Məhkəmə

Əli Əliyev işi – dustaqlar partiya sədrini yekəxanalıqda günahlandırır 

 

Leyli Cəfərova
5 Noyabr, 2022
585

Açıq mənbələrdən götürülüb

Vətəndaş və İnkişaf Partiyasının sədrinin yeni açılan cinayət işi üzrə məhkəmədə qarşılıqlı ittihamlar səslənib. Kamera yoldaşları onu yekəxanalıqda, o isə digər dustaqları çörəyini yeyib nankorluq etməkdə günahlandırıb. 

“Bu, mənim siyasi fəaliyyətimə qarşı yönəlmiş qondarma bir cinayət işidir. Prokurorluq daha çox həbsdə saxlanmağım üçün bu qondarma ittihamı mənə yapışdırmağa çalışıb, siz də icraata götürmüsüz”. 

Bunu noyabrın 5-də Sabunçu rayon Məhkəməsində mühakiməsi başlayan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. 

Əli Əliyev həbsdədir və dördüncü dəfədir ki, haqqında cinayət işi açılır. Bundan əvvəl Əli Əliyev müxtəlif ittihamlarla üç dəfə mühakimə edilib. VİP sədri 2022-ci ilin fevralından həbsdədir. 2023-cü ilin yanvarında həbs müddəti bitəcək, azadlığa buraxılacaqdı. Ancaq bu il avqustun sonlarında elə həbsdə ola-ola barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Bədənə az ağır xəsarət yetirmə) maddəsiylə yenə cinayət işi başlanıb. Partiya sədri bu dəfə öz kamera yoldaşı Zabit Nəzərova xəsarət yetirməkdə təqsirləndirilir. Ancaq Əli Əliyev ittihamı qondarma adlandırıb. 

Məhkəmədə Əli Əliyevin hüquqlarını vəkillər Şəhla Hümbətova və Toğrul Babayev müdafiə edir. Onlar məhkəmə qarşısında bir neçə vəsatət qaldırıblar. Bu vəsatətlər Əli Əliyevin şüşə qəfəsdən çıxarılaraq, vəkillərin yanında oturdulması, hadisənin baş verdiyi iddia olunan kameradakı daha iki dustağın da məhkəmədə əlavə şahid kimi dindirilməsi, prosesin audio və videoyazılarıyla, iş materialları və protokollarla vəkillərin tanış olması, Əli Əliyevin səhhətiylə bağlı mülki müəssisədə müayinə olunması, zərərçəkmiş Zabit Nəzərovun kəllə-beyin travması almasıyla bağlı (iddia olunur ki, Əli Əliyevin onu vurması nəticəsində yaranıb) MRT, KT və digər müayinə sənədlərinin, həkim rəyinin məhkəməyə təqdim olunması, kəllə-beyin travmasıyla bağlı rəy vermiş ekspert Elçin Gülmalıyevin məhkəməyə çağırılıb dindirilməsi ilə bağlı olub. Hakim prokuror Vüsal Abdullayevin də fikrini öyrənəndən sonra yalnız vəkillərin audio və videoçəkilişlərlə, məhkəmə protokollarıyla tanışlıqla bağlı vəsatətini təmin edib. Bir neçə vəsatət təmin olunmayıb, bir neçəsi isə hələlik baxılmamış saxlanılıb. Prokuror ittiham aktının nəticəvi hissəsini elan etdikdən sonra hakim Əli Əliyevə ifadə verməyi təklif edib. Əli Əliyev deyib ki, hazırkı mərhələdə ifadə vermək istəmir. O, ifadəsini zərərçəkmiş və şahidlər dindiriləndən sonra verəcək. 

Sonra zərərçəkmiş Zabit Nəzərov ifadə verib. O, bildirib ki, Bakı İstintaq Təcridxanasının 10-cu korpusunun 4-cü kamerasında Əli Əliyev və daha iki dustaqla yaşayır. Təcridxanayla müqavilələr əsasnda dustaqlardan üçü fəhlə, Əli Əliyevsə kitabxanaçı işləyir və buna görə maaş alırlar. Kameranın təmizliyinə növbəli qaydada baxırlar. Nəzərov deyib ki, avqustun 23-də səhər saat 10 radələrində İstintaq Təcridxanasındakı ərzaq dükanından ərzaq alıb kameraya qayıdanda Əli Əliyev üstünə acıqlanıb: «Qışqırdı ki, niyə yeri süpürməmisən, niyə qabları yumamısan. Dedim ki, bir dəfə də özün yığışdır. Stolu aşırtdı, ərzaqları dağıtdı, boğazımdan yapışıb sıxdı, sonra da digər stolun üstündəki şüşə bankanı götürüb başıma çırpdı, mən huşumu itirdim. Sonrasından xəbərim olmadı». 

