İqtisadiyyat

SOCAR-ın suallar doğuran ixtisar proqramı – “Şirkət bundan təzyiq vasitəsi kimi istifadə edir”

Roza Məmmədova
26 Noyabr, 2021
1149

Rəsmi səhifə

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) optimallaşdırma tədbirləri ilə əlaqədar olaraq bu günə qədər 1674 işçi ixtisara düşüb, işini itirənlərin 522-si Bakı şəhəri və Abşeron rayonunun payına düşür.

Bu barədə şirkətdən "Toplum TV"-nin sorğusuna cavab olaraq bildirilib. 

Optimallaşdırma nədir və niyə keçirilir?

2014-cü ildə ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin bəzi müəssisələri üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması barədə əmr imzalayıb.

Əmrdə bildirilir ki, bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, habelə şirkətin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq idarəetmə strukturunda müəyyən dəyişikliklər aparılır. Bu dəyişikliklərsə bəzi müəssisələrdə əmək şəraiti şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin sərbəstləşməsinə səbəb olur.

Qısacası, ya işçi ixtisara düşür, ya da ixtisara düşməmişdən qabaq yeni iş yeri tapması ümidilə “könüllü” surətdə proqrama qoşulur. Proqramın müddəti isə minimum bir ildir.

Bu müddətdə əməkhaqqının cəmi 50%-ni alan işçi şirkətin təqdim etdiyi 3 vakansiyadan, eyni zamanda pulsuz səhiyyə xidmətindən yaralana bilər.

Hələ bir il qabaq neft qiymətlərinin aşağı düşdüyü zaman Milli Məclisin deputatı Azər Badamov demişdi ki, SOCAR-da nə qədər optimallaşdırma olsa da, iş yerlərinin azaldılması istiqamətində siyasət hələlik gündəmdə deyil.

Bunu da oxu: SOCAR-ın hesabatında böyük məbləğdə “texniki səhv”lər

O, həmçinin şirkətin gəlirləri azaldıqca, əlavə ödənişlərin azaldılacağını da söyləmişdi: “SOCAR-ın rentabelli olmayan sahələri var. Bu sahələrdə optimallaşdırma aparılıb, onların fəaliyyəti müvəqqəti dayandırılaraq orada çalışanlar digər sahələrə istiqamətləndirilə bilər".

SOCAR-dan şikayət var: “Yaşamırıq, sürünürük....”

Mehriban Əhmədova şirkətin nəzdində olan Siyəzən 3 saylı Texnoloji Nəqliyyat İdarəsində 38 ildir işlədiyi anbardar vəzifəsindən azad olunub.

 Dediyinə görə, 2021-ci ilin iyulunda ixtisara düşməsi barədə bildiriş alıb, elə bundan sonra da “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunması”  proqramına qoşulub.

Əvvəl əmək haqqı 350 AZN olan M.Əhmədova proqrama qoşulduqdan sonra maaşının 3/2-ni (165 manat) alıb. O deyir ki, ixtisara düşən təkcə o deyil, onların idarəsində işini itirənlərin sayı 60-dan yuxarıdır.

Qadının sözlərinə görə, qoşulduğu bir illik proqramın müddəti 2022-ci ilin iyulunda bitəcək. Bu müddətdə iş tapmasa, işsiz qalacaq.

İndiyə qədər ona təklif olunan işlər isə yaşadığı şəhərdən uzaqdadır: “Siyəzəndə yaşayan adama 400 manata Bakı və Sumqayıtda iş təklif olunur. Hər gün səhər tezdən 55 yaşlı qadın Sumqayıta özünü necə çatdırsın? Hələ bunun qarı, yağışı var. Cavan olsam deyərəm ki, cavanam”.

Açıq mənbələrdən götürülüb

Əhmədovlar ailəsindən ixtisara düşən yalnız o deyil, Kompleks Qazma İşlər İdarəsinin Qaradağ bölümündə maşinist işləyən həyat yoldaşı Valeh Əhmədov da siyahıdadır.

O, 1990-cı illərdə Qarabağ müharibəsində döyüşüb.

Hazırda aylıq qazancı ümumilikdə 565 manat olan ailə üzvləri deyir ki, bu pulla dolanmaq onlar üçün asan deyil: “Yaşlı adamlarıq, iynəmiz-dərmanımız var. Hər ay kreditə 500 manat pul ödəyirik. 55 yaşında kim bizi işə götürsün?”

İş tapa bilməyən Əhmədovların təqaüd yaşlarının çatmasına isə hələ 10 il qalır.

SOCAR-ın cavabı: “Seçim müstəqil aparılıb”

Şirkətin Mətbuat katibi İbrahim Əhmədov yaranmış durum haqda “Toplum TV”-yə açıqlama verib: “Mehriban Əhmədova reytinq qiymətləndirmə sıralamasına, əsasən, 54.5 nəticə ilə 4 nəfər anbardar heyəti arasında 3-cü yerdə qərarlaşıb və həmin peşə üzrə 1 ştat vahidi olduğuna görə, idarədə ən yüksək nəticəyə malik 1 işçi saxlanılıb. Valeh Əhmədov isə 69.5 nəticə ilə 21 nəfər qazma qurğusunun maşinist heyəti üzrə 21-ci yerdə qərarlaşıb və həmin peşə üzrə 13 ştat vahidi olduğuna görə, ən yüksək nəticəyə malik işçilər (13 nəfər) saxlanılıb”.

İbrahim Əhmədov - Rəsmi səhifə

SOCAR rəsmisinin sözlərinə görə, vətəndaşlara vakansiyalar təklif olunan zaman onların yaşadığı ünvana yaxınlığı nəzərə alınır: “Ancaq hazırda vətəndaşların yaşadığı yerlərdə vakansiyaların olmadığını nəzərə alaraq və sərbəstləşən işçilərin ən tez müddətdə işlə təmin olunmasını həyata keçirməyə çalışdığımız üçün onlara digər ünvanlarda vakansiyalar üzrə yerləşdirilmə imkanları da təklif olunmaqdadır”.

İ.Əhmədov deyir ki, rəhbərliyin təşəbbüsü ilə ixtisara düşmüş işçilərə 3 seçim təklif edilib və işçilər tərəfindən müstəqil seçim həyata keçrilib:

1) Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq ixtisar olunmaq;

2) “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq. İşçi proqrama qoşulduğu halda sonuncu iş yeri üzrə aldığı orta aylıq əmək haqqının 50% həcmində orta aylıq müavinət ödənilir və könüllü tibbi sığorta təminatı saxlanılır. Eləcə də, kvalifikasiya tələblərini ödədiyi vakansiyalar üzrə namizədliyinə baxılır;

3) Orta aylıq əmək haqqının 5 mislini almaqla ixtisar olunmaq. Bu zaman işçi SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda, eləcə də SOCAR-ın iştirak etdiyi Birgə Müəssisələrdə və Əməliyyat Şirkətlərində işə qəbul edilmə hüququnu itirir.

Qanun kimin tərəfindədir?

Hüquqşünas Azər Quliyevin sözlərinə görə, Əmək Məcəlləsində optimallaşdırma, yaxud da proqrama qoşulma ilə bağlı əmək münasibətlərini tənzimləyən hüquq norması yoxdur. Bu, sadəcə işçi ilə SOCAR-a daxil olan müəssisə rəhbərləri arasında razılaşma müqaviləsidir.

Hüquqşünas bildirir ki, əmək müqaviləsi qüvvədə qaldığı müddətdə işçinin hüquq və təminatlarının səviyyəsi azaldıla bilməz. Eyni zamanda Əmək Məcəlləsinə görə, şirkətlə işçi fərdi qaydada razılaşma imzalaya bilər.

Azər Quliyev - Açıq mənbələrdən götürülüb

Onun sözlərinə görə, Əmək Məcəlləsində işçiyə məxsus hüquqların pozulması 3 forma əsasında müəyyən oluna bilər:

- Əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçriən həmkarlar təşkilatı pozuntunun olub-olmadığını müəyyən edə və şirkətə tövsiyələr verə bilər.

- Dövlət Əmək Müfəttişliyi razılaşmanın ləğvi qanunsuz olduğu halda müqavilənin ləğvi barədə məcburi göstəriş verə bilər;

- Məhkəmə yolu ilə.

A.Quliyev əlavə edir ki,  işçi razılaşmaya imza atdığı an vəziyyət dəyişir, müqaviləni imzaladıqları üçün SOCAR qanunla onları yeni iş yeri ilə təmin etmək öhdəliyi daşımır. Onun söylədiyinə görə, bu halda vətəndaşa yaşadığı yerdə iş tapmaq müəsissənin insafına qalır.

Bunu da oxu: Hökumətin nikbin proqnozu: ümumi daxili məhsulun 4 ilə 100 milyard manata çatması mümkündürmü?

