Məhkəmə

“Tərtər işi”ndə zərərçəkən: Hərbi prokuror Xanlar Vəliyev işgəncə yerində olub

11 Avqust, 2023
481

Açıq mənbələrdən götürülüb

Tərtər işi

Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə təqsirləndirilən Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılovun məhkəməsi davam edir. Maşıyevgil yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunurlar.  
 
Bu qrup barəsində onu da bildirək ki, Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl “Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub.  
 
Maşıyevgil hərbçilərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub.  

https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-baslarina-o-qeder-vurmusdular-ki-tuumlkleri-toumlkuumllmuumlsduumlp
 
Hazırda zərərçəkmişlər dindirilir. Sonuncu məhkəmə iclasında yenə zərərçəkmişlərin dilindən çıxan qandonduran hekayələri Toplum TV olaraq oxuculara çatdırırıq.   

Emçiyev: “Şikayətim SAT-dandır” 

Əvvəlcə zərərçəkən Rəfail Emçiyev ifadə verib. O, məhkəməyə deyib ki, hazırda mühakimə edilən Maşıyevgildən yalnız Ruslan Mikayılovu tanıyır: “Yadımdadır ki, SAT bizə bir neçə gün işgəncə verib gedəndən sonra bunlar gəldi (təqsirləndirilən şəxsləri göstərir). Mən bunlardan təkcə Ruslanı tanıyıram. Bizə o qədər işgəncə verilmişdi ki, tərpənə bilmirdik. Ruslansa belə vəziyyətdə bizi məcbur edirdi ki, gündə bir neçə dəfə sıraya düzülək, ağır idman hərəkətləri edək. Bu isə bizə işgəncədən sonra növbəti bir işgəncə idi”. 

Emçiyev deyib ki, N saylı hərbi hissənin giziri olub. Onu 2017-ci ilin 9 mayında xidmətdə olduğu hərbi hissədən işgəncə üçün ayrılmış digər hərbi hissəyə aparıblar: “Axşam saatları idi. Başımın arxasından avtomatın qundağıyla vurdular, huşumu itirdim. Məni o vəziyyətdə öz hərbi hissəmdən digər hərbi hissəyə apardılar. Mayın 10-dan dəhşətli işgəncələr başladı. Özüm də bilmirdim ki, məndən nə istəyirlər. Eləcə deyirdilər ki, erməniyə işləmisən. 10 günə yaxın işgəncə altında oldum. Mənə etirafedici izahat yazdıra bilmədilər. Üzümə qoyduqları hərbçilər də ifadələrini dəyişdilər, mayın 28-də hərbi hissəyə qaytarıldım”. 

Zərərçəkən deyib ki, 2021-ci ildə şikayət ərizəsiylə prokurorluğa müraciət edib, zərərçəkən kimi tanınıb.  

Prokuror: - İstintaq vaxtı SAT-dan kiminləsə üzləşdirilmisiz?
 
Zərərçəkən: - Yox. Mən ifadələrimdə də yazmışam ki, bizə əsasən SAT işgəncə verib. Ancaq SAT-dan heç kəslə üzləşdirməyiblər. Bir də hərbi hissə komandiri Vüsal Ələsgərovun, Rəşid Niftəliyevin, Qarayevin, Fuad Ağayevin adını çəkmişəm. 

Emçiyev 3 ay əvvəl “Tərtər işi” üzrə keçirilən digər qrupun – Vüsal Ələsgərovgilin məhkəməsində də zərərçəkmiş qismində dindirilib. Deyib ki, onun və hərbçi yoldaşlarının əl-qolunu, gözlərini bağlayaraq hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına aparıblar. Qarşısında bizi diz çökdürüblər. Vüsal Ələsgərov ondan “neytralda nə gəzirdin” deyə soruşub. O isə neytral zonada olmadığını deyib. Bundan sonra işgəncələr başlayıb. Həmin ifadəsində Emçiyev bildirmişdi ki, korpus komandiri Hikmət Həsənovu, hərbi prokuror Xanlar Vəliyevi işgəncə yerində görüb. Hətta hərbi prokuror ona deyib ki, vətən xaini olduğunu boynuna al, sənədlərə qol çək, işini yüngülləşdirərik, sənə rüşvət ittihamı ilə 2 il iş verərik, 2 ildən sonra azadlığa çıxarsan. 

Xanlar Vəliyev - Açıq mənbələrdən götürülüb


 
“Hikmət Həsənov məni Babək Səmidliyə verib dedi ki...” 

Sonra Namiq Mustafayev ifadə verib. Deyib ki, 2017-ci ilin 14 mayında xidmətdə olduğu hərbi hissədən işgəncə yeri olan digər hərbi hissəyə aparılıb. Onu işgəncə yerinə şəxsən Babək Səmidli (Hikmət Həsənovun müavini 44 günlük müharibədə minaya düşərək həlak olan polkovnik) aparıb: “Məndə məsələ başqa cür idi. Bir hərbçiylə mübahisəm düşmüşdü, həmin hərbçinin üstündə sonra da Hikmət Həsənovla  mübahisəm düşmüşdü. Hərbi hissələrdə erməniyə işləmək söz-söhbəti ortaya çıxanda da Hikmət Həsənovun əlinə fürsət düşdü. Məni Babək Səmidliyə verdi, dedi, apar ver bunu da ora, özləri məşğul olsunlar. Babək Səmidli də məni gətirib SAT-dan içgəncələrə rəhbərlik edən şəxsə təhvil verdi. Dedi, bunu ağsaqqal göndərib, tapşırıb ki, yaxşı-yaxşı məşğul olsunlar. Mənə o qədər işgəncə verdilər ki...” 

Namiq Mustafayev məhkəməyə daha sonra danışıb ki, işgəncələrdən komaya düşüb, Sarcalı hospitalına götürülüb, 3 gün orada qalıb, ancaq “vətən xaini” hesab etdikləri üçün həkimlər ona tibbi xidmət göstərməyiblər: “Məni elə qolları-ayaqları qandallı vəziyyətdə atdılar çarpayıya, heç bir tibbi yardım göstərmədilər. Qadınlar (həkimlər) gəlib-gedib, bizi nəyi var söyürdülər, başımıza qapaz vururdular, üzümüzə tüpürürdülər, bizə vətən xaini deyirdilər. Nə bilim vallah, dözüləsi deyildi. Ora gətirilənlər mənim kimi işgəncə görənlər idi. Qonşu palatalardan səslər gəlirdi, SAT gəlib palatalarda da işgəncələri davam edirdi”. 

Zərərçəkən müttəhimlər kürsüsündə əyləşənlərdənsə yalnız Ruslan Mikayılovu tanıyıb: “SAT gedəndən sonra Ruslan bizi ağır idman hərəkətlərinə məcbur edirdi. O da korpus komandirinin tapşırıqlarını yerinə yetirirdi. Ancaq o idman məsələsi mənə aid deyildi. Çünki hospitaldan qayıdandan sonra yeməkxanada işləyirdim. Ordakıların yeməyinə, yatmağına nəzarət eləmişəm. Məsələn, Fuad Ağayev yadıma gəlir. İşgəncəyə gətirilənləri SAT-a təhvil-təslim edirdi. (Yaxın günlərdə onun da məhkəməsi başlayacaq – E.C.)  

“Kimin kimdən xoşu gəlmirdisə, işgəncəyə göndərirdi” 

Məhkəmənin dindirdiyi növbəti zərərçəkən Ramiq Osmanov olub. O, təqsirləndirilən şəxslərdən Sənan Maşıyevlə Ruslan Mikayılovu tanıdığını deyib. Bildirib ki, Maşıyevlə eyni hərbi hissədə xidmət edib. O, başına gələnlərdən bunları danışıb: “2017-ci ini mayında xəbər yayıldı ki, arada satqınlar var. Hamı kimi məni də qandallayıb Tərtərin İsmayılbəyli kəndinə apardılar. Orda artıq əvvəlcədən tədbirlər görülmüşdü, “palatka”lar qurulmuşdu. Nə baş verdiyini anlamaq olmurdu. Eləcə, hamı bir-birinə xain kimi baxırdı. Mənə isə deyirdilər, al boynuna ki, sən ermənilərə 500 dollara əsgər, 700 dollara zabit satmısan. Bilirsiz necə idi? Kimin kimdən xoşu gəlmirdisə, adını xain qoyub, tutub göndərirdi işgəncə yerinə... Bizi işgəncələr vaxtı çox aşağıladılar. Məni əvvəllər tabeliyimdə olmuş, sonradan kəşfiyyat bölməsinə keçmiş əsgərlərim qandalladı. Əvvəl Marquşavana apardılar. Mən orda işgəncənin hər üzünü gördüm. Bir neçə gün davam edən işgəncələrdən sonra əynimizə geyinməyə paltarlar verildi. Mənə Səxavət Binnətovun paltarlarını vermişdilər. Çox ağır gəlirdi adama bu... ( Səxavət Binnətov MAXE olub, həmin vaxt verilən işgəncələrdə dünyasını dəyişib. Öləndən sonra onun meyitini bir neçə hərbçi eskavatorla quyu qazaraq gizli basdırıb – E.C). 

