"MTN işi": Dairə Seçki Komissiyası sədrini MTN-ə çağırıb 300 min dollar tələb ediblər
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə “MTN işi” davam edir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodik yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sentyabrın 13-də zərərçəkmişlər, daha sonra isə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə çıxışı ediblər.
Zərərçəkmiş Elşən Mədətov çıxışında deyib ki, prezident seçkiləri zamanı onu MTN-ə dəvət ediblər. Həmin vaxt o, Dairə Seçki Komissiyalarından birinin sədri olub. Onu MTN-nə çağıran Vüsal Ələkbərova DSK sədri olduğunu və hazırda başı seçkilərə qarışdığını deyib. Vüsal Ələkbərov Mövlam Şıxəliyevlə məsləhətləşdikdən sonra ona bildirib ki, gedib seçkiləri yola versin, çağıranda gəlsin. Seçki bitəndən sonra yenə çağırılıb, Vüsal Ələkbərov ona bildirib ki, Mövlam Şıxəliyev onun zavod sahibi olduğunu, çoxlu pul qazandığını bilir və 300 min dollar gətirməsini tələb edir: “Sonra məbləği 200 min dollara endirdilər. Mən o pulu toplayıb verəndən qısa müddət sonra çağırıb əlavə 100 min dollar da tələb etdilər. Onu da verməli oldum. Vaxtilə baltalarının arxası da, qabağı da kəsirdi, çağırıb hədə-qorxu gəlib, istədiklərini alırdılar. İndi burda oturublar (müttəhimlər kürsüsündə əyləşmiş Mövlam Şıxəliyevin göstərir), zəhmət çəkib məndən aldıqlarını geri qaytarsınlar”.
Sonra başqa zərərçəkmiş Namil Rzayev məhkəmə çıxışı edib. O, deyib ki, şəxsən Mövlam Şıxəliyev onu həbslə hədələyərək pul tələb edib. O da Bakının mərkəzində yerləşən mənzilini sataraq pulunu Mövlam Şıxəliyevə verib.
“Moskva” Univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu, Mövlam Şıxəliyevə 123 min dollar verdiyini deyən, məhkəmədə zərərçəkən qismində çıxış edən Ələddin Əliyev də zərərin ödənilməsini tələb edib. Deyib ki, onu MTN-ə Yasin Məmmədov aparıb. Bir sutka orada saxlanılıb. 500 min dollar tələb edilsə də, 123 min dollar toplaya bilib və özü demişkən, canını MTN divarları arasından xilas edə bilib. O, hakimə bunları deyib:
“Mənin heç bir cinayətim olmaya-olmaya tutub MTN-ə apardılar. 123 min dollar verdikdən sonra buraxdılar. Ancaq istintaqı aparan müstəntiq bunu belə qələmə verib ki, guya mən həmin məbləği hansısa cinayətimin ört-basdır edilməsi üçün vermişəm. Mövlam Şıxəliyevə mənimlə bağlı epizod üzrə rüşvətalma maddəsi verilib. Halbuki, o, məndən rüşvət almayıb, mənə hədə-qorxu gələrək alıb o pulu... Gördüm şərləyib həbsə göndərəcəklər, məcbur olub, tapıb, verdim. Həmin vaxt bunların kəsdiyi başa sorğu-sual yox idi”.
Zərərçəkmiş məhkəmədən maddələrin təqsirləndirilən şəxslərin əməllərinə düzgün tövsif edilməsi üçün işin ibtidai istintaqa qaytarılmasını xahiş edib.
İş üzrə daha bir zərərçəkən, bir müddət əvvəl intihar etdiyi bildirilən Cahangir Məmmədovun hüquqi varisi Arif Məmmədovsa deyib ki, ona dəyən zərər siyahıdakı digər 35 zərərçəkmişin hamısından daha artıqdır: “Bizim pullarımızla yanaşı qardaşım da əlimizdən gedib, onu necə qaytaracaqlar? Mənə dəyən ziyan zərərçəkənlərin heç birinə dəyməyib. Mənim pulumu qaytarsalar da, qardaşım Cahangiri qaytara bilməzlər. Qardaşım bunların cinayətlərinə dözməyib özünü öldürdü. Hazırda da ailəsi evsiz-eşiksiz qalıb. Nəyi vardısa, satıb bunlara verdi, sonra da özünü öldürdü. Heç olmasa vicdanları olsun, balalarına bi rev alıb versinlər, uşaqlar çöldə qalıb”.
