Manşet

DYP-nin mopedlə bağlı təzə qərarına sürücülərin reaksiyası: “Pul tələsidir”

Aytac Məmmədli
26 Sentyabr, 2021
2588

Aytac Məmmədli - Toplum TV

Şəhərdəki tıxacdan təngə gələnlər çıxış yolunu motosikl və moped sürməkdə görürlər. Lakin bu nəqliyyat vasitələrinin sürücülərinin bəzən yol qaydalarını pozması ətrafakıların narazılığına səbəb olur.

Üstəlik də son 2 ildə ölkədə motosikl və mopedlərdən istifadə edən kuryerlərin sayı artıb. Avtomobil sürücülərinin dediklərinə görə, onlardan bəziləri sifarişləri ünvana tez çatdırmaq üçün təhlükəsizlik qaydalarına önəm vermir, qəza şəraiti yaradırlar.

Senytabrın 21-də Bakı şəhər Baş Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov deyib ki, moped sürücüləri ilə bağlı qanunvericilikdə dəyişiklik olacaq. İdarə rəisinin sözlərinə görə, mopedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və sürücülərdən A1 sürücülük vəsiqəsi tələb edilə bilər.

V. Əsədov bu ilin əvvəli "Sputnik.az"-a açıqlamasında da moped idarə edənləri tənqid etmiş, onların yol-nəqliyyat haqda qanunun tələbərinə əməl etmədiklərini, onu kobud şəkildə pozduqlarını söyləmişdi.

Vaqif Əsədov

"Onlar piyadalar üçün nəzərdə tutulan səkilərdə hərəkət edir, bəzən svetaforu belə gözləmir və bununla da sürücülər, piyadalar üçün maneəyə səbəb olurlar. Bu kimi hallar tərəfimizdən açıq-aşkar qeydə alınır və tədbirlər görülür. İnzibati məsuliyyətə cəlbetmə halı yarandıqda isə artıq az qalır bu sürücülər ağlasın ki, günə 10 manata işləyirəm. Bu ifadələr onları heç də məsuliyyətdən uzaqlaşdırmır".

"Ölkədə mopedə hörmət edən yoxdur"

Vaqif Əsədovun açıqlaması moped sürücüləri arasında xoş qarşılanmayıb.

Moped istifadəçisi olan “Wolt” kuryerlərindən bir neçəsi “Toplum TV”-yə narazılıqlarını bildiriblər.

Onların dediyinə görə, əgər dövlət doğrudan da, qəzaların qarşısını almağa çalışırsa, onda moped sürücülərinə pulsuz qeydiyyat nişanı paylasın, cərimələr də şəxsiyyət vəsiqəsinə yazılsın.

“Biz hamımız bu mopedləri kreditlə almışıq. Hələ pulunu ödəməmişik. Bunu alanda bizə demişdilər ki, 49 kub olduğundan sizdən sürücülük vəsiqəsi tələb edilməyəcək. Əgər günə 10-15 manata işləyiriksə, 1200 manata necə vəsiqə alaq?” – adının çəkilməsini istəməyən moped istifadəçisi bildirir.

Moped sürücüləri hesab edir ki, yollarda maneə yaradan təkcə onlar deyil.

“Maneə törədən ancaq mopedlərdir? Maşınların, piyadaların hamısı qanuna əməl edir? Bunu deyən dövlət məmuru gəlib burda dayansın, ona istədiyi qədər qanunu pozan maşın, piyada göstərəcəm. Bu ölkədə mopedə hörmət edən yoxdur. Motosikletlərimizi saxlamağa yer vermirlər. Evə sifariş aparırıq, komendant çıxıb qışqırır ki, burda saxlama, maşın sürücüsü deyir ki, orda saxlama. Biz də məcbur qalıb, səkinin qırağında saxlayırıq. Hətta bəzən sürücülər maşınlarını park etsinlər deyə, bizim motosikletlərimizi kənara sürüyürlər. Biz indi qaydanı pozmayaq, neynəyək? Alaq mopedi qucağımızda gəzdirək?” – bunu isə adının çəkilməsini istəməyən “Wolt” kuryerlərindən biri deyir.

"Təzə qanunlar pul tələsidir"

“Toplum TV”-nin söhbət etdiyi sürücülərin dediyinə görə, qazandıqları maaşdan dövlətə onsuz da vergi ödəyirlər: “Qazancımızın 5 faizindən dövlətə vergi veririk, 62 manat 50 qəpik sosial, 10 manat tibbi sığorta ödəyirik. Hələ bank da hər 100 manata görə, 1 manat 50 qəpik çıxır. Hamı elə bilir ki, kuryerlər çox qazanırlar. Bir gündə 8-10 sifarişə gedir, 15-20 manat pul çıxarırıq, elə gün olur ki, ümumiyyətlə, sifariş almırıq”.
Sürücülər razılaşırlar ki, qanuna əməl etməyənlər cəzalandırılmaldır. Onlar sadəcə yeni qaydalara gərək olmadığını düşünürlər: “Mən cərimələnməyə hazıram, amma yeni qanunlara ehtiyac yoxdur. Bunlar pul tələsindən başqa heç nə deyil”.

İndiki qanunlarda nə deyilir?

Azərbaycan 1997-ci il aprelin 29-da «Yol hərəkəti haqqında» Konvensiyaya qoşulmaq barədə qanun qəbul edib. Bununla da ölkə qanunvericiliyi konvensiyanın tələblərinə uyğunlaşdırılıb.
Yol hərəkəti haqqında qanuna görə, velosiped, araba və moped tipli nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilmir.

Qanunvericiliyə görə, mopedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın.

İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində moped sürücülərinin məsuliyyəti qeyd olunur. Yəni moped və velosiped istifadəçiləri dəbilqə taxmalı, işıqforun tələblərinə riayət etməli, piyadalara yol verməli, idarə etdikləri nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalı və digər bu kimi qaydaları yerinə yetirməlidirlər. Bunları pozduqda isə qanunvericilikdə 40 manat cərimə nəzərdə tutulur.

Türkiyə praktikası

Türkiyədə mopedlər nəqliyyatın icbari sığortasından və avtomobil vergisindən azaddır.
Şəxsin hər hansısa kateqoriyaya aid sürücülük vəsiqəsi varsa, moped sürə bilər, xüsusi sənədə gərək yoxdur. Əks halda isə sürücüdən M kateqoriyalı vəsiqə tələb olunur. M kateqoriyalı vəsiqə olmadan moped sürənlər cərimələnir.

Ekspert: “Moped sürücüləri polislərin baş ağrısına çevrilib”

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, moped sürücüləri polislərin baş ağrısına çevrilib deyə yeni qərara ehtiyac duyublar.

“Mopedlər heç vaxt nəqliyyat vasitəsi kimi populyar olmayıb. Amma pandemiya yeni reallıq gətirdi - moped sürənlərin sayı çoxaldı. Buna görə də, yeni problemlər ortaya çıxdı. Moped sürücülərinin çoxu yeniyetmələrdir, məsuliyyət hiss etmirlər. Qeydiyyat nişanı olmadığı üçün yol polisləri də qaydanı pozan sürücünü cəzalandıra bilmir”.

Eldəniz Cəfərov - Sosial media

Ekspertin sözlərinə görə, moped həm də sığorta şirkətləri üçün baş ağrısıdır, çünki bu nəqliyyat vasitələrinin iştirakı ilə qəza baş verəndə şirkətlər ödəmələrdə çətinlik çəkir.

E. Cəfərov əmindir ki, qanunvericilik beynəlxalq standartalara uyğun olaraq dəyişdiriləcək, konvensiyaya zidd qərarlar qəbul edilməyəcək.

Digər bir nəqliyyat eksperti Ərşad Hüseynov isə hesab edir ki, yeni qanun şəffaf və aydın prosedurlarla icra edilməsə, korrupsiyaya səbəb olacaq: “ Prosedurlar sadə və aydın olmalıdır. Bu olmayacaqsa, köhnə hamam, köhnə tas qalacaq”.

Vaqif Əsədov məsələ ilə bağlı “Toplum TV”-yə cavab vermək istəməyib. Bölmə rəsinin dediyinə görə, hələlik hadisələri qabaqlamağa ehtiyac yoxdur.

Moped sürücüləri isə səbirsizliklə, bir az da ümidsiz şəkildə yeni qərarın açıqlanmasını gözləyirlər: “Onsuz da bizim dərdimizə baxan olmayacaq. 100 dəfə desək də, bəs etməyəcək...”

Rəsmi məlumatlara görə, son dövrlər mopedlərin iştirakı ilə 12 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

Samirə Əli
1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo