Məhkəmə

İlkin Süleymanovun məhkəməsində sənədlər elan olunub

Leyli Cəfərova
27 İyul, 2022
140

Açıq mənbələrdən götürülüb

İyulun 27-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edib. Məhkəməyə sədrlik edən hakim Dadaş İmanov məzuniyyətdə olduğuna görə məhkəmə iclasına 1 aydan çox fasilə verilmişdi.

Bugünsə məhkəmə iclası sənədlərin tədqiqi ilə davam edib. Hakim İlkin Süleymanovun ilk dindirilməsinin protokolunu elan edib. Onun 2020-ci il yanvarın 8-də səhər saat 10.00-dan günorta 14.00-a qədər şahid qismində dindirildiyi məlum olub.

O, həmin ifadədə bildirib ki, yanvarın 6-da axşam saatlarında siqaret çəkmək üçün küçəyə çıxıb, evləriylə üzbəüzdə yerləşən ərazidə nəyinsə yandığını görüb. İ.Süleymanov öncə zibil yandığını zənn etdiyini, yaxınlıqdakı ağaclara ziyan dəyməməsi üçün dərhal ora getdiyini, ancaq yananın meyit olduğunu gördüyünü və dərhal həmin əraziyə bitişik evin sahibi Nazim Vəliyevi çağırdığını söyləyib. Daha sonra polis əməkdaşı olduğuna görə İlkin Süleymanovun əmisi oğlu və qonşusu olan Murad Süleymanovu çağırdıqları qeyd edilib.

Onun bir gün sonra şübhəli şəxs qismində verdiyi ifadədə isə cinayəti könüllü şəkildə etiraf etdiyi iddia olunur.

Elan edilən sənədlərdən o da məlum olub ki, İlkin Süleymanov şahid qismində dindirildiyi gün, yanvarın 8-də onların evinə də baxış keçirilib, amma oradan şübhəli heç nə tapılmayıb. Bu, protokolda da əksini tapıb. Evdə İlkin Süleymanova aid əşyalar və paltarlar yoxlanılıb. Bundan bir gün sonra isə baxış zamanı Süleymanovların həyətindən qan ləkəsi tapıldığı iddia olunub.

İlkin Süleymanovun paltarlarının nə vaxt götürülməsi məsələsində vəkillərlə prokuror arasında fikir ayrılığı yaranıb. Vəkillər bildirib ki, istintaqın sonunda onlara təqdim olunan iş materiallarında vaxt göstərilməyib.

“Bizə həmin sənədləri prokurorluq istintaqın sonunda flaş diskdə təqdim edib. Belə çıxır ki, sonradan sənədlərə müəyyən əlavə və dəyişikliklər edilib. Bizdəki sənədlərdə tarix olmayıb, prokurordakı sənəddə tarixin göstərilməsini izah etmək mümkün deyil”, - vəkillər vurğulayıblar.

Əvvəlki məhkəmə iclaslarında dindirmə zamanı təqsirləndirilən şəxsin əmisi oğlu Murad Süleymanov demişdi ki, həmin gecə saat 4 radələrində Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov da daxil olmaqla, bir sıra polis əməkdaşları hadisə yerinə gəliblər: “Rəis mənə dedi ki, sən keç evinizə. Mən də getdim. Bilmədim ki, niyə ora girirdilər...”

Murad Süleymanov həmin vaxt orada olan polislərdən Azər Məmmədovun da adını çəkmişdi. Amma o, həmin gecə Süleymanovların həyətində olmadığını, öz evində yatdığını desə də, telefon anten dairələrilə bağlı sənəd onun dediklərinin əksini göstərmişdi. Məlum olmuşdu ki, gecə saat 04.26-da Azər Məmmədov İlkin Süleymanovgilin evinin yanında olub. Murad Süleymanovun dediyinə görə, adıçəkilən şəxs ona zəng edib, ondan uzadıcı istəyib.

Məhkəmədə meyitin müayinəsi ilə bağlı protokol, üstündəki paltarların siyahısı d elan edilib. Sənəddə bütün paltarların ölçüləri yazılsa da, meyitin özünün ölçüsü haqda heç nə yoxdur.

Bir saata yaxın davam edən məhkəmənin sonunda hakim yenə 1 aylıq fasilə elan edib. O, bunu digər hakimin məzuniyyətə getməsiylə əlaqələndirib.

Növbəti məhkəmə iclası avqustun 24-nə rəyin edilib.

2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

Bu məhkəmə iclası təxminən 1 ildir davam edir. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.

İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb.

Baş Prokurorluqsa işgəncə faktlarını təkzib edib.

Məhkəmə ötən 1 il ərzində həm də xeyli şahid dindirib. Əksər şahid ifadələri İlkin Süleymanova qarşı irəli sürülmüş ittihamları şübhə altına alıb.

Məhkəmə

Daha bir keçmiş mühacir məhkəmə qarşısına çıxarılır  

Leyli Cəfərova
9 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Samir Aşurov adam döyməkdə ittiham olunur      Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Bakı şəhər sakini Samir Aşurovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  Toplum TV xəbər verir ki, cinayət işi hakim Məhəmməd Əkbərovun icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 19-a təyin edilib.  https://toplum.tv/mehkeme/selim-muslumov-kommersiya-sirlerine-gore-mehkemesinin-qapali-kecirilmesini-isteyib Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham ediblər (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi -xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). O, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.  İyulun 21-də...
Məhkəmə

Səlim Müslümov kommersiya sirlərinə görə məhkəməsinin qapalı keçirilməsini istəyib

Leyli Cəfərova
8 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Məhkəmə baxışı avqustun 15-nə təyin olundu      Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinə hazırlıq iclası keçirilib. İclasda Səlim Müslümov özü barəsində anket məlumatları verib.   Vəkillər Toğrul Vəliyev və Ayxan Rüstəmzadə məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatət verdilər. Vəkillər bu vəsatəti Səlim Müslümovun pedaqoji fəaliyyəti və  kommersiya sirriylə əlaqələndirilər. Səlim Müslümov vəkillərin vəsatətini dəstəklədi. Məlum olduğu kimi, Səlim Müslümov bir neçə aydır ki, ev dustaqlığına buraxılıb. Dövlət ittihamçısı Babaxan Həsənəliyev ev dustaqlığıyla bağlı qərarın qüvvədə saxlanmasını təklif etdi. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra...

Seçilmiş Videolar

Toplum TV loqo