Yadımdadır ki, Şərbətov Pərvizi də dayanmadan döyürdülər, aşağılayırdılar. Gecədən səhərə qədər səsi kəsilmirdi, qışqırdırdılar. Əllərim, qollarım düz 18 gün bağlı qalıb”. 

İşgəncəni telefonla çəkdiyi üçün özünə də işgəncə verilib 

Daha sonra ifadə vermək üçün tribunaya 2017-ci ilin mayında işgəncələrə məruz qalmış, ancaq bir müddət sonra evə buraxılandan sonra vəfat etmiş Babək Bəxşəliyevin hüquqi varisi olan qardaşı Bəhruz Edil ifadə verib. Daha doğrusu, ifadəsinə başlamamışdan əvvəl hakimdən vəsatəti ilə bağlı maraqlanıb: “Mən keçən dəfə məhkəmədə Seyidov Cəfərlə bağlı vəsatət vermişdim. Seyidov Cəfər niyə dindirilmir? 

Hakim (masanın üzərindəki sənədləri vərəqləyə-vərəqləyə deyir: – Siz hər yerə yazmısız, Prezident Admistrasiyasına, başqa qurumlara... Həmin qurumlardan da məhkəməyə məktub daxil olub ki, araşdırılsın vətəndaşa cavab verilsin. Sizin sözünüz olanda birbaşa məhkəməyə müraciət edin. Əgər tələbiniz məhkəməyə aiddirsə, başqa qurumlara yazmaqdansa, məhkəməyə vəsatət verə bilərsiz. 

https://toplum.tv/mehkeme/pquotterter-isiquot-ile-mesgul-olan-vekilin-tezyiqe-meruz-qaldigi-deyilirp

Zərərçəkənin hüquqi varisi: - Mənim tələbim odur ki, Seyidov Cəfər burda Ruslan Mikayilovla üzləşdirilsin. 

Hakim: Seyidov Cəfər o biri qrupun (Vüsal Ələsgərovgilin) məhkəməsində dindirilib. 

Zərərçəkmişin hüquqi varisi: Mən maddi və mənəvi zərərin ödənilməsini tələb edirəm. 

Prokuror: Nə ilə bağlı? 

Zərərçəkmişin hüquqi varisi: Daha bundan artıq nə ola bilər ki?.. Bütün ailəmiz xəstə düşüb, adımızı vətən xaini qoymuşdular. 

Prokuror: Ancaq qardaşınız sonradan rəhmətə gedib... 

Zərərçəkmişin hüquqi varisi: Nə olsun ki, sonradan rəhmətə gedib. O da həmin vaxt işgəncələr görüb. 

Prokuror: Mən sadəcə, dəqiqləşdirmək istədim, siz təzminatı nəyə görə tələb edirsiniz? Qardaşınızın ölümünə görə?.. 
Zərərçəkmişin hüquqi varisi: Yox, işgəncələrə və adının ləkələnməsinə görə tələb edirəm. Dəmir boruyla döyülüb, qolları sındırılıb... Mənim valideynlərim o vaxtdan xəstə düşdü, ailəmiz bərbad günə qaldı. 

Hakim: Siz təzminatla bağlı mülki iddia qaldıra bilərsiz. 

Babək Baxşəliyev işgəncələr verilən hərbi hissəni mühafizə edənlərdən olub. O, işgəncələri özündə olan mobil telefonla gizli çəkərkən “yaxalanıb” və özü də işgəncələrə məruz qalıb. Hələ sağlığında ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, videoçəkiliş apardığına görə ondan da “vətən xaini” düzəldərək, işgəncəyə məruz qalan digər hərbçilərə qatıblar. 

Məhkəmə daha bir neçə zərərçəkəni dindirəndən sonra növbəti iclası avqustun 16-na təyin edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo