İqtisadiyyat

Xəzərin sahilində külək elektrik stansiyası tikiləcək

13 Yanvar, 2022
124

International Energy Agency

240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

Energetika Nazirliyindən yanvarın 13-də verilən məlumata görə, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Clive Turton imzalayıblar.

Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.

Nazir müavini Elnur Soltanov deyib: ““ACWA Power” şirkəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dayanıqlı inkişaf və təmiz ətraf mühitə nail olmağa xidmət edən “yaşıl enerji” kursunun həyata keçirilməsində mühüm tərəfdaşımızdır. Bu sənədin imzalanması “ACWA Power” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsinə və Azərbaycanın dənizdə külək enerjisi üzrə inkişaf hədəflərinə də töhfə verəcək”.

“ACWA Power” şirkətinin sədri Mohammad Abunayyan deyib: “Bu gün Anlaşma Memorandumunun imzalanması Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən bizə olan etimadın nümayişidir və biz bu əhəmiyyətli nailiyyətlə strateji tərəfdaşlığımızı möhkəmləndirməkdən qürur duyuruq. Davamlı əməkdaşlığımız bizə bu gözəl ölkədə enerji keçidinə töhfə verməyə və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş milli enerji kompleksində yaşıl enerjinin payının artırılması məqsədinə nail olmaqda fəal rol oynamağa imkan verəcək”.

Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.

Azərbaycan hazırda “ACWA Power” şirkəti ilə investisiya dəyəri 300 milyon ABŞ dolları olan 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edir.

“ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14 900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42 800 MVt qoyuluş gücünə bərabər istehsal və 67,2 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.

İqtisadiyyat

ARDNF Türkiyə Mərkəzi Bankında depozit yerləşdirib

28 Yanvar 2022

Rəsmi səhifə

Bu ay Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib. Bu barədə yanvarın 28-də Fonddan məlumat verilib.  Məlumatda deyilir ki, depozit 6 aya qaytarmaq şərti ilə yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən gün yekunlaşıb.
İqtisadiyyat

"Azeri Light" markalı neftin qiyməti 94 dollara yaxınlaşır

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanın dünya bazarlarına çıxararaq satdığı "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. "Oilprice.com"-un yanvarın 27-də verdiyi məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,68 ABŞ dolları (2,94%) artaraq 93,84 dollar olub.  Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb.
Seçilmiş Videolar