Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

Samirə Əli
1 Sentyabr, 2022
257

Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb.

Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.  
   
Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.  

Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.  

"Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim dəstəyimlə gəzir. Ayaqyoluna da mənim dəstəyimlə gedir. Amma biz iki ilə yaxın İranda müalicələr apardıq, həmin müddət ərzində yaxşı idi. Ana kimi ümid edirdim ki, gələcəkdə daha da yaxşılaşacaq”, - deyə şikayətçi əlavə edib.  
  
Rüxsarə Əliyeva deyir ki, İranda müalicə həm ucuz, həm də effektiv idi. İndi isə tək çarə quru sərhədlərin açılması ilə bağlı qərarı gözləməkdir.  

Prezident İlham Əliyev bu ilin ilk 6 ayının yekun hesabatı ilə bağlı keçirilən müşavirədə quru sərhədlərin hələ də bağlı qalmasını virusun sürətlə yayılması ilə əlaqələndirib: "Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq".  
  
İyulun 20-də Bakıda, Nazirlər Kabineti qarşısında Müsavat, Demokratik və Rifah pariyalarının təşkilatçılığı ilə “Quru sərhədləri açın” aksiyası keçirilmişdi. 

Etiraz edən iştirakçılar polis əməkdaşları tərəfindən saxlanılıb, ərazidən uzaqlaşdırılmışdılar.  
  
Bəs deputatlar quru sərhədlərin hələ də bağlı qalması ilə bağlı nə düşünür? 

"Məclis.info" deputatların son aylarda səsləndirdikləri açıqlamaları monitorinq edib.  

Deputatların söylədikləri açıqlamalara əsaslansaq, ümmilikdə onlar nəzarətli şəkildə quru sərhədlərin açılmasının tərəfdarıdırlar.  
  
İqtisadçı Rəşad Həsənov deyir ki, Sərhəd bölgələrində yaşayan əhalinin sosial durumu aşağı səviyyəyə düşüb.  

O, qiymətlərin artması fonunda sərhəd bölgələrində məskunlaşan sakinlərin gəlirlərinin aşağı düşməsi probleminə diqqət çəkir: “Bu gün ölkənin sərhəd bölgələrində, cənub bölgəsində, həmçinin qərb və şimal bölgələrində xırda ticarətlə dolanışığını təmin edən təxminən 1 milyon icma nümayəndəsi iki il yarımdan artıq müddətdə bu imkandan məhrum olub və bunu nəzərə almaq lazımdır. Rusiya-Ukrayna konflikti fonunda ölkəyə azalan pulların əhəmiyyətli hissəsi həmin bölgələrə düşdüyünü nəzərə almaq lazımdır. Çünki miqrantların ailələrinə göndərdikləri vəsaitlərdən ən çox asılı olan bölgə-cənub bölgəsidir. Təxminən hər 100 manatın 30-40 manatı həmin reminetsilərdən formalaşır. Gəncə-Qazax bölgəsində də hər 100 manat gəlirdən 15-20 manatı  miqrantların ailələrinə göndərdikləri vəsaitlərdən formalaşır”.  
  
Dövlət Statistika Komitəsinin yaydığı hesabata baxsaq, 2019-cu ildə Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı 5 milyon 567.700 olub, ötən il, 2021-ci ildə bu say 1 milyonu belə keçməyib: cəmi 974.500 nəfər.  

2019-cu ildə avtomobil və dəmiryolundan istifadə sayı ən yüksək həddə olub. Belə ki, avtomobillə ölkələrə gedənlərin sayı 3 milyon 636 900, dəmiryolundan istifadə edənlər isə 588.100 nəfər olub. 

2021-ci ildə quru sərhədlərin bağlanması səbəbindən  bu say kəskin şəkildə azalıb və üstünlük hava yolundan istifadəyə verilib. Belə ki, avtomobilə sərhədi keçənlərin sayı  261.200 nəfər, dəmiryolundan istifadə isə ancaq yük daşıma işlərlə bağlı olduğu üçün cəmi 1300 nəfər olub.  

"Nəzərə alsaq ki, azərbaycana səyahət edən hər 100 turistdən təxminən 60-ı quru sərhəddən istifadə edirdi və xüsusilə hər 100 turistdən 70-80-i əgər region ölkələrindən gəlirdi,bu ölkələrdə də əhalinin vəziyyətinin yaxşı olmaması, onlarında bahalı turizm imkanlarından istifadənin məhdud olması ölkənin turizm sektoruna kəskin zərərini müşahidə edə bilərik", - deyə iqtisadçı bildirib.

Azərbaycanda 2020-ci ilin fevralında ilk dəfə COVID-19 virusu aşkarlandı və koronavirus pandemiya dövrü başlanılıb.

Daha sonra Azərbaycan İran, Gürcüstan, Rusiya ilə quru sərhədlərini bağlayıb. 

Bu ilin iyunundan etibarən Naxçıvanla Türkiyə arasında quru sərhədi bağlanılıb. 

Nazirlər Kabinetinin sonuncu qərarına əsasən, quru sərhədlərin bağlı qalması noyabrın 1-dək qüvvədədir. 

Qonşu ölkələr - Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanın öz quru sərhədləri açıqdır.

Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...
Manşet

MTN işi: Mövlam Şıxəliyev öz əmlaklarından danışdı 

14 İyun 2022
"Yüksək vəzifəli məmurlardan birinin sayəsində..." Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildən Dövlət Təhlükəsizlik Xidməti) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.  Məhkəmə iclasına hakim Elbəy Allahverdiyev sədrlik edib.  Məhkəmənin başladığı ilk vaxtlardan (8 ay) hakim media nümayəndələrini məhkəmə salonuna buraxmır.  Təqsirləndirilən şəxslərin vəkilləri də mediaya danışmır. Bu səbəbdən də media nümayəndələri yalnız zərərçəkmiş və şahidlərdən məlumatlar toplamalı olur.  Yalnız Mövlam Şıxəliyev dəmir...

Seçilmiş Videolar

Toplum TV loqo