“Baku Steel” işi: Uşaqlıq dostları məhkəmədə üz-üzə qalıb
Rasim Məmmədov:
- Mən elə bilirdim sən mənim uşaqlıq dostumsan, indi başa düşürəm ki, biz heç vaxt dost olmamışıq.
Şahid:
- Rasim, sən istəyirsən hamı desin ki, pulları biz götürmüşük, sənin də guya heç nədən xəbərin olmayıb?..
Oktyabrın 3-də “Baku Steel Company”nin faktiki sahibi olmuş Rasim Məmmədovla keçmiş müavini Çingiz Həsənov bir-birlərinə qarşılıqlı ittiham irəli sürüblər.
Məhkəmə Çingiz Həsənovu şahid kimi dəvət etmişdi.
Çingiz Həsənovla Rasim Məmmədov uşaqlıq dostu olublar.
Sonradan - Rasim Məmmədov tutulanadək münasibətləri işgüzar müstəvidə davam edib. Belə ki, Rasim Məmmədov bir neçə il əvvəl Çingiz Həsənovu özünə maliyyə işləri üzrə müavin götürüb.
Rasim Məmmədov tutulanda o da kənarda qalmayıb, DTX onu da eyni maddələrlə həbs edib.
Kassadan “yoxa çıxan” 13 milyon manata görə 8 ay özü demişkən, “içəridə” yatıb, 6 ay əvvəl barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib.
İbtidai istintaq zamanı onun cinayət işi Rasim Məmmədovun işindən ayrılaraq başqa icraata verilib.
Bu günsə məhkəmə onu Rasim Məmmədovun işi üzrə dindirməyə çağırıb. Ancaq Rasim Məmmədovun vəkilləri onun şahid qismində dindirilməsinə etiraz ediblər.
Bildiriblər ki, eyni iş üzrə təqsirləndirilən şəxs burada şahid qismində dindirilə bilməz.
Vəkil Zibeydə Sadıqova:
- Bu adam eyni iş üzrə təqsirləndirilir. Yalan ifadə verməsi cinayət sayılmır. Burda yalan ifadə verə bilər. Ona görə də onun şahidlər siyahısından çıxarılmasını istəyirik.
Hakim:
- Biz şahidə hüquqlarını başa salırıq. O, yalnız özünə münasibətdə ifadəsində yalan danışa bilər, başqalarına münasibətdə yalan danışması cinayət hesab olunur. Özü ilə bağlı sualları cavablandırmaya bilər, ancaq Rasim Məmmədovla və işin digər hallarıyla bağlı sualları cavabandırmalıdır.
Çingiz Həsənov Rasim Məmmədovla məktəb yoldaşlığından, uşaqlıq dostluğundan danışa-danışa gəlib “Baku Steel Company”yə çatanda uşaqlıq dostları arasında söz davası düşüb.
Çingiz Həsənov 2017-ci ildən yığılıb qalmış kəsirlərə görə tez-tez Rasim Məmmədova xatırlatmalar etməsindən, Rasim Məmmədovun onu dinləməməsindən danışanda Rasim Məmmədov qəzəblənib:
- Çingiz, sən bilmirdin o pullar hara gedir?
Çingiz Həsənov:
- Təxminən...
Rasim Məmmədov sözünü kəsir:
- Çingiz, təxminən yox, sən yaxşı bilirdin o pullar hara gedir.
Çingiz Həsənov:
- Sən istəyirsən deyək ki, pulları biz götürmüşük, sənin heç nədən xəbərin yoxdur?..
Rasim Məmmədov:
- Mən heç vaxt deməmişəm ki, pulları sən götürmüsən...
Çingiz Həsənov:
- Rasim, sənə əlli min dəfə demişdik ki, 13 milyon manatı kassaya qoymaq lazımdır, buna görə başımız ağrıyacaq. Sənə son günədək dedik ki, pulları qoy yerinə. Adam bir az mənliyini, şərəfini qoruyar, biz şərəfimizi qorumuşuq, sənə demişik ki, bu pulu gətirib yerinə qoymaq lazımdır.
Rasim Məmmədov:
- Çox maraqlı adamsan.
Çingiz Həsənov:
- Sən maraqlı adamsan, gəlib düşmüsən ilyarımdır bura, hələ də başa düşmürsən nə baş verib, yazıq...
Rasim Məmmədov:
- Yazıq sənsən, sən heç vaxt mənimlə bu tonda danışa bilməmisən...
Çingiz Həsənov:
- Danışa bilməmişəm, çünki özümüzü, şərəfimizi, ailəmizi qorumuşuq.
Hakim tərəfləri sakitləşdirməyə çalışıb.
Rasim Məmmədovsa davam edib:
- Aybaay pulların hara getdiyindən xəbərin olurdu?
Çingiz Həsənov: - Olurdu.
Rasim Məmmədov:
- Mənə gəlməyib ki?
Çingiz Həsənov:
- Rasim, sənə aid xərclərə də gedib, zavodların tikintisinə də gedib, evlərin alınmasına...
Rasim Məmmədov:
- Yox, sən düz danışmrısan, sən sözlə deyirsən, mən sənədlə danışıram, bütün sənədləri də məhkəməyə vermişəm.
Bu gün də “Baku Steel”in mənə sənədlə 8 milyon 500 min borcu var. Elə 13 milyonu götürüncə öz pulumu götürərdim də...
Çingiz, sən də yaxşı bilirsən ki, mən kassadan heç nə götürmürdüm, bəli, mənim tapşırığımla kiməsə gedə bilər, ancaq mən götürməmişəm. Başqa tapşırıqlar olub, düzdür, adlar var, biz o adları çəkmək istəmirik.
Çingiz Həsənov nəsə demək istəyir. Rasim Məmmədov əvvəlki məhkəmələrdə barəsində danışdığı qeyd dəftərlərinə qayıdır: "Çingiz, DTX gələndə, məni tutanda sənin yanında dəftərlərimi verdim, gördün. Bilirsən ki, mən hər şeyin qeydiyyatını aparmışam. Pulu göndərirdim, mənə zəng gəlirdi, deyilirdi ki, “aldıq”, mən də dəftərimə qeyd edirdim”.
Fasilədən sonra məhkəmə iclasının davamında şahidin istintaq dövründə verdiyi ifadə elan olunub.
Çingiz Həsənov həmin ifadəsində kassada yaranan kəsirlərlə bağlı danışıb.
O bildirib ki, Rasim Məmmədov həmin pulları şəxsi xərclərinə sərf edib. Rasim Məmmədovsa ifadəsini belə bitirib: “Mənim pulum gedib, zavodlarım gedib, özüm də gəlib oturmuşam burda. Kimsə kiminsə malını satıb göndərib N saylı mərkəzə. Problem məndədir ki, bu zavodu almışam”.
Hakim növbəti məhkəmə iclasını oktyabrın 7-nə təyin edib.
Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.
Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.
Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.
Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq
Toplum TV
Sosial media