İqtisadiyyat

Payızda ölkədə un və un məmulatları bahalaşacaq?

Samirə Əli
8 Avqust, 2022
451

Açıq mənbələrdən götürülüb

“Azərbaycan vətəndaşları sentyabr, oktyabrda piştaxtalarda un və un məmulatlarının bahalaşmasını müşahidə edəcəklər”.

Bu sözləri iqtisadçı Asif İbrahimov yerli kanalların birinə verdiyi müsahibəsində bildirib.

Əsas taxıl ixracatçıları olan Rusiya və Ukraynanın müharibə aparması səbəbilə dünyada taxıl böhranının olacağı proqnozlaşdırılırdı. Digər taxıl icrax edən ölkələrin də daxili tələbatı əsas gətirərək ixraca məhdudiyyətlər qoymasının prosesə mənfi təsir edəcəyi vurğulanırdı. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yaxınlarda ölkədə 100 min hektar taxıl sahəsinin quraqlıq səbəbindən məhv olduğunu açıqladı. Butün bu proseslər Azərbaycana necə təsir göstərəcək? Payızda ölkədə həqiqətən un və un məmulatları bahalaşa bilərmi?

Azərbaycanın taxıl ehtiyatı

Azərbaycanın nə qədər taxıl ehtiyatının olması barədə rəsmi statistika ictimaiyyətə açıqlanmır.

2022-ci ilin birinci rübünün yekunlarına dair müşavirədə Prezident İlham Əliyev ictimaiyyətə yeni bir rəqəm açıqladı. O  qeyd etdi ki, Azərbaycanın ərzaq buğdası ilə təminatında daxili resurslar cəmi 25 faiz rol oynayır.

https://toplum.tv/iqtisadiyyat/rusiya-ukrayna-muharibesi-azerbaycan-corekle-imtahana-cekile-bilermi

Rəsmi rəqəmlərə görə, 2021-ci ildə Azərbaycanda 595 min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. 

Ümumilikdə, buğda istehsalında əvvəlki illə müqayisədə 1.1 faizlik artım müşahidə olunub.

100 min hektar taxıl sahəsi məhv olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kəskin quraqlığa görə, təqribən, 100 min hektar ərazidə taxıl əkinləri məhv olub.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 29-da yerli kanalların birinə verdiyi müsahibəsində bildirib.

"Eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir”, - o deyib.

Cari ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb, bunun 600 min hektara yaxınını buğda, 400 min hektara yaxınını isə arpa əkinləri təşkil edir.

İstanbulda Ukraynadan taxıl ixracına dair saziş imzalandı. Bunun Azərbaycana təsiri olacaqmı?

Ukrayna Türkiyə və BMT ilə taxıl ixracına dair müqavilə imzalayıb. Bu barədə iyulun 22-də məlumat verilib. Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Qutyerreş imzalayıblar.

Hazırda “Odessa”, “Çernomorsk” və “Yujnı” limanlarına nəzarət Kiyevin ixtiyarındadır. Bu limanlarda yalnız “taxıl və əlaqədar ərzaq məhsulları və gübrələrin ixracını təmin edə bilən” gəmilər olacaq.

Bununla belə, iqtisadçı Fərid Mehralizadə Toplum TV-yə açıqlamasında bildirib ki, Ukraynanın dəniz yolunu açıb taxıl satması Azərbaycana birbaşa təsir etmir.

“Çünki biz taxıl idxalımızın 90 faizini Rusiyadan təmin edirdik. Bu il isə Ukraynadakı müharibə ilə bağlı Qazaxıstanın payında artım var.  Ukraynadan taxılın çıxmasının bir səbəbi var ki, dünya bazarlarında psixoloji amillər qiymət formalaşmasına təsir edir. Bu sazişdən sonra dünya bazarlarında taxılın müəyyən qədər ucuzlaşmasını müşahidə etmişik”, - deyə iqtisadçı əlavə edib.

İqtisadçı söyləyib ki, ölkənin əsas problemi ərzaqlıq buğdadır. Yerli istehsal əsasən heyvan yemi kimi istifadə olunur:

“Azərbaycan öz taxıl ehtiyatının 40 faizini idxal hesabına qarşılayır. Amma bizdə əsas problem un hazırlanan ərzaqlıq buğdadır. Bu növ buğdadan asılılığımız 75 faizdir. Bu o deməkdir ki, yerli istehsal əsasən əsasən heyvan yemi kimi istifadə olunur”,- deyə o bildirib.

Rəsmilər nə deyir?

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq  Komitəsinin üzvü, deputat Rüfət Quliyev Toplum TV-yə deyib ki, il sonunadək Azərbaycanın yetərincə strateji məhsul ehtiyatı var.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə yerli saytlardan birinə verdiyi açıqlamada isə qeyd edib ki, narahatlığa əsas yoxdur.

Onun sözlərinə görə, ölkə tədricən buğdaya olan tələbatın tam ödənilməsi hədəfinə doğru gedir. Orta və iri şirkətlərin pilot suvarma sistemlərinin tətbiqi ilə bu il buğda istehsalında məhsuldarlığın artması gözlənilir:

“Fermerlərə aqro-texniki qaydalara riayət edilməsi ilə bağlı təlimlər təşkil etmişik. İşğaldan azad edilmiş ərazilərdəki əkin sahələri də öz töhfəsini verəcək. Bu il üçün 1 milyon hektardan çox ərazidə payızlıq dəmyə əkinləri həyata keçirilib. Bunun 602 min hektarı buğdadır, 400 min hektarı arpadır. Bu isə ötən illə müqayisədə 1,2% artım deməkdir”.