Məhkəmədə vəkillər də çıxış edib. Mövlam Şıxəliyevin vəkillərindən biri olan Arzu Cavadova ibtidai istintaqın qeyri-obyektiv aparıldığını deyib: “Cinayət işi Mövlam Şıxəliyevə yalan-gerçək ittiham verilməsi üçün aparılıb. Məhkəmədə isə heç bir zərərçəkən birbaşa Mövlam Şıxəliyevə pul verdiyini deyə bilmədi. Mövlam Şıxəliyev istintaq idarəsində ancaq nəzarət-inzibati işlərə baxıb. O, prosessual şəxs olmayıb. MTN-in İstintaq Baş İdarəsində aparılan cinayət işləri üzrə istintaqa Baş Prokurorluğun MTN-də istintaqa nəzarət edən idarəsi baxır. Həmin idarənin prokurorları daimi cinayət işlərinin başlanıb-başlanmamasından tutmuş ittiham aktının tərtib edilməsinə qədər bütün prosessual hərəkətlərə nəzarət ediblər. Həbs qətimkan tədbirləri Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təqdimatı əsasında seçilib, əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə tövsif olunub. Bu göstərişlər Mövlam Şıxəliyevə verilib və həmin göstərişlərin icrasına o, nəzarət edib. Pul alınıb, alınmayıb, kimin tərəfindən alınıb, kimə verilib, bunlar istintaq tərəfindən dəqiq araşdırılmayıb”.
Vəkil çıxışının sonunda məhkəmədən Mövlam Şıxəliyevə bəraət verilməsini istəyib.
Vüsal Ələkbərovun da vəkili müvəkkilinə verilmiş 3 epizod üzrə çıxış edib: “Vüsal Ələkbərova ittiham elan olunmuş maddələr üzrə ona 2017-ci ildə cəza təyin olunub. Ali Məhkəmə həmin cəzanı 12 ildən 5 ilə endirib və şərti hesab etməklə Vüsal Ələkbərov azadlığa buraxılıb. O zaman bu epizodlar üzrə ittiham verilsəydi, bu gün o, eyni ittihamlarla məhkəmə qarşısında olmazdı”.
Vəkil bildirib ki, müvəkilli barəsində dövlət ittihamçısının tələb etdiyi cəzadan əvvəlki hökmlə çıxarılmış cəza çıxılmalıdır. Fikirini belə əsaslandırıb ki, həmin hökm üzrə müvəkkili cəzasını çəkmiş hesab olunur.
Vüsal Ələkbərova verilən yeni ittihamlardan danışarkən vəkil deyib ki, ibtidai istntaqda və məhkəmə istintaqında ittihamlar təsdiqini tapmayıb: “Pul alınması və alınıbsa, kimə verilməsi sübut olunmayıb”.
Vəkil bu əsasla Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Vəkilin çıxışından sonra söz alan dövlət ittihamçısı təqsirləndirilən Vüsal Ələkbərovla bağlı hissədə əvvəlki çıxışına düzəliş etmək istədiyini açıqlayıb. O, Vüsal Ələkbərova əvvəl tələb etdiyi cəzadan imtina etdiyini, 12 il cəza tələbini 15 illik cəza tələbi ilə əvəzlənməsini məhkəmədən xahiş edib. Dövlət ittihamçısının təqsirləndirilənə 15 il cəza tələbi məhkəmə zalında iştirak edən zərərçəkənlərin alqışlamasına səbəb olub. Vüsal Ələkbərov reaksiya verməyib.
Dövlət ittihamçısı çıxışının davamında Vüsal Ələkbərova tələb etdiyi 15 illik cəzadan onun barəsindəki əvvəlki hökm üzrə çəkdiyi 5 illik şərti cəzanın nəzərə alınmasını istəyib. Yekun cəza təyinini isə məhkəməyə buraxıb.
Digər təqsirləndirilən şəxslər Sahib Ələkbərovun, Yasin Məmmədovun vəkilləri də məhkəmədən bəraət hökmü çıxarılamsını istəyiblər.
Mövlam Şıxəliyev və daha bir neçə MTN vəzifəlisi ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Təqsirləndirilən şəxslərdən biri Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.
Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilirlər. Ancaq onlar məhkəmədə ittihamları qəbul etməyiblər. Prokuror Mövlam Şıxəliyevə 14, Yasin Məmmədovla Vüsal Ələkbərova 15, Sahib Ələkbərova 10 illik həbs cəzası istəyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
AzərTac
Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər”
Açıq mənbələrdən götürülüb
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?