada ölkə daxilində valyutanın çox satılmasının tərəfdarı deyiləm, çünki xarici iqtisadi əlaqələrlə məşqul olmayan insanlara dollar yalnız yığım vasitəsi kimi lazım olur. İndiki halda dollar yığımı da effektiv deyil, ona görə də xarici valyutaya tələb də, satış da azalıb”, - iqtisadçı belə deyib. 

Ülviyyə Həsənova: "Dövlət büdcəsinə transfer ARDNF-nin əsas öhdəliklərindən biridir"

Dövlət Neft Fondunun mətbuat katibi Ülviyyə Həsənova isə “Toplum TV”-nin sorğusuna belə cavab verib: “ARDNF-in 2021-ci il üzrə xərclərində əsas yeri dövlət büdcəsinə transferlə bağlı öhdəlik təşkil edir. Dövlət büdcəsinə transfer ARDNF-nin əsas öhdəliklərindən biridir və xam neftin qiymətlərindən asılı olmayaraq, bu öhdəlik yerinə yetirilməlidir. Transferləri vaxtında icra etmək məqsədilə Fond tərəfindən mütəmadi olaraq Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dollarında olan vəsaitlər satılaraq  manata konvertasiya edilir". 

Onun sözlərinə görə, ARDNF-nin 2021-ci il üzrə büdcəsində transferlərin həcmi 12,2 milyard manat nəzərdə tutulub: "Manatla ifadə edilən bu öhdəliyin icrası üçün Fond il ərzində ümumilikdə 7,17 milyard dollar xarici valyutanı 12 aylıq qrafiki üzrə hərraclarda satışa çıxarır. Mərkəzi Bankın keçirdiyi hərraclarda bankların valyutaya olan tələbatının həcmində yaranan dəyişikliklərdən asılı olaraq Fondun aylıq valyuta satışlarının həcmində də proqnozlardan müəyyən kənarlaşmaların (artım və yaxud azalmaların) olması istisna edilmir. Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında iştirak etməklə Fond sırf dövlət büdcəsi qarşısında daşıdığı öhdəliyi yerinə yetirir”.

Şahbala Şabaladov

İqtisadiyyat

Rusiya şəhərlərindən Bakıya uçuşlar bərpa olunur

16 May 2021

aex.ru

Rusiyanın "Nordwind" aviaşirkəti may ayının sonunadək dörd şəhərdən Bakıya uçuşları bərpa etmək niyyətindədir. APA xəbər verir ki, mayın 18-dən etibarən (çərşənbə axşamı) Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlara başlanılacaq. Sonradan sözügedən marşrut üzrə uçuşlar həftənin cümə günləri yerinə yetiriləcək. Mayın 19-dan etibarən "Nordwind"Nijni Novqorod-Bakı (çərşənbə, daha sonra cümə axşamı günləri) və Kazan-Bakı (çərşənbə, daha sonra bazar ertəsi günləri), mayın 20-dən isə Rostov-Bakı aviareysi üzrə birbaşa uşulara başlayır. "Epidemioloji vəziyyət dəyişdikdə və beynəlxalq hava əlaqəsi bərpa olunduqca, Azərbaycanın paytaxtına uçuşların tezliyi artırıla bilər", - aviaşirkətin məlumatında deyilir.
İqtisadiyyat

Gəncə Hava Limanı uçuşları bərpa edib

15 May 2021
Gəncə Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Xəbəri APA yayıb. Bildirilir ki, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib.  Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub. Eyni zamanda "Türk Hava Yolları" Gəncəyə və Naxçıvana uçuşları bərpa edib.
Seçilmiş Videolar