İqtisadiyyat

Tikinti bazarında ölgünlük: “Bir gündə maksimum 8 manat qazancımız olur”

Nuray Kamal
Lida Abbaslı
13 May, 2022
93

Toplum Tv

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra tikinti sektorunda da durğunluq müşahidə olunur.

Tikinti bazarındakı durumu öyrənmək üçün paytaxtın ən böyük topdansatış mərkəzlərindən olan Dərnəgül bazarına baş çəkirik.

“Bazarda yad adam yoxdur”

Bazardakı mağazalarda satıcıların bir çoxu ya nərd oynayır ya çay içir.

Toplum Tv

Satıcılar deyir ki, bazarda yad adam yoxdur, hamısı ya alıcı gözləyən satıcılardır, ya da fəhlələr.

Fəhlələrlə söhbət etmək istəyəndə öncə alıcı olduğumuzu düşünüb sevinirlər. Alıcı olmadığımız aydın olanda isə alınlarını ovuşdurub dərin bir köks ötürürlər.

Satıcılardan biri Saleh danışır ki, bazarda əvvəl də durğunluq olub, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonrasa bazarda alver ölüb. O deyir ki, son zamanlar bir gündə maksimum 8 manat qazandıqları olub.

“Bəzən heç o da olmur. Bu isə böyük mağaza üçün çox az nəticədir, elə kiçik mağazalar üçün də azdır, nəinki böyük…”

O bildirir ki, bazara malların çoxu Çindən gəlir, amma alıcıların diqqətini çəkmək üçün üzərinə Rusiya, Türkiyə, Ukrayna kimi ölkələrin etiketləri vurulur.

“Həmin ölkələrdən mal gəlsə də, Çindən idxal olunan mal qədər çox deyil”.

Salehin dediyinə görə, tikinti bazarında satışla məşğul olanların bir çoxu, o cümlədən özü böyük məbləğdə borca girməli olub. Hətta o, bu səbəbdən işinin məhkəmədə olduğunu söyləyir.

Saleh havalar isinəndən sonra durğunluğun azalacağına ümid etsə də, indilik mağazaların ziyanla işlədiyini söyləyir.

Toplum Tv

“Mallar satılmayanda alındığı yerə geri göndərilir. Yol, daşınma xərclərini hesaba qatanda satıcılara çox böyük ziyan dəyir”, deyə satıcı şikayətlənir.

Salehin dükanından çıxıb Ukrayna, Rusiya, Türkiyə mallarının satıldığı mağazalara girməyə qərar veririk. Satıcılardan bəziləri diqqət çəkmək üçün malların üzərinə Rusiya, Türkiyə kimi ölkələrin adlarının qeyd olunduğunu təsdiqləyirlər.

“Rusiya özünə dəyən ziyanı ödəmək üçün…”

Ukrayna və Rusiyadan isə ölkəyə daha çox taxta idxal olunur. Müharibə taxta satanların da bazarını öldürüb.

Taxta, qapı kimi mallar gətirdən satıcılar deyir ki, sanksiyalar ucbatından daha Rusiyadan mal idxal etmək mümkün deyil.

Toplum Tv

Satıcıların danışdığına görə, rublun bahalaşmasından da ən çox onlar əziyyət çəkir: “Rusiya özünə dəyən ziyanı ödəmək üçün bahalaşmanı 2 dəfəyə yox, 4 dəfəyə qaldırır. Nəticədə də, Azərbaycanda birdən-birə bu qədər qiymət artımı ilə qarşılaşan alıcılar mal almaqdan vaz keçirlər”.

Ukraynadan idxal olunan mallar bölməsinə yaxınlaşdığımız vaxt bazar rəhbərliyi də bizə yaxınlaşır. Bazardan reportaj hazırlamağa icazə verilmədiyini, buranın şəxsi mülk olduğunu bildirir, əməkdaşlar bizi ordan dayanacağa qədər ötürürlər.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Azərbaycanın artıq neçə ildir bir çox tikinti materiallarının istehsalına başladığını deyir.

“Amma istehsal üçün xammal bəzən ölkənin özündə olur, bəzən də xaricdən gətirilir”.

Elnur Fərzəliyev - açıq mənbədən götürülüb 

Ekspertin sözlərinə görə, ölkədə uzun müddətdir ki, dəmirəritmə zavodları mövcuddur və burada daha çox armatur istehsal olunur. Amma bu da ölkənin tələbatını ödəmir.

O qeyd edir ki, Azərbaycanda tikinti materiallarının istehsalı və ya hazırlanması üçün kifayət qədər imkanlar var.

“Xüsusən də, işğaldan azad olunmuş ərazilərdə 140 adda təbii sərvət var, onların böyük əksəriyyəti tikintidə istifadə oluna biləcək xammallardır”.

Bununla belə Elnur Fərzəliyev Azərbaycanın yaxın zamanda ağac materiallarından olan asılılığının azalacağını düşünmür. Onun dediyinə görə, Azərbaycanın taxta istehsal edə bilməsi üçün uzun illər əvvəl tikinti üçün yararlı ağaclar əkilməli idi.

Ekspertin fikrincə, tikinti materiallarının istehsal və idxalının az olması Qarabağda görüləcək yenidənqurma işlərində də ciddi çətinlik yaradacaq.

Elnur Fərzəliyev məsələnin həllini tikinti məhsullarının yerli istehsalını artırmaqda və yeni meşə təsərrüfatlarının salınmasında görür.

İqtisadiyyat

Azərbaycan İranla Naxçıvana kommunikasiyaların tikintisindən danışıb

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında İqtisadi, Ticari və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb.  “Turan”ın məlumatına görə, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yeni kommunikasiyaların yaradılması haqqında razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda iqtisadi, ticari sahələrdə, nəqliyyat sahəsində, humanitar sahədə və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Hər iki dövlət rəsmisi regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bir müddət əvvəl, martın 11-də Azərbaycan baş nazirinin müavini Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi...
İqtisadiyyat

AZAL-ın zərəri şirkətin aktivlərinin 90%-ni təşkil edir

18 May 2022

azal.az

“Azərbaycan Hava Yolları” dövlət aviaşirkəti maliyyə hesabatı açıqlayıb. "Turan”ın məlumatına görə, indiyədək 2019 və 2020-ci illər üzrə audit edilmiş hesabatlar (Deloitte & Tuoche) əlçatandır və bu hesabatlara əsasən, ötən ilin əvvəlində AZAL-ın zərəri (1 milyard 764 milyon manat) aviaşirkətin aktivlərinin 90%-ni təşkil edib. 2020-ci ildə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar AZAL-ın birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb. Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət il ərzində aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib. Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon...

Seçilmiş Videolar

Toplum TV loqo