İqtisadiyyat

Qarabağda tikilən beynəlxalq aeroportlar: iqtisadi, yoxsa strateji məqsəd?

Roza Məmmədova
20 Avqust, 2021
1391

AZƏRTAC

Son günlər müzakirə olunan məsələlərdən biri də işğaldan azad edilən ərazilərdə 3 beynəlxaq hava limanın tikilməsidir.

Belə ki, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyma mərasimində çıxış edən İlham Əliyev Füzuli və Zəngilanda da işlərə start verildiyini deyib.

Onun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə, Zəngilan Hava Limanını isə 2022-ci ildə istismara tam hazır olacaq.

Sosial Media



Qorçu kəndinin ərazisində inşa ediləcək Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Limanından Laçın şəhərinə məsafə 30, Kəlbəcər şəhərinə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır.

Prezidentin sözlərinə görə, bu hava limanlarının həm yüklər, həm sərnişinlər daşınması, eyni zamanda, hərbi məqsədlər üçün istifadə ediləcək. Bu yenilklər vətəndaş cəmiyyəti üzvləri arasında birmənalı qarşılanmayıb.

Məsələn, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli “Feysbuk” hesabında məsələyə belə münasibət bildirib: “Bəziləri bu aeroportların salınmasını hərbi strateji amillərlə izah etməyə çalışırlar. Əvvəla, mülki hava limanları şəxsi heyətin daşınması istisna olmaqla hərbi hava uçuşları üçün yararlı deyil. Digər tərəfdən müasir hərbi hava texnologiyaları baxımından Gəncə, Yevlax və Kürdəmirdən havaya qalxan hərbi təyyarənin Kəlbəcər, Laçın və Zəngilana yetişməsi üçün 10-15 dəqiqə vaxt lazımdır. Ona görə də perspektivdə heç bir iqtisadi, logistik və hərbi səmərəsi əsaslanıdırlmamış bir-biri ilə qonşu olan bu aeroportların inşasına bu qədər vəsaitlərin xərclənməsinin ağlabatan bir izahı olmalıdır. Axı, bu perspektivsiz layihələrə xərclənən 100 milyonlarla manat vəsaitin hər qəpiyinə bərpasını gözləyən ərazilərin və həmin ərazilərə qayıdacağını gözləyən əhalinin əşhəddü-ehtiyacı var”.

Cəmil Həsənli-BBC



Bir-birinə yaxın ərazilərdə böyük xərc tələb edən 3 beynəlxalq hava limanının inşa edilməsi nə qədər əsaslandırılmış bir qərardır?

Ümumiyyətlə, Azərbaycan kimi hava nəqliyyatı üçün dar olan bir ərazidə 6 beynəlxalq hava limanına ehtiyac varmı?

Aeroportların rentabelliliyi nə dərəcədə əsaslanırılıb?


“Yeni aeroportun inşasına ehtiyac var idi”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov hesab edir ki, yeni hava limanı hərbi və strateji əhəmiyyəti ilə yanaşı, eyni zamanda, iqtisadi üstünlüklərə də malik olacaq:

“Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib. Hazırda sözügedən iqtisadi rayonun Azərbaycan iqtisadiyyatında payı cəmi 0.1 faizdir. İşğal dövründə 4 rayonu əhatə edən bu bölgəmiz cəmi illik 97 milyon 838 min manatlıq məhsul edib. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Bununla belə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir. Bu isə illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir”.

Vüqar Bayramov-Açıq mənbələrdən götürülüb



Deputat əlavə edib ki, Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgə olduğundan böyük turizm potensialı həmin ərazilərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək.

V.Bayramovun fikrincə, həmin rayonlara çoxlu sayda turistlərin gələcəyi gözlənilir: "Bu da strateji əhəmiyyət daşıyan Laçın hava limanının rentabelli işləməsinə şərait yaradacaq. Bütövlükdə Şərqi Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensialı var və bu, qeyri-neft sektorunda yeni məhsulların istehsalına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək üçün, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara çıxarılması baxımından da yeni aeroportun inşasına ehtiyac var idi”.

Boş qalan beynalxalq hava limanları...

2004-2011-cü illərdə ölkədə 6 beynəlxalq hava limanı istifadəyə verilib: Bakı, Gəncə, Qəbələ, Lənkəran, Zaqatala və Naxçıvanda. İşğaldan azad olunan ərazilərdə tikilən 3 hava limanını da hesaba qatsaq, bu say 9-a yüksəlir.

