Manşet

Rüfət Səfərov: “Hakimiyyət vətəndaş cəmiyyəti fəallarının çoxunu susdurub”

Aytən Zamanova
20 İyul, 2021
800

Rüfət Səfərov - sosial media

“Toplum TV”-nin müsahibi bu gün 1 yaşı tamam olan “Müdafiə xətti” İnsan Haqları Təşkilatının həmtəsisçilərindən biri, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovdur.


2016-cı ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə Rüfət Səfərov barəsində cinayət işi açmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum etmişdi.
R.Səfərov 2019-cu ilin mart ayında - prezident İlham Əliyevin əfv sərəncamıyla azadlığa buraxılıb.
 
- Rüfət bəy, kifayət qədər ciddi ittihamla - rüşvət almaqda günahlandırılaraq həbs edildiniz, amma 5 gün sonra ev dustaqlığına buraxıldınız. Bu, necə mümkün oldu?
 
- Ramiz Mehdiyevlə Zakir Qaralov İlham Əliyevin sanksiyasını almadan məni həbs etdirdilər. Düşündülər ki, buna görə dövlət başçısı onlara təşəkkür edəcək. Amma mən həbsdə olanda dövlət başçısı İlham Əliyev Bəylər Əyyubov vasitəsilə Davosdan atama zəng edib, maraqlanıb. Atam da cavab verib ki, “Xahiş edirəm, göstəriş verəsiniz, yoxlasınlar - əgər Rüfətin mövqeyində və ya bəyanatlarında mənim zərrə qədər rolum olubsa, məsələ ictimailəşəndən sonra xəbər tutmamışamsa, ən ciddi tədbir görülsün”. Beləliklə, həmin zəngdən sonra mən azadlığa buraxıldım, amma fəaliyyətimə ara vermədim, “Hüququn qətli” adlı serial yazılar yazdım, mövcud üsul-idarənin mahiyyətini anladığım şəkildə şərh etdim. Hökumət 9 ay buna səbirlə yanaşdı. Əli İnsanov ikinci dəfə həbs ediləndə onu müdafiə etdim, geniş müdafiə mətni yaydım. Hərçənd özüm ev dustaqlığındaydım, məhkəmə istintaqı davam edirdi. Yenidən həbs olunmamağım üçün mütləq susmalıydım, amma bacarmadım. İlham Əliyev də bacarmadı, səbir kasası daşdı, məni 9 il müddətinə həbsə göndərdi. Sonrası hər kəsə bəllidir, zülm verdilər.
 
- Son dövrlərdə siyasi məhbuslara verdiyiniz dəstəklə gündəmdəsiniz. Bu yolda hansı çətinliklərlə üzləşirsiz?
 
- Hüquq müdafiəçiliyini bir kənara qoyaraq, vətəndaş Rüfət Səfərov olaraq düşünürəm ki, Azərbaycanda elə bir üsul-idarə, elə bir avtoritar rejim mövcuddur ki, korrupsiya, rüşvətxorluq, tayfabazlıq, qrupbazlıqla yanaşı, siyasi məhbus problemi də bu rejimi şərtləndirən faktorlardan biridir. Nəyə görə? Çünki Azərbaycanda söz və fikir azadlığı, mətbuat və informasiya əldə etmək azadlığı, vicdan azadlığı bir qayda olaraq iqnor edilir. Ona görə də hakimiyyətin bu siyasətinə qarşı çıxan vətəndaşlar, ictimai-siyasi fəallar qurama əsaslarla cinayət təqibinə məruz qalır. Beləliklə də vicdan məhbusu, siyasi məhbus statusları qaçılmaz olur. 1993-cü ildən bəri elə bir siyasi faza olmayıb ki, həmin dövrə siyasi məhbus kateqoriyası aid olmasın. Zaman-zaman yerdəyişmələr olub, amma bütün dövrlərdə Azərbaycanda siyasi məhbuslar olub. Hələ 2001-ci ildə Azərbaycan AŞPA-ya tam hüquqlu üzv olanda üzərinə götürdüyü öhdəliklərdən biri də bu idi ki, siyasi məhbus problemi həll olunacaq, siyasi motivlərlə həbs edilmiş cinayət işlərinə, məhkəmə hökmlərinə yenidən baxılacaq. Amma ötən 20 il ərzində Azərbaycanda siyasi məhbus problemi nəinki həll olunub, əksinə, hər rübdə siyahıya yeni vicdan məhbusları, siyasi məhbuslar əlavə edilib.


