İqtisadiyyat

Rusiya-Ukrayna müharibəsi: Azərbaycan çörəklə imtahana çəkilə bilərmi?

Aytac Məmmədli
31 Mart, 2022
1511

arqument.az

Ekspert: "Çörəyin qiyməti artacaq"

Azərbaycanın taxıl idxal etdiyi iki ölkə - Ukrayna və Rusiya hazırda müharibə aparır. Belə olan halda sual yaranır: Azərbaycan buğda tələbatını necə ödəyəcək? Ölkədə buğda qıtlığı yarana, müharibə Azərbaycanı da çörəklə sınaya bilərmi? 

Bu suallara yanaşmalar da fərqlidir: növbəti aylarda ölkədə buğda qıtlığı yaranacağını, çörəyin qiymətinin bahalaşacağını deyənlər də, əksinə, Rusiyaya qoyulan sanksiyalardan Azərabaycanın daha çox faydalanacağını iddi edənlər də var. 

Bəs buğda idxalı ilə bağlı ümumi mənzərə necədir?

Öncə rəqəmlərə nəzər salaq: 2015-ci ildə Dövlət Taxıl Fondunun (DTF) buğda ehtiyatı 750 min tona çatdırılıb. 

Rəsmi rəqəmlərə görə, 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. 

Ümumilikdə, buğda istehsalında ötənlə müqayisədə 1.1 faizlik artım müşahidə olunub. Ölkə üzrə buğda istehsalı isə 2021-ci ildə 1.9 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə 1 faiz artım deməkdir. 

azertag.az

Dövlət Statistika Komitəsinin hazırladığı ən son ərzaq balansı məlumatlarına görə (2020-ci il üzrə), Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. 

Ölkənin ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir. 

İdxal olunan buğdanın 80 faizdən çox hissəsi Rusiyanın payına düşür.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkəyə idxal edilən buğdanın həcmi 6,7 dəfədən çox artıb. 

Qeyd olunan dövrdə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,63%-nə bərabər olub.

Bu ilin yanvarında yerli kanallara müsahibə verən Prezident İlham Əliyev Azərbaycanın özünü buğda ilə təmin edə bilmədiyini söyləyib. 

“Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına”, - deyə ölkə başçısı bildirib. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki,  Ukrayna və Rusiyanın ərzaq bazarında rolu böyükdür. Bu ölkələr taxıl, bitki yağı, şəkər ixrac edirlər ki, Azərbaycanın da bu məhsullardan daha çox aslılığı var: “Ukraynanın təkcə bir vilayəti - Odessa Azərbaycandan 2 dəfə çox buğda istehsal edir. Müharibəyə görə əkinlə məşğul olan adamlar işə çıxa bilmirlər, texnikaları əllərindən alınır. Orda yaşayan ekspertlər də deyir ki, yazlıq əkin qaydasında getməyəcək və Ukraynada əvvəlki illərə nisbətən istehsalda 40 faiz azalma baş verəcək”.

 

Toplum TV

Ekspert qeyd edir ki, Azərbaycan özünün kənd təsərrüfatı mallarına olan tələbatının yalnız yarısını ödəyir, halbuki bu rəqəm 80 faizdən çox olmalıdır. 

Beynəlxalq təşkilat xəbərdarlıq edir: 30 faizdən çox taxıl idxal edən ölkələr ərzaq problemi ilə üzləşə bilər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq bazarına mənfi təsir edəcəyini proqnozlaşdırır. 

FAO-nun Baş direktoru bildirib ki, hazırkı münaqişə həm Rusiya, həm də Ukraynadan buğda ixracının qəfil və kəskin şəkildə azalmasına səbəb ola bilər. Digər ixracatçıların bu boşluğu doldura biləcəkləri hələlik bəlli deyil. 

Baş direktorun sözlərinə görə, münaqişədə iştirak edən hər iki ölkədən taxılın 30 faizindən çoxunu alan ölkələrin ən azı yarısı ərzaq problemi ilə üzləşəcək.  

Təşkilat məlumat  verir ki, münaqişə nəticəsində yaranmış qlobal təklif desfisiti ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 8-22 % yuxarı qalxmasına səbəb ola bilər. 

Fermerlər narazıdır: "Gübrə tapmaq olmur"

Vahid Məhərrəmli bildirir ki, bu il su, gübrə çatışmazlığı və havaların soyuq keçməsi səbəbindən ölkədə də buğda istehsalı aşağı olacaq: “Bu il də su çatışmazlığı problemi var, ölkəyə gübrə gətirilmir, sahibkarlar, fermerlər zəng edirlər ki, azot gübrəsi qurtarıb, digər gübrələri də əldə etmək mümkün deyil. Keçən il mart ayında havalar istiləşmişdi, indi əksinə, havalar soyuq keçir, əkin-səpin işi gecikəcək. Sanki bu ölkədə bu işlərə məsul olan heç kəs yoxdur”.

Ekspert məhsuldarlığı artırmaq üçün həll yolu kimi növbəli əkin sistemini və taxıl istehsalına subsidiyların artırılmasını təklif edir: “Azərbaycanda dənli bitkilər üçün 1 milyon hektardan çox ərazi var. Biz növbəli əkin sistemini tətbiq etmək üçün dənli bitkilərin məhsuldarlığını artırmalı, ərazini azaltmalıyıq. Ölkədə 1 milyon 600 min hektar əkin sahəsi var ki, birillik bitkilərin əkini həyata keçirilir. bu 1 milyon 600 min hektarlıq ərazi 4 hissəyə bölünməlidir və 400 min hektarda dənli bitkilərin əkini həyata keçirilə bilər”. 

