Məhkəmə

 “Location” məhkəməsi: Müttəhimlər özlərini təqsirli bilmir 

Leyli Cəfərova
25 İyul, 2022
179

Açıq mənbələrdən götürülüb

İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə paytaxtın mərkəzindəki “Location” gecə klubunda baş vermiş partlayışla bağlı məhkəmə baxışı davam etdi.

Aprelin 3-də gecə saatında baş vermiş partlayışa görə məhkəmə önünə Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədov çıxarıldı.

Məhkəmə iclası başlayan kimi zərərçəkmiş Adil Mehdiyevin nümayəndəsi mülki iddia qaldırdı. O, hər üç təqsirləndirilən şəxsin mülki cavabdeh kimi tanınmasını istədi. Hakim mülki iddianı qəbul etdi.

Sonra hakim məhkəmə istintaqının başladığını bildirərək ittiham aktını elan etməsi üçün sözü dövlət ittihamçısı Babaxan Həsənəliyevə verdi. İttiham aktı elan olunduqdan sonra hakim müttəhimlərdən ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşdu. Hər üçü də ittihamı rədd etdi. Hakim onları ifadə verməyə dəvət etdi. Müttəhim Rəsul Rəsulov vəkiliylə məsləhətləşəndən sonra ifadə verəcəyini dedi.

“Partlayışdan sonra xəbər göndərdilər ki, dur, gəl”

Daha sonra digər təqsirləndirilən şəxs Orxan Səfərli sərbəst ifadə verdi. O, partlayış baş vermiş gecə klubuyla heç bir bağlılığı olmadığını bildirdi.

“Məni ora klubun təsisçisi kimi yazıblar. Halbuki mənim o məsələyə aidiyyətim olmayıb. Guya Rəsul Rəsulov (digər təqsirləndirilən şəxs – red.) deyib ki, göstərişi məndən alıb. Mənim təsisçi olmağım barədə heç bir sübut yoxdur. Oranın təsisçisi İsrail Usubov (iş üzrə şahid qismində keçir – red.) olub. 2018-ci ildə İsraillə Ayxan şirkət təsis edilib. Ora əvvəl çay evi kimi fəaliyyət göstərib. Mənim orayla heç bir əlaqəm olmayıb. Sadəcə, İsraillə dostluq münasibətim olub. Pandemiya dövründə Ayxanla İsrailin münasibətləri bitdi. Ayxana məxsus olan şirkətin 50 faizi mənim adıma keçdi. Bu da İsrailin təkidiylə oldu. Sonradan çay evini “Pub”a çevirdilər. Mən orada direktor olsam da, faktiki olaraq bu işi icra etməmişəm. Heç bir idarəçilik işinə baxmamışam. Partlayışdan sonra xəbər göndərdilər ki, dur gəl”.

“İsrail qalıb kənarda, məni tutub atıblar həbsə...”

Dövlət ittihamçısının suallarını cavablandırarkən müttəhim dedi ki, həmin klubda vur-tut 3-4 dəfə qonaq qismində olub: “Partlayışdan 45 gün əvvəl MMC-nin direktoru vəzifəsindən də çıxmışam. Mənim o obyektə heç bir aidiyyətim və əlaqəm olmayıb. Orda bütün qərarları İsrail Usubov verib. Bütün işləri də özləri edib. Adamları işə Rəsul Rəsulov götürüb. İndi İsrail qalıb kənarda, onu şahid kimi cəlb ediblər, məni tutub atıblar həbsə...”

Orxan Səfərli dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırarkən bir daha bildirdi ki, klubla heç bir əlaqəsi olmayıb, yalnız sənədləri imzalayıb.

“Sənədləri olmadığına görə orada yoxlama apara bilmirdim”

Məhkəmə digər təqsirləndirilən Ruslan Məmmədovun da ifadəsini dinlədi. Ruslan Məmmədov ifadəsində bunları dedi: “Mən həmin əraziyə hadisədən 1 ay əvvəl inspektor kimi təyin olunmuşdum. Ərazidə yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparırdım. Ancaq mən fəaliyyətə başlayanda həmin klubun müəyyən sənədləri olmadığına görə orada yoxlama apara bilmirdim”.

İttihama görə, bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının birinci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Səbəb kimi gecə klubunun mətbəxində istifadə olunan qaz balonunun partlaması göstərilir.

Partlayış nəticəsində ölənlər olub və xeyli insan yaralanıb.

İstintaq zamanı iaşə obyektini icarəyə götürən “Merser food” MMC-nin administratoru Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovun vəzifələrinin icrası zamanı səhlənkarlığa yol verdiyi bildirilir. O, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi üzrə 53 nəfər zərərçəkmiş qismində tanınıb.

Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs-qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

 

 

Məhkəmə

Daha bir keçmiş mühacir məhkəmə qarşısına çıxarılır  

Leyli Cəfərova
9 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Samir Aşurov adam döyməkdə ittiham olunur      Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Bakı şəhər sakini Samir Aşurovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  Toplum TV xəbər verir ki, cinayət işi hakim Məhəmməd Əkbərovun icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 19-a təyin edilib.  https://toplum.tv/mehkeme/selim-muslumov-kommersiya-sirlerine-gore-mehkemesinin-qapali-kecirilmesini-isteyib Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham ediblər (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi -xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). O, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.  İyulun 21-də...
Məhkəmə

Səlim Müslümov kommersiya sirlərinə görə məhkəməsinin qapalı keçirilməsini istəyib

Leyli Cəfərova
8 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Məhkəmə baxışı avqustun 15-nə təyin olundu      Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinə hazırlıq iclası keçirilib. İclasda Səlim Müslümov özü barəsində anket məlumatları verib.   Vəkillər Toğrul Vəliyev və Ayxan Rüstəmzadə məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatət verdilər. Vəkillər bu vəsatəti Səlim Müslümovun pedaqoji fəaliyyəti və  kommersiya sirriylə əlaqələndirilər. Səlim Müslümov vəkillərin vəsatətini dəstəklədi. Məlum olduğu kimi, Səlim Müslümov bir neçə aydır ki, ev dustaqlığına buraxılıb. Dövlət ittihamçısı Babaxan Həsənəliyev ev dustaqlığıyla bağlı qərarın qüvvədə saxlanmasını təklif etdi. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra...

Seçilmiş Videolar

Toplum TV loqo