Manşet

Məlahət İbrahimqızı: “İnsanlar dezinformasiya və şayiələrə daha çox inanır, nəinki dövlət adamlarına” 

Vüsalə Mikayıl
23 Avqust, 2021
3102

Məlahət İbrahimqızı - Sosial media

"Saxta peyvənd pasportu alan da, verən də cinayətkardır. Onların hər ikisi cinayət edirlər. Nəticədə isə itirən özləridir”.  

Şahmar Mövsumov 


​​​​​Prezidentin köməkçisi  Şahmar Mövsümov avqustun 20-də keçirilən brifinqdə belə söyləyib.  
 
Avqustun 23-də isə Baş Prokurorluğun və DİN-in yaydığı birgə məlumatda Covid-19 pasportu satan şəxslərin yaxalandığı deyilir.  
 
Məlumatda bildirilir ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının əməkdaşları 300 manat qarşılığında vətəndaşlardan tibb müəssisəsinə gəlmədən guya peyvənd olunmaları haqda saxta sənəd təqdim ediblər.  
 
Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında isə hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşların guya vaksin olunmaları haqda saxta məlumatların “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil edildiyi qeyd olunur.  
 
Bundan əvvəl də keçirilmiş istintaq hərəkətləri zamanı Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın bəzi əməkdaşlarının 150 manat məbləğində saxta sənəd təqdim etdiyi barədə məlumat verilmişdi.   
Sual yaranır: İnsanlar vaksinasiyadan niyə yayınırlar? Və ya insanlar vaksinin effektivliyinə niyə inanmırlar?  
 
Şaiyələr, cahillik, ya… 
 

İnfeksionist və hepatoloq Mərdan Əliyev əhalinin vaksinasiyadan yayınmasının səbəbini yayılan şayiələrdə görür: 
 

Mərdan Əliyev - Sosial media 


 
“Bəziləri də düşünür ki, hansısa xəstəliyi var, vaksin olunsa, ona pis təsir edə bilər. Hərdən də olur ki, birinci doza vurulduqdan sonra şəxs koronavirusa yoluxur və bunu vaksinlə əlaqələndirirlər. Vaksindən sonra virusa yoluxub, xəstəliyi ağır keçirən və ya vəfat edən şəxslər də az deyil. Bütün bunlar əhali arasında sürətlə yayılır".   
 
 “İnsanlar dezinformasiya və şayiələrə daha çox inanır, nəinki dövlət adamlarına”, - Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı “Toplum TV”-yə açıqlamasında belə deyir.

O, ictimai nəzarəti gücləndirməyin tərəfdarıdır: “Prezidentin köməkçisi danışır, Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbərliyi danışır, deputatlar danışır. İnsanlar bizə inanmır və bu da mənə elə gəlir ki, cahillikdən irəli gəlir. Rəsmi hökumət adamlarına inanmamağı ancaq XXI əsrin cahilliyi adlandırmaq olar”.   
 
Deputat onu da qeyd edir ki, hökumət qlobal səviyyədə nəzərdə tutulan bütün tədbirləri həyata keçirib: “Əgər siz Amerikaya da baxsanız, bundan başqa metod olmadığını görəcəksiniz. Dünya ölkələri öz təcrübəsini bir-biri ilə bölüşür. İnsanların inanması üçün başqa bir yol yoxdur. Bu artıq insanların intellekti və şüurundan asılıdır. Bir də məsuliyyətindən”.   
 
Mərdan Əliyev isə  məsələnin etik tərəfinə toxunur və bunun vicdan məsələsi olduğunu deyir: “Təsəvvür edin, saxta pasport verilən şəxs bir müddət sonra virusa yoluxub ölə bilər. Amma həmin həkim  peyvəndi həqiqətən vursaydı, bəlkə də, o şəxs ölməzdi. Ona görə də bunlar puldan çox vicdan məsələsi olmalıdır”.   
 
Məcburetmə...Cəzalandırma...  
 
Yaranmış durumda çoxları çıxış yolunu ya maarifləndirmə işini gücləndirməkdə, ya da qaydaları, nəzarəti sərtləşdirməkdə görürlər.  
 
M.Əliyevin sözlərinə görə, maarifləndirmədən daha çox tətbiqi nəzərdə tutulan bəzi məcburetmə tədbirləri daha effektiv nəticə verəcək: “Müəyyən məkanlarda COVİD-19 pasportu və əks-göstəriş sertifikatının tələb edilməsi maarifləndirmədən daha təsirli olacaq. Əlbəttə ki, müəyyən hüquq çərçivəsində. Əgər şəxs istəmirsə, ona məcbur peyvənd vurmaq olmaz. Amma bəzi şərtlərin tətbiqi mümkündür. Böyük ticarət obyektlərinə, iaşə obyektlərinə girişə qadağalar qoymaqla vətəndaşları yalnız seçim qarşısında qoymaq olar”.  
 
Deputat M.İbrahimqızı isə daha sərt tədbirlərin tərəfdarıdır, saxta vaksin sənədi verənlərin hərəkətini isə cinayət kimi qəbul etməyin zəruri olduğunu vurğulayır: “Əgər bununla bağlı qanunvericilikdə boşluq varsa, bunu bir az da gücləndirmək lazımdır. Vaksin olunmaqdan birbaşa imtina edən şəxslər ev həbsində qalmalıdır və onları iş yerlərinə də buraxmaq olmaz. Dünyada, ölkəmizdə bu xəstəliyin kökü kəsilənə qədər vaksin olunmaq istəməyənlər ev

dustaqlığından buraxılmamalıdır”.   
Nəzarətsizlik yoxsa korrupsiya?  
 
M.İbrahimqızı saxta COVİD pasportlarının satılmasında heç bir nəzarətsizlik və korrupsiya hallarının olmadığını deyir: “Bu, cinayətdir. DİN, ASAN Xidmət, TƏBİB, prezidentin köməkçiləri - hamı səfərbər olunub. Sadəcə olaraq bu işi görən insanlar yaramazdırlar. Rüşvətlə bu işi törədənlər sağlamlığımıza, demoqrafiyamıza qarşı xəyənət edənlərdir”.

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

Samirə Əli
1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo