Ermənistanın Qarabağdakı müharibə zamanı istifadə etdiyi güman olunan "İskəndər" raketinin partlamasını əks etdirən video kadr ortaya çıxıb. Şahidlərin çəkdiyi videonu noyabrın 23-də "Lenta.ru" saytı yayıb.
Kadrlarda partlayış səsləri və havaya qalxan tüstü görünür. "İskəndər"in Şuşa bölgəsində yerləşən Azərbaycan hərbi qüvvələrinə qarşı istifadə edildiyi bildirilib.
Noyabrın 19-da Ermənistann keçmiş hərbi müfəttişi, general-polkovnik Movses Akopyan müharibə zamanı "İskəndər" raketindən istifadə etdiklərini etiraf etmişdi. Amma raketdən nə vaxt və harada istifadə edildiyinə aydınlıq gətirməmişdi.
ABŞ-da nəşr olunan "The Drive" jurnalı Azərbaycan və Ermənistan arasında noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən əvvəl Yerevanın ilk dəfə "İskəndər" kompleksindən istifadə etdiyini yazmışdı. "Bunlar yeni və ən güclü az uzaqmənzilli ballistik raketlərdir. Ermənistan "İskəndəri" 2016-cı ildə Rusiyadan alıb", - deyə jurnal qeyd etmişdi.