Ermənistan prezidenti Armen Sərkisyan noyabrın 25-də ölkənin "İctimai televiziya”sına müsahibəsində ermənilərin beynəlxalq miqyasdakı obrazına zərbə vurulduğunu bəyan edib.
"Ermənistandakı iqtisadi və siyasi böhran göz qabağındadır, beynəlxalq münasibətlərdə də böhran var, çünki indi bizim ölkənin və xalqın obrazı elə də müsbət deyil”, - Sərkisyan bildirib.
Prezident Ermənistanın ictimai rəy uğrunda mübarizəni uduzduğunu deyib. Onun sözlərinə görə, 1994-cü ildə Qarabağ münaqişəsinin əvvəlki mərhələsi yekunlaşarkən dünyada ermənilərə və onların Dağlıq Qarabağdakı mübarizəsinə rəğbət varıydı, amma indi hər şey dəyişib. Sərkisyan qeyd edib ki, Azərbaycan buna nail olmaq üçün uzun illər çalışıb.
"2020-ci ildəki Dağlıq Qarabağ müharibəsi ilə əlaqədar erməni xalqı ağır mənəvi-psixoloji böhran içindədir" - deyə, Ermənistan prezidenti vurğulayıb.
Azərbaycan tərəfi erməniləri mütəmadi olaraq hərbi və humanitar cinayətlərdə, ekoloji terrorda və mədəniyyət abidələrinin məhvində günahlandırır. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 25-də Ermənistanı "terrorçu dövlət” adlandırıb.