MTN işində zərərçəkmişlər hakimə: Mövlam Şıxəliyevə “müəllim” deməyiniz çıxaracağınız hökmü indidən bəlli edir
Bir aylıq fasilədən sonra - iyulun 26-da Bakı Hərbi Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin, istintaq idarəsinin rəis müavini, birinci şöbənin rəisi Yasin Məmmədovun, istintaq idarəsinin ikinci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsi davam edib.
Məhkəmədə sonuncu iclasda 6 zərərçəkənin verdiyi vəsatətlərə münasibət bildirildi. Həmin vəsatətlərlə zərərçəkmişlər hakimə etiraz etmişdilər. Onlar etirazlarını hakimin vaxtilə Hərbi Prokurorluqda mühüm işlər üzrə müstəntiq işləməsi, 2003-2004-cü illərdə MTN-in İstintaq İdarəsinə ezam oedilməsi, həmin vaxt nazirliyin İstintaq Baş İdarəsində rəis vəzifəsində işləyən Mövlam Şıxəliyevlə işgüzar münasibətlərinin olmasıyla əlaqələndirmişdilər.
“Hakim Elbəy Allahverdiyev hazırda təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vaxtilə rəhbərliyi altında fəaliyyət göstərib. Hazırda da səmimi ünsiyyətlərini davam etdirirlər. Hesab edirik ki, bütün bu hallar hakimin məhkəmə istintaqının nəticəsində maraqlı olması üçün əsasdır. Hakim məhkəmə iclaslarında dəfələrlə Mövlam Şıxəliyevlə bağlı tərəf ortaya qoyub, ona “müəllim” deyə müraciət edib və sair. Biz hakimin bu işdə ədalətli hökm çıxaracağına şübhəylə yanaşırıq”,- vəsatətdə qeyd edilirdi.
Hakim Elbəy Allahverdiyevsə vəsatətə münasibət bildirərkən dedi ki, MTN-ə ezam olunduğu müddətdə Mövlam Şıxəliyev orada rəis vəzifəsində işləməyib.
“Etiraz əsassızdır və təmin olunmur”,- hakim elan etdi.
Bundan sonra hakim zərərçəkənlər Əfsər Həsənəliyev və Zaur Əliyevin sabiq baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov, sabiq hakim Əfqan Hacıyev, DTX-da baş idarə rəisinin müavini vəzifəsində xidmət edən Mamay Qulubəyov, orada xidmətdə olan Rafiq Abdullayev, vətəndaş Arif Allahverdiyev və MTN-in İstintaq Baş İdarəsində işləmiş Təhsin Ağayevin məhkəməyə dəvət olunmaları ilə bağlı vəsatətinə də münasibətini açıqladı. Zərərçəkmişlərin vəsatətlərində deyilirdi ki, Mövlam Şıxəliyev onunla birgə mühakimə olunan təqsirləndirilənlərlə birgə 36 Azərbaycan vətəndaşından hədə-qorxu və quldurluq yolu ilə 20 milyon manat alıb.
Bundan başqa vəsatətədə qeyd olunurdu ki, məhkəmə istintaqı zamanı kecmiş baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun Mövlam Şıxəliyev və digərləri ilə mütəşəkkil cinayətkar dəstə daxilində faəliyyət göstərmələri müəyən olunub.
Vəsatətdən: “... Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şəxəliyev və başının quldur dəstəsinin birbaşa iştirakı ilə 36 Azərbaycan vətəndaşının girov götürülməsinə şərait yaradıblar. Mövlam Şıxəliyevgil pul və əmlak alandan sonra işi məhkəməyə göndərirdilər. Həmin zaman Zakir Qaralovla Rüstəm Usubov həbs-qətimkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə də Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub. Bu məhkəmə istintaqı zamanı tam olaraq təsdiqini tapdı”.
Zərərçəkmişlər vəsatətdə onlardan pulların alınması prosesində Baş Prokurorluğun əməkdaşlarının da iştirak etdiyini, “Qaralovla Usubovun haqqı çatmasa, burdan çıxmaq yoxdu” kimi sözlər işlətməklə insanları hədələdiklərini də vurğulayıblar: “... Hətta 24 may 2022-ci ildə kecirilən məhkəmə prosesi zamanı zərərçəkən Nizami Kazımov sərbəst ifadə verəndə dövlət ittihamçısı zərərçəkən Nizami Kazımova sual verərkən Mövlam Şıxəliyev dəmir barmaqlıq arxasından onun sözünü kəsdi. Barmağını ona (dövlət ittihamçısına uzadaraq dedi ki, “pulu sizinkilər – yəni prokurorluq alıb”.
Zərərçəkmişlər bu vəsatətləriylə keçmiş baş prokuror Zakir Qaralovun və onun keçmiş birinci müavini Rüstəm Usubovun barəsində xüsusi qərar çıxarılmasını istəsələrə də, hakim onu da təmin etmədi.
Sonra hakim zərərçəkən Qulam Bağırovun vəsatətinə münasibət bildirdi. Qulam Bağırov vəsatətində təqsirləndirilən şəxs Sahib Ələkbərovun məhkəmə zalında həbs edilməsini, ona Cinayət Məcəlləsinin hədə-qorxu gəlməklə külli miqdarda tələb etmə (182.3-cü) maddəsi ilə ittiham verilməsini tələb edirdi. O, vəsatətini belə əsaslandırırdı ki, 2009-cu ilin noyabr-dekabr aylarında müstəntiq Sahib Ələkbərov onu qanunsuz olaraq həbs edib, ailəsinə hədə-qorxu gələrək yaşadığı evi, maşınını, yaxınlarının qızıl-zinət əşyalarını satdırmaqla külli miqdarda - 135 min dollar pul alıb və yalnız bundan sonra azad olunub. Ancaq hakim bu vəsatəti də təmin etmədi.
Hakimin vəsatətləri təmin etməməsi zərərçəkənləri özündən çıxardı.
Zərərçəkən Hüseyn Səfərov etirazını bu şəkildə çatdırdı: “Bu, nə deməkdir axı, məhkəmənin ilk günündən heç bir vəsatəti təmin etməmisiz. Məhkəmə bitir, siz hələ də heç bir vəsatəti təmin etmirsiniz. Bu başdan məhkəmənin nəticəsi necə olacaq, bəlli edirsiniz. Zərərçəkən Əfsəl Həsənəliyev sizin bu özbaşınalığınıza etiraz olaraq bu məhkəmə zalında özünü yandırmaq istədi. Sizsə dediniz ki, get, kənarda yandır. Hakim kimi siz btün bunlara görə cavab verəcəksiniz. Bunun sizin üçün ağır nəticələri olacaq. Mövlam Şıxəliyev bu qədər mal-mülkü haradan alıb? Bu adam Rusiyada, Dubayda, Ukraynada, Türkiyədə və ölkə daxilində çox böyük varidat sahibidir. Bu qədər varidat haradandır? Əlbəttə ki, bizlərin pulu hesabına, bizim kimi Azərbaycan vətəndaşlarının girov götürülməsi, ailələrdən külli miqdarda pul alınması hesabına toplanıb. Hamı bunu gördü, siz hələ də görmürsünüz guya?”
Hakim zərərçəkənin dediklərinə məhəl qoymadan sözü dövlət ittihamçısı Vüsal Əliyevə verdi.
Dövlət ittihamçısı Vüsal Əliyev təqsirlənirilən şəxslərə verilən ittihamların 10 aya yaxın davam edən məhkəmədə zərərçəkmiş və şahid ifadələriylə sübuta yeirildiyini bildirdi. O, Mövlam Şıxəliyevə 14, Vüsal Ələkbərovla Yasin Məmmədova 12, Sahib Ələkbərova 10 il həbs cəzası istəyib. Bundan başqa, prokuror təqsirləndirilən şəxslərin rütbələrinin əllərindən alınmasını, əmlaklarının müsadirə olunmasını də tələb etdi.
Mövlam Şıxəliyevdən başqa, digər üç təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə dövründə zamində olublar.
Məhkəmə iclası iyulun 30-da davam edəcək.
Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi.
Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.
Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?