“Nərmin işi”: İlkin Süleymanov həbs olunandan sonra telefonuna müdaxilələr olub
Açıq mənbələrdən götürülüb
İlkin Süleymanov
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kənd sakini İlkin Süleymanovun məhkəməsi davam edir. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı 2019-cu ilin noyabrında oğurlayıb yaşadığı evdə gizlətməkdə. 2020-ci ilin yanvarında qətlə yetirərək cəsədini evinin yaxınlığında yandırmaqda ittiham olunur. Məhkəmə iclasına hakim Dadaş İmanov sədrlik edir.
İki ildir davam edən məhkəmə iclaslarında hazırda müdafiə tərəfinin vəsatətləri əsasında dəvət olunan əlavə şahidlər dindirilir. Bundan əvvəlki iclaslarda Nərmin Quliyevaya məxsus olduğu iddia edilən cəsədi, maddi sübutları tədqiq etmiş ekspertlər sorğulanıb. Aprelin 4-də isə məhkəməyə İlkin Süleymanovun mobil telefonunu tədqiq etmiş ekspert gəlib və tərəflərin sualları cavablandırıb.
Ötən məhkəmə iclaslarında İlkin Süleymanov deyib ki, 2020-ci il yanvarın 6-da yanmış cəsəd tapılanda hadisə yerinə gələn polislər onu Tovuz rayon Polis Şöbəsinə aparıblar. Onun sözlərinə görə, həmin vaxt telefonu da onun əlindən alınıb. İlkin Süleymanovun telefonuna ekspertiza rəyi verilib. Həmin rəydə göstərilib ki, bu telefonda müxtəlif cizgi filmlərinə, şirniyyat, müğənni şəkil və videoları izlənilib. Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də bu telefonda çılpaq qadın fotosuna, transseksual şəxslərin görüntülərinə baxılıb. İlkin Süleymanov özü bildirib ki, telefonunda baxıldığı iddia olunan cizgi filmlərinin, çılpaq şəkil və videoların ona heç bir aidiyyəti yoxdur. Vəkillər iddia edib ki, mobil telefona polis şöbəsində müdaxilələr olunub, çılpaq qadın fotoları, uşaq animasiyası və sair yüklənib. Daha sonra İlkin Süleymanovdan ibtidai istintaq zamanı ifadə alınıb ki, guya Nərmin Quliyevanı evində saxladığı 47 gün ərzində ona Youtube kanalında cizgi filmləri, şirniyyatlar göstərib. Həbsindən sonra uyğun fotoların telefona yüklənməsi də bu görüntünü yaratmaq və ittihamı inandırıcı etmək məqsədi güdüb. Bu, vəkillərin iddiasıdır.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sənədlərin texniki ekspertizası şöbəsinin keçmiş eksperti Məmməd Ramazanov vəkil Zabil Qəhrəmanovun suallarını cavablandırarkən məlum olub ki, mobil telefon yanvarın 6-da götürülsə də, götürülmə yanvarın 8-nə sənədləşdirilib. Ancaq bu barədə protokol yoxdur. Sual-cavabdan o da məlum olub ki, telefon tədqiqata fevralın 4-də - İlkin Süleymanov saxlanılandan təxminən 1 ay sonra təqdim edilib. Telefon istintaqda qaldığı bir ay ərzində ona müdaxilələr olub: “Yanvarın 8-də telefonun yaddaşında 9 foto yaradılıb. Yanvarın 21-də telefona whatsap, instagram proqramları yüklənib və silinib.
Vəkil: Bu fotolar yaradılıb, yoxsa bərpa edilib?
Ekspert: Bunu dəqiq demək mümkün deyil, yaradıla da bilər, bərpa edilə də.
Sual-cavablar tərəflər arasında fikir ayrılıqlarına səbəb olanda köməkçi hakim ekspertə sual verib: - Konkret deyin, yanvarın 8-də telefona müdaxilə olub, ya yox?
Ekspert: Olub.
İlkin Süleymanov və vəkilləri daha sonra ekspertə sual veriblər ki, Nərmin Quliyeva noyabrın 29-da yoxa çıxdığı halda, nəyə görə İlkin Süleymanovun telefonunun tədqiqi dekabrın 21-dən sonrakı müddəti əhatə edib? İlkin Süleymanov: “Niyə dekabrın 21-dən əvvəlki yaddaş tədqiq olunmayıb, Nərmin yoxa çıxandan dekabrın 21-nə kimi arada düz 1 ay müddət var, həmin müddətə aid yaddaşı tədqiq etmək niyə maraqlı olmayıb?
Ekspert: Bu sualın cavabını mən bilmirəm. Mən ekspertəm, mənə deyiblər bu tarixdən başla tədqiq et, mən də nə deyiblərsə, onu etmişəm.
Prokuror: Doğurdan da, maraqlıdır, niyə dekabrın 21-dən sonrakı tarixləri tədqiq etmisiz, ondan əvvəlki tarixləri yox?
Ekspert: Mənə elə deyilib.
Ekspert sualları cavablandırarkən tez-tez “bunlar mənim fərziyyələrimdir, belə ola da bilər, olmaya da bilər” deyib. Sonda isə məsləhət görüb ki, maddi sübut olan mobil telefon yenidən ekspertiza edilsin: “Ən yaxşısı, o telefonu təzədən ekspertizaya verin”.
Xatırlatma
2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.
İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb.
Məhkəmə ötən müddətdə həm də xeyli şahid dindirib. Əksər şahid ifadələri İlkin Süleymanova qarşı irəli sürülmüş ittihamları şübhə altına alıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb