İqtisadiyyat

"Wolt" kuryerləri: "Sən motosikletin üstündə oturub əzraillə oynayırsan, amma onlar sənin işinə dəyər vermirlər"

Aytac Məmmədli
Məzahir Abdurahmanov
22 Aprel, 2022
491

Toplum TV

Aprelin 21-də "Wolt" şirkətinin 100-dən çox işçisi maaş artımı tələbi ilə etiraz edib. Onlar nəqliyyat vasitələrinin üstünə “Qiymətlər qalxmasa, işləməyəcəyik” şüarları yapışdırıblar.

Şikayətçilər bildirir ki, maaş artımı tələb edəndə şirkət onlara hədə-qorxu gəlir ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var: “İnsanı inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”.

"Toplum TV"-nin əməkdaşları "Wolt" kuryerlərinin toplaşdığı ərazilərdən birinə üz tutub. 

“İşçi itirmək "Wolt"-un vecinə deyil”

Burda doğrudan da etiraz ab-havası var, hamı narazıdır. Amma işlərini itirməkdən qorxduqlarından yalnız adlarının çəkilməməsi şərtilə suallarımıza cavab verə biləcəklərini söyləyirlər. 

Fərid (ad şərtidir) danışır ki, "Wolt" şirkəti dayanmadan kuryer işə götürür, beləliklə, onların götürdüyü sifariş və nəticə etibarilə də maaşlar aşağı düşür. Onun sözlərinə görə, Ramazan ayıdır deyə, ümumiyyətlə, sifarişlərin sayı azalıb, normal günlərdə 50-60 manat qazanan şirkət işçisinin indi qazancı 30-40 manat civarındadır. 

"İl yarım əvvəl "kilometraj"ın qiyməti 3 manat 20 qəpik idi, sonra 1 manat 60 qəpiyə düşdü. Biz etiraz edəndən sonra 10 qəpik də aşağı saldılar. İşçi itirmək bu şirkətin vecinə deyil. "Wolt" rahatdır ki, işə təlabat var. Yəni bilirlər ki, 1 nəfər çıxarsalar, yerinə 5 nəfər götürə bilərlər".  

Fəridin dediyinə görə, burdakı kuryerlərin heç biri təkcə "Wolt" işçisi deyil, onların hamısı həm də başqa şirkətlərdə işləyir. 

Toplum TV

“Burdan qazandıqları pul onlara kifayət etmir”, - kuryer izah edir. 

"Mən həm "Bolt food"da, həm də "Wolt"-da işləyirəm. Hər iki sistem bir-birinə oxşardır. Fərq ondadır ki, “Wolt” sifarişi hava ilə, yəni olduğun nöqtədən sifarişin çatdırılma nöqtəsinə qədərki məsafəni düz xətlə ölçür. Bu isə sürücüyə sərf etmir. Çünki bəzən qarşıya keçmək üçün uzun bir yol fırlanmalı olursan. Orda 1 km göstərir, amma sən 2-3 dəfə artıq yol gedirsən. “Bolt Food" isə getdiyin yola uyğun ödəniş edir. “Wolt”-un tək üstünlüyü sifarişin çox olmasıdır".

“Şikayətə gedə bilmirik, haqqımızı istəyə bilmirik”

Digər kuryerlər də söhbətə qoşulurlar. Onların dediyinə görə, etiraz aksiyasında iştirak edən bəzi kuryerlər artıq şirkət tərəfindən bloklanıblar. 

"Baş ofisə şikayətə gedə bilmirik, haqqımızı istəyə bilmirik, çünki birdəfəlik bloklayırlar, qalırsan belə. Biz yaxşını da, pisi  də təklif etsək, heç kəs bizim sözümüzə qulaq asmayacaq. "Kilometraj"ın qiyməti standartlara uyğun olmalıdır, hər ürəkləri istəyəndə rəqəmlərlə oynaya bilməzlər. Bu ölkədə hamı özbaşına işləyir onsuz da…" 

Adıçəkilən şirkətin baş ofisinə gedərkən taksi sürücüsünün də əvvəllər orada kuryer işlədiyini öyrənirik. O, 3 il “Wolt”-da işləsə də, aldığı maaş sərf etmədiyindən son 1 ayda taksi sürücülüyü ilə məşğul olduğunu söyləyir. 

Toplum TV

“Vaxt var idi 15 günə 1200 manat qazanırdım, sonra gördüm ki, aya heç 1000 manat da çıxara bilmirəm”.

Kuryerlərdən birisə belə deyir: "Sən motosikletin üstündə oturub əzraillə oynayırsan, amma onlar sənin işinə dəyər vermirlər".

"Wolt": “Bütün partnyorlarımıza hörmətlə yanaşırıq və…”

"Qafqazinfo”-nun sorğusuna cavab verən "Wolt" kuryerlərin etirazına görə partnyorluğun dayandırılması və onlara hədə-qorxu gəlinməsi haqda deyilənlərin həqiqətə uyğun olmadığını açıqlayıb. 

Həmçinin deyilir ki, “Wolt”un sifarişlərini çatdıran kuryerlər şirkət əməkdaşları deyil və xidməti müqavilə əsasında çalışan fərdi sahibkarlardır. 

“Biz bütün partnyorlarımıza hörmətlə yanaşırıq və biznesimizin necə idarə olunması haqda fikirlərimizin üst-üstə düşməməsi səbəbindən heç vaxt partnyorluğumuzu bitirməzdik. Dünən bir qrup kuryer ödəniş modelimizə edilən bəzi dəyişikliklərlə bağlı narazılığını bildirmək üçün sistemdə oflayn olmaq qərarı verdi".

Açıqlamada bildirilir ki, şirkətin kuryer-partnyorlarına təqdim etdiyi ödənişlər bazar səviyyəsinə uyğundur.

"Məsələn, hazırda Ramazan ayı ilə əlaqədar gün ərzində sifariş sayı bir qədər aşağıdır. Bu səbəbdən qazancların nisbətən aşağı düşməsi də gözləniləndir. Tələbatın aşağı enməsi həm bizə, həm də kuryer-partnyorlara öz təsirini göstərir və biz kuryerlərin narazılığını çox gözəl başa düşürük”.

Şirkət kuryerlərin bir hissəsi ilə görüşdüklərini, etiraz edən heç bir işçiylə əməkdaşlığı dayandırmadıqlarını da vurğulayır.

“Jurnalistlərə şifahi cavab vermək şirkətin politikasına ziddir"

Açıqlamada bəzi suallara cavab tapa bilməyən “Toplum TV”-nin əməkdaşları "Wolt"-un Bakı ofisinə üz tutub. 

Ofisin qarşısında bir neçə kuryerin yığışdığını görürük, bəziləri işə müraciət üçün, bəziləri də şikayətlərini söyləməyə gəldiklərini bildirirlər. 

Toplum TV

Şirkət rəsmilərindən münasibət almağa çalışsaq da, şifahi cavab verməkdən imtina edirlər. 

"Rəsmi olaraq ancaq elektron poçt vasitəsilə cavab verə bilərik. Jurnalistlərə şifahi cavab vermək şirkətin politikasına ziddir",- əməliyyat şöbəsinin əməkdaşlarından biri belə deyir. 

Ofisin qarşısında dayanan kuryerlərdən birinin dediyinə görə, şirkət rəsmiləri qiymətlərin aşağı salınmasının baş ofisin əmri olduğunu və statistikaya uyğun olaraq gələn ayın 1-dən dəyişikliklər ediləcəyi vədini veriblər. 

Hüquq müdafiəçisi: “Problemlərin çoxu əmək müqaviləsinin olmamasından qaynaqlanır”

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov "Toplum TV"-yə söyləyir ki, şirkət işçilərlə danışıqlar aparmalıdır. 

““Wolt” kimi şirkətlər aqreqator rolunu oynayırlar. Xaricdə belə işçilərin Həmkarlar İttifaqı olur. Problem olanda o işə qarışır və danışıqlar aparır. Danışıqlar yolu ilə məsələ həll olunmayanda məhkəməyə müraciət olunur. Ancaq Azərbaycanda iş sistemi pərakəndə qurulub və Həmkarlar İttifaqı yoxdur. Ona görə də danışıq aparmaq çətindir". 

Toplum TV

S. Məmmədov deyir ki, belə hallarda işçilərin arasından fəallar seçilməli və onların vasitəsilə şərtlər rəhbərliyə göndərilməlidir. Hüquq müdafiəçisinin dediyinə görə, bu situasiyada kuryerlər şirkət qarşısında bazarda limitin müəyyənləşdirilməsi və əlavə işçi götürülməməsi ilə bağlı tələb qoya bilərlər.

S.Məmmədov onu da qeyd edir ki,  problemlərin bir çoxu işçilərin əmək müqaviləsi olmamasından qaynaqlanır: “Bir çox xarici ölkədə belə şirkətlər qarşısında öhdəlik qoyulub ki, işçilərlə əmək müqaviləsi bağlanılsın. Azərbaycanda belə bir öhdəlik olmadığından kuryerlərin əmək müqaviləsi də yoxdur. Kuryerlər əmək müqaviləsi bağlanılması və sığortalanmaq üçün müraciət etməlidirlər”. 

“Wolt”  şirkəti 2015-ci ilin yayında Finlandiyanın Helsinki şəhərində on restoranla birlikdə fəaliyyətə başlayıb. Hazırda 23 ölkə və 250-dən çox şəhərdə fəaliyyət göstərir. 
 

İqtisadiyyat

Azərbaycan İranla Naxçıvana kommunikasiyaların tikintisindən danışıb

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında İqtisadi, Ticari və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb.  “Turan”ın məlumatına görə, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yeni kommunikasiyaların yaradılması haqqında razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda iqtisadi, ticari sahələrdə, nəqliyyat sahəsində, humanitar sahədə və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Hər iki dövlət rəsmisi regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bir müddət əvvəl, martın 11-də Azərbaycan baş nazirinin müavini Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi...
İqtisadiyyat

AZAL-ın zərəri şirkətin aktivlərinin 90%-ni təşkil edir

18 May 2022

azal.az

“Azərbaycan Hava Yolları” dövlət aviaşirkəti maliyyə hesabatı açıqlayıb. "Turan”ın məlumatına görə, indiyədək 2019 və 2020-ci illər üzrə audit edilmiş hesabatlar (Deloitte & Tuoche) əlçatandır və bu hesabatlara əsasən, ötən ilin əvvəlində AZAL-ın zərəri (1 milyard 764 milyon manat) aviaşirkətin aktivlərinin 90%-ni təşkil edib. 2020-ci ildə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar AZAL-ın birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb. Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət il ərzində aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib. Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon...

Seçilmiş Videolar

Toplum TV loqo