Vahid Məhərrəmlinin fikrincə, dünyada mineral gübrələrin və neftin qiyməti bahalaşdığı üçün buğdanın qiymətində mütləq artım olacaq. Yəni fevral ayında artan çörək qiymətləri yenə də yüksəlməkdə davam edəcək. 

O, istehsalı artırmaq üçün əsas yükün məhz hökumətin üzərinə düşdüyünü deyir.

İqtisadçı Allahverdi Aydın isə fərqli düşünür. O deyir ki, Rusiya istehsal etdiyi taxılı dollarla sata bilməyəcək və artıq məhsul toplanacaq. Belə olan halda ölkə yeni bazarlar axtarışına çıxacaq. 

Yeniavaz.com

Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmayan Azərbaycan isə bu dövlətin ən yaxın ticarət tərəfdaşına çevrilə, hətta ərzaq məhsullarını bir qədər ucuz qiymətə də ala bilər: "Məsələn, İrana da sanksiyalar tətbiq olunur, orda da kənd təsərrüfatı məhsulları ucuzdur. Azərbaycana ən ucuz kənd təsərrüfatı malları İrandan daxil olur. Rusiyada da analoji vəziyyət yarana, ölkə əlində qalan ən ucuz malları Azərbaycana təklif edə bilər”.

İqtisadçının fikrincə, buğdanın maya dəyəri artsa da, ölkədə qıtlıq və kəskin qiymət artımı gözlənilmir. 

Nazirlik: “Bu il buğda istehsalında məhsuldarlığın artması gözlənilir”

“Report”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə narahatlığa əsas olmadığını bildirir. 

O qeyd edir ki, ölkə tədricən buğdaya olan tələbatın tam ödənilməsi hədəfinə doğru gedir. 

Nazirlik rəsmisinin sözlərinə görə, orta və iri şirkətlərin pilot suvarma sistemlərinin tətbiqi ilə məhsuldarlığı artırması hesabına bu il buğda istehsalında məhsuldarlığın artması gözlənilir: “Fermerlərə aqro-texniki qaydalara riayət edilməsi ilə bağlı təlimlər təşkil etmişik. İşğaldan azad edilmiş ərazilərdəki əkin sahələri də öz töhfəsini verəcək. Bu il üçün 1 milyon hektardan çox ərazidə payızlıq dəmyə əkinləri həyata keçirilib. Bunun 602 min hektarı buğdadır, 400 min hektarı arpadır. Bu isə ötən illə müqayisədə 1,2% artım deməkdir”.

Rusiyadan idxala alternativ varmı?

Hazırda dünya üzrə əsas buğda istehsalçıları Çin, Hindistan, Rusiya, ABŞ və Fransadır.

Qlobal buğda istehsalının təxminən 52 faizi məhz bu ölkələrin payına düşür. 

Mart ayında Hindistan Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib.

Ölkə rəsmiləri bildiriblər ki, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir. 

Amma Vahid Məhərrəmli deyir ki, Hindistan adambaşına Azərbaycandan da az taxıl istehsal edir, həmçinin ordan taxıl gətirmək ölkəyə baha başa gələcək.

Allahverdi Aydın isə hesab edir ki, Azərbaycanın hələlik alternativ axtarmasına ehtiyac yoxdur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

IDI-nin araşdırması: Azərbaycanda gəlir bərabərsizliyi ölçülüb 

31 May 2023
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda və dünyada gəlir bərabərsizliyi, eləcə də, onun səbəblərinin ölçülməsi ilə bağlı sənəd hazırlayıb. Toplum TV xəbər verir ki, tədqiqatda "gəlir bərabərsizliyi” anlayışına nəzəri yanaşma, bu göstəricinin ölçülməsi ilə bağlı metodoloji məsələlər araşdırılıb.  Araşdırmanın nəticəsinə görə, gəlir bərabərsizliyi əsasən kapital və əmək gəlirləri arasında yaranan qeyri-bərabərlikdən törəyir.  https://toplum.tv/iqtisadiyyat/pidi-nin-arasdirmasi-azerbaycanda-erzaq-inflyasiyasi-qiymetlendirilibp Tədqiqatın Azərbaycan bağlı gəldiyi nəticələrdən biri Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların həqiqəti tam əks etdirməməsi ilə bağlıdır. Bildirilir ki, Komitə Azərbaycanda bərabərsizliyin minimum səviyyələrdə olduğunu göstərsə də, beynəlxalq araşdırmalar eynisini söyləmir. Beynəlxalq qurumların araşdırmalarına görə, Azərbaycanda varlı və kasıb təbəqənin...
İqtisadiyyat

İran bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

26 May 2023

açıq mənbələrdən götürülüb

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Toplum Tv xəbər verir ki, bu barədə mayın 26-da bankın filialı məlumat yayıb.  Bildirilir ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.  https://toplum.tv/siyaset/pputin-azerbaycanin-rusiya-iran-sazisine-qosulmasini-isteyirp AMB İran həmçinin bankın fəaliyyətini yoxlayır. “Bank Melli İran-Baku”AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib. İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Seçilmiş Videolar

Toplum TV loqo