Müstəqil iqtisadçılar hesab edirlər ki, əgər Rusiya-Ukrayna arasındakı müharibə uzansa, iqlim dəyişikliyi ilə bağlı problem davam etsə, taxıl satan ölkələr də ixrac məhdudiyyətlərini artıracaqlar. Çünki ərzaq təhlükəsizliyi problemi ilə bağlı bir çox ölkələr taxılını satmaqda maraqlı olmurlar. Dünya bazarlarında qiymət artımı olsa, Azərbaycanda da un məmulatlarının bahalaşması qaçılmazdır.

https://toplum.tv/dunya/dunya-miqyasinda-taxil-keskin-bahalasa-biler

Hazırda dünya üzrə əsas buğda istehsalçıları Çin, Hindistan, Rusiya, ABŞ və Fransadır.

Qlobal buğda istehsalının təxminən 52 faizi məhz bu ölkələrin payına düşür. 

Mart ayında Hindistan Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul etmişdi.

Azərbaycan üçün çıxış yolları

İqtisadçı Fərid Mehralizadənin sözlərinə görə, bununla bağlı  ölkənin kənd təsərüfatında ciddi çatışmazlıqlar var. O, üç addımdan ibarət kompleks tədbirlər təklif edir.

Fərid Mehralizadə - Əkinçi

“Ekspertlər daha çox su çatışmazlığı məsələsini gündəmə gətirir. Azərbaycan şirin su resursu ilə zəngin ölkə deyil. Buna rəğmən, torpaqların əksəriyyəti suvarılan torpaqlardır. Məhdud su resurslarını effektiv istifadə edə bilmirik. Rəsmi orqanların açıqladığı rəqəmlərə görə, Azərbaycanda istifadə olunan suyun üçdə biri itkiyə gedir. Aqrar Tədqiqatlar Mərkəzinin açıqladığı rəqəmlərdə deyilir ki, ölkədə təsərrüfatların cəmi 5 faizində effektiv suvarma sistemi qurulub.

 Digər məsələ toxumlarla bağlıdır. Dünyanın bir çox ölkələrində kənd təsərrüfatında istifadə olunan toxumlara nəzarət mexanizmlərinin olduğunu görürük. Çünki məhsulun keyfiyyətli olması, məhsuldarlığın yüksək olması üçün keyfiyyətli toxum sortlarından istifadə vacibdir. Azərbaycanda isə bununla bağlı açıqlamalar yoxdur.

Fermerlərin subsidiya mexanizmini onların maraqları ilə uzlaşdırmaq lazımdır. Bu kompleks addımlar nəticəsində biz kənd təsərrüfatında məhsuldarlığı yüksəldə və xaricdən asılılığımızı azalda bilərik”, - deyə ekspert vurğulayıb.

İqtisadiyyat

OPEC+ neft hasilatını azaldır - Bu, qiymətləri qaldıra bilər

6 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olan ölkələrin, o cümlədən Rusiya və bir sıra digər OPEC-ə daxil olmayan ölkələrin nazirləri Vyanada keçirilən görüşdə noyabr ayından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaq barədə razılığa gəliblər.  Görüşdən sonra Rusiya Baş nazirinin müavini və Səudiyyə Ərəbistanının energetika naziri xəbəri “Reuters”-ə təsdiqləyiblər. Bu, COVID-19 pandemiyasının başlanmasından bəri neft hasilatında ən böyük azalmadır. Gözlənildiyi kimi, bu, dünya bazarında neftin qiymətinin yüksək səviyyədə qalmasına, hətta qalxmasına gətirib çıxaracaq. Əsas azalmanın Səudiyyə Ərəbistanı və Rusiyada olacağı gözlənilir. https://toplum.tv/dunya/ag-ev-biz-putinin-nuve-tehdidlerini-ciddi-qebul-edirik Birləşmiş Ştatlar bundan əvvəl OPEC+ ölkələrinə belə bir qərar verməmək barədə xəbərdarlıq etmişdi. CNN mənbələri bildirirlər...
İqtisadiyyat

Zəngin ruslar ölkədən şəxsi təyyarələrlə qaçır - İstiqamətlərdən biri Bakıdır

28 Sentyabr 2022

Açıq mənbələrdən götürülüb

Rusiyada səfərbərlik elan edildikdən sonra şəxsi təyyarələrdə uçuşlara tələbat kəskin şəkildə artıb.  Böyük Britaniyanın “The Guardian” nəşri yazır ki, belə uçuşların əsas istiqamətləri Ermənistan, Türkiyə və Azərbaycandır – rusların vizasız daxil ola biləcəyi ölkələr. “Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov jurnalistlərə bildirib ki, səfərbərlik elan edildikdən sonra uçuşlar üçün müraciətlərin sayı dəfələrlə artıb: “Adətən gündə 50 müraciət alırdıq, indi isə 5 minə yaxındır. Tamamilə ağlasığmaz bir vəziyyət yaranıb”. https://toplum.tv/dunya/seferberlikden-qacan-ruslar-abs-da-siginacaq-ala-bilecekler Bıkov əlavə edib ki, onun şirkəti tələbatı ödəmək və qiymətləri aşağı salmaq üçün daha böyük təyyarələrdən istifadə etməyə başlayıb, lakin bu kifayət deyil: "Biz hamı üçün yer tapa bilmirik".  “The Guardian”...

Seçilmiş Videolar

Toplum TV loqo