İqtisadiyyat

Neftin qiyməti 100 dollara çata bilər? – "Azərbaycan neftin bahalaşmasından qazanclı çıxmır"

Nigar Səmədli
14 Sentyabr, 2021
1939

Shutterstock

“Kimsə neft qiymətlərinin artması ilə Azərbaycanın daha çox qazandığını düşünürsə, səhv edir”.

İqtisadçı-ekspert Nazim Bəydəmirli dünya bazarında neft qiymətlərinin artması xəbərini “Toplum TV”-yə şərh edərkən deyib.

Neftin qiyməti 6 ayda 100 dollara çata bilər. 

"Bank of America Corporation" transmilli investisiya bankının analitikləri bildiriblər ki, bank özünün 2022-ci ildə neftin qiymətinin 1 barelə görə 100 ABŞ dollarına çata biləcəyi üzrə proqnozunu dəyişib daha erkən dövrə - növbəti altı aya qədər tezləşdirə bilər.

"Reuters"in məlumatına görə, bankın analitikləri qeyd edir ki, sözügedən dəyişikliyin baş verməsi ehtimalı artıb. 

Belə ki, gözləniləndən daha soyuq keçəcək qış neftə olan qlobal tələbatı gündəlik 1 mln. bareldən 2 mln. barelə qədər artıra bilər və bundan əlavə, bazarda təklifin defisiti asanlıqla gündəlik 2 mln. bareli keçə bilər.

Avropa ölkələrində elektrik enerjisinin də qiyməti rekord səviyyəyə yüksəlib.

İngiltərədə bir MVt-saat elektrik enerjisinin qiyməti avqustun əvvəlindən təxminən üç dəfə, 2020-ci ilin sentyabrından isə təxminən 7 dəfə artaraq 331 avroya çatıb, bu da 1999-cu ildən bəri qeydə alınan rekord göstəricidir.

Bildirilir ki, Almaniyada artım əhəmiyyətli dərəcədə olmasa da, ay ərzində elektrik enerjisinin qiyməti 30% artaraq təxminən 130 avroya çatıb.

Artımın səbəblərindən biri Şimal dənizindəki külək elektrik stansiyalarından elektrik istehsalının azalmasıdır ki, bu da son bir neçə həftə ərzində orada güclü küləklərin olmaması ilə əlaqədardır. Bu səbəbdən qaz və kömür elektrik stansiyalarının istehsal olunan elektrik enerjisinə müraciət edilir. 

Eyni zamanda son vaxtlar qlobal iqtisadiyyatın bərpası və saxlama anbarlarında ehtiyatların azalması səbəbindən qaz qiymətləri də rekord həddə çatıb. Hətta uzun müddətdir ki, ucuzlaşan kömürün qiymətlərinin enməsi dayanıb.

Bahalaşmaları ekspertlər necə şərh edir?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neftin qiymətinin 100 dollar olacağı sadəcə mülahizədir: “Neft qiymətləri zaman-zaman artır və ya azalır. Eyni zamanda  neftin qiymətləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür ki, 100 dollar, hətta daha çox ola bilər. Lakin görünən odur ki, “OPEC+" çərçivəsində 2016-cı ildən bugünədək neftin qiyməti 100 dollardan yuxarı olmayıb. Bunun səbəbləri isə bazarda neft qıtlığının olmaması, spekulyativ amillərə inamın əvvəlki dövrlə müqayisədə azalması və bazar iştirakçılarında süni yolla neftin qiymətinin artırılmasının daha sonra kəskin enişlə müşahidə olunacağına dair inamın yaranmasıdır. Ona görə də ən optimal yol kimi neftin ədalətli qiymətinin, yəni 70 dollar ətrafında olması məqbul hesab edilir”.

İlham Şaban

Nazim Bəydəmirli isə neftin bahalaşmasını obyektiv səbəblərlə izah edir: “Əsas səbəb pandemiyadan sonra sənaye ölkələrinin iqtisadiyyatlarının dirçəlməsi ilə bağlıdır. Neftin qiymətini müəyyən edən başlıca faktor ABŞ-ın neft ehtiyatları və onun yaratığı statistikadır. Eyni zamanda neft sazişləri də 3 ay öncədən imzalanır. Qarşıdan isə qış mövsümü gəlir ki, bu aylar enerji daşıyıcılarının ən çox istifadə olunduğu zamanlardır. Ona görə də dünyadakı qiymət artımı obyektiv səbəblərlə bağlıdır; pandemiyadan sonrakı iqtisadi aktivlik və gözlənilən payız-qış rejimi”. 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti də 0,57 ABŞ dolları, yaxud 0,57 % artıb.

"Oilprice.com" portalı xəbər verir ki, sentyabrın 13-də “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,98 ABŞ dolları təşkil edib.