- “Müdafiə xətti”nin digər təşkilatlardan fərqi nədir?


- Təşkilatı təsis edəndə biz qarşımıza məqsəd qoyduq ki, digər müdafiə təşkilatlarının siyasi məhbus siyahılarına əsaslanaraq çağırışlar edək, yeni bir siyahı tərtib etməyə ehtiyac yoxdur. Azərbaycandakı siyasi məhbus problemilə bağlı dünyanın etibarlı siyasi mərkəzləri dəfələrlə çağırışlar ediblər, mövqe sənədləri ortaya qoyublar. 2021-ci ilin yanvar ayında AŞPA siyasi məhbuslarla bağlı qətnamə qəbul etdi, BMT-nin İşgəncələrə qarşı Komitəsi "Tərtər işi" ilə bağlı sənəd açıqladı, daha sonra AŞPA-nın 24 deputatı bununla bağlı sənəd imzaladı. Bütün bunlar göstərir ki, Azərbaycanda ədalətə dayanan mühakimə yoxdur, hakimiyyətin qolları arasında balans mövcud deyil, ona görə də qanunverici hakimiyyətlə məhkəmə hakimiyyəti icra hakimiyyətinin əlində hüquqi əlavəyə çevrilib, qanun qarşısında hamı bərabər deyil.


- Təşkilat olaraq nələrə nail ola bilmisiz?


- Bu gün “Müdafiə xətti” İnsan Haqları Təşkilatının yaranmasının 1 ili tamam olur. Bu müddət ərzində dövlət başçısı İlham Əliyevə 3 dəfə müraciətimiz olub ki, siyasi məhbusları, siyasi yüklü cinayət təqibinə məruz qalan dustaqları azadlığa buraxsınlar. Zaman-zaman bu baş verib. Mən “Biz” vətəndaş təşəbbüsləri platformasında təmsil olunanda da davamlı olaraq siyasi məhbus problemindən danışmışam. Həbsdə olanda qərara gəlmişdim ki, azadlığa çıxa bilsəm, məsləkdaşlarımla, dostlarımla mələhətləşib insan haqları sahəsində bir təşkilat quracağıq. Çünki ölkədə hüquq müdafiəçiliyi sahəsində bir boşluq var. Gəlin, açıq etiraf edək ki, vətəndaş cəmiyyəti fəallarının hamısını olmasa da, böyük əksəriyyətini hakimiyyət bu və ya digər üsullarla susdurub. Biz bu təşkilatı elan edəndə Baş Prokurorluq bizi dırnaqarası təbrik elədi - həmtəsisçilərdən biri olaraq məni Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb xəbərdarlıq etdilər. Təsəvvür edin ki, YAP Gənclər Birliyi öz rəsmi “Feysbuk” səhifəsində bir neçə dəfə məni təhdid edib. Açıq şəkildə yazıblar ki, hüquq müdafiəçisi Oktay Gülalıyevin aqibəti sənin üçün də təkrarlana bilər. Amma insanlarla təmaslarımız göstərir ki, biz doğru yoldayıq, onlarda inam yarada bilmişik, çünki müraciətlərin sayı-hesabı yoxdur. Artıq hər həftə Azərbaycanda hüquq pozuntularına dair həftəlik bülletenlər hazırlayırıq. Ay ərzində 4 bülleten və yekunda müqayisəli şəkildə aylıq hesabat olacaq. Çalışırıq ki, insan hüquqları ilə bağlı real durumu ilk növbədə daxili auditoriyaya, daha sonra isə beynəlxalq auditoriyaya çatdıraq. Zaur Əkbər “Müdafiə xətti”nin beynəlxalq təşkilatlarla əlaqələrini təmin edib.

Soldan: Zəfər Əhmədov, Rüfət Səfərov, Zaur Əkbər - Turan 


 
- Siyasi məhbusların azad edilməsilə bağlı son müraciətiniz Novruz bayramı ərəfəsində olub, həm də xeyli yumşaq formada. Müraciətinizə baxılacağına ümid edirdinizmi?
 
