İqtisadiyyat

SOCAR-da yeni təyinatlar – “Bir şəxsin başqa şəxslə əvəz edilməsi heç nəyi dəyişmir”

Nigar Səmədli
12 Avqust, 2021
834

Açıq mənbələrdən götürülüb

“Düşünürdüm ki, şirkətin vitse-prezidentlərinin sayı 3 dəfə azaldılacaq. Ümumiyyətlə, SOCAR-ın çox şişirdilmiş kadr aparatı var. İdarəetmədə bir şəxsin başqa bir şəxslə əvəz edilməsi isə heç nəyi dəyişmir”.

Bunu iqtisadçı-ekspert Nazim Bəydəmirli SOCAR-ın yeni təyinatlarını “Toplum TV”-yə şərh edərkən deyib.

Prezident İlham Əliyev avqustun 11-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinatlarla bağlı sərəncam imzalayıb. Kənan Nəcəfov və Zaur Qurbanov  təşkilatın yeni vitse-prezidentləri təyin edilib.

Həmçinin “Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmana dəyişiklik edib. Yeni fərmana əsasən, SOCAR-ın İdarə Heyəti Şirkətin prezidentindən, I vitse-prezidentindən və 12 vitse-prezidentindən ibarətdir.

İlham Şaban - Sputnik

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, son təyinatlar şirkətin yeni strukturu ilə əlaqədardır: “SOCAR İnvestisiya Holdinqinə verildikdən sonra Prezident Holdinqə tapşırıq verdi ki, 6 ay ərzində dünya təcrübəsini,  enerji sahəsindəki inkişaf perspektivlərini nəzərə alaraq şirkətin optimal strukturuna dair təklifləri hazırlayıb təqdim etsin. Görünən odur ki, İnvestisiya Holdinqinin şirkətin strukturu, gələcək strategiyası ilə bağlı apardığı tədqiqatlarla Prezident tanış olub və son qərarını verib. İmzalanan sərəncam şirkətin maliyyə-investisiya qrupuna dair yeni şəxslərin təyin edilməsi ilə bağlıdır. Təyin olunan iki nəfərin neft sahəsinə aidiyyatı yoxdur, onlar maliyyə sahəsini  təmsil edirlər”.

2021-ci ilin mayın 8-də İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi barədə” fərmanıyla SOCAR İnvestisiya Holdinqinə verilmişdi.

Kadr dəyişiklikləri SOCAR-ın fəaliyyəti üçün nələr vəd edir?

İlham Şabanın sözlərinə görə, nəticə üçün müəyyən müddət keçməlidir:

“Təyinatların şirkətin fəaliyyətinə göstərəcəyi təsiri anlamaq üçün 2 il gözləmək lazımdır.  Yalnız 2022-ci ildə açıqlanacaq hesabata baxdıqdan sonra göstəricilərin əvvəlki hesabatdan nə ilə fərqləndiyini və yeni komandanın dövlətin qarşısına qoyduğu vəzifələri nə dərəcədə yerinə yetirdiyini görmək olacaq”.

Fərid Mehralızadə - Sosial Media

İqtisadçı Fərid Mehralızadənin fikrincə isə, şirkətin fəaliyyətini effektiv etmək üçün vəzifə təyinatlarından daha çox iş prinsipini dəyişməyə ehtiyac var: “SOCAR ilk növbədə daha şəffaf və hesabatlı fəaliyyət göstərməlidir. Digər problem isə şirkətin korporativ idarəetmə standartlarının çox aşağı səviyyədə olmasıdır. Bildiyiniz kimi SOCAR ötən ili zərərlə başa vurmuşdu. Ona görə də şirkətin haradan pul qazandığı və hara xərclədiyi ictimaiyyət üçün açıq olarsa, yeyintilərin də qarşısını almaq üçün imkan yarana bilər və nəticədə şirkət daha səmərəli fəaliyyət göstərər”.  

Nazim Bəydəmirli deyir ki, yeni təyinatlardan hansısa müsbət dəyişiklik gözləmir: “Mən düşünürdüm ki, şirkətin vitse-prezidentlərinin sayı 3 dəfə azaldılacaq. Ümumiyyətlə, SOCAR-ın çox şişirdilmiş kadr aparatı var. Şirkətdə şəffaflıq və hesabatlılıq təmin olunsa və satınalmalarda milyardlarla yeyintilərə son qoyulsa, təbii ki, nəsə dəyişə bilər. Amma idarəetmədə bir şəxsin başqa bir şəxslə əvəz edilməsi heç nəyi dəyişmir. Sistemli dəyişikliklər olmalıdır. Dünyada neft hasilatı ilə məşğul olan böyük şirkətlərdəki hesabatlılıq və şəffaflıq SOCAR-da yoxdur və şirkət ölkədə bir çox sahələrlə məşğuldur. Səhiyyədən tutmuş dövlətin sosial layihələrinə qədər hər yerdə SOCAR mövcuddur. Xüsusilə dövlətin müxtəlif sosial layihələrinə “dəstək” verərək külli miqdarda vəsaitlər mənimsəyir. Bu mənimsəmə mexanizminin qarşısını Nazirlər Kabineti belə almaq iqtidarında deyil. Ona görə də ümumi sistem dəyişməyəcəksə, açıqcası, mən yeni təyinatlardan heç nə gözləmirəm”.