Neftin qiymətinin artması Azərbaycan üçün nə vəd edir?

Nazim Bəydəmirli deyir ki, qiymət artımının neft istehsalçıları üçün müsbət hal olduğu düşüncəsi yanlışdır: “Neftin çıxarılması üçün lazım olan avadanlıqlar daha çox inkişaf etmiş ölkələrdən gəlir. Neftin qiyməti artdıqca həmin avadanlıqların qiymətləri də artmış olur. Bizim kimi ölkələrdə isə bu daha həssas səviyyədə hiss olunur. Neftin qiyməti nə qədər yüksək olarsa, maya dəyəri də bir o qədər yüksəlir və nəticə etibarilə daha çox  itirən vətəndaşlar olur. Kimsə bundan Azərbaycanın daha çox qazandığını düşünürsə, səhv edir. Neftin qiyməti stabil olmalıdır. Böyük yeddilik ölkələri 2009-cu ildə London sammitində belə bir qərar qəbul etmişdilər ki, neftin qiyməti 70-80 dollar civarında olmalıdır. Qiymət həm neft istehsalçılarına, həm də neft istehlakçılarına sərf etməlidir”. 

Nazim Baydəmirli - Sosial Media

Ekspertin sözlərinə görə, Azərbaycanda bu sahədəki qiymət artımı qeyri-şəffafdır: “Azərbaycanda korrupsiya sxemləri, o cümlədən SOCAR-ın ziyanverici fəaliyyəti nəticəsində neftin maya dəyəri çox yüksəkdir. Çünki kağız üzərində satınalmalar və saxta tenderlər vasitəsilə maya dəyəri şişirdilir, nəticədə neft çox hasil olunduğu halda onun gəlirliliyi az olur. Yəni Azərbaycan neftin qiymətinin artmasından qazanclı çıxmır. Yalnız şəffaf idarəetmə olduğu halda karlı çıxa bilər”.

İlham Şaban da düşünür ki, sözügedən artımlar Azərbaycan üçün hansısa dəyişikliklərlə nəticələnməyəcək: “Neft bir gün və ya bir həftə baha qiymətə satılarsa, bunun kiməsə faydası olmayacaq. Çünki gəliri hiss etmək üçün onun ən azından rüblük orta qiyməti olmalıdır. Azərbaycanın büdcəsi də orta illik ixrac qiymətinə hesablanır. Ötən il bizim orta ixrac qiyməti 41,2 dollar olub, ondan öncə, yəni 2019-cu ildə isə 64 dollar olmuşdu. Cari ildə yenə 60 dollardan yuxarı olacağı gözlənilir. Ancaq gəlirlərimiz 2019-cu il səviyyəsində olmayacaq, çünki hasilatımız azalıb”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Çin necə avtomobil sənayesinin lideri oldu?

Yadigar Sadıqlı
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Keçən il Çin Almaniyanı qabaqladı və dünyada ikinci ən böyük avtomobil ixracçısı oldu. Bu il isə lideri də – Yaponiyanı – ötdü. Çinin dünya avtomobil bazarında hökmranlığı proqnozdan reallığa çevrilir. Qərb bütün dünyanın alman, fransız, yapon və amerikan maşınlarında gəzdiyi dövrü qaytarmaq üçün təcili yollar axtarır. “Çində hazırlanıb” damğası vurulan əsas ixrac markası hələ ki, “Tesla”dır. Amma tədricən təkcə batareyalar deyil, Çinin özünün hazırladığı avtomobillər də daxildə istehlakçı tapır və dünya bazarına çıxır. Çin cəmi 10 il ərzində gələcəyin avtomobil sənayesini yaratdı və ixracda liderliyə yiyələndi. Bunu necə bacardı?   Partiyaya, Putinə və böhrana təşəkkür Sənayenin işə salınmasında Çin hakimiyyətinin...
İqtisadiyyat

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6,42 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, əvvəlki dövrlə müqayisədə 6% çoxdur.  Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 21-də Maliyyə Nazirliyi məlumat yayıb.  Nazirlik 2024-cü il üzrə dövlət büdcəsinin xərclərini ümumən 36.3 mlrd. manat həcmində proqnozlaşdırıb. https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-illik-inflyasiya-12-den-asagi-duumlsuumlbp Bildirilir ki, dövlət büdcəsinin neft-qaz gəlirləri gələn il 17 mlrd. manata yaxın olacaq. Dövlət Neft Fondundan büdcəyə transfertlər isə 9%-ə yaxın artırılacaq. Belə ki, transfertin məbləği 12 milyard 781 milyon manat proqnozlaşdırılıb. Maliyyə Nazirliyi manatın məzənnəsinin gələn il də sabit qalacağını qeyd edib.

Seçilmiş Videolar

Toplum TV loqo