İqtisadiyyat

Tikinti bazarında ölgünlük: “Bir gündə maksimum 8 manat qazancımız olur”

Nuray Kamal
Lida Abbaslı
13 May, 2022
65

Toplum Tv

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra tikinti sektorunda da durğunluq müşahidə olunur.

Tikinti bazarındakı durumu öyrənmək üçün paytaxtın ən böyük topdansatış mərkəzlərindən olan Dərnəgül bazarına baş çəkirik.

“Bazarda yad adam yoxdur”

Bazardakı mağazalarda satıcıların bir çoxu ya nərd oynayır ya çay içir.

Toplum Tv

Satıcılar deyir ki, bazarda yad adam yoxdur, hamısı ya alıcı gözləyən satıcılardır, ya da fəhlələr.

Fəhlələrlə söhbət etmək istəyəndə öncə alıcı olduğumuzu düşünüb sevinirlər. Alıcı olmadığımız aydın olanda isə alınlarını ovuşdurub dərin bir köks ötürürlər.

Satıcılardan biri Saleh danışır ki, bazarda əvvəl də durğunluq olub, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonrasa bazarda alver ölüb. O deyir ki, son zamanlar bir gündə maksimum 8 manat qazandıqları olub.

“Bəzən heç o da olmur. Bu isə böyük mağaza üçün çox az nəticədir, elə kiçik mağazalar üçün də azdır, nəinki böyük…”

O bildirir ki, bazara malların çoxu Çindən gəlir, amma alıcıların diqqətini çəkmək üçün üzərinə Rusiya, Türkiyə, Ukrayna kimi ölkələrin etiketləri vurulur.

“Həmin ölkələrdən mal gəlsə də, Çindən idxal olunan mal qədər çox deyil”.

Salehin dediyinə görə, tikinti bazarında satışla məşğul olanların bir çoxu, o cümlədən özü böyük məbləğdə borca girməli olub. Hətta o, bu səbəbdən işinin məhkəmədə olduğunu söyləyir.

Saleh havalar isinəndən sonra durğunluğun azalacağına ümid etsə də, indilik mağazaların ziyanla işlədiyini söyləyir.

Toplum Tv

“Mallar satılmayanda alındığı yerə geri göndərilir. Yol, daşınma xərclərini hesaba qatanda satıcılara çox böyük ziyan dəyir”, deyə satıcı şikayətlənir.

Salehin dükanından çıxıb Ukrayna, Rusiya, Türkiyə mallarının satıldığı mağazalara girməyə qərar veririk. Satıcılardan bəziləri diqqət çəkmək üçün malların üzərinə Rusiya, Türkiyə kimi ölkələrin adlarının qeyd olunduğunu təsdiqləyirlər.

“Rusiya özünə dəyən ziyanı ödəmək üçün…”

Ukrayna və Rusiyadan isə ölkəyə daha çox taxta idxal olunur. Müharibə taxta satanların da bazarını öldürüb.

Taxta, qapı kimi mallar gətirdən satıcılar deyir ki, sanksiyalar ucbatından daha Rusiyadan mal idxal etmək mümkün deyil.

Toplum Tv

Satıcıların danışdığına görə, rublun bahalaşmasından da ən çox onlar əziyyət çəkir: “Rusiya özünə dəyən ziyanı ödəmək üçün bahalaşmanı 2 dəfəyə yox, 4 dəfəyə qaldırır. Nəticədə də, Azərbaycanda birdən-birə bu qədər qiymət artımı ilə qarşılaşan alıcılar mal almaqdan vaz keçirlər”.

Ukraynadan idxal olunan mallar bölməsinə yaxınlaşdığımız vaxt bazar rəhbərliyi də bizə yaxınlaşır. Bazardan reportaj hazırlamağa icazə verilmədiyini, buranın şəxsi mülk olduğunu bildirir, əməkdaşlar bizi ordan dayanacağa qədər ötürürlər.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Azərbaycanın artıq neçə ildir bir çox tikinti materiallarının istehsalına başladığını deyir.

“Amma istehsal üçün xammal bəzən ölkənin özündə olur, bəzən də xaricdən gətirilir”.

Elnur Fərzəliyev - açıq mənbədən götürülüb 

Ekspertin sözlərinə görə, ölkədə uzun müddətdir ki, dəmirəritmə zavodları mövcuddur və burada daha çox armatur istehsal olunur. Amma bu da ölkənin tələbatını ödəmir.

O qeyd edir ki, Azərbaycanda tikinti materiallarının istehsalı və ya hazırlanması üçün kifayət qədər imkanlar var.

“Xüsusən də, işğaldan azad olunmuş ərazilərdə 140 adda təbii sərvət var, onların böyük əksəriyyəti tikintidə istifadə oluna biləcək xammallardır”.

Bununla belə Elnur Fərzəliyev Azərbaycanın yaxın zamanda ağac materiallarından olan asılılığının azalacağını düşünmür. Onun dediyinə görə, Azərbaycanın taxta istehsal edə bilməsi üçün uzun illər əvvəl tikinti üçün yararlı ağaclar əkilməli idi.

Ekspertin fikrincə, tikinti materiallarının istehsal və idxalının az olması Qarabağda görüləcək yenidənqurma işlərində də ciddi çətinlik yaradacaq.

Elnur Fərzəliyev məsələnin həllini tikinti məhsullarının yerli istehsalını artırmaqda və yeni meşə təsərrüfatlarının salınmasında görür.

İqtisadiyyat

Mikayıl Cabbarov Azərbaycanın niyə ÜTT-yə üzv olmadığına aydınlıq gətirdi

17 May 2022

AZƏRTAC

İqtisadiyyat nazir Mikayıl Cabbarov Azərbaycancanın Ümumdünya Ticarət Təşkilatına tamhüquqlu üzv kimi qoşulacağını dəyərləndirib. APA-nın məlumatına görə, nazir beynəlxalq və dünya ticarət sistemi ənənəvi konyukturadan fərqli bir təkamülə keçməkdə olduğunu ifadə edib: "Növbəti onilliklər ərzində onun əsas elementlərindən biri regionlaşma və qloballaşmadır. Bu, o demək deyil ki, azad ticarət ideyası köhnələcək. Dəyərlər bəlkə də dəyişəcək. Bu, o demək deyil ki, Azərbaycan və yaxud digər hansısa ölkələr ÜTT-nin üzvü olmaqla kənarda qalacaqlar". Nazir Azərbaycanın hələ də bu təşkilata üzvlülüyünün olmadığının səbəbini ölkənin hələ də institusional mədəniyyətin, standartlara riayət ənənəsini, rəqabət, mal və xidmətlərdə sərbəst ticarətin olması ilə əlaqələndirib. "Bunlar hamısı ecosistemdə nəticə...
İqtisadiyyat

Mərkəzi Bank ili zərərlə başa vurub

17 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili 162 milyon 746 min manat xalis zərərlə başa vurub. Bu barədə məlumat qurumun maliyyə hesabatında yer alıb. Hesabata görə, ötən il AMB-nin faiz gəlirləri əvvəlki ilə nisbətən 22,5 % az, faiz xərcləri 11,6% çox, haqq və komissiya gəlirləri 99,9% çox, haqq və komissiya xərcləri 41 % az, amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli dəyərdə ilkin tanınması üzrə gəlirləri 7 dəfə az, amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli dəyərdə ilkin tanınması üzrə zərəri 11,8 dəfə az gəlir olub. Qiymətli kağızların realizasiyası üzrə xalis zərəri 35 milyon 394 min manat, törəmə maliyyə alətlərinin yenidən...

Seçilmiş Videolar

Toplum TV loqo