Zərərçəkən vəkillərin, prokurorun, təqsirləndirilən şəxsin və hakimin suallarını cavablandırarkən bildirib ki, Əli Əliyevlə təxminən 6 ay imiş ki, eyni kamerada yaşayırmış. Əli Əliyev heç vaxt kamera yığışdırmayıb: “Biz ona həmişə hörmətlə, ağsaqqal kimi yanaşırdıq, təmizlik işi görməyib, həmişə özümüz yığışdırmışıq. Ancaq bu dəfə üstümə qışqıranda acığıma gəldi, hər şeyin bir həddi var. 

Əli Əliyev: - Sən necə dolanırdın? Sənə yeməyi kim verirdi? 

Zərərçəkən: - Evdən yemək gəlirdi. 

Əli Əliyev: - Yalan deyirsən. 

Zərərçəkən: - Balanda da yeyirdim. 

Əli Əliyev: - Sən nadürüstsən. Görün mənim üzümə kimi qoyublar. Mən bunun şəxsiyyətinin araşdırılmasını tələb edirəm. Bu adam əvvəllər yol polisi olub, barəsində 149 nəfərin şikayəti olub. Dələduzluq etdiyinə görə vətəndaşların şikayətləri əsasında işdən qovulub, həbs olunub. Görün mənim üzümə kimi qoyublar. Yaxşı, sualıma cavab ver, korpusda su daimi verilirdi? 

Zərərçəkən: - Yox. 

Əli Əliyev: - Səhər saat 10 radələrində su gəlirdi? 

Zərərçəkən: - Yox, gəlmirdi. 

Əli Əliyev: - Əgər su gəlmirdisə, mən səndən qabları yuyub, otağı süpürməyi necə tələb edə bilərdim? 

Zərərçəkən: - Mən yalan danışmıram, sağ əlinlə boğazımdan tutdun, sol əlinlə bankanı götürüb başıma vurdun. 

Əli Əliyev zərərçəkənə daha bir neçə sual verib, zərərçəkənsə eyni sözləri təkrarlayıb: “Sağ əlinlə boğazımdan yapışdın, sol əlinlə bankanı götürüb başıma çırpdın”. 

Əli Əliyev məhkəməyə bildirib ki, zərərçəkmişin dedikləri yalandır. 

Məhkəmə şahidləri dindirib. Şahidlərsə elə Bakı istintaq Təcridxanasının nəzarətçiləri olub. Əvvəlcə məhkəmə salonuna ifadə vermək üçün Əhəd Abdıyev dəvət olunub. O, ifadəsində göstərib ki, Bakı istintaq Təcridxanasının rəis müavini işləyir. Avqustun 23-də iş otağında olarkən 10 saylı rejim korpusunda hadisə baş verdiyi bildirilib və həmin korpusa təcili həkim çağırılıb. O da korpusa gedib: “4-cü kameraya tərəf gedəndə gördüm ki, dustaq Zabit Nəzərovu xərəkdə aparırlar. Kameraya girdim, ətraf dağınıq vəziyyətdə idi, masa aşırılmışdı, ərzaqlar yerdəydi. Əli Əliyev dedi ki, “payını aldı”. İnzibati binaya apardıq, faktı təsdiqləsə də, izahat yazmaqdan imtina etdi. 

Vəkil Toğrul Babayev: - Dəhlizdə müşahidə kameraları varmı? 

Şahid: - Bəli. 

Vəkil: - Kameradakı görüntülər yaddaşda saxlanılıbmı? 

Şahid: - Onu bilmirəm. 

Vəkil: - Bu boyda hadisənin baş verdiyi iddia olunur, özü də həbsxanada, iki dustaq arasında, ancaq hadisənin baş verdiyini sübuta yetirəcək görüntülər yoxdur? 

Şahid: - Bu məsələ mənə aid deyil, təcridxana rəhbərinin işidir. 

Sonra təcridxana nəzarətçisi İlkin Qubadov ifadə verərək bildirib ki, 4-cü kameranın qarşısından keçərkən səs-küy eşidib. Kameraya daxil olanda ətrafın dağıldığını, dustaq Zabit Nəzərovun yerdə huşsuz vəziyyətdə uzandığını görüb. Əlinə keçən əski parçasıyla dustağın alnından axan qanın qarşısını almağa çalışıb və təcridxana işçilərini köməyə çağırıb. 

