Manşet
“Amerika qayıtdı” - Co Bayden xarici siyasət komandasına antirusiyaçıları yığdı
27 Noyabr, 2020
Baxış: 283
ABŞ-ın yeni prezidenti Co Bayden öz administrasiyasındakı vacib təyinatları açıqlayıb. Xarici siyasətə və milli təhlükəsizliyə əvvəldən bu məsələlərlə məşğul olan karyeralı dövlət qulluqçuları cavabdeh olacaqlar. 

Noyabrın 24-də Uilminqtondakı (Delaver ştatı) qərargahında danışan Co Bayden çıxışına özünün gələcək administrasiyasının əməkdaşları barədə təsəvvür yaradacaq bəyanatla başlayıb.

"Amerika qayıtdı. O, kənara çəkilmir, dünyada liderlik etməyə, özünün buradakı layiqli yerini tutmağa hazırdır. Düşmənləri yerinə oturtmağa, müttəfiqlərinin yanında olmağa hazırdır. Dəyərlərimizi müdafiə etməyə hazırdır”. 

Prezident ilk olaraq gələcək dövlət katibinin adını açıqlayıb. Əgər Senat təsdiqləsə, dövlət katibi Entoni Blinken olacaq. Onun 58 yaşı var. Uşaqlıqda bir neçə ilini valideynləriylə Parisdə keçirib. Harvard Univesitetini bitirib, Kolumbiyada hüquqşünaslıq doktorantı olub, fərdi hüquqi fəaliyyətlə məşğul olub, sonra isə 20 il Bill Klintonun və Barak Obamanın administrasiyalarında işləyib. Vitse-prezidentin məsləhətçisi, sonra isə prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin birinci müavini vəzifəsində işləyib. Prezident Obamanın prezidentliyinin son iki ilində isə ABŞ dövlət katibinin birinci müavini olub.
 


Təqdimat mərasimində o, öz ailəsinin tarixçəsi barədə bu sözləri deyib: 

"Amerikanın bir çox nəsilləri üçün olduğu kimi, mənim ailəm üçün də Amerika sözün əsl mənasında dünyadakı son qurtuluş yeri idi.  Mənim babam Moris Blinken Rusiyadakı qırğınlardan qaçıb Amerikada yeni həyata başlamışdı. Onun oğlu, mənim atam Donald Blinken İkinci Dünya Müharibəsində ABŞ-ın hərbi hava qüvvələrində xidmət edib, sonra isə ABŞ  səfiri olub. Bu, mənim üçün bir örnək, qəhrəmanlıqdır. Babamın xanımı Vera Blinken isə, gənc qız olarkən kommunist Macarıstandan qaçmış və yeni mühacir nəsillərin Amerikaya gəlməsinə kömək etmişdi. Mənim anam Cudit Pisar mədəniyyət və incəsənətin yardımıyla Amerika ilə dünya arasında körpülər qurur. Mən onun şəxsiyyətinə heyranam. O biri babam olan Samuil Pisar Polşadakı Belostok məktəbinin 900 şagirdindən biri olub, bu şagirdlərdən təkcə o, 4 illik konslager həyatından sonra Holokostdan sağ çıxmışdı. Müharibənin sonunda Bavariya meşələrində ölüm marşı çalınanda o, məhbusların cərgəsindən qaça bilmişdi. Sığındığı yerdə o, nəsə bir uğultu eşitmişdi. Bu tank idi, amma o, nasist xaçının əvəzinə, tankın kənarında ağ beşguşəli ulduz görmüşdü. O, tanka tərəf qaçmış, tankın başındakı lyük açılmış və ordan ona afroamerikalı əsgər baxmışdı. Mənim babam diz üstə çökmüş və müharibədən əvvəl anasının öyrətdiyi, ingiliscə bildiyi yeganə ifadəni demişdi: "Tanrı Amerikanı qorusun”. Bax, biz bu adamlarıq. İdeal olmasa da, Amerikanın bütün dünyadakı təcəssümü belədir”. 

Bayden administrasiyasında milli kəşfiyyat  direktoru postunu Avril Heyns tutacaq. Əvvəllər o, Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) direktorunun birinci müavini olub, sonra isə prezident Obamanın milli təhlükəsizlik müşavirinin birinci müavini vəzifəsinə təyin edilib. Onun bioqrafiyası kifayət qədər qeyri-adidir. Məktəbi bitirdikdən sonra o, cudonu ən yaxşı məktəbdə - Kodokan institutunda öyrənmək üçün Yaponiyaya gedib, Çikaqo universitetinin "fizika nəzəriyyəsi” ixtisasına daxil olub. Təhsillə paralel olaraq, avto-təmir emalatxanasında mexanik işləyib. Sonra isə Baltimora gəlib, magistraturaya daxil olub və öz biznesini – kitab kafe-mağazasını açıb. Bundan sonra nə baş verdiyini müsahibələrinin birində danışıb. 
 


