Məhkəmə

“Nərmin işi”ndə vəkil: “Meyit görüntü üçün təkrar yandırılıb”

Leyli Cəfərova
21 Sentyabr, 2022
233

Toplum TV

Sentyabrın 21-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kənd sakini, 11 yaşlı həmkəndlisi Nərmin Quliyevanı öldürərək meyidi yandırmaqda təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edib.

Məhkəmə sənədlərin tədqiqi mərhələsindədir. Məhkəmə iclası başlayan kimi hakim 11-ci cilddə olan meyidin daxili və xarici müayinəsi ilə bağlı ekspertiza rəyini elan edib. Rəyin elanı 2 saat çəkib. Sonra İlkin Süleymanovun vəkillərindən biri Murtuzəli Abbasov rəyin ətrafında danışıb.

İstintaqın qənaətinə görə, guya o, Nərmini 47 gün evində saxlayıb, sonra da izi itirmək üçün evin 20 metrliyində yandırıb. Vəkil bildirib ki, İlkin Süleymanov yetərincə normal insandır. O, 46 gün Nərmini evində gizli saxlmışdırsa, onda 47-ci gün əynindəki paltarlarla evinin 20 metrliyində nə üçün yandırmalı idi?

Ekspertiza rəyində meyidin alt çənəsində bir dişin olmadığı qeyd edilib. Vəkil Nərmin Quliyevanın məhkəmə zalında əyləşmiş atasıŞərif Quliyevə sual verib:

“Dəfələrlə istintaqda da, məhkəmədə də bu barədə demisiniz, sizdən yenə soruşmaq istəyirəm, meyidə yaxından baxmısız?

Şərif Quliyev: - Uzaqdan baxmışam.

Vəkil: - Neçə dişi yox idi?

Şərif Quliyev: - Orda dəqiq görmədim, ancaq mənim uşağımın ağzında iki dişi yox idi, biri yuxarıda, biri aşağıda.

Ekspertiza rəyi ilə Şərif Quliyevin ifadəsi arasında ziddiyyət atanın iki, ekspertizanın rəyində bir diş göstərilməsidir. Bundan əvvəlki məhkəmə iclaslarında Şərif Quliyev meyidə baxmadığını bildirib.

 Sonra vəkil Nərmin Quliyevanın bədənindəki xallarla bağlı danışıb: “Nərminin anası ifadəsində deyib ki, sağ sinəsində və sol qaşın üstündə qara xal, boynunun arxasında üç ədəd ət xalı olub. Bunları bilən ana meyidin tanınmasına buraxılmayıb. Halbuki, ana meyidin üzərindəki - - konkret, boynundakı ət xallarını aydın görə bilərdi. Təəssüf ki, xallarla bağlı ekspertiza rəyində də heç nə yoxdur. Ananın meyidin tanınmasına buraxılmaması da şübhəlidir”.

Rəyə görə, meyidin saçlarının uzunluğu 40 sm olub. İstintaq iddia edir ki, qızın başından zərbə vurulub, qan axıntısını kəsmək üçün gümüşü boya ilə boyanmış qırmızı parçadan istifadə olunub. Vəkil deyib ki, rəydə həmin boyanın saçda izləri müəyyən edilməyib.

İlkin Süleymanovdan alınan etirafedici ifadədə göstərilib ki, guya o, yanvarın 6-da Nərminin başına daşla bir dəfə zərbə vurmaqla onu öldürüb. Ancaq ekspertiza rəyində meyidin başında ən azı 5 zərbə izi qeyd olunub. Ölüm səbəbi də zərbələr nəticəsində beyinə qan sızması olub. Həmçinin, rəydə göstərilib ki, qətl yanvarın 7-də meyidin ekspertizası keçiriləndən ən azı 2-3 sutka əvvəl baş verib. Rəydə meyitdə çürümə əlamətləri də aşkar edildiyi yazılıb. Vəkil bildirib ki, bu, mümkün deyil: “İlkinin ifadəsindəki ölüm tarixi və zərbələrin sayı ilə rəydə göstərilənlər arasında ciddi ziddiyyətlər var. Çürüməyə gəlincə, əgər qətl yanvarın 6-da baş vermişdisə, bir gün içərisində meyitdə çürümə gedə bilməzdi”.

Vəkil daha mühüm məsələyə də toxunub: “Birincisi, meyid yanarkən ətrafa iy yayılmayıb. Halbuki, ekspertiza rəyinə əsasən, meyidin piy qatı normal olub, yanarkən iyi ətrafa yayılmalıydı. İkincisi, meyidin torpaqla təmas edən hissəsinə düşən nahiyələrinin həmin hissələrə oksigen daxil olmadığı üçün yanması qeyri-mümkün idi. Meyidin torpaqla təmas edən hissələri də əhəmiyyətli dərəcədə kömürləşməsi bizə belə deməyə əsas verir ki, bu, təkrar yanmadır. Daha əvvəlcədən başqa yerdə yandırılaraq həmin əraziyə atılıb və görüntü məqsədilə təkrar yandırılıb”.

Vəkil deyib ki, ekspertiza rəyində meyitin yanma müddəti 5 dəqiqə 47 saniyə qeyd edilib. Ancaq vəkil bildirib ki, ekspert öz rəyində də göstərib ki, kömürləşmiş hala düşməsi üçün meyitin ən azı 20-30 dəqiqə ərzində yanması lazımdır.

Vəkil meyidin xüsusən cinsi orqanının kömürləşmiş dərəcədə yanmasını cinayətin mötivindən xəbər verdiyi deyib: “Yəni ki, bu, zorlama, təcavüz motivli hadisədir. Bununla bağlı hələ 16 yanvar 2020-ci il tarixdə İlkinin atası İbrahim Süleymanovun youtube kanalda çıxışı var. Həmin çıxışda o, bildirib ki, hadisəylə əlaqədar evlərinə axtarışa gələnlər birmənalı bildiriblər ki, guya İlkin Nərmini dəfələrlə zorlayıb. Atası bildirib ki, bu, mümkün deyil, İlkinin cinsi iqtidarsızlığı var, bu, ailə sirridir. Sonrakı vaxtda keçirilən ekspertizanın rəyində İlkin Süleymanovun cinsi iqtidarsızlığı təsdiqini tapdığı üçün mərhumla bağlı tibbi rəydə təcavüz, zorlama faktı öz əksini tapmadı”.

Nəhayət, hakim dillənib. O, vəkilə əsəbi şəkildə niyə bunlarla bağlı ibtidai istintaq zamanı vəsatət vermədiyini soruşub:

Hakim: - Bütün bunu niyə indi gəlib burda deyirsiniz? İstintaq vaxtı niyə vəsatət qaldırıb əlavə, təkrar ekspertiza tələb etmirdiniz?

Vəkil: - Çünki bizə ekspertiza rəyi verilmirdi.

Hakim: - Bəli, prosessual qanunvericiliyə görə, ekspertiza rəyi sizə verilməməlidir, ancaq siz rəylə tanış olub, qeydlərini götürüb, vəsatət qaldıra bilərdiniz, deyə bilərdiniz ki, rəyin bu hissələriylə razı deyilik, təkrar ekspertiza keçirilsin.

Vəkil: - İndi burada deyirik.

Fikir ayrılığı mübahisəyə çevrildi, hakim növbəti məhkəmə iclasını sentyabrın 28-nə təyin etdi.

İki il yarım əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. Məhkəmə 1 ildən çoxdur ki, davam edir.

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyidi 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi mqəsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.

 

 

 

Məhkəmə

“Baku Steel Company” işi: Azərboru necə satıldı?

Leyli Cəfərova
7 Oktyabr 2022
Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”-nin (Poladəritmə zavodu) sahibi olmuş, şirkətin əlindən alındığını iddia edən Rasim Məmmədovun məhkəməsi davam edib. Məhkəmə indiki mərhələdə şahidləri dindirir. İlk dindirilən İlham Əliyev olub. O, ifadəsində göstərib ki, əvvəllər “S-Steel” şirkətinin işçisi imiş. Azı 250 işçisi olan şirkət dəmir qırıntılarını alaraq “Baku Steel”ə satmaqla məşğul olub. Onun işi isə bu işçilərin maaş və bonuslarını hesablamaqdan ibarət olub. Şişirdilmiş rəqəmlər, aqibəti bəlli olmayan pullar... Prokuror şahiddən metalın ucuz alınıb baha qiymətə rəsmiləşdirilməsi kimi halların olub-olmadığını soruşanda şahid “yox” cavabı verib. Bundan sonra prokuror hakimdən onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını xahiş...
Məhkəmə

Korrupsiyada ittiham olunan sabiq icra başçısı məhkəməyə çıxarılır

Leyli Cəfərova
7 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov hakim önünə çıxarılır. Toplum TV-nin xəbərinə görə, sabiq icra başçısının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Alimpaşa Məmmədov ötən ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. https://toplum.tv/mehkeme/ehtiyatda-olan-polkovnik-elnur-memmedov-hebs-edildi "Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Alimpaşa Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı...

Seçilmiş Videolar

Toplum TV loqo