FOTO: CNN
Çində səkkiz ayda ilk dəfə koronavirus xəstəsi vəfat edib.
TASS-ın yanvarın 14-də verdiyi məlumata görə, bu barədə ÇXR-nin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat verib.
Komitənin məlumatına görə, ölüm hadisəsi Hebey əyalətində olub. Yanvarın əvvəlində bu əyalətdə virus partlayışının başladığı bildirilirdi. Əyalətin 11 milyon əhalisi olan Şiszyajuan şəhərində karantin və hərbi rejim elan edilmişdi. Şəhərə giriş-çıxış bağlanmış, məktəblər və yaşayış kompleksləri qapadılmış, poçt xidmətləri dayandırılmışdı. Hakimiyyət orqanları Şiszyajuan və Sintaya şəhərlərinin sakinlərinə bir həftə evdən çıxmamağı tövsiyə etmişdilər.
Bildirilib ki, Çində son sutka ərzində koronavirusa 138 yeni yoluxma və 78 simptomsuz daşıyıcı aşkar edilib. 28 nəfərin isə xəstəxanadan evə buraxıldığı qeyd edilib.
Ümumən Çində indiyəcən cəmi 87, 7 min koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Onlardan 82,3 min nəfəri sağalıb, 4,7 min nəfər isə vəfat edib.