Təcridxananın əməliyyat üzrə müvəkkili Türkel İbrahimov şahid ifadəsində deyib ki, korpuslarda gündəlik həyata keçirilən baxış qrupunun rəhbəridir. Qrup üzvləriylə 4-cü kameranın qonşuluğundakı kameralara baxış keçirəndə səs-küy eşidiblər və həmin kameraya gediblər: “İlkin dustaq Zabit Nəzərovun başına əski parçası tutmuşdu, yerdə qan ləkələri vardı, dustağı xərəyə qoyub apardılar. Dustaq Əli Əliyev dedi ki, “payını verdim”.  

Məhkəmə daha bir neçə təcridxana nəzarətçisini dindirəndən sonra eyni kamerada yaşayan (biri artıq azadlıqdadır) iki nəfər də ifadə verib. Bildiriblər ki, Əli Əliyev kamerada onlara qarşı öz dillərindən desək, yekəxana aparıb: “Təmizlik işləri görmürdü, üstümüzə qışqırırdı”. 

Əli Əliyev kamera yoldaşlarının bu sözlərindən əsəbiləşib və ona gətirilən sovqatlardan qidalandıqlarını dilə gətirib. 

Şahid ifadələri bitdikdən sonra hakim yenə Əli Əliyevə ifadə verməyi təklif edib. Əli Əliyev deyib ki, yorğundur. Hakim növbəti məhkəmə iclasını noyabrın 11-nə təyin edib. 

2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin hökmüylə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib. 

Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. 

Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

"Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – Əli Əliyev bildirib.

Bu il iyunun 23-də isə cəzası daha 6 ay uzadılıb. Budəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Ramiz Göyüşovun 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə intim videosu yayılandan sonra o, YAP-dan kənarlaşdırılıb.

Ramiz Göyüşov iddia ərizəsində partiya sədrinin "Bumerang” internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini səbəb gətirib. 

O, xüsusən VİP sədrinin onun haqqında işlətdiyi "masturbant” ifadəsini özünə təhqir hesab edir.

Əli Əliyev son sözündə deyib ki, bu ifadə tibbi termindir, təhqir sayıla bilməz.

Buna baxmayaraq, məhkəmə VİP sədrini təqsirli bilib və həbsdə saxlanma müddəti 2023-cü ilin yanvarına qədər uzadılıb.

Əli Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3 maddəsində 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və 1 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Alimpaşa Məmmədov: “Bu adamları təyin edəndə demişəm ki…”

Leyli Cəfərova
1 Fevral 2023
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Yanvarın 31-də məhkəmə yenə xeyli sayda şahid dindirib. İstintaqın gəldiyi nəticəyə görə, Şəmkirdə əhalinin siyahıya alınmasında iştirak etmiş dövlət qurumlarının işçilərinə buna görə pul ödənilib və həmin ödəmələr onlardan toplanaraq Alimpaşa Məmmədova ötürülürmüş. Bağça müdirəsi: “Elə bildik o pul dövlətə qaytarılır” Şəmkirdəki 8 saylı uşaq bağçasının keçmiş müdirəsi Validə Şükürova ifadə verib: “Siyahıyaalmadan əvvəl deyildi ki, pul veriləcək. İşləyən iki nəfər pulu aldı, işləməyən altı nəfərin pulunu - 1188 manatı alıb verdik Pərvin Gözəlova. Elə bildik o pul dövlətə qaytarılır. Biz onun göstərişlərini yerinə yetirirdik, çünki icra...
Məhkəmə

Mühasibi intihar edən lombardın sahibinə 5 il həbs cəzası verildi

Leyli Cəfərova
31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan lombard sahibi, “Gold Kredit 10” MMC-nin rəhbəri, iş adamı Kazım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.    Araşdırmalar zamanı lombarddan 39 nəfər şikayətçinin olması, onların ümumilikdə 1,5 kiloqram qızıl-zinyət əşyalarının mənimsənilməsi məlum olub. Bu qızılların bazar qiyməti isə təxminən 76 min manatdan çox olub.    “Pulları ələ keçdirdi, sonda da özünü öldürdü”     Təqsirləndirilən Kazım Məmmədov ifadəsində vəziyyətin bu yerə çatmasında şirkətin keçmiş mühasibi Nahidənin günahkar olduğunu bildirib. O, mühasibin lombarda qoyulmuş qızıllara görə toplanan 200 min manata yaxın vəsaiti ələ keçirdiyini, lakin əməlləri üzə çıxdıqdan sonra intihar etdiyini deyib: ...

Seçilmiş Videolar

Toplum TV loqo