- Bilirsiniz, təşkilatımızın yaranması o zamana təsadüf etdi ki, Qarabağ yürüşünə görə onlarla ictimai-fəal, siravi şəxs saxlanıldı, repressiyaya məruz qaldı. Onların 37-si barəsində cinayət təqibi başlanıldı. O dövrdə hər gün həbslər olurdu və biz dostlarla müəyyən etdik ki, ölkə daxilində “Qarabağ məhbusları”nın müdafiəsi çox aşağı səviyyədədir. Biz qərara gəldik ki, nə qədər çətin olsa da, təcili surətdə təşkilatı elan edib müdafiəyə öz töhvəmizi verək. O ərəfədə “Müdafiə xətti” olaraq Azərbaycan hökumətinə saysız-hesabsız müraciətlərimiz oldu. Mən hesab etmirəm ki, hakimiyyət bizim müraciətlərimizi nəzərə alaraq bu addımları atdı. Amma çoxsaylı müraciətlərin, daxili auditoriyanın, eyni zamanda, beynəlxalq auditoriyanın çağırışlarını nəzərə alaraq “Qarabağ məhbusları” barəsində ev dustaqlığı qərarı verildi. Düzdür, bunun üçün başqa bir motiv də vardı. 44 günlük savaşdan sonra Qarabağa görə mövqe sərgiləyən şəxslərin həbsdə saxlanması absurd olardı. Həmin dövrdə biz ədalət naminə hökumətə minnətdarlığımızı ifadə etdik - qismən də olsa, insanlar barəsində ümidverici qərarlar verdiklərinə görə.
Ümidimiz olmasa, fəaliyyətimizi qura bilmərik. Bizim böyük ümidlərimiz var ki, Azərbaycanda hüquq və azadlıqlara dair uyğun şərait, mühit yaranacaq. Ümid etmək istəyirik ki, nə zamansa hakimiyyətin anlayışlı münasibətini görə biləcəyik.
 
- Sizcə, Azərbaycanda insan hüquqlarının vəziyyəti necədir: orta, orta-ağır, yoxsa ağır?
 
- Bununla bağlı qiymətləndirmələr var. Beynəlxalq təşkilatların mətbuat azadlığı ilə bağlı hesabatalrından bəlli olur ki, Azərbaycanda söz, fikir, mətbuat azadlığı üçün nəinki şərait yoxdur, ümumiyyətlə mətbuatın fəaliyyəti üçün mühit yoxdur. Bütün alternativ media resursları bloklanıb, bir qismi özününküləşdirilməklə, çap mediası sıradan çıxarılıb. Yalnız onlayn media qalıb ki, onların da əksəriyyəti xaricdən fəaliyyət göstərir. Ölkədə siyasi proses məhdudlaşdırılıb. Bəzi müxalifət partiyalarının hətta ofisi də yoxdur. Sərbəst toplaşma azadlığı de-fakto ləğv olunub. Yəni insan hüquq və azadlıqlarının hansı durumda olduğu göz qabağındadır. Biz “Müdafiə xətti” olaraq qarşımıza son dərəcə ciddi məqsədlər qoymuşuq, amma onların hamısına o zaman nail ola bilərik ki, ölkədə bu sahədə nəsə bir irəliləyiş olsun və buna bizim zərrə qədər də olsa töhvəmiz olsun. O zamana qədər bizim fəaliyyətimiz qənaətbəxş hesab oluna bilməz. Baxmayaraq ki, təşkilatın mövqeyi təkcə daxili auditoriyada deyil, artıq beynəlxalq müstəvidə də diqqətə alınır. ABŞ Dövlət Departamentinin son hesabatında, o cümlədən, Fransanın əsas nəşrlərindən biri olan “Le Mond” qəzetində “Müdafiə xətti”nin də mövqeyinə yer verilib.


- Təşkilat olaraq ən çox hansı faktlara diqqət ayırırsız?
 
- 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əhəmiyyətli hissəsində 1700-dən çox hərbçimiz repressiya qurbanı olub, pis rəftara məruz qalıb. 11 hərbçimiz edam olunub, 25 hərbçimizsə uzunmüddətli həbsə məhkum olunub. Təkcə yerli hüquq müdafiəçiləri, təndiqçilər yox, dünyanın ən önəmli siyasi-hüquqi mərkəzi olan qurumun - BMT-nin İşgəncələrə qarşı Komitəsi də bunları təsdiqləyib və bununla bağlı sənəd yayıb. Gec də olsa, AŞPA da bu yaxınlarda ortaya mövqe sənədi qoydu. Hakimiyyətin siyasətinə müxalif olan bəzi təşkilatlar, liderlər, vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiə təşkilatları insanlıq əleyhinə olan bu cinayəti ölkənin daxili işi kimi qiymətləndirirlər. Nə vaxtdan hüquq və azadlıqların kobud şəkildə tapdalanması ölkənin daxili işi olub? Demokratik dünyada, xüsusilə də 21-ci əsrdə belə yanaşma yoxdur.