Bir çoxları hesab edir ki, ərazisi 86,6 kv kilometr olan ölkə üçün hava limanlarının sayı çoxdur. Sahəsi Azərbaycandan az olan qonşu Gürcüstandasa beynəlxaq hava limanlarının sayı bizimkinin yarısı qədərdir: Tbilisi Beynəlxalq Hava Limanı, Kutaisi Beynəlxalq Hava Limanı və Batumi Beynalxalq Hava Limanı.

Üstəlik, hava limanlarının beynalxalq sertifikatda olması onlara yüksək məbləğdə pulların xərclənəcəyinin göstəricidir. Məsələn, Zaqatala Beynəlxalq hava limanının tikinti üçün çəkilən ilkin xərclər 2006-2020-ci illər arasındakı inflaysiyaya uyğun tənzimlədikdə 67.1 milyon manatdır.

Tikinti xərclərindən əlavə 2017-ci ildə hava limanının yenidən qurulması üçün əlavə olaraq 29.1 milyon manat (inflyasiyanı nəzərə alındıqdan sonra) vəsait ayrılıb.

Çəkilən xərclərə baxmayaraq aeroport son 12 ildə demək olar ki, fəaliyyət göstərməyib:

Lənkəran Hava Limanının tikintisinə 51,5 mln. dollar (indiki məzənnə ilə 87 mln. manata yaxın);
Gəncə Hava Limanının yenidən qurulmasına 39.5 milyon (indiki məzənnə ilə67 milyon);
Lənkəran Hava Limanının tikintisinə 51.5 milyon (indiki məzənnə ilə 87 milyon);
Zaqatala aeroportunun yenidən qurulmasına isə 27.1 milyon dollar(indiki məzənnə ilə 46 milyon) xərclənib.

Yeni aeroportları eyni aqibət gözləyirmi?

İqtisadçı Natiq Cəfərli regionlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarının formal fəaliyyət göstərdiyini söyləyir.

Onun fikrincə, həmin hava limanlarının iqtisadiyyata qazancı aşağı səviyyədədir: “Bir çoxları artıq çalışmır, bəziləri də az saylı reyslər həyata keçirir. Nəticə etibarilə 10 milyonlarla vəsait xərcləndi, ancaq aeroportlardan turizm dövriyyəsinin artımı, qazanc üçün istifadə etmək mümkün olmadı. Bu doğru yanaşmamanın olmamasının təzahürüdür”.

Natiq Cəfərli-BBC



N.Cəfərlinin sözlərinə görə, aşağı qiymətli uçuşların həyata keçirilməsi üçün kifayət qədər cəlbedici təkliflər olsa da,bu günə qədər onların heç biri reallaşdırılmamış qalıb. Nəticədə, dövlətin 10 milyonlarla vəsaiti həmin hava limanlarında ölü kapital olaraq qalır.

İqtisadçı deyir ki, işğaldan azad olunmuş ərazilərdə isə vəziyyət bir az fərqlidir: “Kiçik bir bölgədə 3 hava limanın tikilməsi tək iqtisadi amillərlə əlaqədar deyil. Çox güman ki, həmin hava limanlarının starteji məqsədi də olacaq. Həm də təhlükəsizliklə bağlı fəaliyyətdə bu limanlardan istifadə ediləcək”.

N.Cəfərlinin qənaətincə, bu limanlar ucuz xidmət göstərən şirkətlərin girişinə imkan tanındığı təqdirdə gələcəkdə iqtisadiyyata qazanc gətirə bilər: “Amma digər hava limanlarına da eyni yanaşma tətbiq olunmalıdır. Azərbaycan ərazi olaraq kiçik ölkə olmasına baxmayaraq bu qədər çox hava limanı var. Bakıdakından başqa heç biri normal fəaliyyət göstərmir. İdaretməni tamamilə AZAL-dan almaq lazımdır. Qeyd edim ki, yanvar-iyul arasında ölkədə sərnişindaşımada 550 000 sərnişin səviyyəsində olub. Keçən il pandemiya səbəbindən bu rəqəm çox azalmışdı. Son zamanlarda reyslərin sayında artım müşahidə olunur. Bu sərnişinlərin 99,2% -ni məhz dövlət şirkətləri-AZAL, BUTA vasitəsilə daşınıb. Bu artıq inhisarçılığın üst nöqtəsidir. Belə yanaşmaya görə ölkədə hava limanlarını iqtisadi nöqteyi nəzərindən ölkə iqtisadiyyatına qazandırılması mümkünsüz olub”.

