"Nərmin işi": İlkin Süleymanov həbsdə olanda telefonuna şəkilləri kim yükləyib?
“Telefonumun yaddaşındakı tort, şirniyyat, multfilm, çılpaq qadınları əks etdirən fotolardan xəbərim yoxdur”.
Bunu sentyabrın 7-də öz məhkəməsində sənədlərin tədqiqi zamanı telefonun yaddaşının bərpa və baxışıyla bağlı protokol elan ediləndə İlkin Süleymanov deyib.
Bir il 4 aydır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Donarquşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edir.
O, həmkəndlisi olan 11 yaşlı Nərmin Quliyevanı oğurlayaraq öldürməkdə, cəsədini yandırmaqda təqsirləndirilir.
https://toplum.tv/mehkeme/tovuz-isi-nerminin-nenesi-prokurora-mektubunda-ne-yazdi
Məhkəmə sənədlərin tədqiqi mərhələsindədir.
Sentyabrın 9-da keçirilən məhkəmə iclasında hakim Dadaş İmanov işdəki növbəti sənədləri elan edib.
Bu sənədlərdən biri İlkin Süleymanovun şəxsi telefonunun yaddaşına keçirilmiş baxışla bağlı olub.
Vəkillər məhkəmənin nəzərinə çatdırıblar ki, həbs olunan şəxsin telefonuna baxış qanunsuz olub: “Buna görə məhkəmə qərarı olmayıb".
Prokuror:
- Məhkəmə qərarı o zaman lazım olardı ki, saxlanılan şəxs telefona baxış keçirilməsini istəməyəydi. Əgər saxlanılan şəxs telefonu könüllü təqdim edibsə, məhkəmə qərarına ehtiyac qalmır.
Vəkil Zabil Qəhrəmanov:
- Kim deyir ki, saxlanılan şəxs bunu könüllü edib?.. Hanı bu barədə sənəd?..
Vəkil üzünü müvəkkilinə tutur:
- İlkin, telefonu könüllü vermisən?
İlkin Süleymanov:
- Yox. Özləri götürüb.
Vəkil:
- Deməli, telefonun götürülməsi, baxış protokolu da yoxdur.
İlkin Süleymanovun telefonuyla bağlı ekspertiza rəyi də cinayət işinin materiallarında var.
Həmin rəydə göstərilib ki, bu telefonda müxtəlif cizgi filmlərinə, şirniyyat, müğənni şəkil və videolara baxılıb.
Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də bu telefonda çılpaq qadın fotosuna, transseksual şəxslərin görüntülərinə baxılıb.
Köməkçi hakim Nural Əliyev müttəhim İlkin Süleymanova məxsus telefonun yaddaşındakı fotoları elan edib.
İlkin Süleymanov bildirib ki, ona məxsus telefonun yaddaşından tapıldığı iddia edilən həmin fotoların çoxundan xəbəri yoxdur: “Tort, şirniyyat şəkilləri, animasiyalı uşaq görüntülərini, çılpaq qadınları əks etdirən fotolar, cizgi filmlərini əks etdirən fotolar... Mənim telefonumun yaddaşında belələri olmayıb. Bəzi müğənnilərin fotoları ki var, heç onları da telefonun yaddaşına qeyd etməmişəm, internetdə baxdığım videoların skrenləri öz-özünə keşə düşüb. Üstəlik, bu fotoların yaddaşa düşməsi tarixi 6 və 9 yanvara (2020-ci il) təsadüf edir. Mən həmin vaxt tutulmuşdum və telefon əlimdən alınmışdı”.
İlkin Süleymanov və vəkilləri hesab edir ki, cizgi filmlərini əks etdirən fotoların telefonun yaddaşına düşməsi qəsddir.
İttihama görə, o, Nərmin Quliyevanı yaşadığı evə gətirəndən sonra cizgi filminə baxmasını təklif edib.
Vəkil Zabil Qəhrəmanov: “Yanvarın 6-da səhər saat 10.00-dan 14.00-ə qədər müstəntiqin yanında şahid kimi ifadə verən İlkin Süleymanov necə olub ki, saat 11.50-də çılpaq qadına, transseksuallara baxıb telefonda? Ya birlikdə baxıblar, ya da İlkinin dediyi kimi, yanvarın 6-da telefonu ondan almış adamlar baxıb. İstər açıq-saçıq şəkillərə, istərsə də cizgi filmlərinə qəsdən daxil olublar ki, sonradan ekspertizadan belə bir rəy alıb İlkinin əxlaq problemi olmasını, guya Nərminə cizgi filmləri göstərməsi görüntüsü yaratsınlar”.
Sənədlərin elanı zamanı o da bəlli olub ki, İlkin Süleymanovun həbsindən az sonra ailəsi ona vəkillər tutsa da, prokurorluq həmin vəkilləri uzun müddət müdafiə prosesinə buraxmayıb.
Cinayət işinin materiallarında İlkin Süleymanovun telefon danışıqlarıyla bağlı mobil operatordan alınmış arayışlar da elan edilib.
Mobil operatorun arayışına görə, yanvarın 7-8-də (2020-ci il) onun telefonuna zənglər gəlib-gedib.
Təqsirləndirilən şəxs bildirib ki, yanvarın 6-da yanmış meyit tapılanda hadisə yerinə gələn polislər onu Tovuz Rayon Polis Şöbəsinə aparıblar.
Polis bölməsinə girəndən az sonra telefonu da əlindən alınıb. Sonrakı günlərdə telefona gələn və gedən zənglərdən xəbəri olmayıb.
İş materiallarında olan başqa bir sənəddə isə göstərilib ki, İlkin Süleymanov şahid qismində verdiyi ifadəsində yanvarın 6-da (2020-ci il) saat 19.30 radələrində siqaret almaq üçün küçəyə çıxanda evləriyilə üzbəüzdə dərəyə bənzər ərazidə yanğın görüb. Əvvəl elə bilib ki,zibillik ərazidəki ağaclar yanır.
https://toplum.tv/mehkeme/mtn-isinde-zerercekmis-kimdir-bu-xac-ata-lari
Yaxınlaşanda meyit yandığını görüb və həmin ərazidə yaşayan Nazim Vəliyevi çağırıb.
Daha sonra onlar əmisi oğlu, Tovuz rayonunda Post-Patrul Alayında çalışan Murad Süleymanovu çağırıblar.
Murad Süleymanov isə zəng edərək, polis şöbəsinə bu barədə məlumat verib.
Yanvarın 8-də bunları deyən İlkin Süleymanov heç iki sutka tamam olmamış – yanvarın 10-da səhər saatlarında şübhəli şəxs qismində ifadəsində Nərmini özünün oğurladığını, 47 gün həyətlərindəki digər evdə saxladığını, daha sonra qətlə yetirib, meyiti isə yandırdığını bildirib.
İş materiallarında onun 11 yanvar 2020-ci ilə aid təqsirləndirilən şəxs qismində ifadəsi də var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri
Toplum Tv
Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik”
Açıq mənbələrdən götürülüb