İqtisadiyyat

Ölkəyə xarici investisiya qoyuluşu kəskin azalıb – “Qeyri-neft sektoru xarici investorlar üçün cəlbedici deyil”

Məzahir Abdurahmanov
18 Oktyabr, 2021
246

Açıq mənbələrdən götürülüb

“Bizdə neft sahələrinə edilən investisiyaların həcmi digər sahələrə edilən investisiyalardan qat-qat yüksəkdir. Ölkədə digər sahələr inkişaf etsəydi, onda investisiyalar da bu qədər azalmazdı”.

Bunu Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri şərh edərkən iqtisadçı Toğrul Maşallı “Toplum Tv”-yə deyib.

Statistika Komitəsinin açıqlamasına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib. Komitənin məlumatında qeyd olunub ki, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar  9,7 %, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 8% azalıb. Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 6 303,6 milyon manatını və yaxud 65,9 %-ini daxili vəsaitlər təşkil edib

T.Maşallı deyir ki, investisiyanın artıb-azalması təbii hadisələrdən və iqtisadiyyatın strukturundan asılıdır: “Bizdə investisiya əsasən neft hasilatına yönəlir. Keçən il qazma işləri həddindən artıq az olduğundan, müvafiq olaraq, investisiyalar da azalmışdı. Bu azalmada pandemiyanın rolu yoxdur. Bizdə neft sahələrinə edilən investisiyaların həcmi digər sahələrə edilən investisiyalardan qat-qat yüksəkdir. Ölkədə digər sahələr inkişaf etsəydi, onda investisiyalar da bu qədər azalmazdı. Hazırkı şəraitdə digər sahələrdə 2 dəfəyə qədər artım baş versə belə, ciddi iqtisadi artım müşahidə olunmayacaq. Çünki neft sektorundakı azalma bütün iqtisadiyyata təsir göstərir”.

Toğrul Maşallı - Sosial Media

İqtisadçı Azər Mehtiyev söyləyir ki, investisiyaların azalmasında pandemiyanın da müəyyən qədər rolu var, amma bu da faktdır ki, Azərbaycan hələ də qeyri-neft sektoruna özəl investiyalar cəlb edə bilmir: “Azərbaycanda investisiya qoyuluşunda neft sektoru aparıcı rol oynayır. Son vaxtlar neft sektoruna yönləndirilən investisiyanın azalması bütövlükdə investiyanın həcminin azalmasına təsir göstərib. Ölkədə daha vacib sahə qeyri-neft sektorudur, buraya qoyulan investiyanın stimullaşdırımasına səy göstərilməlidir”.

A.Mehtiyeyin sözlərinə görə, qeyri-neft sektoruna, xüsusilə də emal sənayəsinə yönləndirilən investisiyalarda hazırda dövlətin payı üstünlük təşkil edir.

“Azərbaycanın qeyri-neft sektoru xarici investorlar üçün cəlbedici deyil”

Milli Statistika Komitəsinin məlumatında bildirilir ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 65,9 %-ini daxili vəsaitlər təşkil edib. Komitənin rəqəmlərini şərh edərkən T.Maşallı qeyd edir ki, daxili vəsaitlərin xarici vəsaitlərdən çox olması ciddi problem deyil: “Problem ondan ibarətdir ki, daxili vəsaitlər deyiləndə bizdə əksər hallarda dövlət investisiyaları nəzərdə tutulur. Biz dəqiq struktura baxanda görə bilərik ki, onun böyük hissəsi dövlət investisiyalarıdır. Yəni bizdə özəl vəsaitlərin hesabına cəlb olunan investisiyaların həcmi çox aşağıdır”.

A.Mehtiyev isə öz növbəsində qeyd edir ki, Azərbaycanın qeyri-neft sektoru xarici investorlar üçün cəlbedici deyil: “Daxili vəsaitlərin tərkibində dövlət investisiyalarının rolu böyükdür. Dövlət investiyaları ilə yanaşı, müəyyən qədər Azərbaycanın özündə fəaliyyət göstərən böyük və ya məmur nəzarətində olan şirkətlərin idarə etditi vəsaitlər də var. Xarici investorlar ölkəyə hələ də neft sektoru üçün gəlirlər. Azərbaycanın qeyri-neft sektoru isə onlar üçün cəlbedici deyil”.

Azərbaycanda xarici ivestisiyalar cəlb etmək üçün hansı işləri görülməlidir?

Xarici ivestisiyalar cəlb etmək üçün görüləcək işlərdən danışarkən A.Mehtiyev qeyd edir ki, bunun üçün hökumət ilk növbədə korrupsiya sahəsindəki pis imicini düzətməlidir:  

“Azərbaycanda məmurlarının gəlir deklarasiyası təqdim etməsi daxil olmaqla, ölkədə maraq konfliktinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalı və məmur sahibkarlığı aradan qaldırılmalıdır. Bunlar ölkəyə xarici investorların gəlişinin qarşısını alan ciddi amillərdir. Ölkədə məmurların əksəriyyəti biznesi öz nəzarəti altına aldığı üçün xarici investorlar bura gəlməkdə maraqlı deyillər”.

Azər Mehtiyev - Sosial Media

T.Maşallının fikrincə isə, xarici investisiyaları cəlb etmək üçün iqtisadi inkişaf zəruridir:

“Xarici investiyalar ölkəyə o zaman gəlir ki, ölkədə iqtisadiyyat inkişaf etməyə başlayır, iqtisadi artım hiss olunur. Məsələn, bizdə neft sənayəsi fəaliyyətə başlayanda çoxlu xarici investorlar gəlmişdi. Ancaq onlar digər sahələrə gəlməyəcəklər. Çünki digər sahələrdə işıq ucu görünmür. Hansısa sahəyə real dəstəyin göstərilməsi, həqiqi islahatların aparılması, eyni zamanda müəyyən sahələrdə təşəkkülün baş verməsi investorları da cəlb edəcək. Əks halda isə onlar gəlməyəcəklər”.

Deputat: “Azərbaycan itisadiyyatındakı geriləmə tezliklə aradan qalxacaq”

Məsələ barəsində “Toplum TV“-yə açıqlama verən Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, Azərbaycan iqtisadiyyatındakı geriləmə tezliklə aradan qalxacaq:

“2020-ci ildə koronavirusla əlaqədar iqtisadiyyatda 4 faizdən çox geriləmə oldu. Koronavirusla yanaşı, müharibədən sonrakı bərba işləri və pandemiya dövründə neftlə  qazın qiymətlərinin aşağı düşməsi də iqtisadiyyata mənfi təsir edib”.

Rüfət Quliyev - Rəsmi səhifə

Rüfət Quliyevin sözlərinə görə, iqtisadiyyatın geriləməsi bütün makroiqtisadi göstəricilərə təsir göstərir.

“Ancaq 2021-ci ilin makroiqtisadi göstərilərinə baxsaq, son 8-9 ayda ümümdaxili məhsulda 4.8 %, qeyri-neft sektorunda isə 5.7 %-lik artım görə bilərik. Geriləmələrin qarşısını almaq üçün kənd-təsərrüfatı, kiçik və orta sahibkarlıq sahələrində kifayət qədər böyük imkanlar yaradılıb. Kiçik və orta sahibkarlığın fəaliyyətinə birbaşa nəzarət etmək üçün bir neçə dövlət qurumuna səlahiyyətlər verilib”, - deputat deyib və əlavə edib ki, hökumət bu sahədəki problemləri aradan qaldırmaq üçün əlindən gələni edir.

Onun sözlərində görə, Azərbaycan iqtisadiyyatı tezliklə 2019-cu ilin makroiqtisadi göstəricilərini üstələyəcək.

İqtisadiyyat

Avtomobil bazarından reportaj: “İnsanlar maşın bazarına yox, elə bil muzeyə gəlirlər”

Roza Məmmədova
Vüsalə Mikayıl
30 Noyabr 2021
Badamdarda yerləşən, ucu-bucağı görünməyən avtomobil bazarını maşın muzeyi də adlandırmaq olar: rəngli, növbənöv, hər keyfiyyətdə və hər zövqə uyğun maşınlar sıraya düzülüb. Ancaq bazarda tək-tük adam gözə dəyir, gözə dəyənlər də elə satıcılardır. Onların dediyinə görə, maşın bazarı SSRİ dövründən mövcuddur, ancaq indi burada avtosalonlar da fəaliyyət göstərir. Avtosalonlar onlayn satış, əlaqələndirmə, lizinq kimi xidmətlər göstərir, bir sıra hallarda xidməti keyfiyyətinə görə ənənəvi maşın bazarını qabaqlayır. Xidmət sahəsinə uyğun olaraq bazar iki hissəyə bölünüb, giriş hissəsində nisbətən daha səliqəli görünən avtosalonlar, bazarın qurtaracağında isə köhnə Badamdar avtomobil bazarı fəaliyyət göstərir. Bunu da oxu: Piyadaları əzən avtomobillər: “Yollardakı qəzaların səbəbi...” Bu müxtəliflik...
İqtisadiyyat

“Ölkədə həyata keçirilən sosial mənzil siyasəti “azərbaycanlaşdırılıb””

Vüsalə Mikayıl
30 Noyabr 2021

Açıq mənbələrdən götürülüb

2016-cı ildə dövlətin güzəştli evlər vasitəsilə aztəminatlı ailələrin ev sahibi olacağını elan etməsi çoxlarını sevindirsə də, bir çox aztəminatlı ailələrin layihədən kənar qalması, evlərin satışında şəffaflığın olmaması, mənzillərin təyinatı üzrə istifadə edilməməsi kimi iddalar səslənməyə başladı. Sosial şəbəkələrdə bu haqda yazanlarsa güzəşt sözünün ancaq layihənin adında olduğunu vurğulayırlar. Məsələn, Natıq Nuriyev adlı şəxs “Facebook”da yazır: “Azərbaycanda sosial evlər adına görə ehtiyacı olan, maddi imkanı az olub ev ala bilməyən adamlara uzun müddətli güzəştlərlə satılır. Bu binaların birinə təsadüfi gedişimdə gördüyümü deyim. Bəziləri evi alıb veriblər kirayə. Bu necə olur? Bunu aidiyyatı qurumlar görmürmü?” Bu gün bəzi mütəxəssislər də layihənin özünü...
Seçilmiş Videolar