Sosial media


 
- Rüfət bəy, ananızın Sizə dəstək olması barədə tez-tez yazırsız. Atanız Eldar Sabiroğlunun isə Sizdən hətta imtina etdiyi xəbəri yayılmışdı. Hazırda Eldar bəylə münasibətiniz necədir?
 
- Ata-oğul olaraq, qeyri-siyasi mənada bizim heç bir zaman problemimiz olmayıb. Mənim yetişməyimdə rolu olan bir-iki şəxsdən biridir Eldar Sabiroğlu. Amma siyasi müstəvidə həmişə problemlərimiz olub. Bu, açıq şəkildə 2015-ci ilin dekabr ayında bəlli oldu. Mən öz istəyimlə prokrorluqdan ayrılandan sonra. Əslində, başadüşüləndir, çünki mənim atam Heydər Əliyevin silahdaşlarından, YAP-ın yaradıcılarından, bu partiyanın kifayət qədər gənc deputatlarından biri olub. 1998-ci ildə prezidentliyə namizəd olan H.Əliyevin mətbuat katibi olub. Daha sonra uzun illər Müdafiə Nazirliyi kimi mühüm bir strukturun sözcüsü, mətbuat katibi olub. Və günün birində övladı onun ideyalarına qarşı çıxış edir, hesab edir ki, atasının bu illər ərzində müdafiə etdiyi siyasi dünyagörüşü doğru deyil. Bu mənada, təbii ki, bizim ata-oğul olaraq münasibətlərimiz yumşaq ola bilməzdi. 2 il əvvəl - azadlığa buraxılandan sonra səhhətimlə bağlı Türkiyəyə getmişdim, orda atamın “Azadlıq” radiosuna müsahibəsini izlədim və çox təəssüfləndim. Tərif, həm də əsassız təriflər vardı. Həmin müsahibədən sonra hakimiyyətə qarşı sərt münasibətimi və hesab edirəm ki, haqlı olaraq sərt münasibətimi ortaya qoydum, Eldar müəllim də buna əsəbi reaksiya verdi. Onda mən bu məsələni ona görə ictimailəşdirdim ki, atama təzyiqlərin olmasıyla bağlı şübhələrim vardı. Ona görə də cəmiyyətə bildirdim ki, buyurun, baxın, hətta bir ailənin içində də belə bir fikir ayrılığı var. Şükürlər olsun ki, cəmiyyət məni səmimi qəbul etdi.
Bir məsələni də qeyd etmək istəyirəm. Münasibətlərimizdəki bu qədər böyük ziddiyyətə, mənim hakimiyyətə qarşı mövqeyimə baxmayaraq təxminə 3-4 ay bundan öncə atamın ağır əməliyyat xərclərini İlham Əliyevlə Mehriban Əliyeva öz üzərlərinə götürdülər. Atam ağır Parkinson xəstəsidir. Mən ona yaşadığımız evi satmağı təklif etdim, razılaşmadı. Hökumətə, Heydər Əliyev Fonduna, ayrı-ayrı orqanlara müraciət etməyə isə mən razılaşmazdım, çünki atamın müalicəsi elə mənim müalicəmdir, biz bir canıq. Mən haqlı olaraq bu hökumətin siyasətini tənqid etdiyim halda, yardım müraciətinə qətiyyən razılıq verməzdim. Amma günün birində prezidentin köməkçisi Anar Ələkbərov atama zəng vurub deyib ki, rəhbərlik ona Eldar Sabiroğlunun vəziyyətiylə maraqlanmaq üçün göstəriş verib, müalicə xərclərini öz üzərlərinə götürmək istəyirlər. Atam diqqət göstərdikləri üçün prezidentə və Mehriban xanıma təşəkkür edib, bildirib ki, “oğlumun mövqeyinə görə bu iş alınmaz”. Ona cavab verilib ki, bu məsələnin Rüfət Səfərovla heç bir əlaqəsi yoxdur. Atam bunu mənə xəbər verəndə dedim ki, özləri maraqalanıblar, sağ olsunlar, bu sənin haqqındır və təbii ki, təşəkkürümü ifadə edəcəm, amma fəaliyyətimdə fasilə ola bilməz.
İstanbulda atam beyin əməliyyatı keçirdi, hazırda səhhəti qismən bərpa olunub. Sağ olsunlar, təxminən 100.000 manata yaxın əməliyyat xərcini ödədilər. Atamla birlikdə ölkəyə qayıdandan sonra mən “Reaksiya TV”-yə mühasibə verdim və dövlət başçısı İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürümü bildirdim. Onların yardım təşəbbüsü mənimçün gözlənilməz idi, bunu yüksək qiymətləndirdim və təşəkkür etdim, bir daha təşəkkür edirəm.
 
- Müsahibələrinizin birində demisiz ki, "Azərbaycanda demokratiyanın bərqərar olacağı günə qəlbən inanıram. O gün uzaqda deyil". Sizcə, hələ ümid var?
 
- Harda olmağımdan asılı olmayaraq mən həmişə inandığım məsləyin və ideyanın arxasında olmuşam. Sadəcə olaraq hazırkı hökumətin gerçək mahiyyətini, idarəetmə sisteminin iş prinsipini bilmək və öyrənmək üçün daxildə olmaq şərt imiş. Məsələn, mən prokurorluqda fəaliyyət göstərənə qədər hüquq-mühafizə orqanlarındakı münasibətlər sistemini bu həddə təsəvvür edə bilməzdim. Mən orada işləyib bildim ki, müstəntiq, prokuror, idarə rəisi, baş idarə rəisi, Baş prokuror, onun müavini, nazir - heç biri müstəqil deyillər. Baş prokuror Kamran Əliyev və onun əməkdaşları, Daxili İşlər Naziri Vilayət Quliyev və onun əməkdaşları, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev və onun əməkdaşları ayrı-ayrılıqda və küllən hazırki hakimiyyətin hüquqi maşalarıdır. Zakir Qaralov 20 il bu ölkənin Baş prokuroru oldu, amma bir dəfə də olsun, dövlət başçısının qarşısında, müşavirələrdə, parlamentdə yaddaqalan bir çıxışı, mövqeyi olmadı. Amma ədalət naminə deməliyəm ki, hazırda həbsdə olan keçmiş Baş prokuror Eldar Həsənovun nitqlərini tam olmasa da, qismən xatırlayıram. Adam Baş prokuror kimi özünü ifadə edirdi. Heydər Əliyevin yanında çıxış edərkən təşəbbüskarlığı, mövqeyi vardı. Baş prokurorun səlahiyyətlərini müəyyən mənada büruzə verə bilirdi.
 
- Bütün bu dediklərinizə rəğmən demokratiyanın qələbə çalacağı günün uzaqda olmadığına inanırsız?
 
- Məndə belə bir inam olmasa, inanın ki, ciddi fəaliyyətdə olmazdım, canfəşanlıq etməzdim, həvəsdən düşərdim. Mən məsləkdaşlarıma, hazırkı hakimiyyətlə mübarizə aparan dostlara, siyasi təsisatlara, Azərbaycan xalqına inanıram. Bu o xalqdır ki, 44 gün ərzində ortaya qoyduğu bütövlüklə nəinki regionu, bütün dünyanı heyran etdi. Ola bilməz ki, hökumətin bu qədər qanunazidd davranışlarına Azərbaycan xalqı uzun zaman susqun qalsın. İstərdim ki, biz bu təkamülü ağrısız başa vuraq. Tarixdən də bizə məlumdur ki, xalqın təkidinin, iradəsinin qarşısında ən amansız rejimlər də davam gətirə bilməyib. Çünk xalq yüzlər, yüzminlər deyil, milyonlardır.
 
- Sizin susqunluğunuzu pozan nə oldu?
 
- Mənə çoxları deyir ki, Rüfət, bəyəm bu hakimiyyətin şər, qaranlıq mahiyyəti sənə bəlli deyildi ki, 34 illik ömrünün şüurlu hissəsini səbr elədin və 34 yaşında bu addımı atdın? Bilirsiniz, haqlı sualdır, amma cavabın mahiyyətinə varanda insanlar məni anlayacaq. Əvvəla, bunu etmək kifayət qədər riskli bir addım idi, sonra nələr ola biləcəyini mən bu qərarı verməzdən xeyli əvvəl düşünürdüm. Nələrlə üzləşəcəm və mən özümü necə aparmalıyam - həm psixoloji, həm də fiziki olaraq özümü hazırlayırdım ki, bir gün bu barədə qəti qərar verim. Bir az mütaliəyə, dünyagörüşümü artırmağa da ehtiyac vardı, çünki Azərbaycan cəmiyyətinə özünü açıq şəkildə ifadə etmək üçün müəyyən bir təcrübə də lazım idi. Mən Kənd Təsərrüfatı Nazirliyində işləyəndə o vaxt "Azadlıq” və "Yeni Müsavat" mənim stolüstü qəzetlərim idi. Bunu bütün nazirlik bilirdi və mənə deyirdilər ki, bir gün gedib nazirin qulağına çatacaq və sənin barəndə sərt tədbirlər görəcək. Mənim heç vecimə də deyildi, fikirləşirdim ki, bir gün ya məni qovacaqlar, ya da mən özüm ordan çıxacam. Amma onda özümü ifadə etməkdə çətinlik çəkirdim.
 
- Nə mənada?
 
- Nitqi qurmaq, mövqeyini əsaslandırmaq üçün insanın bəlli bir təcrübəyə, yaşa, mütaliəyə, bilgiyə ehtiyacı var. Mən bunu 2015-ci ildə hiss etdim. Qərarımı qətiləşdirən məhz elə bu hissiyyat idi. Düşündüm ki, bu addımı atmalıyam. Xatırlayıram ki, mənim işdən ayrılmağımla bağlı xəbərlər günlərlə gündəmdə qaldı, təqiblər və sairə oldu. Çünki Azərbaycan cəmiyyəti üçün bu məsələ yenilikdir. Necə olur ki, sistemin içində oturasan, çoxları üçün bu əlçatmaz olan bir yerdə, həm də bir neçə il işləyəsən və günün birində əlinin tərsi ilə bütün bunlardan imtina edəsən. Azərbaycan cəmiyyəti belə şeylərə öyrəşməyib. Çünki hökumət ümumən 1969-cu ildən, xüsusən isə 1993-cü ildən Azərbaycan cəmiyyətini həm də maddi mahiyyətə yönəldə bilib. Çoxlarına görə mən ağılsızam, çünki hansısa rayonun prokuroru ola bilərdim, yüksələ biləcəyim postlar təklif edilirdi. Mən özümü başa düşəndən tam inanmışam və bilmişəm ki, mövcud YAP hökuməti idarəçiliyi yalan, şər, qaranlıq, saxtakarlıq üzərində qurulub. Bunu dərindən başa düşmüşəm, özümdə cəsarət tapmışam və bu gün çox rahatam.

Manşet

DYP-nin mopedlə bağlı təzə qərarına sürücülərin reaksiyası: “Pul tələsidir”

Aytac Məmmədli
26 Sentyabr 2021

Aytac Məmmədli - Toplum TV

Şəhərdəki tıxacdan təngə gələnlər çıxış yolunu motosikl və moped sürməkdə görürlər. Lakin bu nəqliyyat vasitələrinin sürücülərinin bəzən yol qaydalarını pozması ətrafakıların narazılığına səbəb olur. Üstəlik də son 2 ildə ölkədə motosikl və mopedlərdən istifadə edən kuryerlərin sayı artıb. Avtomobil sürücülərinin dediklərinə görə, onlardan bəziləri sifarişləri ünvana tez çatdırmaq üçün təhlükəsizlik qaydalarına önəm vermir, qəza şəraiti yaradırlar. Senytabrın 21-də Bakı şəhər Baş Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov deyib ki, moped sürücüləri ilə bağlı qanunvericilikdə dəyişiklik olacaq. İdarə rəisinin sözlərinə görə, mopedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və sürücülərdən A1 sürücülük vəsiqəsi tələb edilə bilər. V. Əsədov bu...
Manşet

Belarus vətəndaşı Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edildi

30 Avqust 2021

İdrak Mirzəlizadə - Açıq mənbələrdən götürülüb

Rusiya Daxili İşlər Nazirliyi stendapçı komik İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib.  Bu barədə Lenta.ru xəbər verir. “İdrak Mirzəlizadə öz publik çıxışında rus millətinə mənsub şəxslərə qarşı nifrət və düşmənçilik aşılayan ifadələrə yol verib. Buna görə də onun Rusiya Federasiyası ərazisində olması digər şəxslərin hüquqlarına və qanuni maraqlarına, ictimai asayişə təhdid kimi qəbul edilir”, - DİN saytında yazılır.  Mirzəlizadə Yutub şəbəkəsində “Razqonı” adlı yumoristik verilişdə səsləndirdiyi zarafata görə Rusiya İXM-nin 20.3.1 (nifrət və ya düşmənçiliyin oyatma, eləcə də insan ləyaqətinin alçaldılması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdu və avqustun 9-da 10 sutka həbsə məhkum edilmişdi. Belarus vətəndaşı olan İdrak...
Seçilmiş Videolar