Məhkəmə

“Baku Steel” işi: Korrupsiya vasitəçiləri ifadə verir  

10 Oktyabr, 2022
561

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi davam edir. 

Oktyabrın 10-da məhkəmə yenə şahidləri dindirib. İlk olaraq Natiq Həşimov ifadə verib. Bu şəxs onlarla saxta şirkətlərin yaradılmasından, həmin şirkətlərin hesabına vəsaitlərin köçürülməsindən, nağdlaşdırılıb geri qaytarılmasından danışıb. Deyib ki, pulları çıxarıb “Azeri Steel 2009” MMC-nin mühasibi Mübariz Səmədova verib. 

Natiq Həşimov deyib ki, “Azeri Steel 2009” şirkətinə dəmir qırıntıları təhvil verib, buna görə pul alıb. Məhkəmənin suallarını cavablandırarkən bildirib ki, həmin şirkətləri geyim gətirib satmaq məqsədilə yaradıblar. Şahid əvvəl deyib ki, şirkətlərə dəmirin pulu köçürülür, o da həmin pulu çıxarıb “Hacı”ya verirmiş. Ancaq sonra şahid sözünü dəyişib, deyib ki, ümumiyyətlə, o şirkətlərin necə yaranmasından xəbəri yoxdur: “Bilmirəm kim açıb mənim adıma, ya zəlzələdən, ya vəlvələdən açılıb”.

Şahid sualları cavabıandırarkən şirkətlərin hesablarına hansı dövrdə və nə qədər pul köçürüldüyünü xatırlamadığını bildirib. 

Hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Bundan sonra şahid bildirib ki, 2003-2004-cü ildə Şirvanda hərbi xidmətdə olanda Elmar Ələkbərov adlı şəxslə tanış olub. İllər sonra onu görəndə söhbət əsnasında işsiz olduğunu, maddi baxımdan çətinlik çəkdiyini deyib. Bir müddət sonra Elmar Ələkbərov ona zəng edərək, iş təklifi olduğunu deyib: “Dedi ki, adıma şirkətlər açılacaq, ora göçürülən pulun 1.5-2 faizi də mənə veriləcək. Razılaşdım. Pul köçürüləndə gedib çıxarırdım hesabdan, aparıb Hacıya verirdim”.

Natiq Həşimovun istintaqa ifadəsində 28 şirkət adı çəkilib. Bu şirkətlər onun və başqalarının adlarına təsis edilib. Onun sözlərinə görə, hər şirkət 200-300 manat müqabilində kiminsə adına açılıb: “Azeri Steel 2009” MMC-dən həmin şirkətlərə nəqliyyat xərci adı altında pullar köçürülürdü. O pulları mən çıxarırdım, aparıb Mübariz Səmədova verirdim”.

Cinayət işinin materiallarında iddia olunur ki, Rasim Məmmədov “Azeri Steel 2009” şirkətini yaradıb, onun vasitəsilə “Baku Steel Company”ə ziyan vurub. Yəni “Baku Steel Company”nin istehsal etdiyi armaturlar bu şirkətə daha ucuz qiymətə satılıb. Bu şirkət isə ucuz aldığı məhsulları daha baha qiymətə satıb. 

Rasim Məmmədov “Baku Steel Company”nin onunla bağlı cinayət işində zərərçəkmiş kimi tanınmasına etiraz edib: “Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, tutulan da mənəm. Amma zərərçəkmiş kimi zavodu tanıyırsız. Bu necə olur? Əsl zərərçəkmiş mənəm. Bütün əmlaklarım satılıb, kiminsə borcunu ödəməyə görə, 22 aydır həbsdəyəm. Sanki yatmışam, yuxudayam, kimsə məni oyatmalıdır ki, belə şey ola bilməz. Vaxt gələcək, cənab prezident hər şeyi biləcək. Bir anlıq təsəvvür edin ki, “Chanel” firması Azərbaycana 800 avroya çanta satır, Azərbaycan da onu 1500 avroya satıb. İndi durub kimsə Azərbaycanı ittiham edir ki, niyə belə eləyirsən? Belə şey olar? Bu işdə məndən başqa heç kimə ziyan dəyməyib. 22 aydır valideynlərimi, uşaqlarımı görə bilmirəm. Başa düşə bilmirəm ki, mən yatmışam, yoxsa dəlixanaya düşmüşəm? Bəzi məmurlar mənim kimi biznesmenləri cənab prezidentin gözündən salır. Eelə bilirlər kimsə bu vəziyyətdə gətirib Azərbaycana sərmayə qoyacaq? Kimsə öz puluyla zavod alır, tikir, sonra tutub salırlar içəri, deyirlər ki, öz zavoduna ziyan vurmusan. Tutmaq istəyirlərsə, tutsunlar, bunun üçün başqa yollar var – tapança qoysunlar, bomba qoysunlar, yoxsa bu nədi? Heç olmasa, mənim işimdə “Baku Steel Company”ə zərərçəkmiş deməyin, üçüncü tərəf deyin. Mənim beynim qaçmışdı ki, 2010-cu ildən pul qoyum, zavod alım, inkişaf elətdirim türməyə düşmək üçün? İndi zərərçəkmiş kimi burada iştirak edən adamlar mənim düzəltdiyim kabinetlərdə oturur, mənim zavodumdan maaş alır. Kimsə özündə cəsarət tapıb düşünü danışmırsa, o demək deyil ki, mənim danışdığım həqiqət deyil. Sonra da deyirlər, niyə investisiya qoymaq istəmirlər? Cənab prezidentə yalan məlumat verilir. Hərə qoltuğuna bir papka götürüb gedir cənab prezidentin yanına... Mənə DTX-da deyirlər ki, 500 milyon pul qazanmısan. Birincisi, o qədər qazanmamışam. İkincisi də yaxşı eləmişəm. Mən dövlət məmuru deyiləm ki. Nə vaxtsa bu söhbətlərin üstü açılacaq, məni bura saldıranların özləri gəlib burada oturacaq. Kimisə şərləmək kişi işi deyil...”

Rasim Məmmədov ötən məhkəmə iclasında şahid kimi dindirilmiş uşaqlıq dostu, “Baku Steel Company”də onun birinci müavini olmuş, bu cinayət işi üzrə həbs edilib, bir müddət sonra azadlığa buraxılan və məhkəmədə gəlib onun əleyhinə ifadə verən Çingiz Həsənovdan da danışıb: “Çingiz Nərimanov prospektində banan satırdı, onu orada gətirib iş verdim. İndi gəlib burada mənimlə elə danışır ki... Çünki həbsdəyəm. Anlamır ki, illərlə dostluq elədiyi adamın üzünə durana heç kim hörmət eləmir”.

Bu cinayət işi üzrə əsas şahidlərdən biri də uzun illər Rasim Məmmədovla birlikdə işləmiş və dost olmuş Yusif Hənifəzadədir. 

O, məhkəməyə teleqram və “Zəfəran hospital”dan arayış göndərib. Arayışda yazılıb ki, Yusif Hənifəzadə hospitala müraciət edib, ona xroniki böyrək xəstəliyi diaqnozu qoyulub. Ona 10 gün yataqda qalmaq tövsiyə edilib. Rasim Məmmədov və vəkilləri isə onun məhkəmədə dindirilməsini vacib sayıblar: “İstintaq zamanı Rasim Məmmədovun əleyhinə ifadə vermiş şahidlərin hamısının məhkəməyə gətirilməsi təmin olunsun. İndiyədək məhkəmə çağırışı göndərilən, amma gəlməyən şəxslər haqqında isə məcburi gətirilmə qərarı çıxarılsın”, - vəkillər tələb edib. 

Məhkəmə iclası oktyabrın 14-də davam edəcək. 

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Əvəz Zeynallıya hökm oxundu

26 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Toplum TV xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər. Məhkəmə müşavirədən qayıdandan sonra hökm elan edilib. https://toplum.tv/multimedia/pevez-zeynallinin-mehkemesi-edaletli-houmlkm-isteyirikp Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma maddəsilə həbs edilib. Daha sonra onun barəsində cinayət işinə yeni maddələr əlavə olunub. Əvəz...
Məhkəmə

Avropa Məhkəməsi hökuməti cərimələdi: 4 müxalifətçiyə təzminat ödəməlidir

22 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevral ayının 22-də Azərbaycandan göndərilmiş 4 ərizə ilə bağlı qərarını elan edib. Toplum TV "aihmaz.org" saytına istinadən xəbər verir ki, Rasim İsaqov və başqa 3 ərizəçi Azərbaycana qarşı işində ərizəçilər – Rasim İsaqov, Əli Abdullayev, Mübariz Abdulkərimov, Rauf Abdurəhmanlı azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarına müdaxilələrin qanunsuzluğundan, habelə, ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət etmişdilər. Ərizəçilərdən Ə.Abdullayev, M.Abdulkərimov və Rauf Abdurəhmanlı həmçinin, Konvensiyanın 18-ci maddəsinin pozuntusunu mübahisələndirmişdilər. https://toplum.tv/mehkeme/pldquoisccedili-masasirdquonin-hebsde-olan-rehberi-hakime-etiraz-edibnbspp Ərizəçilərdən R.İsaqovun işi vərəqələr yayması səbəbindən onun saxlanılması və inzibati qaydada məhkum edilməsi ilə bağlı idi. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçi 22 dekabr 2014-cü il...

Seçilmiş Videolar

Toplum TV loqo