“Problemin bir səbəbi də vətəndaşın hüquqlarından xəbərsiz olması, yaxud da kor-koranə qarşısına qoyulan sənədlərə imza atmasındadır. İmza qoyulduğu an işçi müqavilədə yazılanlara riayət etməyə borcludur”, - deyə o vurğulayır.

“Şirkət bundan təzyiq vasitəsi kimi istifadə edir”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, şirkətin skturukturuna daxil olan idarə və müəssisələrdə çalışan işçilərin sayı təxminən 400 göstərilsə də, əslində müvvəqəti əmək müqaviləsi ilə işə götürülənlərin sayı bundan dəfələrlə çoxdur.

Mirvari Qəhrəmanlı - Açıq mənbələrdən götürülüb

Onun sözlərinə görə, şirkətin bu siyasəti işçilərə qarşı təzyiq vasitəsinə çevrilir: “Əgər müvəqqəti müqavilə müddəti 5-ildən çox olsa, bu zaman daimi müqaviləyə keçilməlidir. Hətta bəzi şirkətlərdə işçilərlə daimi müqaviləyə keçməmək üçün həmin işçini yenidən işə qəbul edir, bir növ müvəqqəti müqaviləsini yeniləyirlər. Bu halda şirkət arzuolunmayan istənilən işçini müqavilə vaxtının bitməsini səbəb gətirərək işdən çıxara, ya da bundan təzyiq vasitəsi kimi istifadə edə bilər. İşçi isə işini itirməmək üçün etiraz edib, hüququnu tələb edə bilmir. İkincisi də ixtisarlar vaxtı bu onların dadına yetir”.

Proqrama qoşulanlardan 3/1-i SOCAR-da yenidən iş tapa bilib

Dövlət Neft Şirkətinin Mətbuat katibi İbrahim Əhmədovun sözlərinə görə, ixtisarlar nəticəsində şirkətin qənaət etdiyi məbləğin hesablanmasının metodologiyası tam aydın deyil: “Sərbəstləşmə prosesi özü iş həcminin optimallaşdırılması nəticəsində baş verir. Optimallaşdırma nəticəsində öncə istehsal xərcləri (qazma, daşınma xərcləri, enerji sərfiyyatı və s.) azaldılır. Yalnız istehsal proseslərinin optimallaşdırılmasından sonra və məhz bu optimallaşdırmanın nəticəsində bəzi işçilər sərbəstləşir və nəticədə həm də onlara əvvəl ödənilən əmək haqqına sərf edilən vəsaitə də qənaət olunur”.

Mətbuat katibi indiyə kimi 938 nəfərin “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” proqrama qoşulduğunu bildirir. O deyir ki, sərbəstləşən işçilərin qalan hissəsi isə başqa təşkilat və ya şirkətlərdə işləməyə üstünlük verdiyinə görə və ya digər səbəblərdən proqrama qoşulmaqdan imtina edib.

Proqrama qoşulan 938 işçidən 310 nəfəri artıq SOCAR daxilində işlə təmin edilib.

İqtisadiyyat

"Azeri Light" markalı neftin qiyməti 94 dollara yaxınlaşır

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanın dünya bazarlarına çıxararaq satdığı "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. "Oilprice.com"-un yanvarın 27-də verdiyi məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,68 ABŞ dolları (2,94%) artaraq 93,84 dollar olub.  Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb.
İqtisadiyyat

MDB-də ən az əməkhaqqı artımı Azərbaycanda olub

22 Yanvar 2022
“Orta aylıq əməkhaqqı göstəricisi inflyasiyadan aşağıdır” 2021-ci ildə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində ən az əməkhaqqı artımı Azərbaycanda olub. Ötən ilin yanvar-noyabr aylarında iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı Azərbaycanda 2,9 faiz, Ermənistanda 7 faiz, Rusiyada 9,2 faiz, Qırığızıstanda 9,4 faiz, Moldovada 11,3 faiz, Tacikistanda 11,6 faiz, Belarusda 14,4 faiz, Özbəkistanda 15,3 faiz, Qazaxıstanda 16,7 faiz, Ukraynada 20,4 faiz artıb. Bununla da Azərbaycan iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqının artım tempinə görə MDB dövlətləri arasında sonuncu yeri tutub. İqtisadçı Qubad İbadoğlu deyir ki, hətta ölkələr arasında ərzaq və s. məhsulların artım tempinə görə Azərbaycan ön sıralardadır: “Azərbaycan MDB dövlərtləri arasında orta aylıq...
Seçilmiş Videolar