“Biz gələcəyə baxırıq”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, deputat Rüfət Quliyevin fikrincə, hava limanlarının işğaldan azad edilən ərazilərdə tikilməsi turizmin də inkişafına yol aça bilər:

“Əgər söhbət Qarabağ regionundan gedirsə oradakı aeroportlardan tək Azərbaycan deyil, digər ölkələr də o cümlədən, qonşu ölkələr də istifadə edəcək.
Fikir ondan ibarətdir ki, qarşıdakı aylarda AZAL-da islahatlar aparılsın, hətta artıq başlanılıb. İnvestisiya Holdinqinin yaranması, bir çox nəhəng dövlət qurumlarının idarəsinin bu holdinqə verilməsi bu prosesin başlandığını göstərir. AZAL-ın özündə də islahatlar davam edəcək, onun qurumları özünü maliyyələşdirməyə keçəcək. Bu sözləri millət vəkili və bir iqtisadçı kimi deyirəm. Son nəticədə dəqiq necə olacaq onu dövlət daha yaxşı bilər".

Rüfət Quliyev-Sosial Media



Deputat deyir ki, hələ 3 il qabaq parlamentdə aeroportların tender formasında kommersiya məqsədi ilə icarəyə verilməsini təklif kimi irəli sürüb: “Bu yerli şirkət də ola bilər, xarici şirkət də. Məsələn, Rusiya şirkətlərinə Lənkəran aeroportu maraqlıdır. Çünki Sank peterburq və Leninqrad vilayətində təxminən 350 min azərbaycanlı yaşayır. Onların da yarısını cənub regionu təşkil edir. Bu layihə onlar üçün maraqlı ola bilərdi. Biz AZAL-ın dəstəyi ilə bu formada bir neçə görüşlər keçirdik. Onlar çarter formasında bir neçə reyslər təşkil etdilər. Sonra aviaşirkətlər arasında müəyyən problemlər başladığı üçün bu layihə qaldı”.

R.Quliyevin fikrincə, Qarabağdakı layihələrə istər daxildəki turistik şirkətlər, istərdə də xarici şirkətlər cəlb edilməlidir: “Dünyada təcrübəsində baxsaq görərik ki, aeroportlar 25-50 illik icarəyə verilib. O cümlədən qonşu Türkiyə, Rusiya, Gürcüstan, həmçinin Yunanıstan da praktikanı sınayıb. Bu, dünya təcrübəsidir. Yəni biz də beynəlxalq təcrübəni bu formada inkişaf etdirəcəyik. Bu islahatları dövlət həyata keçirəcək, amma hansı formada, hansı formatda onu deyə bilmərəm. Hər halda bunun üstündə dövlət qurumları işləyəcək, təkliflər verəcək”.

İqtisadiyyat

Sahib Məmmədov: “İşəgötürən işçiyə qul kimi baxdıqca əmək məhsuldarlığı yüksək ola bilməz”

Məzahir Abdurahmanov
25 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili əmək məhsuldarlığından danışıb. Onun dediyinə görə, bu gün Azərbaycanda əmək məhsuldarlığı Avropa ölkələrindən, təxminən, 9 dəfə azdır.  “Bunun qarşısını almaq üçün təhsildə ciddi yenilənməyə ehtiyac var” – deputat belə hesab edir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə əmək məhsuldarlığını müəyyən edən indikatorlar olduğunu və deputatın söylədiyi rəqəmin hansı indiqakatolar əsasında, hansı tədqiqat mərkəzi tərəfindən əldə edildiyinin bəlli olmadığını bildirir.  Ancaq o da razılaşır ki, əmək məhsuldarlığı Azərbaycanda dəfələrlə aşağıdır. Liqa rəhbəri əmək məhsuldarlığının artırılması üçün çox sayda amillər olduğunu, tək səbəbin təhsil olmadığını qeyd edir. S.Məmmədovun...
İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti özünü doğruldurmu? 

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Adı bu cür gurultulu səslənən holdinqin hesabatı olmalıdır. Amma nəyə görəsə yoxdur. Onlar ciddi işlərlə məşğul olsaydılar, ümidverici və ictimaiyyətə müsbət mesaj ötürən fəaliyyətləri olsaydı, yəqin ki, bunun açıqlamasını da verərdilər”. Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Nemət Əliyev Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaxın bir il ərzində fəaliyyətini dəyərləndirərkən deyib. Ötən ilin avqust ayında ölkə prezidentinin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Həmin ilin noyabrın 5-də isə növbəti fərmanla ilk dövrdə 17 dövlət şirkətinin daxil olduğu holdinqin tərkibinə Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, "Azergold”, "Azərenerji”, "Azərişıq” və "Azərsu” kimi iri...
Seçilmiş Videolar