Manşet

İqtisadçı: “Bütün dövlət qurumlarında korrupsiya saat kimi işləyir”

Nigar Səmədli
20 İyul, 2021
191

Nazim Bəydəmirli - sosial media

“SOCAR-da bu qədər vitse-prezidentin olması mənasızdır. Hətta çoxunun nə işlə məşğul olduğu belə məlum deyil”.

İqtisadçı Toğrul Marşallı SOCAR-ın vitse-prezidentlərinin vəzifədən azad edilməsini “Toplum TV”-yə şərh edərkən belə deyib.

SOCAR-ın üç vitse-prezidenti vəzifəsindən azad edilib.
Bununla bağlı iyulun 19-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.
Digər dərəncamlarla Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə, Tofiq Ridvan oğlu Qəhrəmanov isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.


İqtisadçı Nazim Bəydəmirli deyir ki, dövlət orqanlarında çoxsaylı müavin vəzifələrinə ehtiyac yoxdur: “SOCAR və bənzəri qurumlarda rəhbərin müavini statusunda maksimum 3 nəfər ola bilər. Nazirliklər də daxil olmaqla, bu cür qurumlarda çoxsaylı müavin postlarına gərək yoxdur”.

Toğrul Maşallı - Sosial media



Toğrul Marşallı SOCAR-da baş verənlərin təfərrüatının hələ də ictimaiyyətə açıqlanmadığını deyir: “İşdən çıxarılma daxili məsələdir. Orada nələrin baş verdiyi hələ ki açıqlanmayıb. Dediyim kimi, SOCAR-da bu qədər vitse-prezidentin olması mənasızdır və hətta çoxunun vəzifəsi belə bəlli deyil. Məlum deyil ki, onlar nə işlə məşğuldurlar. Əslində bu şəxslərin ixtisar olunmaları daha yaxşı olardı, nəinki azad edilmələri. Bu ya islahatlarla əlaqədardır, ya da onları daha yüksək vəzifələrə qoymaq istəyirlər. Bu səbəbdən bir qədər gözləyib orada nə baş verdiyini anlamaq lazımdır”.

SOCAR-ın 2020-ci ilə dair illik hesabatında qeyd olunub ki, şirkətin prezidentinə və 12 vitse-prezidentinə ötən il maaş və mükafatlardan başqa ümumilikdə 1 milyon 376 min manatlıq bonus ödənişi edilib.

Nazim Bəydəmirlinin sözlərinə görə, bu cür bonusların verilməsi həmin şəxslərin fəaliyyətlərinin uğurlu olması ilə bağlı deyil: “Azərbaycanda önəmli vəzifələrə insanlar heç də qabiliyyətinə, bacarığına, savadına və idarəetmə təcrübəsinə görə deyil, qurumun rəhbərinin birbaşa iştirakı ilə təyin olunur. Nazirliklərə, SOCAR kimi şirkətlərə bu kimi təyinatlar bəlli ənənələrdən – şəxsi sədaqət və muti davranışlardan doğur, o cümlədən yüksək vəzifələrə təyinat qohumbazlıq, tanışlıq prinsipi ilə həyata keçirilir. Bir qayda olaraq aşağı vəzifələrə də yuxarı vəzifələrdəki şəxslərin qohumları təyin olunur. Vəzifəyə təyin olunan şəxslər isə dövlət resursları ilə şəxsi vəsaiti kimi davranırlar. Bu səbəbdən də Azərbaycandakı bütün dövlət qurumlarında korrupsiya mexanizmləri saat kimi işləyir. Hər hansısa rəhbər gözdən salındıqda isə digərləri də vəzifələrindən gedir”.

Toğrul Marşallı isə deyir ki, sözügedən bonus əslində əməkhaqqıdır: “SOCAR-ın işçiləri 2019-cu ildə 2020-ci ildən daha yüksək əməkhaqqı alıblar. Bu səbəbdən burada ciddi bir problem yoxdur”.

2019-cu illə müqayisədə SOCAR rəhbərliyinin bonusları azalıb. Belə ki, 2019-cu ildə bu məbləğ 1 milyon 404 min manat, 2018-ci ildə isə 1 milyon 282 min manat təşkil edirdi. Eyni zamanda, SOCAR 2020-ci ili 1,7 milyard manat xalis zərərlə başa vurub. Bu, şirkətin konsolidə olunmuş maliyyə hesabatlarını təqdim etməyə başladığı 2008-ci ildən 2020-ci il hesabat ilinədək baş vermiş ikinci belə haldır. 2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində xalis zərərlə, 2008-2019-cu illər arasında bütün başqa illəri isə mənfəətlə başa vurub.

Manşet

Azərbaycanın Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub

25 İyul 2021

Müdafiə Nazirliyi

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Manşet

Üç ölkə Bakı Bəyannaməsi imzalayacaq

25 İyul 2021

Açıq mənbələrdən götürülüb

İyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü gözlənilir. Xəbəri Türkiyənin “Anadolu” Agentliyi  yayıb. Bildirilir ki, bu, parlament sədrlərinin üçlü formatda ilk görüşü olacaq. Məlumata görə, görüşdə Bakı Bəyannaməsi də imzalanacaq.
Seçilmiş Videolar