Məhkəmə

MTN işi: Mövlam Şıxəliyev yenə məhkəmə qarşısına çıxarılır

29 Noyabr, 2022
241

Açıq mənbələrdən götürülüb

Mövlam Şıxaliyev

Baş Prokurorluğun Mövlam Şıxəliyevə qarşı protest vermə müddəti bərpa olunub, iş materialları yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Toplum Tv xəbər verir ki, məhkəmə iclası dekabrın 5-nə təyin edilib.

Bakı Hərbi Məhkəməsində sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun cinayət işi üzrə Baş Prokurorluğun protest vermə müddəti bərpa olunub. Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun hüquqi varisi tanınan həyat yoldaşı və digər zərərçəkən Elşən Mədətov apellyasiya şikayəti vermə müddətləri də bərpa olunaraq şikayətlər əlavə olunmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.  

https://toplum.tv/mehkeme/selim-muslumov-isinde-sahid-20-min-manat-verib-dsmf-nin-sobe-mudiri-oldum

Keçmiş MTN-çilərin cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində ilk baxış noyabrın 22-də keçirilib. Hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı Murad Vəliyev məhkəmənin şikayət vermə müddətlərinə xüsusi diqqət yetirməsini xahiş edib. Məlum olub ki, iş üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun hüquqi varisi tanınan həyat yoldaşı və digər zərərçəkən Elşən Mədətov apellyasiya şikayətlərini müddəti ötürməklə təqdim ediblər. Eyni zamanda iş üzrə Baş Prokurorluğun təqdim etdiyi protestin də müddət ötürülməklə verildiyi aydınlaşıb. İlqar Murquzovun sədrlik etdiyi hakim heyəti müddət məsələsinə baxılması üçün cinayət dosyesini Bakı Hərbi Məhkəməsinə qaytarmışdı. Bakı Hərbi Məhkəməsi qısa müddətdə işə baxaraq müvafiq qərar qəbul edib və qərar Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar. Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Maraqlıdır ki, Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apellyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apellyasiya şikayətlərində qeyd ediblər.

Baş Prokurorluğu narazı salan, protest verilməsi üçün əsas kimi götürülən isə Mövlam Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş, üzərilərinə ibtidai istintaq dövründə həbs qoyulan çoxsaylı əmlakların Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyevlərə qaytarması olub.

İş üzrə zərərçəkmişlər də vaxtilə MTN-də onlardan alınmış pulların geri tələb edirlər. Onlar həmin məbləğlərin qaytarılması tələbi ilə məhkəmə prosesinin əvvəlində mülki iddialar qaldırıblar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış ediblər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını qismən təmin edib. Bakı Hərbi Məhkəməsinin son qərarı ilə bu siyahıya daha iki zərərçəkən qatılıb. 

Mülki iddiaların qismən təmin olunması zərərçəkənləri hökmdən narazı salan əsas məqamdır. Ümumilikdə isə onlar Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər. Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Onlar alternativ ekspertiza təyin olunmasını da tələb edirlər. Öz təşəbbüsləri ilə alternativ ekspertiza da keçirilməsinə nail olublar. Həmin ekspertizanın gəldiyi qənaətlə ibtidai istintaq dövründə aparılan təqribi qiymətləndirmə arasında çox ciddi fərq var. Faktiki bazar qiyməti 250-300 min manat olan əmlak ibtidai istintaq dövründə 50 min manata qiymətləndirilib. Belə hesablama ilə cinayət işi üzrə mülki iddiaları təmin edilən zərərçəkənlərə Mövlam Şıxəliyev və başının dəstəsi tərəfindən vurulan ziyanın 20-30 faizi ödənilə bilər. 

Sabiq MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulması ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb. İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin özgə əmlakını hədə-qorxu ilə tələb edib alması, həmçinin səlahiyyət həddini aşmaları və sübutları saxtalaşdırma ilə əlaqəli cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edilmişdi.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham elan olunmuşdu. Cinayət işi üzrə 36 zərərçəkmiş var. Onlardan 3 nəfəri yolu MTN-dən keçəndən sonra xəstəlik taparaq dünyasını dəyişib. Zərərçəkmiş Cahangir Məmmədov isə intihar etməklə həyatına son qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Məhkəmə: Saxta müqavilələr,  maliyyə arayışları, təkrar satılan mənzillər

Leyli Cəfərova
28 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

“Sahil-S İnşaat” MTK-nın sədri Taley Alaverdiyevin, “GG Company” MMC-nin direktoru Pənah Kərimovun, V“Star-M” MTK və “ŞANS” MTK-nın sahibi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu işlər məhkəmə baxışına göndərilib.  Sahibkarlar Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq. Taley Alaverdiyevlə Pənah Kərimov eyni müttəhimlər kürsüsünü bölüşəcək. Şirkət sahibləri əlbirlikdə təqsirləndirilir.  V“Star-M” MTK və “ŞANS” MTK-nın sahibi Məhərrəm Məhərrəmovun işisə başqa icraatdadır.   İttiham aktında göstərilib ki, “Sahil-S” İnşaat Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə çoxsaylı müraciətlər daxil olub.  Aparılan istintaq-əməliyyat tədbirləri ilə Taley Alaverdiyevin Pənah...
Məhkəmə

Əlillərin Bərpa Mərkəzinin baş həkimi bir ildə iki dəfə məhkum edildi

Leyli Cəfərova
28 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

“Düşündük ki, vəzifəli adamdır, əli hər yerə çatır, inandıq, hər pul istəyəndə verdik ki, işlərimizi düzəltsin”.     Bu sözləri məhkəmədə Rəfiqə Seyidova deyib. O, tanışı Könül Abbasova tərəfindən aldadıldığını iddia edib.     Könül Abbasova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi olub. Elə həmin vəzifədə işləyərkən Rəfiqə Seyidovanın inamını qazanıb. Bu münasibətlərsə müttəhimlər kürsüsünədək davam edib. İndi tərəflərdən biri zərərçəkmiş, digəri məhbusdur.     Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi keçirilən Könül Abbasova baş həkim işləyərkən ərinə, kürəkəninə, oğlanlarına iş axtaran Rəfiqə Seyidovaya deyib ki, ətrafında rüşvətlə adamları yaxşı işə...

Seçilmiş Videolar

Toplum TV loqo