Nazim Baydəmirli - Açıq mənbələrdən götürülüb

Şirkətin fəaliyyətinə qiymət verərkən ekspert bildirib ki, effektivlik 20 faizdən də aşağıdır: “SOCAR-ın satınalmalarında iştirak edən yüzlərlə şirkət bir ünvanda qeydiyyata düşüb kağız üzərindəki milyonlarla tenderi udursa, burada idarəetmədən və effektivlikdən danışmaq olmaz. Şirkətin səmərəsiz fəaliyətinin əsas səbəbi isə qeyd etdiyim kimi illərdir əsasnaməyə zidd fəaliyyət göstərməsidir. Əgər digər xarici şirkətlər kimi SOCAR da məhz öz fəaliyyəti ilə məşğul olsaydı, gəlirləri daha çox olardı və dövlət büdcəsinə daha çox vergi ödəyərdi”.

“Şirkətin borcları Dövlət Neft Fonduna yığılan vəsaitlər hesabına ödənilə bilər”

“SOCAR dövlət şirkəti olduğu üçün xarici və daxili borcları da dövlətin üzərindədir. SOCAR-ın müflisləşməsi üçün dövlətin də müflisləşməsi lazımdır. Şirkətin borcları Dövlət Neft Fonduna yığılan vəsaitlər hesabına ödənilə bilər. Bu baxımdan onun tamamilə müflisləşəcəyini güman etmirəm” – deyə iqtisadçı vurğulayıb.

İyulun 19-da Prezident İlham Əliyevin sərəncamı ilə  SOCAR-ın üç vitse-prezidenti vəzifəsindən azad edilmişdi.

SOCAR 2020-ci ili 1,7 milyard manat xalis zərərlə başa vurub. Bu, şirkətin konsolidə olunmuş maliyyə hesabatlarını təqdim etməyə başladığı 2008-ci ildən 2020-ci il hesabat ilinədək baş vermiş ikinci belə haldır.

2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində xalis zərərlə, 2008-2019-cu illər arasında bütün başqa illəri isə mənfəətlə başa vurub.

İqtisadiyyat

Sahib Məmmədov: “İşəgötürən işçiyə qul kimi baxdıqca əmək məhsuldarlığı yüksək ola bilməz”

Məzahir Abdurahmanov
25 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili əmək məhsuldarlığından danışıb. Onun dediyinə görə, bu gün Azərbaycanda əmək məhsuldarlığı Avropa ölkələrindən, təxminən, 9 dəfə azdır.  “Bunun qarşısını almaq üçün təhsildə ciddi yenilənməyə ehtiyac var” – deputat belə hesab edir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə əmək məhsuldarlığını müəyyən edən indikatorlar olduğunu və deputatın söylədiyi rəqəmin hansı indiqakatolar əsasında, hansı tədqiqat mərkəzi tərəfindən əldə edildiyinin bəlli olmadığını bildirir.  Ancaq o da razılaşır ki, əmək məhsuldarlığı Azərbaycanda dəfələrlə aşağıdır. Liqa rəhbəri əmək məhsuldarlığının artırılması üçün çox sayda amillər olduğunu, tək səbəbin təhsil olmadığını qeyd edir. S.Məmmədovun...
İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti özünü doğruldurmu? 

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Adı bu cür gurultulu səslənən holdinqin hesabatı olmalıdır. Amma nəyə görəsə yoxdur. Onlar ciddi işlərlə məşğul olsaydılar, ümidverici və ictimaiyyətə müsbət mesaj ötürən fəaliyyətləri olsaydı, yəqin ki, bunun açıqlamasını da verərdilər”. Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Nemət Əliyev Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaxın bir il ərzində fəaliyyətini dəyərləndirərkən deyib. Ötən ilin avqust ayında ölkə prezidentinin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Həmin ilin noyabrın 5-də isə növbəti fərmanla ilk dövrdə 17 dövlət şirkətinin daxil olduğu holdinqin tərkibinə Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, "Azergold”, "Azərenerji”, "Azərişıq” və "Azərsu” kimi iri...
Seçilmiş Videolar