Məhkəmə - Dövlətə xəyanət, çağırış, irqi düşmənçilik ittihamları...
Bakı Ağır Cinayətlər Məhkəməsində Hacı Paşayevin məhkəməsinə hazırlıq iclası keçirilib. Məhkəmə iclasına hakim Telman Hüseynov sədrlik edir.
Hacı Paşayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (dövlət əleyhinə yönəlmiş açıq çağırışlar etmək), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələriylə təqsirləndirilir. Hacı Paşayevi bir müddət əvvəl DTX həbs edib və həmin qurumun istintaq təcridxanasında saxlanılıb.
Hakim təqsirləndirilən şəxsdən ittiham aktını alıb-almamasıyla bağlı maraqlanıb.
Hakim: - Məhkəmə sizə ittiham aktı göndərib, almısızmı?
Təqsirləndirilən şəxs: - Yox, imtina etmişəm.
Hakim: - Niyə?
Təqsirləndirilən şəxs: - İstəmədim ki, mənimlə saxlanılan başqa dustaqlar nədə ittiham olunduğumu bilsinlər.
Hakim: - İttiham aktıyla tanış olmalısınız ki, məlumatlı olasınız, məhkəmədə öz müdafiənizi qura biləsiniz.
Hakim təqsirləndirilən şəxsə hüquqlarını sadalayandan sonra bildirib ki, DTX-dan gələn məktubda onun məhkəmə binasından Bakı İstintaq Təcridxanasına köçürülməsi xahiş edilib. Hacı Paşayev deyib ki, o, bir müddətdir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.
Hacı Paşayevin vəkili olmadığına görə məhkəmə ona dövlət hesabına vəkil təyin edib.
Məhkəmə iclasları açıq keçiriləcək. Hakim məhkəmə baxışını yanvarın 12-nə təyin edib.
30 yaşlı Hacı Paşayevin konkret hansı əməl törətdiyi ilə bağlı məlumat yoxdur. Baxmayaraq ki, onu DTX həbs edib və kifayət qədər ciddi maddələrlə ittiham olunur, DTX bu həbslə bağlı hər hansı məlumat yaymayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06