Manşet

Əlil: "Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi"

30 Avqust, 2021
297

Meydan TV

"Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın” 

"Bilirəm ki, bizim də hansısa kağız üzərində hüquqlarımız var, ancaq mən bu hüquqlarımı əlil olduğum son 7 ildə hiss etmədim. Aldığım pensiyanın 130 manatı kirayəpuluna gedir, qalanı da yavan çörəyə... Dərmanlarımı ala bilmirəm. Heç olmasa hökumət mənə əlil kimi birotaqlı ev tikib versə, kirayədən canım qurtarar, kirayəyə verdiyim pulu dərmanıma verərəm”. 

Bunu Meydan TV-yə Ağstafa sakini, 1-ci qrup əlil Xəyyam Abdullayev deyir. 

"280 manatın 130 manatını ev kirayəsinə ödəyirəm” 

Xəyyam Abdullayevin 40 yaşı var. Əvvəllər qaynaqçı işləyib. 7 il əvvəl iş vaxtı hündürlükdən yıxılaraq belindən aldığı xəsarət onu əlil arabasına məhkum edib və 1-ci qrup əlilə çevirib. Deyir, hər ay aldığı 280 manat əlillik pensiyasnıın 130 manatını ev kirayəsinə ödəyir, qalan pulla ailəni dolandırmağa çalışır. Ailədə iki azyaşlı var. 

Xəyyam Abdullayev əvvəllər kreditlə torpaq alıb, ev tikintisinə başlayıb, əlillliyi işləri yarımçıq qoyub. İstədiyi odur ki, yarımçıq qalmış tikintini hökumətin dəstəyi ilə başa vursun və ailəsini kirayədən qurtarsın. 

"Polisləri çağırıb məni çölə atdırdı” 

"Axırıncı dəfə icra hakimiyətində iki həftə əvvəl olmuşam. Çıxdım yuxarı mərtəbəyə ki, icra başçının qəbuluna girim, başçı otağından çıxdı, mənimlə dəhlizdə görüşdü. Dedim, 1-ci qrup əliləm, kirayədə qalıram, mənə kömək edin, yarımçıq evimi tikim, uşaqlarımı yığım içərisinə. Kirayə pulunu ödəyə bilmirəm, bu gün-sabah bu arabayla çıxarıb məni də, uşaqlarımı da çıxarıb çölə atacaqlar. Mənim də bu ölkədə bir vətəndaş olaraq normal həyat şəraitim olmalıdır, uşaqlarımın normal gələcəyi olmalıdır. Dedi: "Mən ev tikən şirkətdə işləyirəm ki, dəqiqədə qaçıb gəlirsən üstümə?” Dedim, bəs kimin üstünə gedim? Ermənistana köçüm, oranın rəhbərindən kömək istəyim? Rayonun rəhbəri sənsən, mən də deyirəm ki, əliləm, köməyə ehtiyacım var. Məni küçə söyüşləriylə təhqir elədi, dedi: "Rədd ol get, nə vaxt Ermənistana köçsən, gələrsən, yolpulunu verərəm”. Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın”, - şikayətçi deyir. 

"Uşaqlarım acdır, heç bir işıq yeri görünmür” 

Xəyyam Abdullayev deyir, hazırda kirayədə qaldığı ev də şəraitsizdir, rütubətsə əlil kimi həm özünün, həm də azyaşlı övladlarının səhhətini ağırlaşdırır: "Vallah, bir çəkiliş göndərin, gəlib yaşadığımız zilləti çəkib göstərsinlər, yuxarılarda oturanlar görsün ki, bu vəziyyətdə uşaq, əlil yaşayaşa bilərmi? Ünvanlı sosial yardım da vermirlər ki, çörəyimizi, suyumuzu təmin edək. Uşaqlarım acdır, mən bilmirəm 280 manatı çörəyə çatdırım, yoxsa ev kirayəsinə... Ha düşünürəm, dövlət bizi görməyincə, vətəndaş olaraq bizə can yandırmağınca, bizimçün heç bir işıq yeri görünmür”. 

"Ümumi əlillərə ev tikilmir” 

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün icra hakimiyyətində mənzil növbəsinə götürülürlər: "Hər il bu kateqoriyadan olan ailələr rayon ərazisində tikilən fərdi mənzillərlə təmin olunur. Ümumi əlillər üçün isə hələlik ev tikilmir. Xəyyam Abdullayevə dəfələrlə bildirilib ki, o, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”. 

Xəyyam Abdullayevsə deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Həmin qurumdan da ona Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etməli olduğu bildirilib: "Bir sözlə, sağlamlığımız əldən gedir, evsiz-eşiksiz, minmişəm əlil arabasına, qalmışam iki qurumun arasında...”. 

Manşet

DYP-nin mopedlə bağlı təzə qərarına sürücülərin reaksiyası: “Pul tələsidir”

Aytac Məmmədli
26 Sentyabr 2021

Aytac Məmmədli - Toplum TV

Şəhərdəki tıxacdan təngə gələnlər çıxış yolunu motosikl və moped sürməkdə görürlər. Lakin bu nəqliyyat vasitələrinin sürücülərinin bəzən yol qaydalarını pozması ətrafakıların narazılığına səbəb olur. Üstəlik də son 2 ildə ölkədə motosikl və mopedlərdən istifadə edən kuryerlərin sayı artıb. Avtomobil sürücülərinin dediklərinə görə, onlardan bəziləri sifarişləri ünvana tez çatdırmaq üçün təhlükəsizlik qaydalarına önəm vermir, qəza şəraiti yaradırlar. Senytabrın 21-də Bakı şəhər Baş Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov deyib ki, moped sürücüləri ilə bağlı qanunvericilikdə dəyişiklik olacaq. İdarə rəisinin sözlərinə görə, mopedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və sürücülərdən A1 sürücülük vəsiqəsi tələb edilə bilər. V. Əsədov bu...
Manşet

Belarus vətəndaşı Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edildi

30 Avqust 2021

İdrak Mirzəlizadə - Açıq mənbələrdən götürülüb

Rusiya Daxili İşlər Nazirliyi stendapçı komik İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib.  Bu barədə Lenta.ru xəbər verir. “İdrak Mirzəlizadə öz publik çıxışında rus millətinə mənsub şəxslərə qarşı nifrət və düşmənçilik aşılayan ifadələrə yol verib. Buna görə də onun Rusiya Federasiyası ərazisində olması digər şəxslərin hüquqlarına və qanuni maraqlarına, ictimai asayişə təhdid kimi qəbul edilir”, - DİN saytında yazılır.  Mirzəlizadə Yutub şəbəkəsində “Razqonı” adlı yumoristik verilişdə səsləndirdiyi zarafata görə Rusiya İXM-nin 20.3.1 (nifrət və ya düşmənçiliyin oyatma, eləcə də insan ləyaqətinin alçaldılması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdu və avqustun 9-da 10 sutka həbsə məhkum edilmişdi. Belarus vətəndaşı olan İdrak...
Seçilmiş Videolar