Məhkəmə

MTN işi: Mövlam Şıxəliyev iranlı casusun prezidentə sui-qəsd cəhdindən danışdı

Leyli Cəfərova
30 Yanvar, 2023
98

“Biz prezidentə sui-qəsdin qarşısını almışdıq. Heydər Əliyev mərkəzinin qarşısında iranlı casus ev kirayələmişdi, yüksək dəqiqliklə vuran snayperlə prezidentə sui-qəsd hazırlanmışdı. Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində onun qarşısı alındı. O, uzunmüddətli həbsə göndərildi”.

Bunu yanvarın 30-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin  İstintaq Baş İdarəsinin keçmiş rəisi general-mayor Mövlam Şıxəliyev Bakı Apelyasiya Məhkəməsində keçirilən apelyasiya şikayəti üzrə məhkəmə prosesindəki çıxışında deyib.

“Hacı Məmmədovun dəstəsi Bakıya vəlvələ salmışdı. Biz necə çətinliklə onun qarşısını aldıq”

Keçmiş rəislə bərabər müttəhimlər kürsüsünə 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Onlar məhkəmə salonunda şüşə qəfəsə salınmaqla prosesdə iştirak edirlər.

“Hacı Məmmədovun dəstəsi Bakıya vəlvələ salmışdı, 12 qətl hadisəsi törətmişdi. Biz necə çətinliklə onun qarşısını aldıq. Elmar Hüseynovun qatillərini aşkarladıq. Tahir Xubanov, Teymuraz Əliyev, Serxio... Biz bu işlərə görə almışıq o rütbələri, orden və medalları. Bir cümlə ilə yazırlar ki, alınsın o rütbələr, orden və medallar...”, -Mövlam Şıxəliyev orden və medallarının, hərbi rütbələrinin geri alınmasından danışarkən belə söyləyib.

“Cinayət işində heç bir sübutun olmadığını hakim Elbəy Allahverdiyev şəxsən prosesdən sonra bildirmişdi və...”

O, ittiham olunduğu epizodları sadalayaraq heç bir epizod üzrə günahının olmadığını məhkəmə heyətinin diqqətinə çatdırıb. Keçmiş MTN-çi bildirib ki, Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi, hakimlər Camal Ramazanovun və Aslan Kalbalıyevin iştirakı ilə barəsində çıxarılan hökm ehtimallar, sübutsuz ittiham aktının surətinin hökmə köçürülməsi ilə verilib:

“Cinayət işində heç bir sübutun olmadığını hakim Elbəy Allahverdiyev şəxsən prosesdən sonra bildirmiş və qeyd etmişdi ki, işi olduğu kimi məruzə edəcək, lakin necə göstəriş veriləcəyini bilmir. Nəticədə ehtimallar, fərziyyələr əsasında hökm çıxarıldı. İstintaqçı tərəfindən tərtib edilmiş ittiham aktını hökmə köçürtməklə hökm verdi”. 

Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı verilmiş ifadələri, təqdim etdiyi sübutların heç biri barədə hökmdə yazmadan, qiymət vermədən, ittiham aktı hökm kimi elan edilib.

M.Şıxəliyev deyir ki, prokuror son çıxışında heç bir epizod üzrə sübut təqdim etməyib, yalnız 2 halı göstərməklə onu təqsirli bilib.  

“Mən müstəntiqlər barədə Baş Prokurorluğa vəsatətlər yazmalı idim və yazmamışam. İkincisi isə mən yüksək rütbəli idim, ona görə ehtimal var ki, müstəntiqlər mənim sözümdən çıxa bilməyiblər. Bundan başqa heç nə təqdim etmədi. Mən prokurora müraciət etdim ki, bir epizod üzrə də olsa sübut təqdim edin, lakin o susmaqla kifayətləndi. Məhkəmə prosesindən sonra isə mənə yaxınlaşaraq bildirdi ki, bilirəm sübutlar yoxdur, amma mən buna görə əmək haqqı alıram, ittihamı müdafiə etməliyəm. Mən ona bildirdim ki,  CPM-nin 85.6-cı maddəsində mənim vəsatət yazmaq səlahiyyətim yoxdur. İbtidai araşdırmanın prosessual rəhbəri prokurordur və CPM-nin 84.2.2-ci maddəsi ilə tənzimlənib. İkicisi biz istintaq sahəsındəyık, müstəntiqlər də sərbəst prosessual şəxslərdir və rütbənin rolunu əsas gətirib, məni ittiham etməyin. Çox təəssüflər olsun ki, məhkəmə istintaqı zamanı baş verənlərin heç biri hökmdə qeyd edilməmiş və vəsatətimə baxılmayıb.

Hörmətli hakimlər, hökmdə heç bir sübut göstərilmədən qeyd edilib ki, mənim etirafedici ifadəmə əsasən ittiham sübuta yetirilmiş hesab edilməlidir. Hansı ifadəmdir etirafedici ifadə?..”

Keçmiş MTN-çi deyib ki, ona qarşı 32 epizod üzrə ittiham irəli sürülüb, ancaq bu epizodların heç biri üzrə prokurorluq bircə mötəbər sübut ortaya qoymayıb. O, verilən ittihamların heç birini qəbul etmədiyini, özünü qətiyyən təqsirli bilmədiyini bildirib:

“İttihamı elə yazıblar ki, sanki istintaq qrupunun üzvləri bizimlə oturub, görüb ki, mən öz işçilərimi necə yığıram, necə rüşvət alıram. Halbuki belə şey olmayıb. Qanunda da yazılıb ki, prosessual rəhbərliyi prokuror həyata keçirir. İstəmirəm, jurnalistlər gedib yazsınlar ki, Mövlam Şıxəliyev hər şeyi prokurorluğun üstünə atdı. Mənə nə baş prokuror, nə də Rüstəm Usubov qanunsuz göstəriş verib. Mənim təqsirim yoxdur”.

“O əmlakı Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev alıb”

O hesab edir ki, “MTN işi” üzrə baş prokuror Kamran Əliyev və onun birinci müavininə də yalan məlumat verib, onları aldadıblar:

“İnanmıram ki, əks halda, Kamran müəllim bu işə qol qoyaydı. İttihamda yazıblar ki, guya mənə 2008-ci ildə general rütbəsi almağım münasibətilə “Vertu” telefonu verilib. Halbuki mən bu rütbəni 2010-cu ildə almışam. Bunu belə araşdırmadan ittihama yazıblar. Yaxud da guya mən 28 May küçəsində evimdə rüşvət almışam, bunu görüblər. Halbuki mən 28 May küçəsində yaşamıram, mənim evim Nizami küçəsindədir, maliyyə naziri Samir Şərifovla qapı qonşuyuq. Əgər kimlərəsə mənim həbsim lazımdırsa, daha bu adamları (digər 3 təqsirləndirilən şəxsi nəzərdə tutur – red.) niyə tutursuz? “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevin əmlakının alınması ilə bağlı mənə ittiham verilib. Tamamilə yalandır. Onun əmlakı necə satılıb, niyə araşdırılmadı? O əmlakı Eldar Ələkbərov adlı şəxs alıb, pulu verilib, ondan sonra da Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev alıb. Mənə nə aidiyyatı var bu məsələnin ki, mənə ittiham verilib?”

“Əgər siz xəyanət etməsəydiz, prezident MTN-ni dağıtmazdı”

Məhkəmədə Mövlam Şıxəliyevlə zərərçəkmişlərdən Hüseyn Səfərov arasında mübahisə yaranıb. Zərərçəkən keçmiş MTN-çini yalan danışmaqda ittiham edib. Deyib ki, o, dövlətə xidmət eləməyib, xəyanət edib:

“Əgər siz xəyanət etməsəydiz, prezident MTN-ni dağıtmazdı, səni nazirini də qovmazdı. Bu gün də siz özününzü müdafiə etmək üçün yalan danışırsız. Kişisən, düzünü de”.

Hakim müdaxilə edərək Hüseyn Səfərovu sakitləşdirməyə çalışıb.

Zərərçəkən isə deyib ki, Mövlam Şıxəliyev yalan danışdıqca, o da fikirlərini deyəcək.

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlakının geri qaytarılmasını da tələb edir. Onun sözlərinə görə, həmin əmlakın bir qismi ailə üzvlərinə vərəsəlik əsasında keçib: “1953-cü ildə babamdan qalmış evi də müsadirə ediblər. Yaxud qızım 2004-cü ildə ailə qurub, 2014-cü ildə həyat yoldaşıyla birlikdə mənzil alıblar, həmin əmlakı da müsadirə ediblər...”

Fevralın 6-da keçiriləcək növbəti məhkəmə iclasında digər keçmiş MTN-çilər çıxış edəcək.

Adları çəkilən sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edilib. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum olunub.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo