İqtisadiyyat

Sahibkarlığın İnkişafı Fondu niyə zərərlə işləyib?

Nigar Səmədli
18 May, 2021
179

Açıq mənbələrdən götürülüb

“Sahibkarlığın İnkişafı Fondunun illik zərəri idarəetmə xərcləri ilə bağlıdırsa, bu onu göstərir ki, fondlar vasitəsilə sahibkarlığa dəstək effektiv deyil”.

Bunu “Toplum TV”-yə iş adamı və iqtisadçı Nazim Bəydəmirli deyib.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) maliyyə hesabatına görə, qurum 2020-ci ili 32,229 milyon manat xalis zərərlə başa vurub. 2019-ci ildə isə qurumun 2,328 milyon manat xalis mənfəəti olub.

Nəticə etibarilə SİF-in yığılmış zərəri 20% artaraq 193,469 milyon manata çatıb.

Ötən il Fondun əməliyyat gəlirləri 10,106 milyon manat (əvvəlki ilə nisbətən 15,6 % çox), xərcləri 5,012 milyon manat (24,4% çox), xüsusi ehtiyatlara ayırmaları 37,102 milyon manat (30,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 221 min manat (2,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə SİF-in aktivləri 868,137 milyon manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri kəskin artaraq 49,53 manata çatıb, balans kapitalı isə 3,9% azalaraq 818,607 milyon manata düşüb.

SİF Prezidentin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb, nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

Nazim Baydəmirli - Sosial Media

Nazim Bəydəmirli Fondun ötən illəri zərərlə başa vurmasını geri qaytarılmayan kreditlərlə əlaqələndirir: “Fondun əsas funksiyası sahibkarlıqla bağlı müxtəlif layihələrin perspektivini öyrənmək və müvəkkil banklar vasitəsilə iş adamlarına vəsait ayırmaqdır. Əgər zərər idarəetmə xərcləri ilə bağlıdırsa, bu onu göstərir ki, fondlar vasitəsilə sahibkarlığa dəstək effektiv deyil. Sahibkarın ucuz maliyyə resurslarına çıxışı birbaşa olmalı, vasitəçiliklə həyata keçirilməməlidir”.
 
Bununla belə o, pandemiya dövründə zərərçəkmiş subyektlərə vəsaitlərin verilməsi ilə bağlı təşəbbüsləri müsbət qiymətləndirir: “Əvvəlki illərdə apardığım araşdırmalara əsasən deyə bilərəm ki, Fond vasitəsilə milyardlarla vəsait paylanılsa da, böyük hissəsi real sahibkarlığa deyil, məmur sahibkarlığına və böyük holdinqlərə verilib – təxminən 3-5 milyon manat aralığında. Kiçik sahibkarlara isə 10-15 min manat vəsait ayrıldığı açıqlanıb. Yəni fond qeyri-şəffaf fəaliyyət göstərib. Bu həm Maliyyə Nazirliyinin, həm də Hesablama Palatasının hesabatlarında öz əksini tapmışdı ki, əvvəlki illərdə kifayət qədər mənimsəmələr mövcud olub”. 

N.Bəydəmirli Fondun fəaliyyətində çatışmayan məqamların aradan qaldırılması üçün təkliflər də verir: “Hazırda Mikayıl Cabbarovun rəhbərliyi altında müxtəlif pozitiv siqnallar mövcuddur və düşünürəm ki, hesabatlılıq və şəffaflıq daha çoxdur. Ancaq yenə də məmur sahibkarlığı prioritet hesab olunur və real sahibkarlığa dəstək yoxdur. Hesab edirəm ki, bütün bunların aradan qaldırılması üçün Azərbaycanda biznes ombudsmanı və prezident yanında Sahibkarlıq Şurası yaradılmalıdır. Sivil ölkələrdə iqtisadiyyatın əsas prioriteti hesab olunan kiçik və orta sahibkarların birbaşa ölkə başçısına çıxışı təmin edilməlidir”. 

İqtisadçı Rəşad Həsənov fondun üzləşdiyi zərərin bir neçə səbəbi olduğunu bildirir: “Zərəri formalaşdıran əsas mənbə ötən il bankların bağlanması ilə bir sıra vəsaitlərin geri qaytarılmasının təmin edilə bilməməsidir. Mediada yayılan məlumatlardan aydın olur ki, bəzi işlər məhkəmə səviyyəsində hələ də davam edir. Belə olduğu təqdirdə bunlar geri qayıtmayan vəsaitlər sırasına daxil olur və il ərzində Fondun zərərinin formalaşmasına gətirib çıxarır. Hüquqi yolla geri qaytarılmadıqda isə itirilmiş vəsaitlər hesab olunur. Digər tərəfdən, 2020-ci ildə pandemiya səbəbilə sahibkarların ödəmə qabiliyyəti əhəmiyyətli səviyyədə zəiflədi və ilin birinci yarısında 4 bankın bağlanması əvvəlcədən başlamış prosesdə katalizator rolunu oynadı. Pandemiya ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi üçün fonddan 50 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu da zərəri formalaşdıran faktorlardan biri ola bilər”.

Rəşad Həsənov - Sosial Media

Ekspert hesab edir ki, fond əlavə gəlir mənbələri tapmalıdır. Bundan başqa o, qurumun öz fəaliyyətini təkmilləşdirməli, xüsusilə xərcləmələrinə diqqəti artırmalı və kreditləşmədən kənar xərcləri mümkün qədər optimallaşdırmalı olduğunu düşünür. 

“Düşünürəm ki, SİF-in büdcəsinə nəzarət daha effektiv şəkildə təmin edilərsə, belə halların yaranması  ehtimalı azalar. Bundan başqa, qurum bazarda daha çevik alətlər formalaşdırmalı; müvəkkil bankların maraq göstərmədiyi, amma perspektivi yüksək olan innovasiya və startup xarakterli layihələrdə birbaşa maliyyələşdirməyə keçməlidir. Yəni banklar iştirak etmədən də birbaşa maliyyələşmə aləti formalaşarsa, bu, fondun onun gəlirlərinə müsbət təsir göstərə bilər, hazırda bazarda 1 faizlə yerləşdirdiyi vəsaitləri 5 faizə yüksəldərək xərclərini və itkilərini kompensasiya edə bilər. Nəzərə almaq lazımdır ki, SİF-ə dövlət büdcəsindən əvvəlki dövrlərdəki kimi vəsait ayrılmır. Bu o deməkdir ki, artıq Fond özü də maliyyə mənbələri tapmalıdır”. 

İqtisadiyyat

İqtisadçı: “Hökumət özü “Büdcə sistemi haqqında” Qanunun bir çox müddəalarını pozur”

Nigar Səmədli
19 İyun 2021
 “Hökumət “Büdcə sistemi haqqında” Qanunun bir çox müddəalarını özü pozur, ya da büdcə qəbul olunan zaman daxildən və ya xaricdən borclanmanın hədlərini artıraraq dəyişikliklər edir”. “Toplum TV”-yə açıqlamasında iqtisadçı Nazim Bəydəmirli belə deyib. Nazim Baydəmirli-wikiwand.com Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsiri ÜDM-in 5,6%-nə bərabər olacaq. Keçənilki proqnoz 5,2% təşkil edib. Bu barədə fondun Azərbaycandakı virtual missiyasının yekunlarına dair müvafiq bəyanatında bildirilir. Proqnozlardakı dəyişiklik azad olunmuş torpaqlarda başlanmış rekonstruksiya işlərinin artırdığı xərclərlə və pandemiyayla əsaslandırılır. 2022-ci il üçün gözləntilərsə 2,3%-lik defisitdən 3%-lik defisitə qədər pisləşdirilib. Nazim Bəydəmirli deyir ki, ÜDM-ə münasibətdə Beynəlxalq Valyuta Fondunun tövsiyələrindəki...
İqtisadiyyat

Azərbaycan hökuməti “rəqəmsal qızıl”a niyə maraq göstərmir?

Aytac Məmmədli
19 İyun 2021

Ferra.ru

Müasir dövrün mübadilə vasitəsi - rəqəmsal kriptovalyuta investisiya olaraq son 10 ilin, demək olar ki, ən gəlirli, həm də ən riskli maliyyə aktivinə çevrilib. Hazırda rəqəmsal aktivlər arasında “Ethereum”, “Ripple”, “Cardano”, “Litecoin”, “NEM”, “Bitcoin Cash” kimi kriptovalyutalar mövcud olsa da, ən çox tanınanı bitkoin (bitcoin) hesab edilir. Bitkoinin simvolu ฿, qısaltması isə BTC-dir. Bitcoini kim, niyə yaratdı? Bitkoini ilk dəfə 2008-ci ildə Satoshi Nakamoto icad edib - “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı sənədi  internetdə dərc etməklə kriptovalyutanın tarixini başladıb. Maraqlıdır ki, Nakamotonun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də bəlli deyil. İddialar var ki, o, 2008-ci...
Seçilmiş Videolar