Adına 500 min manat kredit götürülmüş fəhlə: Xəbərim olmayıb
Açıq mənbələrdən götürülüb
Cahangir Hacıyev - Dünyamin Xəlilov
“Məni apardılar, “podval” kimi bir yer idi, hətta içəri əyilə-əyilə keçdik. Orda sənədlərə qol çəkdirdilər, dedilər, gedə bilərsən.
Hakim: Nə qədər məbləğə qol çəkmişdiniz?
Şahid: Bilmirəm. Ümumiyyətlə, qol çəkdiyim sənədlərin kredit müqaviləsi olduğunu bilmirdim. İşə düzəldiyim cəmi bir həftə idi, orda mənə demişdilər ki, qol çəkdiyim sənədlər guya işə qəbulla bağlıdır.
Bunu keçmiş iş adamları Dünyamin Xəlilov (həm də keçmiş deputatdır) və Azad Cavadovun məhkəməsində vaxtilə Dünyamin Xəlilovun Sumqayıtdakı tekstil fabrikində fəhlə işləmiş və adına 500 min manat kredit götürülmüş Abuzər Əliyev deyib.
İki aya yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankından milyonlarla kredit götürüb mənimsəməkdə ittiham olunan Dünyamin Xəlilovla Azad Cavadovun mühakiməsi davam edir. Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir.
https://toplum.tv/mehkeme/paytac-eliyevaya-9-il-hebs-cezasi-istenilirp
Məhkəmə Abuzər Əliyevi şahid qismində dindirib. O, bildirib ki, 2010-cu ildə adına rəsmiləşmiş 500 min manat məbləğində kreditdən 2015-ci ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılanda xəbər tutub: “Həmin il özüm də kredit götürmək üçün işlədiyim müəssisənin mühasibatlığına yaxınlaşıb arayış istədim. Arayış veriləndə də mənə bildirilmədi ki, adımda 500 min manat kredit var. Həmin arayışla Beynəlxalq Bankdan rahat şəkildə kredit götürdüm, baxmayaraq ki, 2010-cu ildən adıma götürülmüş kreditdən bir manat da ödənməyibmiş, ancaq mənə problem yaratmadılar. Elə həmin il uşağın müalicəsi üçün Gürcüstana gedəndə sərhəddə saxlayıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada istintaq idarəsinin rəisi soruşdu ki, krediti niyə ödəmirsən? Elə bildim öz adıma götürdüyüm kreditdən danışır. Hardasa 6 min 500 manat idi və ödəmişdim. Onda bildim ki, söhbət 500 min manatdan gedirmiş.
Hakim: - Sizi kredit müqaviləsi bağlamağa kim aparmışdı?
Şahid: - Baş mühəndis aparmışdı. Demişdi ki, şəxsiyyət vəsiqəni götür, işlə bağlı sənədlərə qol çəkməyə gedirik.
Vəkil: - Dünyamin Xəlilovla tanışlığınız vardı?
Şahid: - Yox. Məni “bandotdel”də saxlayanda, üstü açılanda ki, adıma krediti Dünyamin götürüb, atam nömrəsini tapıb zəng vurmuşdu. Telefona cavab verən şəxs demişdi ki, Dünyamin müəllim tezliklə həmin krediti bağlayacaq. Onu da deyim ki, o sənədlərə mənə qol çəkdirəndə cəmi bir həftəydi Dünyaminin Sumqayıtdakı tesktil fabrikinə fəhlə kimi işə düzəlmişdim, maaşım da cəmi 75 manat idi. Adıma götürülmüş kredit ki vardı, mənim maaşımla onu 555 ilə ödəmək mümkün idi.
Bir neçə şahid dindirildikdən sonra hakim məhkəməyə gəlməyən şahidlərin ibtidai istintaqa verdikləri ifadələri elan edib. Həmin ifadələrdən biri Azərbaycan Beynəlxalq Bankında mühafizə xidmətində işləmiş Saleh Qarayevindir. O, istintaqa bildirib ki, 2007-ci ildə işə bankın prezidenti Cahangir Hacıyevin sürücüsü Aydın Mehtiyev vasitəsilə düzəlib. 2009-cu ildə işlədiyi vəzifə ixtisara düşdüyü üçün işdən çıxarılıb. 2010-cu ilin sentyabrında Aydın Mehtiyev ona bildirib ki, şəxsiyyət vəsiqəsiylə bankın Suraxanı filialının direktorunun yanına getsin. Orada onun adına kredit müqaviləsi bağlanacaq. Krediti Cahangir Hacıyevlə Dünyamin Xəlilov ödəyəcək. Sentyabrın 29-da filialda 15 dəqiqə ərzində onun adına 1 milyon 332 min dollar kredit rəsmiləşdirilib. Pulun bankdan kim tərəfindən götürüldüyünü bilməyib.
Hakim daha bir neçə şahidin ifadəsini elan edib. Həmin şəxslər Dünyamin Xəlilova məxsus şirkətlərdə işləmiş əsasən fəhlələr olub. Həmin ifadələrə görə, onların hər birinin adına yüz minlərlə kredit sənədləşdirilib.
Əvvəlki məhkəmə iclaslarında vəkillər Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin məhkəməyə gətirilməsi barədə vəsatət versələr də, gətirilməyib. Hakim onun da ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Cahangir Hacıyev ifadəsində göstərib ki, 2015-ci ildə barəsində cinayət işi başlanıb, Bakı Ağır Cinayətlərlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il cəza alıb: “Daha sonra 2019-cu ildə barəmdə yeni ittiham elan edilib və yekun olaraq 16 il 6 ay cəza verilib. Hazırda bu ittihamlar üzrə özümü təqsirli bilmirəm”.
Cahangir Hacıyev daha sonra ifadəsində qeyd edib ki, istintaqın şahid kimi tanıdığı Sədaqət Məmmədovanın, Kamal Abbasovun, Saleh Qarayevin, Nəzakət Qarayevanın və digər şəxslərin adına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə kredit götürülüb. Həmin kreditlər Bankın investisiya qoyduğu layihələrə ayrılıb:
“Ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub. Götürülən kreditlər bu müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində ödənilməliydi. Ancaq 2015-ci ildə prezidentin fərmanıyla həmin müəssisələr “Aqrarkredit” QSC-nin balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”.
İfadələr elan edildikdən sonra hakim növbəti məhkəmə iclasını dekabrın 4-nə təyin edib.
İstintaqın qənaətinə görə, Dünyamin Xəlilov və Azad Cavadov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş rəhbər vəzifəli şəxsləri ilə əlbir olaraq sahibi olduqları "General Construction" MMC və "Bakı Fındıq Emalı Müəssisəsi" MMC-nin işçilərinin adına ümumilikdə 6 milyon 642 min manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyiblər. Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib. Bundan əvvəl də Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü çıxarılıb. 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib. 2019-cu ilin sentyabrında yenə Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə bərabər mühakimə olunub. Cəzaları toplanaraq bu dəfə üzərində 14 il 6 aylıq hökmü çıxarılıb.
Dünyamin Xəlilov Bakıda tanınmış "Globus Plaza"nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi olub. Cahangir Hacıyevə məxsus “Şəki Bazarı” və “Şəki Ət Kombinatı” ASC-ni uzun illər o idarə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində ifadə verməkdən imtina edib
Sosial Media
AzərTac
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?