İqtisadiyyat

Türkmən neftinin BTC ilə nəqli Azərbaycana nə qazandıracaq?

Roza Məmmədova
16 Sentyabr, 2021
237

Açıq mənbələrdən götürülüb


Azərbaycan oktyabrın əvvəlindən 1 milyon ton Türkmənistan neftini Avropaya daşıyacaq.

Bu barədə avqustun 13-də Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və İsveçrə-Hollandiya şirkəti "Vitol" arasında razılıq əldə olunub.

Məlumata görə, neftin Bakı-Tbilisi-Ceyhan neft magistral boru kəməri (BTC) ilə ixrac edilməsi planlaşdırılır. 

Belə ki, SOCAR Türkmənistan neftini tankerlərlə Xəzər dənizi üzərindən  Avropaya nəql edəcək.

Qeyd edək ki, Tükmən neftinin BTC ilə nəql edilməsinə, 2010-cu ildən başlanılıb.

Bəs türkmən neftinin BTC ilə nəqli tranzit ölkə kimi Azərbaycana nə qazandıracaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Toplum TV”-yə açıqlamasında deyir ki, Tükmən neftinin BTC ilə nəql edilməsi iqtisadi cəhətdən daha sərfəlidir və Azərbayacana əlavə gəlir gətirir.

Deputat həmçinin əlavə edir ki, Azərbaycanda gələcəkdə də neftin nəqli üçün potensial hər zaman mövcuddur. Bu potensialın reallaşması isə bir çox amillərdən asılıdır: 

“Yeni texnologiyaların tətbiqindən, yeni neft yataqlarının kəşf edilməsindən və mövcud yataqların sabit işlənməsindən asılıdır”.

Tahir Mirkişili - Rəsmi səhifə

Onun sözlərinə görə, BTC-nin günlük ötürücüluk gücü 1 mln bareldir. Bu ildə təqribən 52 milyon ton neft nəqli deməkdir. Son 15 il ərzində BTC kəməri vasitəsilə ildə orta hesabla 35 mln ton neft nəql edilib:

“Yəni, göründüyü kimi, BTC-nin 1 ildə Azərbaycan neftindən əlavə 10 milyon tondan artıq neft nəql etmək imkanı vardır”.

“Müqavilə neftin tranzit olaraq nəqlindən yüksək gəlir vəd edir”

İqtisadçı Elmir Səfərli deyir ki, bir neçə il öncə Rusiyanın "Transnet" şirkəti Türkmənistana neftin nəqli ilə bağlı daha yaxşı şərtlər verdiyindən BTC vasitəsilə nəql olunan Türkmən neftinin həcmində son illərdə müəyyən azalmalar olub. Lakin SOCAR Türkmənistanla əməkdaşlıqda maraqlı olduğundan bu istiqamətdə ciddi işlər görür.

Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında neftin nəqli ilə ən yüksək həcmlər 2016-cı ildən sonrakı dövrə təsadüf edib. Belə ki, ortalama olaraq BTC vasitəsilə illik 3-4 milyon ton həcmində Türkmənistan nefti nəql olunur. 

Elmir Səfərli - Sosial Media

İqtisadçı vurğulayır ki,  BTC neft boru kəmərinin ildə 60 milyon ton neft nəql etmə imkanı var:

“Bu halda, Azərbaycan tək Türkmənistanla deyil, eyni şəkildə digər Xəzəryanı ölkələrin neft istehsalı nəqlini BTC vasitəsilə həyata keçirə bilər. Bu isə neftin tranzit olaraq nəqlindən yüksək gəlirlər vəd edir. Bu kontekstdə Azərbaycanın tranzit ölkə olaraq maraqları qorunmalıdır.  SOCAR-ın bu anlaşması da onu göstərir ki, gələcəkdə bütünlüklə BTC neft boru kəmərinin nəql potensialının tam şəkildə təmini Azərbaycan tərəfinin marağındadır.

“Uzun müddətli dövrdə bu anlaşmanın Azərbaycanın məhz neftdaşınma skturukturunda əhəmiyyətli rol oynayacağını düşünmürəm”

İqtisadçı Qubad İbadoğlu “Toplum TV”-yə açıqlamasında belə deyir.

İqtisadçı bu fikri ölkənin neft potensialının  azalması ilə izah edir:

“Bir neçə il sonra dünya bazarında neftə olan tələbatın azalması müşahidə oluna bilər. Türkmənistansa ehtiyacları neft hesabına doldurma imkanlarına malik deyil. Əslində deyim ki, bu ölkə neft istehsalı sahəsində böyük imkanların sahibi deyil. Türkmənistanın əsas istehsal sahəsi qazdır”. 

Qubad İbadoğlu - Sosial Media

Qeyd edək ki, Türkmənistandan alınan neft əvvəllər tankerlərlə Rusiyanın limanlarından Novorossiyskə, sonra isə neft kəməri ilə digər ölkələrə  nəql olunurdu. 

Hazırda Türkmənistandan Rusiyaya nəql olunan neftin təxminən 160 min ton olduğu qeyd olunur.

Tərəflər arasında son razılaşma Rusiyanın Novorossiysk limanından Türkmənistan neftinin tədarükünü  Azərbaycanın xeyrinə 50% azaldacaq.

Bu halda Rusiyanın maraqlı tərəf olaraq mövqeyi necə olacaq?

İqtisadçı Elmir Səfərli hesab edir ki, Rusiya şirkəti ilə türkmən neftinin nəqli üzərindəki rəqabət Rusiya ilə münasibətlərə mənfi təsir etməyəcək:

“Bu şirkətlər arasında rəqabət mühitinin olmasını göstərir və təbii ki , verilən şərtlər müqabilində illər üzrə nəticələr dəyişə bilir”.

Deputat T.Mirkişili isə deyir ki, neftin  Azərbayacan vasitəsilə nəqli Türkmənistana faydalı olduğundan bu ölkə əməkdaşlıqda maraqlıdır:

“Bu layihələr iqtisadi layihələrdir, təbii ki, bu sahədə rəqabət var. Rusiya çalışır ki, regionda daha çox gəlir əldə etsin, Azərbaycan da buna çalışır. Bu normal iqtisadi rəqabət nümunələridir”. 

Qeyd edək ki, zaman-zaman zəngin qaz ehtiyatları olan Türkmənistanın öz qazını Trans Adriatik Boru Kəməri vasitəsilə Avropaya nəql etməsi məsələsi gündəmə gəlir. Ancaq ötən müddətdə bununla bağlı konkert bir nəticə əldə olunmayıb.

Bu razılaşma Türkmənistan qazının Azərbaycan vasitəsilə nəql olunması üçün addım sayıla bilərmi?

Milli Məclisin deputatı T.Mirkişili Xəzərin hüquqi statusu haqqında konvensiyanın buna imkan yaratdığını söyləyir:

“Həmçinin, Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Azərbaycan regiondan Avropa bazarlarına qaz ixracı üçün ciddi imkana sahibdir. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycandan başqa digər qonşu ölkələrin də Avropaya qaz ixracına imkan yaratmaqdadır. Azərbaycan bu imkanı da qonşu ölkələr üçün açıq elan edib. Əgər Türkmənistanın Avropa bazarlarına qaz ixrac etmək planı və yetərincə qazı varsa, bu imkanı reallaşdırmaq üçün hazırda ciddi maneələr görünməməkdədir”.

“Yaxın zamanda Türkmənistandan Azərbaycana qazın daşınması üçün trans Xəzər kəmərinin tikintisinin baş tutacağına inanmıram”

Q.İbadoğlu isə bu fikrlə razı deyil. O hesab edir ki, Azərbaycan vasitəsilə türkmən qazını dünyaya çatdırılmalısı həm iqtisadi, həm də siyasi baxımdan çətin məsələdir:

“İqtisadi baxımdan ona görə çətindir ki, Xəzər dənizindən qazın daşınması neft qədər asan deyil. Bu halda gərək qaz maye formasına salınsın. Amma neft belədir ki, onu tankerlərlə daşımaq mümkündür”.

İqtisadçı bildirir ki, Türkmənistan Rusiyanın siyasi təsir dairəsində olduğundan Xəzər qaz kəmərinin tikilməsi çətindir.

“Türkmənistanda iki qaz kəməri fəaliyyət göstərir. Birincisi Türkmənistanın Çinə yönələn təbii qaz kəmiridir. Sonradan tikilən ikinci qaz kəməri isə Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan arasında olan TAPİ-dir. TAPİ işlək vəziyyətdə deyil, amma Türkmənistanın qaz infrastrukturunda əhəmiyyətli rolu var. Həmçinin Türkmənistan qazla zəngin ölkə olduğundan Rusiya da burada maraqlıdır. Yəni Rusiya üçün türkmən qazı neftdən daha vacibdir”. 

İqtisadiyyat

Ölkəyə xarici investisiya qoyuluşu kəskin azalıb – “Qeyri-neft sektoru xarici investorlar üçün cəlbedici deyil”

Məzahir Abdurahmanov
18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

“Bizdə neft sahələrinə edilən investisiyaların həcmi digər sahələrə edilən investisiyalardan qat-qat yüksəkdir. Ölkədə digər sahələr inkişaf etsəydi, onda investisiyalar da bu qədər azalmazdı”. Bunu Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri şərh edərkən iqtisadçı Toğrul Maşallı “Toplum Tv”-yə deyib. Statistika Komitəsinin açıqlamasına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib. Komitənin məlumatında qeyd olunub ki, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar  9,7 %, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 8% azalıb. Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 6 303,6 milyon manatını və yaxud 65,9 %-ini...
İqtisadiyyat

İqtisadçılar prezidentin sərəncamını şərh edir: "Çox ciddi sosial gərginlik yaranacaq"

17 Oktyabr 2021

Sosial Media

Prezident İlham Əliyev əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib. İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda deyilir ki, Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini təqdim etsin. Sərancamda qeyd olunub ki, son illərdə əhalinin rifah halının artırılması istiqamətində ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb: "Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının...
Seçilmiş Videolar