"Mən kitab mağazası açanda düşünürdüm ki, eyni vaxtda magistraturada fizika təhsilimi davam etdirə bilərəm: piştaxtada oturduğun vaxtda dərs oxumaq, bax, bu əla olacaq! Amma mən tezliklə başa başa düşdüm ki, kitab kafesi hər halda biznesdir, dolanmaq üçün sən burda da əməllicə tər tökməlisən. Yadımdadır, bazar günləri bir kənara çəkilib düşünərdim: bəs mənim həyatımın sonunacan görəcəyim iş hansıdır? Başqa mağazalar açmaq istəyirəmmi? İşlər yaxşı gedirdi, bankdan bizə deyirdilər ki, yeni kitab kafeləri də aça bilərik. Onda mən bu qərara gəldim ki, bu işi görməyəcəm, iş qadını olmaq istəmirəm, bu mənim üçün maraqlı deyil. İctimai fəaliyyətlə məşğul olanda görürdüm ki, cəmiyyətin necə dəyişiləcəyini, sistemin necə işləməyə vadar ediləcəyini, vəziyyətin necə yaxşılaşdırılacağını dərk edən insanlar əsasən hüquqşünaslardır. Onda mən hüquqşünas olmaq qərarına gəldim, bunun necə bir şey olduğunu bilmək istəyirdim, sonra isə ictimai fəaliyyətimə qayıdacaqdım.”

Hüquq fakültəsinin tələbəsi beləcə Dövlət Departamentində təcrübə proqramına düşdü. Bundan sonra onun dövlət qulluqçusu kimi karyerası başladı. Mərasimdəki nitqi zamanı o, öz rəhbərinə xəbərdarlıq edib ki, kəşfiyyat materialları barədə susmayacaq, yaxud onları təhrif etməyəcək. 
 
"Cənab, seçilmiş prezident, siz bilirsiniz ki, mən hakimiyyətə həqiqəti söyləməkdən heç vaxt çəkinməmişəm. Milli kəşfiyyat direktoru kimi bu, mənim öhdəliyimdə olacaq. Mən sizinlə uzun müddət işləmişəm və bilirəm ki, siz mənim başqa cür davranmağımı heç vaxt istəməzsiniz, bilirəm ki, siz kəşfiyyat cəmiyyətinin nəzər nöqtəsini qiymətləndirirsiniz, bilirəm ki, mənim dediklərim xoşagəlməz,  narahatverici olsa belə, siz hərəkətə keçəcəksiniz, mən vəzifəni məhz bunları nəzərə alaraq qəbul edirəm. Mən sizi inandırıram ki, belə anlar olacaq”. 

Co Bayden özünün milli təhlükəsizlik müşaviri kimi çoxdan tanıdığı Ceyk Sallivanı təyin edib. Sallivanın 43 yaşı olsa da, heyrətamiz karyerası var. O, Yel universitetini bitirib, Oksfordda magistratura dərəcəsi alıb, sonra da hüquq elmləri doktoru olub. ABŞ-ın Ali məhkəməsində, şəxsi hüquq şirkətində məmur olub, Minnepolisdə Müqəddəs Foma Universitetində hüquqdan dərs deyib. Dövlət qulluğuna girib, Dövlət Departamentində siyasi planlaşdırma idarəsində direktor vəzifəsində çalışıb, sonra isə Ağ Evə gəlib və Baydenin milli təhlükəsizlik müşaviri olub. Ceyk Sallivan vacib problemlərin müzakirələrində iştirak edib, dəfələrlə Moskvada olub. 
 


2017-ci ilin iyununda o, Rusiya barədə geniş müsahibə verib. Həmin dövrdə Vladimir Putin haqqında bu sözləri deyib. 

"Putin jest diliylə çox şey deyir. O, sizə bu yerdə alfa-erkəyin özünün olduğunu göstərməyə çalışır. Onun ayaqlarını necə qoyması, oturacağından qabağa necə əyilməsi, insanlara necə baxması və onları alçaldaraq əhəmiyyət verməməsi – onunla bir otaqda olanda adamı ən çox heyrətləndirən şeylərdir. Zəka etibarilə o, höcət adamdır. O, xal qazanmağı sevir, hətta bunun, müzakirə mövzusuna aidiyyatı olmasa belə. Siz Rusiyanın hansısa bir işi görməli olduğu halda, görmədiyi barədə sual verirsiniz, sizin ehtimalınıza görə, Rusiya bir şeyi etməlidir, ya da elədiyi şey sizin fikrinizcə, doğru deyil. Bu vaxt o, Amerikanın necə eyni şeyi eləməsinə, yaxud ondan gözləniləni eləməməsinə dair nümunələr gətirməyə başlayır. Bunun nə qədər faydalı olması başqa söhbətin mövzusudur, amma cavab zərbələri metodu Putinin ünsiyyət üslubunu göstərən əsas xüsusiyyətdir”.

Elə həmin müsahibəsində o, Donald Trampa xəbərdarlıq etmişdi ki, Putinə "bel bağlamaq” kimi xam xəyallara qapılmağa dəyməz. 

"Tramp administrasiyası ABŞ və Vladimir Putinin rəhbərliyi altındakı Rusiyanın maraqlarının hansı baza dərəcələrində bir-birlərinə zidd olduğunu bilməlidir, biz bunu dərk etməliyik. Rusiya və ABŞ-ın hansısa mənada qlobal layihə ilə bağlı yaxşı tərəfdaş olacaqlarına və bugünkü dünyanın hansısa nəhəng problemlərinə eyni gözlə baxacaqlarına dair inanc sadəcə olaraq məyusluğa gətirib çıxaracaq. Əgər biz özümüz  problemlərlə bağlı Rusiyanın nəzər nöqtəsi ilə razılaşsaq, bu, ABŞ-ı zəifləməsinə səbəb olacaq, bunlar bizim özümüzün milli təhlükəsizlik məsələlərimizi müdafiə etmək qabiliyyətimizi aşağı salacaq”. 

Bu qısa siyahı  Baydenin təyinatlarının bitkin komanda olduğunu deməyə əsas verir. Onlar bir-birlərini çoxdan tanıyırlar, oxşar məsələlər üzərində işləyiblər və oxşar baxışlara sahibdirlər. Yeni prezidentin dediyi və Toni Blinkenin təsdiq etdiyi kimi, Amerika dünya problemlərini təkbaşına həll edə bilməz, onun müttəfiqlərə ehtiyacı var. 

Yeri gəlmişkən, Ağ Evdə də Tramp "Dow Jones”  indekslərində rekord yüksəlişin olduğunu bəyan edib. 

"Fond birjası yenicə 30 minlik indeksi keçib. İndiyəcən bu rəqəmi keçmək mümkün olmamışdı. Bu xüsusi rəqəmdir: 30 min. Heç kim bunun nə vaxtsa mümkün olacağını düşünməmişdi. Biz 2020-ci il daxil olandan sonra 10-cu dəfə, ümumən isə Tramp administrasiyanın fəaliyyəti dövründə 48-ci dəfədir ki, rekord qırırıq”, - Tramp deyib. 

Ekspertlər bazardakı canlanmanı Ağ Evin federal qurumlara administrasiyanın Co Baydenə ötürülməsi barədə tapşırıq verməsi ilə əlaqələndirirlər, amma Tramp özünün "Tvitter” hesabında yazıb ki, sərəncamın onun məğlubiyyətlə barışması anlamına gəlmir.

Manşet
ABŞ koronavirusa görə Çini günahlandırır
17 Yanvar 2021
ABŞ Departamentinin binası, Vaşinqton D.S. FOTO: unian.info    "Pekin virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edən çinli həkimləri, alimləri və jurnalistləri cəzalandırdı" "ABŞ dəfələrlə COVID-19-un mənşəyi ilə bağlı şəffaf və hərtərəfli araşdırmaya çağırıb. Bu, pandemiyanın mənşəyini anlamaq, qlobal xalq sağlamlığı, iqtisadi bərpa və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - ABŞ Dövlət Departamentinin bəyanatında belə qeyd edilir. Bildirilir ki, bu həftə Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istintaq qrupunun həyati işinə kömək etmək üçün ABŞ hökuməti 2019-cu ildə Çinin dövlət laboratoriyaları daxilindəki fəaliyyətlərlə əlaqədar yeni məlumatlar paylaşır: "Xüsusilə, ÜST-ü aşağıdakıları həll etmək üçün Çin hökumətini sıxmağa çağırırıq". Bəyanatda Vuhan Virusologiya İnstitutundakı xəstəliklər barədə...
Manşet
İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı
17 Yanvar 2021
FOTO: CNN   İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. FOTO: CNN    Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub. FOTO: CNN    Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb. FOTO: CNN    Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb...
Seçilmiş Videolar